1. Qapalı bir şeyin qapağını və s.-ni qaldırmaq, götürmək, çıxartmaq. Qazanın ağzını açmaq. Qutunu açmaq. Sandığın qapağını açmaq.
// Örtülü bir şeyin örtüyünü qaldırmaq, götürmək, çılpaq etmək. Döşünü açmaq. Başını açmaq.
2. Açıq hala gətirmək, qapının, pəncərənin taylarını aralamaq. Qapını açmaq. Pəncərəni açmaq. Pərdəni açmaq. Yol açmaq.
// məc. Aradakı maneəni qaldırmaq.
3. Qatlanmış, bükülmüş, sarınmış, yığılmış, bürünmüş, düyünlənmiş şeyin qatlarını, büküyünü, qırışığını və s.-ni açmaq. Bayrağı açmaq. Boğçanı açmaq. Çətiri açmaq. Düyünü açmaq. Gəminin yelkənlərini açmaq. Palazı açmaq.
4. İp və s. ilə bağlı olan şeyi bağdan azad etmək. Ayaqqabının qaytanını açmaq. Belini açmaq. Qayışı açmaq. Lenti açmaq. Tayları açmaq.
5. Qoşqudan azad etmək. Atları açmaq. Arabanı açmaq. Öküzləri kotandan açmaq.
6. Qıfıl, kilid və s. ilə bağlanmış şeyi açıq hala gətirmək. Sandığı açmaq. Qıfılı açmaq.
7. Örtülü, qapalı şeyi aralamaq. Ağzını açmaq. Gözlərini açmaq. Kitabı açmaq.
8. Axışı dayandırılmış şeyin axıb getməsinə imkan vermək, yol vermək, buraxmaq. Qazı açmaq. Suyu açmaq.
9. Başlamaq, işə salmaq. İclası açmaq. Mübahisə açmaq.
10. Əsasını qoymaq, təsis etmək, təşkil etmək. Məktəb açmaq. Klub açmaq. Yeni dəmiryol xətti açmaq.
// Düzəltmək.
11. Yaratmaq, vermək, vücuda gətirmək. Fəaliyyət üçün geniş meydan açmaq. Yeni tapılan neft yataqları bu yerlərin inkişafı üçün geniş imkanlar açır.
12. İnanıb söyləmək, bildirmək, xəbər vermək, açıqcasına demək. Həqiqəti açmaq. Öz qəlbini açmaq.
// Gizli bir şeyi başqalarına bildirmək, faş etmək, demək, açıb söyləmək. Sirri açmaq.
13. Üstünü açmaq, ifşa etmək, aşkara çıxarmaq, meydana çıxarmaq, araşdırıb tapmaq. Cinayəti açmaq. – [Ağa Mərdan:] Hacı Rəcəbəli əldə olmasa bu işi aşırmaq olmaz.
14. Çiçəklənmək, güllənmək, yarpaqlanmaq. Ağaclar gül açmışdı. Çöllərdə lalələr açmışdır.
15. məc. dan. Xoşuna getmək, ürəyinə yatmaq, işinə yaramaq, sevindirmək.
16. Deşmək, dəlmək, qazımaq (bir yeri, bir şeyi və s.). Dəlik açmaq. Qapı açmaq. Yerin altından yol açmaq. Tunel açmaq. Lağım açmaq. Divardan pəncərə açmaq.
17. Genişlətmək, vüsətləndirmək; uzatmaq, böyütmək, genəltmək. Otağın arasını açmaq. Paltarın ətəyini açmaq. Paltonun dalını bir qədər açmaq lazımdır.
18. Cilalandırmaq, pardaqlamaq, sürtüb ağartmaq, parıldatmaq, işıldatmaq, təmizləmək. Bıçaqları qumla sürtüb açmaq. Pəncərələrin şüşəsini silib açmaq.
19. Həll etmək, yoluna salmaq, tədbir görmək.
20. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ürək açmaq, könül açmaq, ağız açmaq, göz açmaq, fal açmaq.
◊ Açıb ağartmaq – bax ağartmaq 5-ci mənada.