1. sif. Açıq, aydın, göz qabağında olan, bəlli, məlum. Aşkar məsələ. Aşkar iş.
□ Aşkar etmək – meydana çıxarmaq, üzə çıxarmaq, bəlli etmək, göstərmək, üstünü açmaq, müəyyənləşdirmək. Vəziyyəti aşkar etmək lazımdır.
Aşkar olmaq – meydana çıxmaq, bəlli olmaq, məlum olmaq, üzə çıxmaq, üstü açılmaq, aydın olmaq. Məsələ indi aşkar oldu.
– Zənn edirəm ki, mətləb burada aşkar olur. C.Məmmədquluzadə.
// zərf Açıq, aydın, gizlətmədən.
[Hacı Həsən:] Biryolluq aşkar de ki, Nazlını da verəcəyəm Mir Bağır ağaya. C.Məmmədquluzadə.
Yox, … sənin səsində bir titrəyiş var; Gəl məndən gizləmə, aç söylə aşkar! S.Vurğun.
2. is. Həqiqət.
[Qurban:] Pəh, pəh, pəh, belə də dəsgah olarmı, başına dönüm … bu yuxudur görəsən, a Qulu, yoxsa aşkardır. N.Vəzirov.
[Nisə xala:] İlahi, bu yuxudur, nağıldır, aşkardır? Mir Cəlal.