Ağacan Abiyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü.
== Həyatı ==
Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib.
1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.
1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var.
Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.