Hüseyn Həsənov (alim)
Hüseyn Heydər oğlu Həsənov (19 oktyabr 1932, İrəvan – 18 iyul 1995, Bakı) — Azərbaycan alimi, biologiya elmləri üzrə fəlsəfə doktoru (1958), biologiya elmləri doktoru (1967) , Azərbaycan Milli Elmlər Akademiyasının müxbir (1972) və həqiqi üzvü (1976), professor (1970), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991) və Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).
== Həyatı ==
Hüseyn Heydər oğlu Həsənov 1932-ci il oktyabr ayının 19-da İrəvan şəhərində anadan olmuşdur. İrəvanda M. Əzizbəyov adına orta məktəbdə təhsil almış, 1949-cu ildə Azərbaycan Dövlət İnstitutunun Biologiya fakültəsinə daxil olmuş, 1954-cü ildə isə oranı bitirmişdir.
H. Həsənov elmi-tədqiqat fəaliyyətinə 1954-cü ildə Fiziologiya İnstitutunda əvvəlcə laborant, sonra aspirant, 1957-ci ildən isə kiçik elmi işçi kimi başlamışdır. 1958-ci ildə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1961-ci ildən isə baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə elmi işlər üzrə direktor müavini təyin edilən H. Həsənov bir il sonra Azərbaycan Elmlər Akademiyasının A. Qarayev adına Fiziologiya İnstitutuna, eyni zamanda "Beyin və davranış" şöbəsinə rəhbərlik etmişdir.
Hüseyn Həsənov 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü olmuş, dörd il sonra isə həqiqi üzv seçilmişdir. Respublikanın bir çox məşhur fizioloqları kimi H. Həsənovun da elmi-tədqiqat fəaliyyəti akademik A. Qarayevin rəhbərliyi altında başlamış və bu tədqiqatların böyük bir hissəsini mərkəzi sinir sisteminin requlyasiya mexanizmlərinin vegetativ funksiyalarının öyrənilməsi, bu, requlyasiya proseslərinin orqanizmin daxili mühit homsostazın tənzim edilməsində rolu kimi mühüm məsələlərin tədqiqi təşkil etmişdir.
Hüseyn Həsənovun işləri xarici konfrans və konqreslərdə (Macarıstan, Rumıniya), Ümumdünya fizioloqlar konqreslərində (Münhen, Dehli) ali sinir fəaliyyətinə həsr olunmuş Ümumdünya konqresində (Praqa), Eksperimental nevroz simpoziumunda (Berlin) və beynin inteqrativ fəaliyyəti (Veymar) XVII Beynəlxalq fizioloji elmlər konqresində (Budapeşt), "İnterbeyin" xətti ilə III Beynəlxalq simpoziumu UNESCO-nun beyin tədqiq edilməsi üzrə təşkil edilmiş I Ümumdünya konqresində (İsveçrə, Lozanna) və s.