Ayaz Salayev
Salayev Ayaz Ramiz oğlu (1 avqust 1960, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan kinorejissoru və kinoşünası, ssenaristi, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000).
== Həyatı ==
Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1977–1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb. 1986–1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib.