Əbdülhəmid xan

II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[1][2][…], Konstantinopol[5]10 fevral 1918[3][1][…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti[5]) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi.

II Əbdülhəmid
osman. عبد الحميد ثانی
31 avqust 1876 – 27 aprel 1909
ƏvvəlkiV Murad
SonrakıV Mehmed
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1842(1842-09-21)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 fevral 1918(1918-02-10)[3][1][…] (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası I Əbdülməcid
Anası Tirimüjgan Sultan
Həyat yoldaşları
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini islam, sufi[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahzadəlik illəri

[redaktə | mənbəni redaktə et]
Əmisi Sultan Əbdüləzizlə çıxdığı Avropa səyahətində, 1867

21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəbfransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı. Bu səbəblə saray əhli və dövlət adamları arasında çox da sevilmirdi. Yalnız əmisi Sultan Əbdüləziz ağlı və siyasi qabiliyyəti səbəbilə ona önəm verirdi. Belə ki, MisirAvropa səyahətlərində onu da özüylə birlikdə aparmışdı. Şahzadəlik illəri olduqca sərbəst keçən Əbdülhəmid Əfəndi vaxtının çoxunu Sarıyerdəki böyük köşkdə torpaq işləriylə keçirirdi. Burada kənd təsərrüfatıdəmir filizi mədənləri satın alaraq şəxsi təsərrüfatını yaratdı. Birjada böyük sərvət qazandı. Belə ki, taxta çıxanda şəxsi sərvəti 100 min qızıldan çox idi.

Konstitusiyaya əsaslanan idarəçilik forması qurmaq istəyən və bu səbəblə Sultan ƏbdüləzizSultan Muradı taxtdan endirən Mithat Paşa və dostlarıyla razılığa gələn Əbdülhəmid Əfəndi 31 avqust 1876-cı ildə cümə axşamı günü taxta çıxdı. Bu əsnada dövlət dərin böhran içərisində idi. Sultan Əbdüləziz dövründə başlayan bolqarboşnaq üsyanlarına Sultan Murad dövründə serbalban ayaqlanmaları da qoşuldu. Bu üsyanları pərdə arxasından dəstəkləyən Rusiya imperiyası "Şərq məsələsi"nin həllində maraqlı idi. Dövlət isə düşdüyü maliyyə çətinlikləri səbəbilə üsyanları yatıra bilmirdi. Sultan Əbdüləzizin son illərində Mahmud Nədim Paşanın xarici borcların faiz dərəcələrini aşağı endirmək qərarı isə Avropada böyük etirazlara səbəb olmuşdu. Avropa ictimaiyyəti Osmanlı dövləti əleyhinə çevrilmişdi.

Bu şəraitdə taxta çıxan Sultan Əbdülhəmid Osmanlı tarixində o günə qədər görülməmiş bir çox addımlar atdı. Əsgərlərlə, məclis üzvləri ilə və üləmadan bir çox alimlə görüşlər keçirir, Yıldız sarayında iftar gecələri təşkil edirdi. Hərbi hospitalda Balkan cəbhəsindən gələn yaralıları şəxsən ziyarət edərək hədiyyələr paylayır, sədrəzəm və nazirlərlə birlikdə məscidləri gəzərək əhaliylə birlikdə namaz qılırdı.

Yeni sultanın bu kimi hərəkətləri əhali və ordu mənsubları arasında məmnunluq hissi yaratdı. Hamıda və xüsusilə də, orduda yüksək əhvali-ruhiyyə müşahidə olundu. Serblərlə gedən döyüşlərdə Osmanlı ordusu önəmli qələbələr qazandı. Ancaq Rusiyanın göndərdiyi ultimatom səbəbilə serblərlə 3 aylıq atəşkəs imzalandı. İngiltərə isə "Şərq məsələsi"nin İstanbulda toplanacaq bir konfransda müzakirə olunmasını istədi.

Birinci məşrutiyyət dövrü

[redaktə | mənbəni redaktə et]

Bu əsnada sultanla hökumət arasında mabeyn katiblərinin təyini məsələsində ilk anlaşmazlıq çıxmışdı. Sultan Əbdülhəmid sədrəzəm Mehmed Rüşdü Paşanın istehfasını qəbul etmədi. Serblərlə sülh imzalanmasını istəməyən bir qrup iğtişaşçı isə Mithat Paşa və dostlarını öldürüb, Sultan Əbdülhəmidi taxtdan endirməyə cəhd etdilər. 400 nəfər gözaltına alındı. Konstitusiya hazırlığı üçün müsəlman və qeyri-müsəlmanlardan bir komitə quruldu. Bu əsnada Mithat Paşa ilə anlaşmazlığa düşən sədrəzəm Mehmed Rüşdü Paşa istehfa etdi. 19 dekabr 1876-cı ildə Mithat Paşa sədarətə gətirildi. 4 gün sonra isə İngiltərənin təklifini qəbul edən dövlətlər İstanbuldakı konfransda toplandı. Həmin gün 101 top atəşi ilə Osmanlı imperiyasının ilk konstitusiyası qəbul edildi (23 dekabr 1876).

Tələm-tələsik hazırlanaraq İstanbul konfransının toplandığı gün elan edilən konstitusiya ilə, qərb dövlətlərinin ekstremal istəklərinin qarşısı alınmaq istənildi. Ancaq qərb dövlətləri buna əhəmiyyət vermədi. Daha öncə Rusiya səfirliyində müzakirə edilərək hazırlanan təkliflər qəbul edilməsi üçün Bab-ı Əliyə təqdim edildi. Osmanlı imperiyasının suverenliyini təhlükəyə atan bu təkliflər 18 yanvar 1877-ci ildə toplanan 180 nəfərlik Məclis-i Ümumidə müzakirə edilərək səsvermə yolu ilə rədd edildi. Gələn əcnəbi elçilər öz yerlərinə vəkil qoyaraq İstanbuldan ayrıldılar. Mithat Paşa İngiltərəyə, konstitusiyanın tam tədbiq edilməsi şəraitində qərb dövlətləriylə razılığa gələcəyini bildirdi. İngiltərə hökuməti isə Londonda yeni bir konfransın toplanması üçün danışıqlara başladı. Mithat Paşa istər bu hərəkətləri, istər sə də Osmanlı sülaləsini devirərək öz ailəsini taxta çıxarmaq istəməsi haqqında yayılan şayələr səbəbilə vəzifədən alınaraq 5 fevral 1877-ci ildə ölkədən sürgün edildi.

Məclis-i Məbusanın açılış mərasimi, 1877

Sultan Əbdülhəmid konstitusiyanın yaradıcısı olan Mithat Paşanı ölkədən qovsa da, konstitusiyalı idarəçilik formasından imtina etmədi. Konstitusiyaya əsasən seçimlər növbəti 3 ay içində keçirildi və 19 mart 1877-ci ildə məclis şəxsən sultan tərəfindən açıldı. 141 üzvdən ibarət olan Osmanlı tarixinin ilk parlamentində 115 nəfər millət vəkili, qalan 26 nəfər isə əyanlar məclisindən seçilmişdi. Millət vəkillərinin 69-u müsəlman, 46-sı isə qeyri-müsəlman idi.

İngiltərənin təşəbbüsü ilə toplanan London konfransı hazırladıqları yeni təklifləri 31 martda imzalayaraq qəbul edilməsi üçün 3 apreldə Bab-ı Əliyə təqdim etdi. Ağır şərtlərdən ibarət bu protokol sultanın istəyilə məclisdə müzakirə edilidi və yenə qəbul edilmədi. Vəziyyət 12 apreldə hökumət tərəfindən qərb dövlətlərinə bildirildi. Beləliklə, əsas istəyinə çatan Rusiya imperiyası 24 apreldə Osmanlı imperiyasına müharibə elan etdi. Ruminlər, serblər, bolqarlaralbanlar Rusiyanın yanında yer aldılar. Maliyyə və hərbi baxımdan olduqca pis vəziyyətdə olan Osmanlı imperiyası xaricdən də dəstək ala bilmədi. Plevnedə Qazi Osman Paşanın, şərq cəbhəsində isə Əhməd Muxtar Paşanın fövqəladə zəfərləri belə, müharibənin gedişatını düzəldə bilmədi. Osmanlı orduları cəbhədən çəkilməyə başladı. Onların ardından on minlərlə müsəlman türk əhalisi də İstanbula köç etdi. Gələn mühacirlər hazırlanan xüsusi layihə əsasında Anadolunun müxtəlif bölgələrində yerləşdirildi. Ölkənin olduqca çətin olan bu günlərində, yeganə qanunverici orqan hesab edilən məclis isə anarxiya vəziyyətində idi.

Qurulan bu ilk məclis siyasi partiyalar yerinə, milliyyətçi qrupların mübarizə meydanına çevrilmişdi. Konstitusiyanın təmin etdiyi şəxsi azadlıq hüququ, ölkənin qeyri-müsəlman əhalisi tərəfindən milli azadlıq və hətta muxtariyyət hüququ olaraq qəbul edilirdi. Yenə konstitusiyaya görə, rəsmi dil türk dili olsa da, erməniyunan vəkillər öz dillərinin də rəsmi dil olaraq qəbul edilməsini istəyirdi. Hər millət vəkili mənsub olduğu millətlərin problemləri ilə məşğul olurdu. Konstitusiyaya uyğun olaraq seçilən ikinci məclis isə 1878-ci ilin yanvarında toplandı. Rusların İstanbula doğru irəlilədiyi bu günlərdə müxalif qüvvələrdən ibarət bir qrup vəkil, başda sədrəzəm olmaqla hökumət kabinetinin istehfasını və müharibədə məğlubiyyətə səbəb olan ordu rəhbərlərinin hərb divanında mühakimə edilməsini tələb etdilər.

Sultan Əbdülhəmid isə İbrahim Əthəm Paşanın yerinə Əhməd Həmdi Paşanı sədarətə gətirdi (11 yanvar 1878). Məclis isə hər bir nazirin məclisdə hesabat verməsini və ordu rəhbərlərinin mühakimə edilməsinində təkid edirdi. 22 yanvarda buna dair bir qərar qəbul edildi. Sultan, məclis rəhbəri Əhməd Vəfik Paşanı məclisə göndərərək, tamamilə konstitusiyaya bağlı olduğunu və sədarət orqanını da ləğv edə biləcəyini bildirdi. Sultanın bu sözlərinə baxmayaraq məclisdə şiddətli mübahisələr davam etdi. Sultan Əbdülhəmid rusların İstanbula yaxınlaşdığı bu günlərdə məclisdən bir qərar gözləsə də, bu məsələdə məclis tək bir qərar belə qəbul edə bilmirdi. Sultan, məclisin istədiyi adamları hökumətdən uzaqlaşdırmağa çalışan Əhməd Həmdi Paşanı vəzifədən aldı və yerinə Əhməd Vəfik Paşa baş vəkil olaraq təyin edildi (4 fevral 1878). Baş vəkilin vəzifələri məclisin qəbul etdiyi qanunları sultana bildirmək və nazirlər kabinetinin fəaliyyətini tənzimləməklə məhdudlaşmışdı.Bu əsnada ruslarla Ədirnədə müvəqqəti atəşkəs imzalandı (19 fevral 1878).

Sultan Əbdülhəmid ruslarla sülh danışıqlarına hazırlıq üçün sarayda fövqəladə məclis topladı. Məclisə parlamentdən də 5 nəfər qatılmışdı. Baş vəkil Əhməd Vəfik Paşa rusların təklif etdiyi sülh şərtlərini bildirdi və məclisdə iştirak edənlərin fikirlərini aldı. Hamının sülhpərəst münasibət bildirməsinin ardından vəkillərdən Əhməd Əfəndi birdən ayağa qalxdı və sultanı görülməmiş bir şəkildə təqsirləndirərək məclisin olmadığını bildirdi. Sultan Əbdülhəmid isə vəkilə şəxsən cavab verərək, bu müharibənin səbəbkarı olmadığını, sadəcə vəzifəsinə uyğun olaraq məclisin qərarlarını təsdiq etdiyini və bunun üçün millətindən mükafat gözlədiyini bildirdi və sözü xəzinə naziri Mehmed Səid Paşaya verdi. Səid Paşa müharibənin necə başladığını və sarayın müharibənin gedişatına qarışmadığını bildirdi. Ancaq Əhməd Əfəndinin sultanı təqsirləndirən fikirlərində təkid etməsinin ardından Sultan Əbdülhəmid yenidən sözü aldı. Bütün bunların qəsdən söyləndiyini iddia edərək, özünün sadəcə vəzifəsini yerinə yetirdiyini təkrarladı. Məclis vəkilinin sultana qarşı bu qədər sərt şəkildə çıxışını həzm edə bilməyən Sultan Əbdülhəmid "Mən bundan sonra Sultan Mahmudun yolundan getməyə məcburam" dedi və konstitusiyanın ona verdiyi hüquqa əsasən, 13 fevral 1878 tarixində Məclis-i Məbusanı müddətsiz olaraq tətilə yolladı. Buna baxmayaraq mütləqiyyətə qayıtmadı və qəbul etdiyi bütün qanunlarda məşrutiyyət və konstitusiyadan tez-tez bəhs etdi. 10 ay 25 gün davam edən bu ilk məclis dövründən sonra konstitusiyalı idarəçilik sistemi sadəcə sözdə qaldı və dövlət idarəsi getdikcə Sultan Əbdülhəmidin əlində cəmlənməyə başladı. 3 mart 1878-ci ildə ruslarla San-Stefano sülhü imzalandı.

Mütləqiyyət illəri

[redaktə | mənbəni redaktə et]

İngiltərə, Paris sülhünün şərtlərinə zidd olması səbəbilə San-Stefano müqaviləsinin beynəlxalq bir konfransda yenidən müzakirə edilməsini tələb etdi. AvstriyaAlmaniyanın da dəstəyi ilə Berlin konfransı hazırlıqları davam edərkən İngiltərə Rusiya ilə gizlicə razılığa gəldi. Gizli danışıqların sonunda, Kiprin idarəsini müvəqqəti olaraq İngiltərəyə təhvil verən sülh müqaviləsi 4 iyunda imzalandı. Sultan Əbdülhəmid isə hökumətin tələm-tələsik imzaladığı bu sülhü təsdiqləməmək üçün çox mübarizə apardı. İngilislərin hərbi hədə-qorxusundan sonra sultan, Kiprin idarəçilik sisteminin dəyişdirilməməsi haqqında İngiltərədən yazılı sənəd alaraq sülhü təsdiqlədi. Osmanlı diplomatiyası Berlin konfransında vəd edilən hərbi dəstək uğruna Kipr adasını əldən çıxarmışdı. Sultan Əbdülhəmid isə bu konfransın Osmanlı torpaqlarını masa arxasında bölüşdürmək üçün çağırıldığına inanırdı. Ancaq konfrans gözlənildiyi kimi keçmədi. İngiltərə vəd etdiyi hərbi dəstəyi vermədi. 13 iyulda imzalanan Berlin müqaviləsi ilə böyük miqyasda torpaq itirilmiş, Rusiyaya qarşı isə olduqca yüklü miqdarda döyüş təzminatı ödəmək qəbul edilmişdi. Bundan başqa Kiprin İngiltərəyə tərk edilməsi, digər dövlətləri də bu məsələdə şirnikləndirdi. İngiltərənin təşviqi ilə Bosniya-Herseqovinanın idarəsi Avstriyaya verildi. 1881-ci ildə Fransa Tunisə, ertəsi il isə İngiltərə Misirə əl qoydu. Bolqarlar isə 1885-ci ildə şərqi Rumeli torpaqlarını işğal etdilər.

Hadisələrin bu şəkildə irəliləməsində Sultan Əbdülhəmidin payı demək olar ki, yox idi. Sultan isə bütün bu olanların səbəbini yanlış aparılan xarici siyasətdə görürdü. Bu gedişatı dayandırmaq üçün Sultan Əbdülhəmid əvvəlcə düzgün xarici siyasət qurmaq üçün hökumət kabinetindən müvafiz raportlar aldı. Ancaq daxildə baş verən bəzi siyasi hadisələr onun beynində olan şübhələri daha da gücləndirdi. Xüsusilə də, böyük dövlətlərin müxtəlif yollarla Osmanlı dövlət adamlarını ələ almasından çəkinən Sultan Əbdülhəmid müəyyən tədbirlər aldı. Bab-ı Əliyə inanmadığı üçün Qazi Osman PaşaƏhməd Cövdət Paşa kimi mühafizəkar və dürüst dövlət adamlarının dəstəyilə idarəni öz əlinə alaraq Yıldız sarayında cəmlədi. Özündən əvvəlki iki sultanın çevrilişlə taxtdn endirilməsi, onda özünün də devrilməsi qorxusunu yaratmışdı. Mason qüvvələrinin Sultan Muradı yenidən taxta çıxarma cəhdləri və bu məqsədlə baş tutan Əli Suavinin rəhbərlik etdiyi Çırağan hadisəsi və Kleanti-Skaliyeri komitəsinin fəaliyyəti bu şübhələrini daha da artırdı. Bu səbəblə dövlətin içərisində baş verənləri öyrənmək üçün güclü bir kəşfiyyat təşkilatı qurdu.

Sultan Əbdülhəmid bu səbəblə ölkədə sərt bir daxili siyasət yürütdü. Sultan Əbdüləzizin ölümündən məsul olan Mithat Paşa və adamları Yıldız sarayında qurulan xüsusi məhkəmədə (Ulduz məhkəmələri) mühakimə edildilər və ölüm hökmü ilə cəzalandırıldılar. Ancaq sultan ölüm hökmlərini ömürlük həbsə çevirdi. Xarici qüvvələrin daxildə yaratmaq istədiyi qarışıqlıqlarda vasitəçi olan mətbuatı məhdudlaşdırmaq üçün senzuradan istifadə etdi. Digər yandan dövlətin maliyyə vəziyyətinə zərbə vuran müharibədən uzaq durdu və səltənəti boyunca güclü maliyyə siyasəti yürütdü. Sultan Əbdüləzizdən fərqli olaraq, bir çox dövlət məsələlərini dövlət xəzinəsindən deyil, öz şəxsi sərvətindən qarşıladı. Sarayın məsrəfləri isə minimuma endirildi. Kənizlərlə dolu saray həyatından uzaq, olduqca sadə bir həyat yaşadı.

Sultan Əbdülhəmid iqtisadi sahədə özündən əvvəlki sultanların dövlətə yüklədiyi xarici borcların ödənilməsinə önəm verdi. Taxta çıxdığı il, 1854–1874-cü illər ərzində yığılan xarici borcların miqdarı və faizləri dövlətin illik gəlirinin yarısını keçmişdi. Xarici siyasətdə müneçilik törədən bu borclardan dərhal azad olmaq istəyirdi. Avropalı kreditorların təmsilçiləri ilə 20 dekabr 1881-ci ildə bir razılıq imzalandı. Məhərrəm qanunnaməsi adlanan bu razılıqla borclu ölkələrə, müəyyən dövlət gəlirlərinin toplanması imtiyazı daşıyan Düyun-i Ümumiyyə idarəsini yaratma hüququ verildi. Beləliklə, Osmanlı imperiyasının qərb dünyasındakı prestiji olduqca artdı. Ancaq razılıqdakı bəzi maddələr səbəbilə borc sənədindəki faiz dərəcələri artdı və əvvəlki qədər olmasa da, yenidən xarici borclanmaya gedildi. Dövlət gəlirlərinin 30%-i borcların və faizlərin ödənilməsinə ayrılsa da, köhnə borclar ödənilib bitmədi. Ancaq alınan yeni borcların demək olar ki, hamısı geri qaytarıldı və maliyyə vəziyyəti nisbətən yüngülləşdi. Xarici borclanmalara qarşılıq olaraq ölkənin yeraltı və yerüstü sərvətlərindən istifadə hüququ ingilis, fransızalman şirkətlərinə verildi. İngilis sərmayəsi ilə fəaliyyətini davam etdirən Osmanlı bankına yüksək səlahiyyətlər verilərək ölkə iqtisadiyyatının yoxlanılması təmin edildi. Xarici şirkətlər arasında dövlət gəlirlərinin və müəyyən təsərrüfat sahələrinin bölüşdürülməsi əcnəbi dövlətlər arasında amansız rəqabətə səbəb olmuşdu. Dəmir yolu sənayesindəki rəqabət Almaniyanın xeyrinə nəticələnmişdi. İslam dünyası ilə əlaqələrini gücləndirməyə çalışan Sultan Əbdülhəmid Almaniyadan aldığı maliyyə dəstəyi ilə 1888-ci ildə Heydərpaşa-İzmit dəmiryolu xəttini Ankaraya qədər uzatmağa cəhd etdi. 1902-ci ildə Ankara ilə Bağdadı birləşdirəcək dəmir yolu xəttinin inşaatını da almanlara həvalə etmişdi.

Sultan Əbdülhəmidin ən uğurlu yanı isə xarici siyasəti oldu. Dünyadakı siyasi gedişatı yaxından izləmək üçün sarayda məlumat mərkəzi yaratdı. Osmanlı imperiyası ilə bağlı bütün dünyada çıxan məqalələr və xaricdəki təmsilçilərdən sultana göndərilən raportlar burada toplanır və dəyərləndirilirdi. Xarici siyasətdə əsas məqsəd imperiyasnın sülh şəraitində yaşamasını təmin etmək idi. Sultan Əbdülhəmid Avropa dövlətlərinin Osmanlı üzərində qurduğu planlardan yetərincə istifadə edirdi. Belə ki, beynəlxalq aləmdə baş verən dəyişiklər zamanı onun yeritdiyi xarici siyasət də öz istiqamətini dəyişirdi. Bu səbəblə heç bir dövlətlə uzunmüddətli razılığa gəlmirdi. Osmanlı imperiyasının varlığı üçün ən böyük təhlükə hesab etdiyi İngiltərəyə qarşı Rusiya ilə yaxınlaşdı. Misirdə və şimali Afrikadakı torpaqları üzərində İngiltərə, İtaliyaFransanı rəqibə çevirdi. Balkan yarımadasındakı millətlərin Osmanlı əleyhində birləşməsinin qarşısını almaq üçün aralarındakı dini fərqliliklərdən istifadə etdi.

Sultan Əbdülhəmid, xarici təhlükələrə qarşı dövlətin təbii dayanağı olan müsəlman təbəqəyə arxalanırdı. İngiltərənin MisirdəƏrəbistanda elmi araşdırma adı altında göstərdiyi anti-Osmanlı fəaliyyətini yaxından izləyirdi. İngilislərin ərəblər arasında yaratdığı əsas müzakirə məsələsi isə xilafət məsələsi idi. Dünya müsəlmanlarına rəhbərlik edən şəxsin Qureyş sülaləsindən olması məsələsindəki müzakirələr yenidən alovlanmışdı. Osmanlı sultanı bu sülalədən olmadığı üçün qanuni xəlifə hesab edilmirdi. Ancaq Sultan Əbdülhəmid dövrün üləması və din adamlarının dəstəyi ilə bu ittihamları aradan qaldırdı.

Sultan Əbdülhəmid ingilis cəsuslarının ərəb milliyyətçiliyini yaymaq, xəlifəliyin ərəblərin haqqı olması iddiasıyla Misir xədivini xəlifə seçmək uğrunda aparığı fəaliyyətə qarşı panislamizm siyasəti yürütdü. Müsəlmanlar arasında birliyi təmin etmək üçün dini təbliğat apardı. Bu məsələdə təriqət şeyxlərindən və nüfuzlu qəbilə rəislərindən də faydalandı. Ən önəmli və təcrübəli idarəçiləri AnadoluSuriya başda olmaqla, müsəlmanların çoxluq təşkil etdiyi vilayətlərə göndərdi. Xəlifəliyindən istifadə edərək panislamist ideologiyanı yaymağa çalışdı. Belə ki, bu ünvanı lazımınca istifadə edən yeganə Osmanlı sultanı idi. Bu ünvanın verdiyi güclə Cənubi AfrikaYaponiya kimi uzaq ölkələrə din adamları göndərərək İslamın bu bölgələrdə də yayılmasına çalışdı.[mənbə göstərin] Sultan Əbdülhəmidin Çindəki təsiri o qədər güclü oldu ki, Pekində onun adına bir İslam universiteti açıldı və qapısında osmanlı bayrağı dalğalandı.[mənbə göstərin] Dəməşqdən Məkkəyə qədər uzanan Hicaz dəmir yolu inşa etdirdi. Ərəblər arasında təbliğat apararaq Qərb dövlətlərinə qarşı mübarizə apardı.

Bu fəaiyyətləri nəticə verməyə başladı və Qərb diplomatları bunu "İslam yenidən xortladı" başlığı ilə ölkələrinə raport etdilər.[mənbə göstərin] Bunun ardından Qərb dövlətləri qeyri-müsəlman əhaliyə ədalətli davranılmadığı iddiasıyla Osmanlı imperiyası üzərindəki təzyiqlərini artırdı. Dövlətin daxili işlərinə qarışılması nəticəsində Sultan Əbdülhəmid MakedoniyaLivan məsələsində olduğu kimi geriləməyə məcbur oldu. Bəzi məsələlərdə isə sonuna qədər mübarizə apardı. Bunlardan ən önəmlisi erməni məsələsi idi. Berlin müqaviləsinin 61-ci maddəsinə görə, Anadolunun ermənilər yaşadığı bölgələrində islahatlar aparılmalı idi. Sultan Əbdülhəmid isə bunun erməni muxtariyyəti ilə nəticələnəcəyini bilirdi və "ölsəm də, 61-ci maddəni həyata keçirməyəcəyəm" deyirdi. Başda İngiltərə olmaqla, bütün Qərb dövlətlərinin hədələrinə baxmayaraq bu məsələdə güzəştə getmədi. Şərq vilayətlərində ermənilərin etnik qrup olaraq yaşadığını bəhanə edərək bu məsələdə güzəştə gedən sədrəzəm və nazirləri dərhal vəzifədən alırdı. Erməni milliyyətçilərinin canına qəsd etməsindən də çəkinməyən Sultan Əbdülhəmidin uğurla mübarizə apardığı digər məsələ isə Fələstin məsələsi idi. Sionistlər Fələstində bir yəhudi dövləti qurmaq üçün Sultan Əbdülhəmidə müraciət etdilər və Osmanlı imperiyasının ən böyük problemi olan xarici borclarının silinəcəyini bildirdilər. Sultan isə bu təklifi qəbul etməyib, yəhudilərin bu bölgədə məskunlaşmamaları üçün müxtəlif tədbirlər aldı.

Sultan Əbdülhəmid yürütdüyü panislamist siyasətlə İngiltərənin Ərəbistanda oynadığı oyunlara mane olsa da, dövlətin maliyyə vəziyyətinin ağırlaşması bu mübarizənin gedişatını dəyişdi. Bu səbəblə 1890-cı illərdən etibarən tərəfsiz xarici siyasətdən uzaqlaşdı və uzun müzakirələrdən sonra Almaniya ilə iqtisadi iş birliyinə qərar verildi. Almaniyanın seçilməsində bir çox səbəb vardı. Bu səbəblər arasında Almaniyanın heç bir İslam ölkəsini işğal etməməsi, erməni məsələsində Osmanlı imperiyasını dəstəkləməsi və Almaniya imperatoru II Vilhelmin müsəlman dostu olduğunu açıq şəkildə elan etməsi önəmli yer tutur. Siyasi ittifaqdan çəkinən Sultan Əbdülhəmid Almaniya ilə yaradılan iqtisadi əlaqələrlə ölkənin inkişafına ümid edirdi. Bu səbəblə başda dəmiryolu sənayesi olmaqla, bütün sahələrdə alman sərmayəçilərə imtiyazlar verildi.

Sultan Əbdülhəmid, böyük siyasi güclər arasındakı rəqabətə əsaslanan xarici siyasətin ölkənin müstəqilliyini uzun müddət qoruya bilməyəcəyini bilirdi. Əsas məqsədi vaxt qazanmaq və bu müddət ərzində ölkəni iqtisadı baxımdan gücləndirmək idi. Ancaq özündən əvvəlki sultanların yüklədiyi borclar onun əlini qolunu bağlayırdı. Düyun-i Ümumiyyə idarəsi dövlətin bütün maliyyə həyatına hakim mövqedə idi. Cari məsrəflərə qənaət edilərək islahatlar üçün yaradılan pul fondu xarici qüvvələrin daxildə yaratdığı iğtişaşlar zamanı sərf olundu.

İkinci məşrutiyyət dövrü və Gənc türklər inqilabı

[redaktə | mənbəni redaktə et]

Konstitusiyalı idarəetmə formasından tərəfdar olan Sultan Əbdülhəmid məclisin müxtəlif siyasi qruplar arasında mübarizə meydanına çevrilməsindən çəkinirdi. Türklərin hüquqlarını müdafiə edəcək yeni bir qanunnamə üçün Avropa ölkələrinin konstitusiyalarını tərcümə etdirməyə başlamışdı. Yaranan maliyyə çətinlikləri səbəbilə çıxan daxili ayaqlanmalar, yeni-yeni muxtariyyət istəkləri və xarici siyasətdə yaranan çətinliklər hakimiyyətin mərkəzində olan gənc məmur və zabitləri narazı salmışdı. Belə ki, bu qrup getdikcə möhkəmlənərək müxalif bir cəbhə formalaşdırdı. Dövrün ziyalıları imperiyanın xilasının yeganə yolunu məşrutiyyətdə axtarırdılar. İttihad və Tərəqqi cəmiyyətinin rəhbərlik etdiyi bu hərəkatda türk ziyalıları erməni, yunan, bolqarərəb milliyyətçiləri ilə danışıqlar aparıb istədikləri vədləri vermişdilər.

Qonşu ölkələrin yeni bir daxili müdaxiləyə hazırlandığı bu dövrdə Makedoniyada toplanan bəzi türk zabitləri sultanı ikinci dəfə konstitusiyanı qəbul etməyə məcbur etdilər. Sultan Əbdülhəmid 23 iyul 1908-ci ildə konstitusiyanın yenidən qüvvəyə mindiyini elan etdi. İkinci məşrutiyyət adı verilən bu hadisə gözlənilənin əksinə imperiyanın süqutunu daha da sürətləndirdi. Avstriya-Macarıstan imperiyası Osmanlı məclisinə vəkil göndərilməsinin qarşısını almaq üçün 5 oktyabr 1908-ci ildə Bosniya-Herseqovinanı işğal etdi. Həmin gün Bolqarıstan müstəqilliyini elan etdi. Bir gün sonra isə Krit adası Yunanıstana birləşdirildi.

İkinci məşrutiyyətin ilk seçimləri türklərlə türk olmayanlar arasında mübarizəyə çevrildi. İşə bəzi xarici qüvvələr də daxil oldu. Türk cəbhəsini orduya arxalanan və hökumətdə hakim mövqedə olan İttihad və Tərəqqi cəmiyyəti təmsil edirdi. Digər cəbhənin ən güclü mübarizəsini isə Yunanıstanİstanbul ortodoks kilsəsinin təşviqi ilə ayaqlanan yunanlar aparırdı. 17 dekabr 1908-ci ildə şəxsən sultanın açdığı məclisdə türk vəkillərin sayı digərlərinə nisbətlə az idi. Sultan Əbdülhəmidin əvvəldən bəri qorxduğu nəhayət baş tutdu. Belə ki, hələ məclisin ilk günlərində milli qruplar halında mübarizəyə başlayan xristian millətlərindən sonra, ərəbalbanlar da türklərdən üz döndərdilər. Məclis-i Məbusan müxtəlif Osmanlı millətlərinin türklüyə qarşı mübarizə meydanına çevrilmişdi. Ölkədə İttihadçıların başlatdığı sui-qəsdlər əhalinin narahatlığını artırırdı. Ordudan bəzi zabitlər uzaqlaşdırılmış, nəticədə orduda iğtişaşlar baş vermişdi. Əhali arasında İttihadçıların masson olması və mədrəsə tələbələrinin də orduya alınmasını dini təlimə vurulan zərbə olaraq görülməsi ölkənin çalxantılı vəziyyətini daha da pisləşdirdi. Bir anda meydana gələn müxalif qəzetlər əhalinin artan qəzəbini alovlandırırdı və nəticədə İstanbulda böyük bir ayaqlanma baş verdi. Rumi təqvimə görə 31 martda, miladi təqvimlə isə 13 aprel 1909-cu ildə baş verən bu ayaqlanma tarixdə 31 mart hadisəsi olaraq anılır. 13 aprel günü səhər saatlarında Daşqışlağındakı əsgərlərin öz zabitlərini həbs edərək Sultanəhməd meydanında toplanması ilə başladı. Bir gün sonra Adanada ermənilər ayaqlanaraq türklərə qarşı kütləvi qətliamlar törətdi. İstanbuldakı hadisələr 11 gün boyunca qanlı şəkildə davam etdi. Nəhayət, İttihadçıların Salonikdən göndərdiyi ordunun 23-24 aprel gecəsi İstanbula girməsiylə hadisələr dayandırıldı. Bu ordu hələ Yaşılköydə ikən məclis vəkillərindən bir heyət toplanıb oraya getdi və 22 aprel cümə axşamı günü keçmiş sədrəzəmlərdən Səid Paşanın rəhbərliyi ilə məclis qurdular. Sultan Əbdülhəmidin taxtdan devrilməsinə burada qərar verilsə də, qərar gizli tutuldu. Bu əsnada sultan, sədrəzəm Tofiq Paşaya səltənəti qardaşına buraxa biləcəyini, ancaq 31 mart hadisələrində heç bir günahının olmadığını bir komitə vasitəsilə sübut edilməsini tələb etdi. Tofiq Paşa vəziyyəti Səid Paşaya bildirsə də, Səid Paşa "Əgər sultan bəraət qazanarsa, bizim halımız necə olar ?" deyərək təklifə etiraz etmişdir. Digər yandan Sultan Əbdülhəmidə, üsyankar orduya qarşı müqavimət göstərmək təklifləri edilsə də, İslam xəlifəsi olaraq müsəlman qanını axıtmaq istəmədi. Bu səbəblə qısa zaman ərzində İstanbula daxil olan ordu Mahmud Şövkət Paşa rəhbərliyində şəhəri ələ keçirdi. Hərbi vəziyyət elan olundu və şəhərin hər yerində dar ağacları quruldu. Təqsirlilərlə yanaşı, onlarla günahsız insan edam edildi. Sultana sədaqəti ilə bilinən birinci ordu Rumeliyə sürgün edildi.

Taxtdan endirilməsi

[redaktə | mənbəni redaktə et]

Yaşılköydə toplanan və Sultan Əbdülhəmidi taxtdan endirməyə qərar verən millət vəkilləri isə hadisələr başa çatdıqdan sonra 26 apreldə İstanbula gəldilər. Ertəsi gün Ayasofya yaxınlığındakı binada yenidən bir məclis topladılar. Məclis 240 millət vəkili, 34 əyan olmaqla, ümumilikdə 274 nəfərdən ibarət idi. Taxtdan endirilmə haqqındakı fətvanı isə məclisin vəkillərindən Məhəmməd Həmdi Əfəndi yazdı. Şeyxülislam Mehmed Ziyayəddin Əfəndi tərəfindən imzalanan fətva məclisdə oxundu və vəkillər tərəfindən təsdiq edildi.

Məclis rəhbəri Səid Paşa da yanında mabeyn katibliyindən başlayaraq sədrəzəmliyə qədər yüksəldiyi Sultan Əbdülhəmidə qarşı cəbhə açmışdı. Məclisdə ayağa qalxaraq Sultan Əbdülhəmidin xilafət və səltənətdən devrilməsi qərarı səsverməyə qoydu. Vəkillər əllərini qaldıraraq çevriliş qərarını təsdiq etdilər. Səsverməyə etiraz edən bəzi vəkillər isə təzyiqlərlə susduruldu. Nəhayət, sonda Sultan Əbdülhəmidin taxtdan endirilməsinə qərar verilmiş oldu (27 aprel 1909).

Sürgün illəri

[redaktə | mənbəni redaktə et]
Sultan Əbdülhəmidin sürgündə yaşadığı Alatini köşkü

Məclisin taxtdan endirilmə qərarını sultana bildirmək üçün seçilən heyət, erməni əsilli Aram, laz Arif Hikmət, Saloniki millət vəkili yəhudi Emanuel Qarasu və Draç millət vəkili alban Əsəd Toptanidən ibarət idi. Sultan Əbdülhəmid məclisə Çırağan sarayında yaşamaq istədiyini bildirsə də, artıq diktatora çevrilən Mahmud Şövkət Paşa tələm-tələsik taxtdan endirdiyi sultanı elə həmin gecə Salonikiyə göndərdi. Şəxsi əşyalarını belə ala bilməyən sultan bir neçə çamadanla Yıldız sarayından çıxarıldı və 38 nəfərlik şəxsi heyətiylə əvvəlcə Sirkəci stansiyasına, oradan isə xüsusi qatarla Salonikiyə aparıldı. Mayor Fəthi bəy 40 nəfərlik dəstəylə sürgündəki sabiq sultanın şəxsi mühafizəçisi təyin edildi.

Salonikidə Alatini köşkünə aparılan Sultan Əbdülhəmid orada vaxtının çoxunu əvvəldən bəri məşğuliyyəti olan dülgərlik və dəmirçiliklə keçirdi. Sultan Əbdülhəmid səltənəti boyunca, bolqar kilsəsinin şərqi provoslav kilsəsindən ayrılması ilə yaranan problemlərdən imperiyanın mənafeləri üçün səmərəli şəkildə istifadə etmişdi. Ancaq İttihadçı hökumət 3 iyul 1911-ci ildə qəbul etdiyi qanunla Balkan millətləri arasındakı bu problemi həll etdi və onların Osmanlı əleyhində birləşməsinə şərait yaratdı. Qəzet oxuması qadağan olduğu üçün baş verənlərdən xəbərsiz olan Sultan Əbdülhəmid isə düşmənin Salonikiyə yaxınlaşmasının ardından İstanbula gətirildi. Baş verənləri, onu almağa gələn xüsusi heyətdən öyrənən sabiq sultan, Balkan ittifaqına və bu ittifaqdan hökumətin xəbərdar olmamasına heyrətləndi. 4 Balkan dövlətinin bu qədər qısa zamanda birləşməsini öyrənən Sultan Əbdülhəmidin ilk sualı isə bu dövlətlərin kilsələrinin birləşməsi haqqında oldu. Salonikidən ayrılmaq istəməyən sabiq sultana vəziyyətin əhəmiyyəti qeyd edilsə də, sultan "Mən də bir silah alıb, əsgərlə birlikdə vətənimi qoruyaram, ölsəm şəhid olaram" dedi və ölkəni bu vəziyyətə gətirənlərə qarğış elədi. İstanbuldan göndərilən alman səfirliyinə aid Loreley döyüş gəmisiylə 1 noyabr 1912-ci ildə gətirilərək Bəylərbəyi sarayında yerləşdirildi. Həyatının son illərini burada keçirdi. Birinci Dünya müharibəsinin ən gərgin dövründə hökumətin nüfuzlu şəxsləri olan Tələt PaşaƏnvər Paşa, sultanın təcrübəsindən yararlanmaq istədilərsə də, sabiq sultan artıq verə biləcəyi heç bir məsləhətin qalmadığını bildirdi və dünya dənizlərinə hakim olan iri dövlətlərə qarşı AlmaniyaAvstriya kimi quru dövlətlərin yanında müharibəyə girişməyin ən böyük səhv olduğunu xatırlatdı. Sultan Əbdülhəmidin dəyəri bu illərdə daha yaxşı bilindi. 10 fevral 1918-ci il bazar günü həyata gözlərini yuman Sultan Əbdülhəmidin cənazəsi Topqapı sarayına aparıldı və ertəsi gün Sultan Rəşadın əmriylə sultana layiq bir cənazə mərasimi ilə Sultan Mahmud türbəsinə dəfn olundu.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Qızı Ayşə Sultan "Atam Sultan Əbdülhəmid" adlı kitabında qeyd edir ki, Sultan Əbdülhəmidin Van cinsi Pambıq adlı bir pişiyi var imiş. Hətta atası taxtdan endirilib Salonikiyə sürgünə göndəriləndə belə, bu pişik onunla birlikdə getmiş, illər sonra sabiq sultanla birlikdə Bəylərbəyi sarayına qayıtmışdır. Sultanın ölümündən bir il öncə ölmüşdür.
  • Sultan II Əbdülhəmid bir az fransızca danışa bilirdi. Danışıq türkcəsi isə xalq dilinə daha yaxındı və elit təbəqənin üstünlük verdiyi osmanlıcaya rəğbət göstərməzdi.[6]
  • Əcdadları arasında ən sevdiyi hökmdar I Səlim olub. Almaniya imperatoru II Vilhelm İstanbula ziyarət etdiyi zaman sultanın bu sevgisini öyrənmiş, ölkəsinə döndükdən sonra "Yavuz divanı"nı nəfis tərtibatda çap etdirib dostu Əbdülhəmidə yollamışdı.[6]
  • Həyatının son günlərinə qədər dülgərliklə məşğul olmuş, sarayındakı bir çox mebeli özü düzəldib hazırlamışdı.[6]
  • Qızı Şadiyə Sultanın xatirələrinə görə, 1897-ci ildə Osmanlı-Yunan müharibəsi zamanı sultanın əmri ilə hərəmxanaya top-top bezlər gətirilmiş, sarayın bütün qadınları yaralı əsgərlər üçün geyimlər tikməklə məşğul olmuşdu.[6]
  • II Əbdülhəmid dövründə kəndlərdə belə məktəblər açılmış, ibtidai məktəblərin sayı 6-dan 9347-yə, rüşdiyyələrin (orta məktəblər) sayı 277-dən 619-a qalxmışdır.[6]
  • Məhz sultan II Əbdülhəmidin hakimiyyəti zamanında Osmanlı dövləti tarixdə ilk dəfə sualtı qayıqlara sahib olmuşdur. 1886-cı ildə satın alınmış və həmin dövrdə "təhtəlbəhr" adlandırılan sualtı qayıqların biri Xəlic tərsanəsində, digəri isə İngiltərə tərsanələrində montaj edilmişdi.[6]
  • Şərqi Anadoluda erməni təxribatlarına son qoymaqdan ötrü kürd tayfalarından ibarət Həmidiyyə süvari alayları təşkil etmiş, bu alaylar regionda sabitliyin yaradılmasında çox faydalı olmuşdur.[6]

Qadınəfəndilər

[redaktə | mənbəni redaktə et]

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Abdulhamid II // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Abd ül-Hamid (Abd ül-Hamid II.) // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Абдул-Хамид II // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Lundy D. R. Abdul Hamid II, Sultan of Turkey // The Peerage (ing.).
  5. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118646435 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. 1 2 3 4 5 6 7 Arpacı, Seyfullah (2005). "Sultan II Abdülhamid" (Türkçe). Isik Yayinlari. s. 250. ISBN 9752781330.
  • İ.H. Uzunçarşılı,. II. Abdülhamid’in İngiliz Siyasetine Dair Muhtıraları. İstanbul. 1954.
  • a.mlf,. Nutk-ı Pâdişâhî (II Əbdülhəmidin ilk Məclis-i Məbusan açılışındakı çıxışı). İstanbul.
  • Sultan II Əbdülhəmid,. Devlet ve Memleket Görüşlerim (nşr. Alaattin Çetin - Ramazan Yıldız). İstanbul. 1976.
  • a.mfl,. Əbdülhəmidin xatirə dəftəri. İstanbul. 1960.
  • Abdülkadir Özcan - İlhan Şahin,. II. Abdülhamid’in Hususî Mektup ve Telgrafları. İstanbul. 1984.
  • Vedat Örfi,. Hâtırât-ı Sultan Abdülhamid Hân-ı Sâni. İstanbul. 1922.
  • Tahsin Paşa,. Abdülhamid’in Yıldız Hatıraları. İstanbul. 1931.
  • Seyfullah Arpacı,. Sultan II Abdülhamid. İstanbul. 2005.
  • Nutk-ı Pâdişâhî (Abdülhamid II’nin ilk Meclis-i Mebûsanı açış nutku), İstanbul, ts.;
  • Sultan II. Abdülhamid Han, Devlet ve Memleket Görüşlerim (nşr. A. Alaattin Çetin - Ramazan Yıldız), İstanbul 1976;
  • Abdülhamid’in Hatıra Defteri, İstanbul 1960;
  • Belgeler: Abdülhamid Han’ın Muhtıraları (nşr. M. Hocaoğlu), İstanbul 1976;
  • İ. H. Uzunçarşılı, “II. Abdülhamid’in İngiliz Siyasetine Dair Muhtıraları”, Tarih Dergisi, sy. 10, İstanbul 1954, s. 43-60;
  • Abdülkadir Özcan - İlhan Şahin, “II. Abdülhamid’in Hususî Mektup ve Telgrafları”, Tarih Dergisi, sy. 34, İstanbul 1984, s. 417-474;
  • Vedat Örfi, Hâtırât-ı Sultan Abdülhamid Hân-ı Sâni, İstanbul 1340;
  • Tahsin Paşa, Abdülhamid’in Yıldız Hatıraları, İstanbul 1931;
  • Teftâzânî, Şerhu’l-Akāǿid, İstanbul 1317, s. 80;
  • Ramazan b. Muhammed el-Hanefî, Şerhu Ramazân Efendî alâ Şerhi’l-Akāǿid, İstanbul 1320, s. 295;
  • Cevdet Paşa, Tezâkir (nşr. M. Cavid Baysun), Ankara 1960, II;
  • a.mlf., Ma‘rûzât (nşr. Yusuf Halaçoğlu), İstanbul 1980, s. 29, 234, 237 vd.;
  • Muhammed Sultan el-Ma‘sûmî el-Hucendî, Muhtasaru Tercemeti hâli Muhammed Sultân (mecmua içinde), Kahire 1355, s. 54;
  • Hâfız Abdülcemil el-Peşâverî, ez-Zaferü’l-Hamîdiyye fî isbâti’l-halîfe, MÜ İlâhiyat Fak. Ktp., Cemal Öğüt böl., vr. 2b-3b;
  • Mehmed Celâl, Şevketlü Padişahımız Gazi Büyük Abdülhamîd Hân-ı Sâni Hazretleri, İstanbul, ts.;
  • Ahmed Midhat, Zübdetü’l-hakayık, İstanbul 1294;
  • a.mlf., Üss-i İnkılâb, İstanbul 1294, Ks. I, s. 277-293;
  • Mahmud Celâleddin Paşa, Mir’ât-ı Hakîkat (haz. İsmet Miroğlu), İstanbul 1983, s. 159-700;
  • Mehmed Râsim, Ahd-i Celîl-i Hazret-i Abdülhamîd Hân-ı Sânî’de Terakkiyât ve Muvaffakıyyât-ı Bahriyye-i Osmâniyye, İstanbul 1313;
  • Victor Berard, La Politique du Sultan, Paris 1897;
  • Ali Haydar Midhat, Midhat Paşa, İstanbul 1325, s. 183-228;
  • Paul Fezch, Constantinople aux derniers jours d’Abdulhamid, Paris 1907;
  • Ahmed Sâib, Abdülhamîd’in Evâil-i Saltanatı, Kahire 1326;
  • a.mlf., Târîh-i Meşrûtiyet, Şark Mesele-i Hâzırası, İstanbul 1328;
  • Eşref, Sultan Abdülhamid’in Evâil-i Saltanatı, Ruscuk 1326;
  • Osman Nuri Ergin, Abdülhamîd-i Sânî ve Devr-i Saltanatı, İstanbul 1327;
  • E. Driault, Şark Meselesi (trc. Nâfiz), İstanbul 1328, s. 272-362;
  • Said Paşa, Hâtırat, İstanbul 1328, I-II;
  • Süleyman Paşazâde Sâmi, Süleyman Paşa Muhâkemesi, İstanbul 1328;
  • Süleyman Paşa, Umdetü’l-hakayık, İstanbul 1328;
  • Ed. Engelhardt, Türkiye ve Tanzimat (trc. Ali Reşâd), İstanbul 1328, s. 248-421;
  • Mehmed Memduh [Paşa], Tasvîr-i Ahvâl Tenvîr-i İstikbâl, İzmir 1328;
  • Mahmud Cevad, Maârif-i Umûmiyye Nezâreti Târihçe-i Teşkilât ve İcraatı, İstanbul 1328;
  • Kâmil Paşa, Hâtırat, Kostantıniyye 1329;
  • Serge Goryanov, Devlet-i Osmâniyye ve Rusya Siyaseti (trc. Ali Reşâd-Macar İskender), İstanbul 1331;
  • Bunyer Veylet, Şarkta İngiliz-Alman Rekabeti (trc. Bedi Fikri), İstanbul 1332;
  • Sir Edvin Pears, Forty years in Constantinople, London 1916;
  • Abdurrahman Şeref-Ahmed Refik, Sultan Abdülhamîd-i Sânî’ye Dâir, İstanbul 1337;
  • Ali Said, Saray Hatıraları: Abdülhamid Han’ın Hayatı, İstanbul 1338;
  • Mahmud Muhtar Paşa, Mâziye Bir Nazar: Berlin Muâhedesi’nden Harb-i Umûmîye Kadar Avrupa ve Türkiye-Almanya, İstanbul 1341;
  • W. Langer, The Diplomacy of Imperialism, New York 1935;
  • Hakkı Tarık Us, Meclis-i Mebûsan İlk Devre Müzakere Zabıtları, İstanbul 1940;
  • Y. Hikmet Bayur, Türk İnkılâbı Tarihi, I, II;
  • C. D. Blaisdell, Osmanlı İmparatorluğunda Avrupa Mâlî Kontrolü (trc. H. A. Kuyucak), İstanbul 1940;
  • İbnülemin, Son Sadrazamlar, İstanbul 1982, III, 1264-1306;
  • a.mlf., “Abdülhamîd-i Sânî’nin notları”, TTEM, sy. 13 (90), (1926), s. 60-68; sy. 14 (91), s. 89-95; sy. 15 (92), s. 152-159;
  • Ziya Şakir, II. Sultan Hamid, Şahsiyeti ve Husûsiyetleri, İstanbul 1943;
  • a.mlf., Sultan Hamid’in Son Günleri, İstanbul 1943;
  • Faiz Demiroğlu, Abdülhamid’e Verilen Jurnaller, İstanbul 1955;
  • Ali Fuat Türkgeldi, Mesâil-i Mühimme-i Siyâsiyye (nşr. Bekir Sıtkı Baykal), Ankara 1957, II, 1-433;
  • Ayşe Osmanoğlu, Babam Abdülhamid, İstanbul 1960;
  • Nizamettin Nazif Tepedelenlioğlu, İlân-ı Hürriyet ve Sultan II. Abdülhamid Han, İstanbul 1960;
  • a.mlf., II. Abdülhamid ve Osmanlı İmparatorluğunda Komitacılar, İstanbul 1964;
  • İ. H. Danişmend, Kronoloji, İstanbul 1961, IV, 285-379;
  • Asaf Turgay, İbret: Abdülhamid’e Verilen Jurnaller ve Jurnalciler, İstanbul 1961-62;
  • Joan Haslip, Bilinmeyen Taraflariyle Abdülhamid (trc. N. Kuruoğlu), İstanbul 1964;
  • Mehmed Raif Ogan, Sultan Abdülhamid II ve Bugünkü Muarızları, İstanbul 1965;
  • M. S. Anderson, The Eastern Question 1774-1923, New York 1966;
  • Yaşar Kutluay, Siyonizm ve Türkiye, İstanbul 1967;
  • Y. Tekin Kurat, Henry Layard’ın İstanbul Elçiliği (1877-1880), Ankara 1968;
  • Fahir Armaoğlu, Siyasi Tarih, Ankara 1973, s. 259-280;
  • Orhan Kurmuş, Emperyalizm’in Türkiye’ye Girişi, İstanbul 1974;
  • Tahsin Uzer, Makedonya’da Eşkiyalık Tarihi ve Son Osmanlı Yönetimi, Ankara 1979, s. 10-14, 89-96, 112-116, 243-253 vd.;
  • Bayram Kodaman, Abdülhamid Devri Eğitim Sistemi, İstanbul 1980;
  • İlber Ortaylı, II. Abdülhamid Döneminde Osmanlı İmparatorluğunda Alman Nüfuzu, Ankara 1981;
  • Rifat Önsoy, Türk-Alman İktisadî Münasebetleri (1871-1914), İstanbul 1982;
  • Mim Kemal Öke, Siyonizm ve Filistin Sorunu (1880-1914), İstanbul 1982;
  • a.mlf., İngiliz Casusu Prof. Arminius Vambery’nin Gizli Raporlarında II. Abdülhamid ve Dönemi, İstanbul 1983;
  • a.mlf., “Şark Meselesi ve II. Abdülhamid’in Garp Politikaları”, Osmanlı Araştırmaları, sy. 3, İstanbul 1982, s. 247-276;
  • Karal, Osmanlı Tarihi, VIII;
  • Muvaffak Beni’l-Mürce, Sahvetü’r-recüli’l-marîz ev es-Sultân Abdülhamîd es-Sânî ve’l-hilâfetü’l-İslâmiyye, Kuveyt 1984;
  • Cevdet Küçük, Osmanlı Diplomasisinde Ermeni Meselesinin Ortaya Çıkışı, İstanbul 1984;
  • İ. H. Uzunçarşılı, “V. Murad’ı Tekrar Padişah Yapmak İsteyen K. Skaliyeri - Aziz Bey Komitesi”, TTK Belleten, VIII/30 (1944), s. 245-340;
  • a.mlf., “V. Murad ile Oğlu Selâhaddin Efendi’yi Kaçırmak İçin Kadın Kıyafetinde Çırağan’a Girmek İsteyen Şahıslar”, a.e., VIII/32 (1944), s. 589-597;
  • a.mlf., “Ali Suavi ve Çırağan Vak’ası”, a.e., VIII/32 (1944), s. 71-118;
  • a.mlf., “Sultan Abdülhamid’in Hal’i ve Ölümüne Dair Bazı Vesikalar”, a.e., X/40 (1946), s. 705-748;
  • a.mlf., “Abdülhamid Ferit Paşa’nın Ruznâmesinden”, a.e., XXVII/106 (1963), s. 257-286;
  • İhsan Süreyya Sırma, “Pekin Hamidiye Üniversitesi”, İslâmî İlimler Fakültesi, Prof. Dr. Tayyib Okiç Armağanı, Ankara 1978, s. 159-170;
  • a.mlf., “Sultan II. Abdülhamid’in Çin’e Gönderdiği Enver Paşa Heyeti Hakkında Bazı Bilgiler”, İslâmî İlimler Fakültesi Dergisi, sy. 4, Ankara 1980, s. 159-183;
  • a.mlf., “II. Abdülhamid’in Hilâfeti Hakkında Yazılmış Bir Risâle ve Bununla İlgili Kırk Hadis”, Tarih Dergisi, sy. 33, İstanbul 1982, s. 375-400;
  • A. H. Ongunsu, “Abdülhamid II.”, İA, I, 76-80;
  • Jean Deny, “Abd al-Hamid II”, EI² (İng.), I, 63-65.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
II Əbdülhəmid
Doğum: 21 sentyabr 1842 Vəfat: 10 fevral 1918
Hakimiyyət titulları
Sələfləri 
V Murad

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

31 avqust 1876-27 aprel 1909
Xələfləri 
V Mehmed Rəşad
Sünni İslam titulları
Sələfləri 
V Murad

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
V Mehmed Rəşad