is. [
ər. ]
1. Bütün kainatın yeganə yaradıcısı və idarə edəni; Yaradan, Tanrı, Rəbb.
Lap qabaqlar Allahdan başqa heç kim yox imiş… (Əsatir).
Allahın qəzəbi tutur, Adəmlə Həvvanı cənnətdən qovur… (Əfsanə).
Qorqmazam bu dünyada heç kişidən; Canumun əmanəti Allahadur. Q.Bürhanəddin.
O alma yanağı, büllur buxağı; Allah, bədnəzərdən səlamət eylə! M.P.Vaqif.
2. Qədim (çoxallahlı) dinlərdə təbiət fövqündə təsəvvür edilən vücud. Qədim yunan allahları.
3. məc. Hakim, ağa; heç kəsə tabe olmayan, azğınlıq edən, başlı-başınalıq edən adam haqqında.
Bunlar [qoçular] Quba meydanının allahı idilər. H.Sarabski.
Napoleon dedi: – Göy Allahındır; Fəqət yer üzünün allahı mənəm. S.Vurğun.
◊ Allah ağıl versin – ağılsız iş görən, hərəkət edən, yaxud söz danışan adam haqqında.
Allah amandır – yalvarış, xahiş bildirir.
[Axund:] Allah amandır! Mənim evimdə qan tökməyin; siz allahınız, mənə dəyməyiniz. B.Talıblı.
Allah bağışlasın – üzr istəyən, yaxud günah bir iş görmüş adam üçün xeyir-dua.
[Mirzə Heydər:] Allah bağışlasın, bu nə sözdür, hacı, buyurursunuz? Ə.Haqverdiyev.
Allah bəla(sını) versin – danlaq, narazılıq ifadə edir.
Allah bəndəsi –
1) bir adam, bir şəxs, bir nəfər.
[Qulu:] Arvadın yox, oğlun yox, bir qızın var, o da bu gün-sabah çıxıb Allah bəndəsinin birinə gedər. S.S.Axundov;
2) fağır, sakit, yazıq. Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi.
Saleh, salim, mömin, Allah bəndəsi bir şəxs idi. Çəmənzəminli.
Allah bilir – məlum deyil, heç kəs bilmir.
[Babək:] Hələ nə qədər bu şəhərdə qalacayıq Allah bilir. Ə.Məmmədxanlı.
Allah canını alsın! (cəzasını versin!) – məzəmmət, qarğış bildirir.
Allah eləməsin – arzu edilməyən bir şey haqqında deyilir. [Sənəm:] Xeyr, Allah eləməsin mən sənə nəsihət eləyim.
Dəxi acığın niyə tutur? Ə.Haqverdiyev.
[Səba xanım:] Allah eləməsin mən o həyada qız olum… M.S.Ordubadi.
Allah eləsin (ki) – arzu edilən bir şey haqqında deyilir. [Əşrəf bəy:] Allah eləsin, Allah eləsin, ay kişi.
Eşitdim özün də bir cahil arvad almısan, doğrudurmu? N.Vəzirov.
Allah eşqinə – yalvarış, xahiş, iltimas bildirir.
[Solmaz:] Get, Allah eşqinə get! Mən heç bir zaman sənin olmayacağam. C.Cabbarlı.
Allah evi din. – məscid.
Allah xatirinə (eşqinə) – təkidli xahiş bildirir.
Allah kömək eləsin! Allah köməyin(iz) olsun! – işləyən, yaxud ağır vəziyyətdə olan bir adama müvəffəqiyyət arzusu.
Allah qoysa – xoş arzu ifadə edir.
[Nabat xala:] Yaxşı yol, oğlum, sağ get, salamat gəl! Allah qoysa, qayıdıb toy tədarükünü görərsən. B.Talıblı.
Allah qüvvət versin! – bax Allah kömək eləsin! Allah köməyin(iz) olsun! [Məcid:] Allah qüvvət versin, ay Nadir, bu bəylərin əlindən canını yaxşı qurtardın. B.Talıblı.
Allah mübarək eləsin! – toy, bayram və s. münasibəti ilə təbrik.
…Hamı savadsız olduqlarından imza yerinə baş barmaqlarını basaraq bir-birinə: “Allah mübarək eləsin, Allah mübarək eləsin” – deyə bayıra çıxırlar. B.Talıblı.
Allah rəhmətinə getmək – ölmək.
[Atası oğluna yazdı:] Anan Allah rəhmətinə getdikdən sonra, doğrusu ki, dolanacaq mənim üçün çox çətin olmuşdur. B.Talıblı.
Allah saxlasın –
1) birinə cansağlığı və uzun ömür arzusu.
Musa kişi məhəbbət və ümid dolu nəzərlərlə ona [Ayaza] baxıb: “Düşmən toxmağıdır, Allah saxlasın!” – deyirdi. M.İbrahimov;
2) köhn. qeyri müsəlmanlarla salamlaşma ifadəsi.
Allah tərəfi – ədalətli, insaflı, vicdanlı, düz.
[Qənbərqulu:] Özü də [babam] çox rəhmdil və Allah tərəfi adam idi. B.Talıblı.
Allah vursun – narazılıq, şikayət, ikrah bildirir.
Allaha bax! – xahiş, yalvarış. Dilbərim, bari sən əğyar sözünə guş eyləmə; Bu qədər zülm eyləmə, xof eylə, bir Allaha bax! Heyran xanım.
Allaha şükür – yaxşı oldu ki, xoşbəxtlikdən.
[Mirzə Heydər:] Hacı, bağışlayınız, sizin Allaha şükür bir parça yeməyə çörəyiniz var, övrətiniz var… Ə.Haqverdiyev.
Allahı sevərsən… – xahiş, rica bildirir.
Allahın tənbəli – çox tənbəl adam haqqında.
Allahın verən günü – hər gün.
Allahın verən günü elə belə sübut eləyir. N.Vəzirov.
Allahü-əkbər! – əslən dini təbir olub, canlı dildə narazılıq, hiddət, acıq bildirən
nida kimi işlənir.
Atamın anama acığı tutanda “Allahü-əkbər” deyirdi; anamın bizə acığı tutanda həmçinin “Allahü-əkbər” çığırırdı. C.Məmmədquluzadə.
[Balaş:] Allahüəkbər! Dilbər, mən onu demədim, mən sözgəlişi deyirəm. C.Cabbarlı.
[Səfər bəy:] Allahü-əkbər! Yenə də naqqallığına başladı. B.Talıblı.
Allahü-əkbərin eşidilməyən yeri – çox uzaq, çox ucqar, çox tənha, əlçatmayan yer.
Sən (siz) allah – yalvarış, xahiş, rica bildirir.
[Tafta:] [Sevil] bu yaxın vaxtlar məni küçədə gördü, əllərini boynuma saldı, üzümdən öpdü, necə yalvarırdı ki, sən allah, uşağıma yaxşı bax. C.Cabbarlı.