is. [
ər. ] Ən cüzi bir zaman, ləhzə, dəm, bir gözqırpımlıq müddət.
□ Bir an – bir saniyə, bir dəqiqə. Bir an onu gözündən qoymadı. – Bir an səni görməyəndə, yarım; Əfğanı yetirrəm asimanə. Heyran xanım.
Gözünü uşaqdan, anadan bir an; Ayıra bilmirdi Növrəstə qarı. R.Rza.
[Kamil və Murtuzov] bir an bərabər ixtiyara malik adamlar kimi çiyin-çiyinə dayanıb gülüşdülər… S.Rəhimov.
Bir anda, bir an içində – dərhal, o saat, göz yumub açınca.
Bu xəbər bir anda ağalıq xidmətlərinə yayıldı. S.S.Axundov.
Kəklik onun [qardaşının] əlindən ox kimi çıxdı və bir anda ormanın yarpaqları arasında qeyb oldu. A.Şaiq.
Buğa bir anda hərlənib ona [Buğaca] sarı cumdu. M.Rzaquluzadə.
Bir anlıq, bir anlığa – çox az bir zaman üçün, bir ləhzə, bir göz açıb yumunca.
Adamlar bir anlığa təəccüblə bu qəribə səsə tərəf dönərək, yenə öz işlərinə … başladılar. M.İbrahimov.
Sonra açır qapını, budur iclas salonu; Xatirələr bir anlıq alıb aparır onu. R.Rza.
Durdu bir anlığa o birdən-birə; Düşdü qar üstünə, yıxıldı yerə. M.Rahim.
// Ümumiyyətlə, vaxt.
Onun [vətənin] üzərində həyatımın qüssə və kədəri bilmədiyim anları keçmişdir. M.S.Ordubadi.
Evlərindən ayrıldıqları andan onları [Səriyyəgili] dözülməz iztirablarla dolu bir həyat qucağına aldı. M.İbrahimov.
[Mehrəli bəy:] Xeyr, mən bu ana kimi şərəflə yaşamışam. S.S.Axundov.
Bu an, bu anda – bu zaman.
Bu anda qoca usta başını dik qaldırıb, dəmir qüllənin zirvəsində durmuş fəhləni səslədi. M.Hüseyn.
[Əziz] bu an bütün fikrini artezian quyusuna, onun suyuna cəlb etmişdi. Ə.Vəliyev.
Elə bu anda onun [şairin] pəncərəsində nə isə bir şölə titrədi və söndü. Ə.Məmmədxanlı.
Hər an, hər anda – hər zaman, həmişə, daim.
Sabir, ey aləmi-xəlqə tərcüman; Ey hər anda kasə-kasə zəhr udan! A.Səhhət.
Dünyanın dərdini, qəmini hər an; Mənə bir baxışla unutdurursan. S.Vurğun.