1. Arxa, dal. Yükü ardına almaq.
□ Ardına (ardınca) düşmək – dalınca düşmək, izləmək. Pul ardına düşmək. Ovçu tülkünün ardına düşdü. İş ardına düşmək.
2. Bir şeyin arxa, dal tərəfi, gerisi, geri tərəfdə olan yer. Evin ardı. Dəyirmanın ardı bağçadır.
3. Başlanmış bir şeyin davamı, dalı, mabədi, sonu. Məqalənin ardı məcmuənin gələn nömrəsində dərc olunacaqdır. Söhbətin ardı sabaha qaldı. Hekayənin ardı uzun olacaq.
□ Ardı kəsilmək – arası kəsilmək, dalı kəsilmək, qurtarmaq, bitmək.
Ardı (ardı-arası) kəsilməmək – bitməmək, qurtarmamaq, sonu-axırı görünməmək.
◊ Ardı açılmaq – 1) paxırı açılmaq, təqsirinin, eybinin üstü açılmaq, ifşa olunmaq;
2) yorulmaq, taqətdən düşmək, üzülmək.
Ardı atmaq – ayaq yoluna düşmək, qarın ağrısına düşmək, ayağı işləmək.
Ardı burulmaq – bərk arıqlamaq, zəifləmək, yeriyərkən taqətsizlikdən ayaqları dolaşmaq.
Ardı çıxmaq – 1) bərk arıqlamaq, zəifləmək, bərk yorulmaq;
2) lap qocalmaq, əldən düşmək, ölümü yaxınlaşmaq.