Elmira Abasova (musiqişünas)
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur.
== Həyatı ==
Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir.
E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi.
O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir.
O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.