1988-1989-cu illərdə azərbaycanlıların soyqırımı

1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər".

1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu.

Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.

Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Ölən öldü, donan dondu, ürəyi partlayanlar, ağlını itirənlər oldu… Bu, heç bir insanlıq qanununa sığmayan bir müsibət idi. Bu, tarix boyu qul olaraq yaşamış ermənilərin bütün insanlıqdan intiqam alması idi.

1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-si, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur.

Bundan başqa daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşamışlar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Bu yaşayış məntəqələrinin adı və bu məntəqələrin demoqrafik göstəriciləri indiyə kimi heç bir mənbədə tam şəkildə verilməyib.

Həmçinin 1988–1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülüb, (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.) 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Bu da həmin illərdə ermənilər tərəfindən öldürülmüş və yaralanmış soydaşlarımızın tam siyahısı deyil. Əsas qaçqınlıq dövrü 1988-ci ilin noyabr-dekabr aylarına təsadüf etdiyindən soydaşlarımızın kolxozlarda olan illik əmək haqları da ermənilərə qalmış, bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməmiş, məcbur olub öz geniş bağ-bağçalarını, xüsusi evlərini Azərbaycanda dövlət binasında yaşayan ermənilərin 2–3 otaqlı mənzilləri ilə dəyişməli olmuşlar.

Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus bu əmlakın dəyəri Azərbaycan Qaçqınlar Cəmiyyətində torlanmış sənədlər əsasında təxmini hesablanaraq müəyyən olunub ki, təxminən ziyan 2,5 milyard ABŞ dolları təşkil edir. Kolxozlarda azərbaycanlılara məxsus olan 43789 baş iribuynuzlu, 454 660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qaldı. Bunların hamısının dəyəri təxmini hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir.

Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir.

1988-ci ilə kimi qərbi Azərbaycandakı 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbiristanlığı (bu kəndlərin böyük əksəriyyəti qədim yaşayış məskənləri olduğundan onlarda yeni qəbiristanlıqlarla yanaşı çox vaxt iki, üç, hətta 4–5 köhnə və qədim qəbiristanlıq vardı) erməni tapdağı altında qaldı və həmin qəbiristanlıqların əksəriyyəti yer üzündən silinib. Bəzilərinin yerində rark salınıb, bəzilərinin ərazisi şumlanaraq əkin sahəsinə çevrilib. Qədim Urud qəbiristanlığının izini itirmək üçün üzərinə 2 metr hündürlüyündə torpaq verilib, həmin ərazi illər ötdükcə kol-kos sahəsinə çevrilib…"

Ermənistan azərbaycanlılarının 1988-ci il soyqırımı

[redaktə | mənbəni redaktə et]

Əsasən 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisini sıxışdırması, kəndlərə ərzaq göndərilməməsi, elektrik xətlərinin kəsilməsi və silahlı basqınlar edilməsi nəticəsində Ermənistanı tərk edən ailələrə yollarda divan tutulmuş, əmlakları qarət edilmiş, özləri isə qətlə yetirilmişlər. Soyqırım Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi.[1]

Soyqırım faktları

[redaktə | mənbəni redaktə et]

Müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988–1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar.[1]

SSRİ Prokurorluğunun hadisələrə münasibəti

[redaktə | mənbəni redaktə et]

1990-cı il avqustun 9-da Azərbaycan Respublikası Ali Soveti Qaçqınlar cəmiyyətində tərtib edilən siyahını və digər faktları məktubla SSRİ Prokurorluğuna göndərmiş və Ermənistanda milli münaqişələr zəminində qətlə yetirilmiş azərbaycanlılar haqqında məlumat verməyi xahiş etmişdi. SSRİ Baş Prokurorunun müavini V. İ. Kvartsovun 4 oktyabr 1990-cı il tarixli cavab məktubunda deyilirdi:

"Sizin məktubunuzla əlaqədar olaraq bildirirəm ki, 1988–1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılmışdır, onlardan 283-ü istintaq aidiyyəti üzrə Azərbaycana göndərilmişdir. Eyni zamanda, Azərbaycan SSR-dən Ermənistana təhqiqat üçün 138 cinayət işi daxil olmuşdur. 1989-cu il dekabrın 31-nə olan məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılmışdır. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan ərazisində milli münasibətlərin kəskinləşməsi üzündən bir sıra rayonlarda qarət, yanğın və ictimai qayda-qanununa zidd olan digər hallarla müşayiət olunan kütləvi iğtişaşlar baş vermişdir… Bu hərəkətlər nəticəsində 21 nəfər öldürülmüş (20 azərbaycanlı və bir erməni), 4 nəfər sonradan ölümlə nəticələnmiş ağır bədən xəsarəti almışdır. Qətl hadisəsi üzrə 8 cinayət işi və zərərçəkənlərin ölümü ilə nəticələnmiş ağır bədən xəsarəti üzrə dörd işin istintaqı başa çatdırılaraq məhkəməyə göndərilmişdir. Əliyevlər barəsindəki cinayət işinə bəraət qazandırıcı əsaslar üzrə xitam verilmişdir, belə ki, istintaq bu qənaətə gəlmişdir ki, onun Mirzoyanı öldürməsi son zəruri müdafiə həddindən baş vermişdir. Bu qəbildən məhkəməyə göndərilən üç qətl və ağır bədən xəsarəti yetirilməsi üzrə iki cinayət işi üzrə günahkarlar müxtəlif müddətlərdə azadlıqdan məhrum edilmişlər. Bir neçə cinayət işi əlavə istintaqa qaytarılmışdır. Ermənistan prokuroruna tapşırılmışdır ki, bu işlər üzrə aparılan istintaqın tamlığını və obyektivliyini yoxlasın, onun başa çatdırılması üçün tədbirlər görsün. Günahkarların müəyyənləşdirilməməsi üzündən istintaqın xitam verilmiş işləri araşdırmaq və istintaqı təzələmək məsələsinin mümkünlüyünü öyrənmək tapşırığı da verilmişdir. Ermənistan məhkəmələrinə milli nifaq zəminində baş vermiş 91 müttəhim barəsində cəmisi 53 cinayət işi göndərilmişdir. 48 iş üzrə 82 nəfər mühakimə olunmuş, onlardan 30 nəfər müxtəlif müddətdə azadlıqdan məhrum edilmişdir. SSRİ Prokurorluğu cinayətlərin açılmasına nəzarət edir və zəruri kömək göstərir".[1]

Ermənistan azərbaycanlılarının 1988-ci il soyqırımı qurbanlarının siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Əliyev Abbas Xasməmməd oğlu (1912–1988) — işgəncə ilə (Ayrım kənd sakini)
  2. Haqverdiyev Haqverdi Hatəm oğlu (1934–1988) — işgəncə ilə (Ayrım kənd sakini)
  3. Məmmədov Rəhman Əli oğlu (1985–1988) — həkim qəsdi (Cıl kənd sakini)
  4. Məmmədov Tofiq Alik oğlu (1988 – 1988) — ayaq altda (Allahverdi rayonu sakini)
Qafan rayonu üzrə[2]
soyadı, adı, atasının adı doğum tarixi yaşayış məntəqəsi ölüm tarixi ölüm səbəbi
1 Novruzova Gülnar Allahverdi qızı 1964 Gığı 1988 döyülüb sonra ölüb
2 Məmmədov Şirin İslam oğlu 1940 Qacaran şəh. 1988 borana düşüb
3 Əliyev Vüsal Əlirza oğlu 1965 1988 hadisədən infarkt
4 Ziyadov Cəmil Bəhmən oğlu 1958 Gomaran 1988 maşınla vurulub
5 İsmayılova Məhruzə Xudu qızı 1947 Qafan şəh. 1988 hadisədən infarkt
6 Babayeva Firuzə Həsən qızı 1920 Sünik 1988 döyülüb sonra ölüb
7 Mehdiyev Vüsal Xudayar oğlu 1934 Qaraçimən 1988 döyülmüş, infarkt
  1. Əbdürrəhmanov Vahid Həmid oğlu (1970–1989) — xəsarət nəticəsində (Kuybışev kənd sakini)
  2. Əmiraslanov Qədir Nəbi oğlu (1966–1988) — xəstəxanada yoxa çıxıb (Kirov kənd sakini)
  3. Əsgərov Həmid Məmməd oğlu (1946–1988) — itkin düşüb (Cəlaloğlu sakini)
  4. Xəlilov Şərif Cabbar oğlu (1947–1988) — başı kəsilib (Kuybışev kənd sakini)[1]
  5. Xəlilova Gilas Rüstəm qızı (1930–1988) — başı kəsilib (Kuybışev kənd sakini)[1]
  6. İsgəndərov Təmraz Yusif oğlu (1928–1988) — güllə ilə (Kuybışev kənd sakini)[1]
  7. Mustafayeva Bəsti İsrafil qızı (1934 – 30 dekabr, 1988) — diri-diri yandırılıb (Gərgər kənd sakini)[1]
  8. Yusifova Sarıgül Qurban qızı (1968–1988) — işgəncə ilə (Qoğos kənd sakini)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar" (az.). west-land.az. 2013-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13.03.2014.
  • "DEPORTASİYA: TARİXİN İBRƏT DƏRSLƏRİ" (az.). contact.az. 2012 Dekabr 08 (Bazar) 13:38:38. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13.03.2014.
  • Mənbələr azərbaycanlıların 1905–1906-cı illər soyqırımı haqqında [ölü keçid]
  • Azərbaycan Türklərinin Qərbi Azərbaycandan derortasiyası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  1. 1 2 3 4 5 6 7 Nazim Mustafa. "Azərbaycanlıların əzəli torpaqlarından sonuncu – 1988-1989-cu illər deportasiyası" (az.). xalqqazeti.com. 10.12.2013 13:01. 2016-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13.03.2014.
  2. Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutu. Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Arxivləşdirilib 2022-08-03 at the Wayback Machine. Bakı, "Qartal" nəşriyyatı, 1998. səh. 112–113.