1. İnanma, dərin inam.
// İslamiyyətdə: dinə, Allahın birliyinə, peyğəmbərlərə inanma və bunu dillə iqrar etmə; etiqad. Dil zülfilə rüxsarüvə çün qıldı təmaşa; Avarə qalıb küfr ilə iman arasında. Heyran xanım.
□ İman etmək (bəsləmək, gətirmək) – inanmaq.
İman əhli – dinə inanan, dini ehkamlara riayət edən, etiqadlı.
İmana gəlmək – 1) islam dinini qəbul etmək, dönüb müsəlman olmaq (qeyri-müsəlman haqqında).
2) məc. xeyli xahişdən, inandırmadan, təkiddən, səydən sonra razı olmaq, qəbul etmək. İmana gəlmir ki, gəlmir.
İmana gətirmək – 1) təbliğat və s. yolu ilə birinə müsəlmanlığı qəbul etdirmək;
2) məc. xeyli xahişdən, inandırmadan, təkiddən, səydən sonra razı olmasına, bir şeyi qəbul etməsinə nail olmaq.
İmandan çıxmaq – dindən çıxmaq, dini ehkamları pozmaq.
İmanı kamil olmaq – 1) imanı, etiqadı, əqidəsi təmiz olmaq;
2) məc. məqsədinə, məramına çataraq rahat olmaq.
İmanını satmaq – yalandan şahidlik etməklə əqidəsini, məsləyini birinə qurban etmək, satılmaq. İmanını satıb, əppəyinə qatıq eləyir. ( Ata. sözü ).
İmanını tərəziyə qoymaq – alverdə müştərini aldatmaq, çəkidə aldatmaq.
İman-güman – şübhə, zənn, güman.
Allah imanını kamil eləsin – birinə xeyir-dua məqamında.
Sahibi iman – bax iman əhli.
2. İmanla şəklində zərf – etiqadla, inanaraq.