Xalid Səid Xocayev (1888 – 13 oktyabr 1937, Bakı) – çağdaş Azərbaycan dilçiliyinin banilərindən biri, Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərinin Azərbaycan dilinə ilk tərcüməçisi, repressiya qurbanı.
Xalid Səid Xocayev | |
---|---|
Doğum tarixi | 1888 |
Vəfat tarixi | 13 oktyabr 1937 |
Vəfat yeri | |
Həyat yoldaşı | Sitarə xanım (Mir Rzaxan Talışinski) qızı |
Fəaliyyəti | dilçi |
Vikianbarda əlaqəli mediafayllar |
Xalid Səid Xocayev 1888-ci ildə Daşkənd yaxınlığında olan Koş-Kurqan kəndində anadan olub. İlk təhsilini Daşkənddə yerləşən mədrəsədə alıb. 1914-cü ildə İstanbul Universitetində tibb fakültəsinə daxil olub. 2 il burada təhsil aldıqdan sonra ixtisasını tarix-filologiyaya dəyişib və universiteti 1918-ci ildə bitirib.
İstanbul Universitetindəki təhsilini bitirdikdən sonra Qafqaz Türk İslam Ordusunun əsgərləri ilə birgə Azərbaycana gəlmiş, Bakı və Gəncə kimi şəhərlərdə orta və ali məktəblərdə dərs demişdir.
SSRİ EA-nın Azərbaycan filialında çalışıb. Dünya Türkologiyasında ilk dəfə Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərini dilimizə tərcümə edib. 1988-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Zərifə Budaqova akademik-katib Bəkir Nəbiyevə yazdığı məktubda bildirirdi ki, "Divanü Lüğat-it-Türk" SSRİ-də ilk dəfə Xalid Səid tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Xalid Səid isə Kaşqarlı "Divan"ının sadəcə ərəb dilindən Azərbaycan türkcəsinə tərcüməsini gerçəkləşdirməklə kifayətlənməyib, türkologiyanın çağdaş prinsipləri baxımından əsərin ilk izahlı, elmi tərcüməsini yaradıb. 1936-cı ildə "Divan" üzərində işlə bağlı qələmə aldığı yazısında bu barədə ətraflı məlumat verir:[1]
Divan"ı tərcümə etmək üçün ərəb dilini bilmək bəs etməz. XI yüzillikdə işlənən türk sözlərinin elə həmin əsrdə işlənən ərəb sözləri ilə qarşılıqlı izahını müasir türkcəylə vermək bir sıra çətinliklər yaradacaq.
Xalid Səidə görə kitab türk sözləri lüğəti adlansa da, onun məzmunu adının ifadə etdiyi anlayışdan daha geniş mənaları ehtiva edir, təkcə sözlərin izahı ilə kifayətlənmir, həm də türk etnoqrafiyası, morfologiya, türk dilləri arasındakı fərqlər, o dövrdə mövcud olan başqa dillər və s. barədə aydın təsəvvür yaradır. Tərcümə işinə 1935-ci ildə başlayan Xalid Səid Kaşqarlı "Divan"ını 1939-41-ci illərdə Türkiyə türkcəsinə tərcümə edən Besim Atalayı da qabaqlayıb. Bunu 1939-ildə "Divan"ın Türkiyə nəşrinə yazdığı ön sözdə Atalay özü də etiraf etmişdi. Ziya Bünyadov lüğətin tərcüməsi barədə bunları demişdir:[1]
Xalid Səidin ən böyük əsəri Mahmud Kaşqarinin məşhur lüğətinin tərcüməsi idi. Təəssüf ki Xocayevin minnətdar şagirdləri öz müəllimlərinin əsərini elə adamlara aid edirlər ki, onlar 30-cu illərdə Mahmud Kaşqarinin varlığı barədə belə heç nə bilmirdilər. Bu zaman Xalid Səidi xoş sözlə xatırlamağı belə ona çox görürdülər".
Divanın tərcüməsi ilə bağlı mühüm bir sənəd Xalid Səidin istintaq işinə əlavə olunmuş məktubudur. Belə ki, "Divan"ın Xalid Səid tərəfindən həm də kumık və qaraçay-balkar dillərinə çevrilməsini istəyən və bu münasibətlə Xocayevə məktub göndərən Kabardin-Balkar Vilayət Partiya Komitəsinin katibi Kumıkovun sorğusuna yazdığı cavab məktubunda (1 iyun 1937-ci il) Xalid Səid bildirirdi ki, İstanbulda tapılmış "Divan"la bağlı çalışmalara o, 1935-ci il sentyabrın 1-də başlayıb. Xocayev tərcümə işini 1937-ci ilin aprelində tamamladığını, iyulun 1-də isə əsəri elmi redaktə üçün Leninqrada, akademik Kraçkovskiyə və professor Malova göndərəcəyini yazırdı. Lakin iki gün sonra - iyunun 3-də Xalid Səid həbs edildi.[1]
Xalid Səidin ölümündən çox sonra onun tərcümə əsəri üzə çıxarıldı. 2023-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnistitutunda əsərin çapına başlanılmışdır.[2]
Dilçiliyimizdə üslubiyyata, müqayisəli qrammatikaya, dil tarixinə dair ilk dərsliklərin müəlliflərindəndir. Sağlığında "Türk dillərinin müqayisəli qrammatikası" (Bakı 1926), "Müxtəlif üslubiyyat" (Bakı 1934) kimi əsərləri nəşr olunub. Elmi bioqrafiyasının tam olmayan siyahısında "Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi", "Yeni əlifba yollarında əski xatirə və duyğularım", "Müxtəsər üslubiyyat", "Müfəssəl sintaksis", "Üslubiyyat nəzəriyyəsi", "Türk dilinin tarixi qrammatikası", "Cığatay ədəbiyyatı haqqında mühazirələr", "Türk ədəbiyyatının nəzəriyyəsi", "Türküstan tarixinin qısa icmalı", "İran dillərinin qrammatikası", "Mahmud Kaşqarlı "Divan"ı mətninin izahlı, elmi tərcüməsi", "Orxon kitabələrinin izahlı tədqiqi", "Türk məktəbi üçün rus dili" kimi bir qismi mətbu, bir qismi isə 1937-ci ildə müsadirə olunmuş kitablar, əsərlər (və itkin əlyazmalar) var.[1]
1937-ci il iyunun 3-də X. S. Xocayev həbs edilib.[3] Həmin ilin oktyabrın 12-də son iclasda X. S. Xocayev Azərbaycan SSR CM-nin 68-ci maddəsi üzrə "əksinqilabi pantürkist təşkilatın üzvü kimi həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs" damğası ilə ittiham olunaraq güllələnməyə məhkum olunub. 1937-ci ildə Xalid Səid Xocayev həbs olunduqdan sonra Mahmud Kaşğari divanının 1500 səhifəlik əlyazması NKVD tərəfindən müsadirə olunub və bu günə kimi də həmin əlyazmanın taleyi qaranlıq qalır.[4] Həbs edildiyi zaman işğəncələr altında 1918-ci ildə Gəncəyə "Türkiyədən pantürkistlərin lideri Əbdülrəşid İbrahimovun təşəbbüsü ilə Nuru Paşanın qoşununun tərkibində göndəril"diyini "etiraf etmişdi". Bundan başqa o, istintaqa məqsədinin "Turan dövlətini, yəni birləşmiş türk-tatar dövləti"ni qurmaq olduğunu da bildirmişdi.[1][4]
1954-cü ilin dekabrında S. R. Xocayeva həyat yoldaşı X. S. Xocayevin işinə yenidən baxılmasını xahiş edib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 may 1957-ci il qərarına görə 1937-ci il oktyabrın 12-də çıxarılan hökm ləğv olunub və cinayət tərkibi olmadığına görə işə xitam verilib.[1]