Pəri Əliyeva

Pəri Əbdül Hüseyn qızı Əliyeva (ilk soyadı: Həsənova; aprel 1908, Bakınoyabr 1992, Bakı) — jurnalist, müəllimə, Şərq qadını jurnalının məsul katibi (1930-cu illər). 1927-ci ildə bolşeviklər tərəfindən güllələnmiş Müsavat partiyasının gizli fəaliyyət göstərən müqavimət təşkilatının rəhbəri Dadaş Həsənovun bacısı və 1938-ci ildə repressiyalara uğramış Xalq Yüngül Sənaye komissarı İskəndər Əliyevin həyat yoldaşı idi.

Pəri Əliyeva
Doğum tarixi
Doğum yeri Rusiya imperiyası, Bakı
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Azərbaycan Respublikası, Bakı
Həyat yoldaşı İskəndər Əliyev
Uşaqları Rəna, Fuad, Arif
Atası Əbdül Hüseyn Həsənov
Anası Güllü xanım
Təhsili Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi (1926-1930)
Fəaliyyəti "Şərq Qadını" jurnalının məsul katibi (1934-1935)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Pəri Həsənova 1908-ci ilin aprel ayında Bakıda anadan olmuşdur. Atası Əbdül Hüseyn tacir idi, 1903-cü ildə Şuşadan Bakıya köçmüşdür. Qardaşı həbs olunandan sonra təqiblərə məruz qalmışdır.

Pəri Həsənova 1926-ci ildə Bakı Qızlar (Ünas) məktəbini, 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Lisaniyyat (Dilçilik) şöbəsini bitirir.[1] Təhsil illərində o dövrün məşhur müəllimləri professor S.Vasilyev, professor Bəkir Çobanzadə, professor A.Baqridən, çox tanınmış şərqşünas professor P. Juzedən dərs alır.

Pəri Həsənova 1931-ci ildə İskəndər Əliyev ilə ailə həyatı qurur. Evlilikdən bir qədər sonra Əliyeva familiyasını qəbul edir. Həyat yoldaşı İskəndər Əliyev Azərbaycan SSR xalq təsərrüfatında yüksək vəzifələrdə işləmişdir. Buna görə də onunla ailə həyatı qurandan sonra Pəri Əliyeva və onun yaxınları sovet rejiminin təqiblərdən qurtara bilmişdirlər.

1931-ci ildə Az.DETİ-nin Dil və Ədəbiyyat bölməsinin aspiranturasına qəbul olunur.

O 1930-cu illərdə Gülarə Qədirbəyova ilə birlikdə Bakıda nəşr olunan "Şərq Qadını" jurnalında çalışır,[2] jurnalın məsul katibi olur.[3] Məmməd Səid Ordubadinin məşhur "Qılınc və Qələm" romanının ilk redaktoru idi.

1938-ci ildə əri İskəndər Əliyev "xalq düşməni" elan edilərək həbs olunmuş, 1941-ci ildə isə Qazaxıstana sürgün edilmişdir. Bundan sonra yenə də təqiblər dövrü başlanmışdır. Həyat yoldaşının həbsi ilə əlaqədar olaraq Pəri Əliyeva 1938-ci ildə "Şərq Qadını" jurnalında tutduğu vəzifədən kənarlaşdırılır. Bir müddət Azərbaycan Dövlət Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışır, 1941-ci ildə qısa müddət ərzində həmin teatrın müdiri vəzifəsini icra etmişdir.[4] Ancaq 1942-ci ildə təqiblərdən qorunmaq üçün Bərdə rayonuna köçməyə məcbur olur, Bərdə şəhər orta məktəbində rus dili və ədəbiyyatı müəllimi olur.[4]

«Şərq qadını» jurnalının redaktoru Gülarə Qədirbəyova (solda) və məsul katibi Pəri Həsənzadə

1953-cü ildə Bakıya qayıdır və burada 51 saylı axşam orta məktəbində (indiki 189/190 №-li məktəbin binasında yerləşirdi) rus dili və ədəbiyyatı fənnindən dərs deyir.[4]

1956-ci ildə həyat yoldaşı İskəndər Əliyevin bəraət alıb Bakıya qayıtmasından sonra təqaüdə çıxır və ictimai fəaliyyətlə məşğul olmur.

Pəri Əliyeva 1992-ci ilin noyabrında Bakı şəhərində vəfat etmişdir.

  1. Diplomun surəti.
  2. "İş yerindən arayış". 2018-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-10.
  3. Onun məsul katibliyi ilə işıq üzü görən "Şərq qadını" jurnalının 1935-ci ilin 1–8 sayları Arxivləşdirilib 2018-02-08 at the Wayback Machine Bakının M.F. Axundov adına kitabxanasında saxlanılır.
  4. 1 2 3 Əmək kitabçasının surəti.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]