Cahan Talışinskaya

Cahan Rza qızı Talışinskaya (9 fevral 1909, Lənkəran, Lənkəran qəzası1 mart 1967, Bakı) — Azərbaycan müğənnisi-xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940).

Cahan Talışinskaya
Cahan Rza qızı Talışinskaya
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşağı Nazim Hacıbəyov
Atası Mir Rzaxan Talışinski
Anası Məryəm xanım Mehmandarova
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Fəaliyyət illəri 1927–1949
Janrlar muğam, xalq mahnısı
Üzvlüyü Azərbaycan Dövlət Filarmoniyası, "Şərq musiqi" ansamblı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Cahan xanım Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə marağlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, – istər qarmon, istər fleyta, istər qaval olsun, – necə asanlıqla çalmağından danışır.

Seminariyada oxuduğu illərdə Cahan xanım o dövrdə Əli Bayramov adına klubun nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində iştirak etməyə başladı. 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə daxil olur, sonra Dövlət estradası və nəhayət 1934-cü ildən Azərbaycan Dövlət filarmoniyasının solisti olur. Bu dövr Cahan Talışinskayanın həyatında yaradıcılıq yüksəlişi idi. Onun adı musiqisevərlərin və mütəxəssislərin dilindən düşmürdü.

O, bir çox konsertlərdə çıxış edir, konsert briqadaları ilə Azərbaycanın bir çox rayonlarına və hərbi hissələrə qastrola çıxırdı. Müasirlərinin xatirələrində deyildiyi kimi, onun ifa etdiyi Şahnaz, Segah, Bayatı-Şiraz və həmçinin Qarabağ şikəstəsi muğamları dinləyicilərin gurultulu alqışları ilə müşayiət olunurdu. Lakin Qatar muğamı onun ifa etdiyi şah əsəri idi. Çox vaxt onu belə də adlandırırdılar – Qatar Cahan. Cahan xanımın səsinin geniş diapazonu, virtuoz səs aparatına malik olması bu texniki cəhətdən mürəkkəb olan muğamı onun ifasında təkrarolunmaz edirdi

Onun sənətinin nə qadar güclü tə sir buraxmağına bir hadisə misal ola bilər. 20-ci illərin axırı – 30-cu illərin əvvəlində Bakıya Avropaya səfərə hazırlaşan Əfqanıstan şahı Əmənulla xan gəlmişdir. Bu yüksək qonağın tərəfinə qonaqlıq verilir və bundan sonra konsert proqramı göstərilir. Konsertdə iştirak etmək üçün Cahan Talışinskayanı dəvət edirlər. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi qızıl qol saatını Cahan xanıma hədiyyə etdi. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət etdilər və saatı bir günə aldılar. Səhəri gün saatı qaytardılar: saatın arxa tərəfində "Cahan Talışinskayaya Əmənulla xandan" sözləri yazılmışdı. O dövrdə Cahan xanım Cabbar Qaryağdı, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Primov, Zülfü Adıgözəlov kimi görkəmli xanəndələr ilə konsert proqramlarında iştirak edərdi. Azərbaycanın xalq artisti Bəhram Mansurov xatirələrinin birində C. Qaryağdı, X. Şuşinski, H. Sarabski, Yavər və Münəvvər Kələntərli, Cahan Talışinskayanın birlikdə oxuduqları Qarabağ şikəstəsinin ifası haqqında danışırdı. Bahram Mansurovun sözlərinə görə, bu əsərin belə görkəmli artistlər tərəfindən birlikdə ifası dinləyicilərə təsiri dəfələrlə gücləndirirdi. Bundan əlavə, o dövrdə Cahan xanım özünü istedadlı folklorist kimi göstərmişdir. Çox az adama məlumdur ki, "Qubanın ağ alması", "Uca dağlar", "Dəli Ceyran", "Kürdün gözəli" kimi bir çox populyar xalq mahnıları məhz ilk dəfə onun ifasından yazılmış və ifa edilmişdir: bu mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplamış, bütün vasitələrdən istifadə edərək yeni melodiyaları yadda saxlayaraq onu dinləyicilərə oluğu kimi çatd ırırdı. Belə ki, müğənninin oğlunun xatirələrinə görə, Cahan xanım bu mahnılardan bəzilərini ücqar dağ rayonlarında, çay qırağında paltar yuyan bir qadından eşitmiş və yazmışdır. İndi məşhur "Qubanın ağ alması" mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı Reyhan xanım oxumuşdur.

1933-cü ildə "Şərq musiqi" ansamblının tərkibində Cahan xanım Moskva, Leninqrad və Kiyev şəhərlərinə qastrol səfərlərinə çıxır. 1936-cı ildə isə o yenə Moskva və Leninqrad qastrolları zamanı Ümumittifaq yazı studiyasında Qatar və Segah muğamlarının, "Uca dağlar" və "Yeni kənd" mahnılarının yazısı onun ifasında lentə alınır. Müharibədən əvvəlki bu illərdə Cahan xanım tamaşaçıların hədsiz rəgbətini və məhəbbətini qazanmışdır. Onu hər yerdə tanıyırdılar. Çox açıqürəkli, şən, mehriban insan olan Cahan xanımın saysız-hesabsız dost və tanışları var idi. Bunlardan – Səid Rüstəmov, Bülbül, Həqiqət Rzayeva, Şövkət Məmmədova, Şəmsi Bədəlbəyli, Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Fatma Qədri, Mərziyyə Davudova kimi bir çox məşhur adamların adını çəkmək olar. Cahan xanımın bu yaradıcılıq fəallığına, işgüzarlığına, həyatsevərliyinə heyran olmaq olar – çünki, bu dövr, 30-cu illər Stalin repressiyasının ölkədə kölgə saldığı bir dövr idi. Cahan xanımın böyük hörmətə malik olmasını bilərək bir çox adamlar özləri barədə yüksək orqanlardan bu və ya digər məsələ üçün onun havadarlıq etməsini xahiş edirdilər. O, heç vaxt köməyini əsirgəməzdi; məhz qolçamağlıq dövründə bir neçə adam onun köməyi ilə xilas olunmuşlar.

1937-ci ildə bacısı Sitarə xanımın əri şərqşünas-türkoloq Xalid Səid Xocayev və Sitarə xanım özü də həbs edilmişdi. Cahan xanım heç nədən çəkinməyərək bacısının qızı Bəhicəni öz evində saxlayır. O, başqa bacısı Bilqeyis xanıma da kömək edir. Bilqeyis xanımın da əri həbs edilmişdi. O, bacısı oğlu Hüseynə də köməklik göstərirdi. Cahın xanımın keçmiş əri Məmməd Hacıbəyov və qardaşı Rüstəm Talışinski də həbs edilmişdi. Cahan xanım tək özü oğlu Nazimi böyüdürdü və onunla anası Məryam xanım da yaşayırdı. Bu, çox çətin dövr idi və onun evi sakitlik adasını xatırladırdı.

Lakin Cahan Talışinskayanın da başının üstünü qara buludlar aldı. NKVD-də gizli əməkdaşlıq etməyə razılıq vermədiyinə görə Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənət ongünlüyükdə iştirak etməyə icazə vermədilər. Onun adı iştirak edənlərin siyahısından silinmişdi. Həmin hadisəni Cahan xanım çox ağır keçirdi. Buna baxmayaraq 1939-cu ildə estrada artistlərinin Birinci Ümumittifaq müsabiqəsinə yollandı. Burada münsiflər heyətinin sədri L. Utyosov, münsiflər heyətinin üzvləri isə – I. Dunayevski, Smirnov-Sokolski, Irma Yaunzem idilər. O, Klavdiya Şulcenko, Olqa LepeşinskayaTamara Sereteli ilə yanaşı bu müsabiqənin laureatı oldu. 1940-cı ildə Cahan Talışinskaya respublikanın əməkdar artisti adını aldı. 33 yaşında o, artıq yaradıcılığının yüksək zirvəsinə çataraq xalq tərəfindən sevilirdi.

1942-ci ildə onu 14 yaşlı oğlu ilə birlikdə yalançı donos nəticəsində Qazaxıstanın Petropavlovsk rayonuna sürgün etdilər. "Xalq düşmənləri" adı altında ona orada (1942-ci ilin avqust ayına qədər) güclü nəzərətdə oldular. Bir sıra xahiş ərizələrindən sonra Cahan xanım Özbəkistanın Çimkənt şəhərinə köçməyə icazə aldı. Lakin bunun əvəzində o Daşkəndə köçdü və oğlu Nazimi Bakıya öz qardaşı məşhur professor-travmatoloq Əbülfət Talışinskinin yanına göndərdi.

Daşkənddə Cahan xanım şəhər filarmoniyasında solist ifaçı kimi çalışmağa başladı. Şübhəsiz, gənc qadın oğlunun, vətənin, qohumlarının həsrətini çekirdi.

Vətənə bir qədər yaxınlaşmağa Cahan xanıma bir təsadüfi hadisə kömək etdi. 1943-cü ildə Daşkəndə SSRI Xalq komissarlığı nəzdində yerləşən musiqi idarələrinin başçısı V. Surin gəlmişdi. O müəyyən bir vaxta Ümumittifaq estrada artistlərinin musabiqəsində münsiflər heyətinin üzvü idi. Həmin müsabiqədə Cahan xanım laureat adına layiq görülmüşdür. O, Cahan xanımı tanıyır, onunla söhbət etdikdən sonra Tbilisi şəhərində incəsənət işləri üzrə idarəyə təyinat verir. Beləliklə Cahan xanım Tbilisi şəhərində Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada o Leyli ("Leyli və Məcnun"), Telli ("Arşın mal alan"), Əsli ("Əsli və Kərəm"), Şahsənəm ("Aşıq Qərib") rollarında iştirak edir və müvəffəqiyyət qazanır. Lakin Bakıda NKVD təşkilatı Tbilisiyə məktub göndərir və bu məktubda Cahan xanımın yenidən Orta Asiyaya sürkün edilməsi məsələsini qaldırır. Onu bu dəfə keçmişdə Bakıda yaşamış Zaqafqaziya hərbi şurasının üzvü, SSRi deputatı Xavər Vəliyev xilas edir. Onun köməkliyi ilə Cahan xanım Tiflisdə qalır və bir çox xahişdən sonra nəhayət Vətənə qayıdır. Həmin dövrdə musiqi teatrının direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli onu Teatra dəvət edir. Cahan xanımın parlaq komediya aktrisa istedadı bir daha özünü büruzə verir. Onun təbiətində olan şən əhvali-ruhiyyə yenidən canlanır. Deyilənə görə, tamaşaçılar o dövrdə musiqili komediya teatrına "Talışinskayanın teatrı" adı ilə gedirdilər. Onun "Arşın mal alan", "O olmasın, bu olsun", "Gözün aydın", "Durna" operettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları o qədər parlaq və yadda qalan idi ki, tamaşaçılar onu səhnəyə dəvət edir, hətta, mahnı və ariyaları bir neçə dəfə ifa etməsini tələb edirdilər. Sənəm rolunun ifası zamanı Segah muğamı üzərində edilən improvizə zalda gürultulu alqışlara səbəb olurdu. Qeyd etmək lazımdır ki, Cahan xanımın ifa etdiyi bəzi rollarını o vaxtı gənc aktrisa Nəsibə xanım Zeynalova dublyaj edirdi.

1949-cu ildə repressiya və sürgünlərin yeni dalğası başlanır. Yenidən Cahan Talışinskaya oğlu ilə Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə Stalinin ölümündən və M. C. Bağırovun həbsindən sonra Cahan xanımın və onun oğlunun azad olunması barədə qərar qəbul olunur. Cahan xanım Daşkənddə yaşamağı davam edir. O demək olar ki, işləmirdi, lakin hər ay radioda onun konsertləri səslənirdi. Daşkəndə oğlu evlənir, nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını görməyə gəlirdilər. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verdi. Daşkənddə onların yaşadığı ev tamamilə uçulur və təsadüf nəticəsində sağ qalan Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar. Cahan xanım bir il sonra 1967-ci ildə vəfat edir. Pianoda çalıb oxuduğu zaman paraliç nəticəsində həyatını dəyişir. Bundan sonra uzun illər vaxtaşırı radioda onun konsertlərinin lent yazıları səslənirdi. Axırıncı dəfə onun səsi televiziya ilə ömrünün ildönümü münasibətilə səslənmişdir.

  • Atası Mir Rzaxan Talışinski General Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovayla evlənmış və bu evlilikdən Mir Rza xanın üç oğlu və yeddi qızı olmuşdur. Onun Əbülfət Talışinski Mir Abbasqulu xan və Mir Rüstəm xan adlı oğlu; Bəyim xanım, Zöhrə xanım, Zümrüd xanım, Rzaqulu Nəcəfovun həyat yoldaşı Bilqeys xanım, Sitarə xanım (məşhur dilçi alim, repressiyaya uğramış Xalid Səid Xocayevin ömür yoldaşı), Asiya xanım, Cahan xanım (repressiyaya uğramış, məşhur xanəndə Cahan Talışinskaya) adlı yeddi qızı olmuşdur. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Atası Mir Rza xan ömrünün qırx ilindən çoxunu Lənkəran qəza rəisinin dəftərxanasında işçi və tərcüməçi işləmişdi. 1932-ci ildə təqaüdə buraxılmış, bir il sonra Lənkəran şəhərində vəfat etmişdir.
  • Anası — Məryəm xanım Mehmandarova
  • Həyat yoldaşı — Məmməd Hacıbəyov
  • Uşaqları — Nazim Hacıbəyov