İstiqlal — həftəlik qəzet. "Türk Ədəmi-Mərkəziyyət firqəsi "Müsavat"ın orqanı.[1]
İstiqlal | |
---|---|
Təsisçi | Məhəmməd Əmin Rəsulzadə |
Yazıçılar | Seyid Hüseyn, Mirzə Bala Məmmədzadə, Ə.Həmdizadə, Əhməd Həmdi Qaraağazadə, Ümmügülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Əbdülvahab Məmmədzadə, Məmmədəli Rəsulzadə, Ağa oğlu Məhəmməd, Məşədi Yusif Fərzixanov |
Yaranma tarixi | 1919 |
Nəşrini dayandırıb | 1920 |
Tiraj | 7 |
Azərbaycan mətbuat tarixinin tanınmış araşdırıcılarından olan Akif Aşırlı bu dövrdə (1918–1920) çıxan "İstiqlal" qəzeti haqqında qənaətlərini bölüşür: "Bu qəzetin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü görüb.[2] Bakıda nəşr olunmuşdur. İlk nömrəsi 1918-cu il də, son nömrəsi 1920-ci il aprelin 23-də çıxmışdır. 42 nömrəsi buraxılmışdır. Qəzetin məsləki, məqsəd və vəzifəsi Məhəmməd Əmin Rəsulzadənin birinci nömrədə çap olunmuş "İstiqlal" adlı baş məqaləsində şərh olunmuşdu.[3] Məqalədə deyilirdi:
İnsanların istiqlalına hürriyyyəti-şəxsiyyə, millətlərin hürriyyəti-şəxsiyyəsinə istiqlal deyilir. Hürriyyəti-şəxsiyyə nə qədər müqəddəs isə, şəxslərin məcmusu olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir. Azərbaycan istiqlalı! İştə, bir şüar ki, firqəmiz onun ilk ələmdan olmaq şərəfilə iftixar eylər. İştə, bu, qanlarla söndürülməyən və bu gün hər kəsi kəndisini tanımaya vadar edən, yolunda dönməz bir əzmlə cihad etdiyimiz Azərbaycan istiqlalını müdafiə üçün "İstiqlal"ı nəşrə başlayır. |
"Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol!" |
"Heyəti-təhririyyə" (redaksiya heyəti) tərəfındən idarə edilən qəzet "Turan" mətbəəsində çap olunurdu. Əsas müəllifləri Məhəmməd Əmin Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məmmədzadə, Ə.Həmdizadə, Əhməd Həmdi Qaraağaczadə, Ümmügülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Əbdülvahab Məmmədzadə, Məmmədəli Rəsulzadə, Ağa oğlu Məhəmməd, Məşədi Yusif Fərzixanov və b. idi. İştirakçıların çoxluğuna baxmayaraq, qəzetin aparıcı ədəbi simaları M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və Ə.H.Qaraağaczadə idi. ―"İstiqlal"da partiyanın məfkurəsinin təbliği əsas yer tuturdu. İlk nömrələrinin birində "Türk Ədəmi-Mərkəziyyət fırqəsi "Müsavatın məramnaməsi" dərc olunmuşdu. [4]
"Firqə həyatı" rübrikasında Bakı və ətrafında, əyalətlərdə "Müsavat" özəklərinin işi işıqlandırılırdı. ―"İstiqlal"da partiyalararası ixtilaflar, "Müsavatla "İttihad" və sosialistlər arasındakı ziddiyyətlər geniş şərh olunurdu. "Kabinə böhranı" başlığı ilə dərc olunmuş məqalələrdə siyasi dairələrdə vəziyyət təhlil edilirdi. Qəzetdə Azərbaycan xalqına qarşı mart soyqırımının və İstiqlal bəyannaməsinin elan olunmasının ildönümü münasibətilə yazılara və keçirilmiş tədbirlərin təsvirinə geniş yer verilirdi. İstiqlalın səhifələrində bədii ədəbiyyat da əhəmiyyətli yer tuturdu. Qəzetdə M.Ə.Rəsulzadə, Ə.Cavad, Ümmügülsüm, Əli Yusif və C.Cabbarlının şerləri, "Seyrçi" və "Ağcaqanad" imzaları ilə nəsr əsərləri dərc olunmuşdur.[5][6]