Naş qolos

Naş qolos — gündəlik ədəbi, ictimai-siyasi, menşevik qəzeti.

1-ci nömrəsi 1918-ci il yanvarın 6-da, sonuncu (59-cu) nömrəsi həmin ilin martında Bakıda çıxmışdır. Qəzet redaksiya heyəti tərəfindən buraxılırdı. Erməni-daşnak silahlı dəstələrinin Bakıda Azərbaycan xalqına qarşı törətdiyi Mart soyqırımı (1918) günlərində "Naş qolos" şəhərdəki vəziyyəti təsvir edərək yazmışdı: "Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzəpir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. İbadətgahın təhqir olunması geniş kütlələrin qəlbini göynədir, meyitlər onları daha çox narahat edir. Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək" ("Naş qolos", 24 mart, 1918-ci il).[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 254. ISBN 9952-417-44-4.