Lənkəran (qəzet)

"Lənkəran" — Azərbaycan Respublikasının Lənkəran rayonunda fəaliyyət göstərən ictimai-siyasi qəzet.

Lənkəran
Növ ictimai-siyasi qəzet
Format A3
Təsisçi Lənkəran Şəhər İcra Hakimiyyəti
Redaktor Əlimərdan Əliyev
Yaranma tarixi 1931
Dil Azərbaycan dili
Qiymət 50 qəpik
Səhifə 8
Ünvan Lənkəran şəhəri
Tiraj 3300

"Lənkəran" qəzeti 1931-ci ildən nəşrə başlayıb. "Sıə Tolış" ("Qızıl Talış") adı ilə talışcaAzərbaycanca nəşrə başlayan qəzet müxtəlif illərdə "Sosialist subtropikası", "Leninçi", 1990-cı il sentyabrın 22-dən isə "Lənkəran" adı ilə fəaliyyət göstərib. Qəzetin baş redaktoru İltifat Əhmədovdur. 2011-ci il 21 iyul tarixində qəzetin 80 illik yubileyi geniş təntənə ilə qeyd edilib.

Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin mətbuat tarixi XX əsrin əvvəllərindən başlanır. Bölgədə ilk qəzet 1912-ci ildə Lənkəranda rus dilində çap olunmuşdur. "Rıbnoye dole" adlanan bu qəzet həftəlik qəzet olub, dörd səhifəlik olmaqla ölçüsü 38 sm idi. Qəzetin redaktoru A. Q. Talalayev və İ. Z. Yampolski olmuşdur[1].

1916–1917-ci illərdə Lənkəranda "Lətaif" ("Lətifələr") qəzeti nəşr edilmişdir. Qəzet "Məharət" qiraətxanası tərəfindən buraxılmışdır. Qəzetin naşiri Mirzə Zeynalabdin Təbrizi, redaktoru isə Mirmurtuza Mirmustafa oğlu Talışlı olmuşdur.[2]

Lənkəranda 1917-ci ildə "Hürriyyət" vərəqəsi, 1919-cu ildə Muğan Sovet Respublikasının İcraiyyə Komitəsinin mətbu orqanı kimi rus dilində "İzvestiya" ("Xəbərlər") qəzeti çap olunmuşdur. 1919-cu ildə Lənkəranda "Rəhbər" adı altında daha bir qəzet nəşr edilmişdir. "Rəhbər" qəzetinin redaktoru Teymur Şahverdiyev olmuşdur.

1926-cı ildə Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə Ədəbiyyat Cəmiyyətinin nəzdində "Canlı qəzet" təşkil edilmişdir. Mirzə Cəlilin təklifi ilə pedaqoq, folklorşünas Hüseyn Atakişiyev qəzetin redaktoru seçilmişdir. "Canlı qəzet" 1926–1931-ci illərdə nəşr olunmuşdur[3].

Bölgənin mətbuat tarixinin inkişaf dövrü XX əsrin 30-cu illərinə təsadüf edir. 1930-cu illərdə bölgənin əhatə etdiyi 6 rayonun hər birində rayonun ictimai-siyasi həyatını özündə əks etdirən rayon qəzetlərinin nəşrinə başlanmışdır. İlk rayon qəzeti 1931-ci ildə "Qızıl Talış" adı altında Lənkəranda nəşr edilmişdir. Qəzetin ilk redaktoru Böyükağa Mirsalayev olmuşdur. "Qızıl Talış" qəzeti 5 dekabr 1931-ci ildə talış dilində "Sıə Tolış" ("Qızıl Talış") adlandırılmışdır.

"Sıə Tolış" qəzeti ilə yanaşı Lənkəranda talış dilində "Şura Ozorboyconi" ("Sovet Azərbaycanı") və Lənkəran MTS-in Siyasi Şöbəsinin orqanı kimi "Tolışi kolxozçi" ("Talış kolxozçusu") qəzetləri də çap olunmuş və bu qəzetlər 1935–1936-cı illərdə "Sıə Tolış" qəzetinə birləşdirilmişdir. "Sıə Tolış" əvvəllər Azərbaycan və talış dillərində çap olunmuşdur. 22 sentyabr 1938-ci ildən isə təkcə Azərbaycan dilində nəşr edilir.

"Sıə Tolış" qəzeti sonralar "Sosialist subtropikası" (23.02.1939 – 16.06.1957), "Leninçi" (16.06.1957 – 22.09.1990) adlanmışdır. "Leninçi" qəzeti 1962-ci ildən rayonlararası qəzetə çevrilmiş, 1966-cı ildən yenidən rayon qəzeti kimi fəaliyyətə başlamışdır.

"Leninçi" qəzeti 22 sentyabr 1990-cı ildən "Lənkəran" adlanır. 1990–1993-cü illərdə "Lənkəran" qəzetində talış dilində səhifə olmuşdur. Səhifə Etibar Əhədov və Ağaddin Babayev tərəfindən hazırlanmışdır.

  1. Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. B., 1990, səh. 324
  2. M. Talışlı, E. Əhədov. Lənkəran: ensiklopedik məlumat. B., 2014, səh. 310
  3. Hacı Etibar Əhədov. Folklorşünas, teatrşünas, ustad müəllim. "Aşkarlıq" qəzeti, 12.03.2015
  • Şükürzadə, İldırım. "Bölgəmizin mətbuat tarxindən". Cenub.az - Regional Qazet (az.). İstifadə tarixi: 2024-01-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]