Neftyanoye delo (jurnal)

Neftyanoye delo (rus. Нефтяное дело) — Bakıda ayda iki dəfə rus dilində nəşr olunan jurnal, Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının orqanı.[1]

İlk nömrəsi 1899-cu ilin yanvarında, sonuncusu 1920-ci ilin aprelində çıxmışdır. Neft sənayeçilərinin mənafeyini müdafiə etmişdir. "Neftyanoye delo" Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tarixini öyrənmək üçün də qiymətli mənbədir. Jurnalın 1918-20-ci illərdə buraxılmış saylarında neft sənayeçiləri qurultayı şurasının dövlət hakimiyyətinin həyata keçirdiyi tədbirlərə münasibəti ifadə edilmişdir. Rusiyada bolşeviklərin mərkəzi hakimiyyəti ələ keçirməsi jurnalda kəskin pislənirdi. Rusiya burjuaziyası kimi, Bakı burjuaziyası da Sovet hakimiyyətinin yeritdiyi siyasətdən narazı idi. Bakı Xalq Komissarları Sovetinin neft müəssisələrini və Xəzər ticarət donanmasını milliləşdirmək haqqında dekretlərindon sonra jurnal sovet hakimiyyətinə qarşı açıq çıxış etməyə başladı.

"Sentrokaspi diktaturası" dövründə çıxan nömrəsində isə (9 sentyabr) bolşeviklər 1918-ci ilin martında hakimiyyəti qəsb etməkdə günahlandırılırdılar. Bakı nefti uğrunda mübarizə dövründə ingilislərin neft sənayesini böhrandan çıxaracağına inanan neft sonayeçilərinin milli və dövlətçilik ideallarına biganə mövqeyi jurnalda dərc olunan məqalələrdə əksini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyətinə düşmənçilik mövqeyindən yanaşan jurnal Bakının azad olunması ərəfəsində ingilislərə üstünlük versə də, almanların müdaxiləsinin də əleyhinə olmamışdır. Bununla belə, jurnal Bakıda Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin bərqərar olmasını neft sənayeçiləri üçün yeni mərhələnin başlanğıcı kimi səciyyələndirmişdi. Neft sənayesinin milliləşdirilməsinin Fətəli xan Xoyski hökuməti tərəfındən ləğvi təqdir olunsa da, bu sahənin işinə sərt nəzarət qəran razılıqla qarşılanmamışdı. Neft məhsullarının ixracı probleminin yalnız Rusiya ilə sərbəst mal mübadiləsinin bərpası sayəsində həll edilməsinin mümkünlüyü qeyd olunurdu. Yeni dövlət qurumlarının yaranmasının iqtisadi maraqlara zidd olduğunu göstərən jurnal ümumrusiya bazarında sərbəst əmtəə mübadiləsini müdafiə edir, hökumətin neft məhsullarının ixracına aksiz tətbiqi qanunundan kəskin narazılığını bildirirdi. 1919-cu il yanvarın 30-da jurnalda neft sənayeçilərinin ingilislərə müraciəti dərc edilmişdi. Müraciətdə müttəfiq komandanlığın iqtisadi sahəyə müdaxilə etməklə sənaye və ticarətə yardım göstərəcəyinə ümid ifadə olunur, rəsmi hakimiyyətdənsə, ingilislərlə əməkdaşlığa üstünlük verilirdi.

Jurnalın 1919-cu ilin sonu - 1920-ci ilin əvvəlindəki saylarında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ticarət-sənaye siyasəti tənqid edilir, neft ixracı üçün Həştərxan yolunun açılması təlob olunurdu. Jurnalın 1920-ci il aprelin 30-da çıxmış sonuncu nömrəsindəki məqalələrin başlıqları – «Бакинская нефть для советской России ("Bakı nefti Sovet Rusiyası üçün"), «Победу советской России и Бакинский нефтяной экспорт» ("Sovet Rusiyasının qələbəsi və Bakı neftinin ixracı") Aprel işğalının (1920) mahiyyətini açmaq baxımından səciyyəvidir.[2]

  1. "Нефтяное дело : издание Совета Съезда нефтепромышленников в Баку". Rusiya Dövlət Kitabxanası. 31.01.2005. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 256. ISBN 9952-417-44-4.
  • Наджафалиев Т., Журнал «Нефтяное дело» и политическая история Бакинской буржазии (1918-1920 гг.); источниковедческий аспект // Azərbaycan tarixi Muzeyi- 80" toplusu, B., 2001.