"Euro Xəbər" (qəzet) — 22 iyul 2004-cü ildə nəşr olunmuş qəzet.
"Euro Xəbər" (qəzet) | |
---|---|
Baş redaktor | Bülənt Gürcam |
Yazıçılar |
|
Yaranma tarixi | 22 iyul 2004 |
Nəşrini dayandırıb | 2012 |
“Euro Xəbər” qəzeti “Belçika-Azərbaycan Evi” diaspor təşkilatının bilavasitə rəhbərliyi və təşkilatın sədri Bülənt Gurcamın iştirakı ilə “AzAvroBel” LTD firması tərəfindən təsis olunub. Qəzet fəaliyyətinə 2004-cü ildə başlayıb və ilk nömrəsi Milli mətbuatımızın ildönümü günü-22 iyulda işıq üzü görüb. Qəzetin ilk adı “Euxəbər” olub, sonradan “Euro Xəbər” adı ilə əvəz edilib. “Euro Xəbər”in kommersiya direktoru Məsum Ağayev, baş redaktoru isə Bülənt Gürcamdır. Qəzetin Bakı bölməsinə ayrı-ayrı vaxtlarda təcrübəli jurnalistlər - Nəsib İsmayılov, Cəlal Tağıyev və Novruz Novruzov redaktorluq etmişlər.
“Avropaya addım-addım” devizi ilə nəşrə başlayan “Euro Xəbər” qəzeti Azərbaycan diasporunun yaranması və inkişafında böyük həcmdə səmərəli işlər görüb. Baş redaktor Bülənt Gürcam daim diaspor dəyərlərinin yüksək tutulması uğrunda yazılar çap etdirmişdir. Müstəqil Azərbaycanın Avrointeqrasiya yolunda irəlilədiyi bir vaxtda yaranan “Euro Xəbər” bu istiqamətdə də əməli fəaliyyət göstərmiş, “Belçika-Azərbaycan Evi” ilə birlikdə azərbaycanlıların müxtəlif xalqlarla qaynayıb-qarışması, digər dövlətlərdə yaşayan vətəndaşlarımızın həmin ölkələrin cəmiyyət həyatına alışmaları və ictimai-siyasi və humanitar sahədə fəaliyyətləri üçün təbliğat aparmışdır.
Xüsusilə, Qədim Türk sivilizasiyasının tarixindən, ayrı-ayrı görkəmli türk dövlət xadimlərinin və sərkərdələrinin həyatından tarixi faktlar dərc edilmişdir. Azərbaycan folklorunun, milli geyimlərinin, musiqi və rəqslərinin Avropada tanıdılması və yayılması, eyni zamanda avropalıların adət-ənənəsinin ölkəmizdə tanıdılması sahəsində görülən işlər müxtəlif xalqların dünyagörüşlərinin ümumi cəhətlərinin üzə çıxarılmasında fəallıq etmişdir. Alim Zaur Əliyev, diaspor fəallarından Elnur Eltürk, Avropadan İlhan Aşqin və b.qəzetlə yaxından əməkdaşlıq etmiş, problemli mövzularda məqalələr dərc etdirmişlər. Azərbaycan həqiqətlərini və respublikada yeni həyat quruculuğuna öz səhifələrində geniş yer ayıran qəzet “Belçika-Azərbaycan Evi” ilə birlikdə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Brüsseldə poçt markaları çap etdirmişdir.
Belçikada dövriyyəyə buraxılmış markaların birinin üzərində Azərbaycanın Dövlət bayrağının fonunda Heydər Əliyevin şəkli verilmiş, "1923-2008" və "85 Year" (85 il) sözləri, digərinin üzərində isə ulu öndərin və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin şəkilləri və "85 Year" sözləri çap olunmuşdur. Qəzetin iştirakı ilə müxtəlif vaxtlarda Xocalı soyqırımı ilə əlaqədar Brüsselin mərkəzində çadır qurulub və faciəyə həsr edilmiş sənədli film, foto-sərgi nümayiş etdirilib, ziyarətçilərə kitablar paylanılıb. Həmin çadırlar əsasən Brüsselin “Place de Schuman” meydanında (Avropa Birliyinin mərkəzi binalarının olduğu meydan) təşkil olunub.[1][2]
Yarandığı gündən 8 il ərzində diaspor quruculuğu sahəsində ciddi təbliğat işi aparan “EuroXəbər” qəzeti maliyyə çatışmazlığı ucbatından 2012-ci ildə fəaliyyətini dayandırmışdır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |