"Mirat" jurnalı (az.-əski. مرات) — 1910-cu il iyun-iyul aylarında Bakıda çıxmış Azərbaycan satira jurnalı.[1]
Mirat | |
---|---|
az.-əski. مرات | |
| |
Baş redaktor | Əliabbas Tağızadə |
Növ | satirik jurnal |
Təsis tarixi | 19 iyun 1910 |
Nəşrini dayandırıb | 17 iyul 1910 |
Qərargah | Bakı, Rusiya imperiyası |
Dil | Azərbaycan dili |
"Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri də "Mirat" idi. "Mirat" gülgü məcmuəsi olub 1910-cu ilin iyun ayının 19-dan etibarən Bakıda nəşr olunmağa başlamışdır. Jurnalın redaktoru Əliabbas Tağızadə idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında "Mirat"ın yalnız bir sayının işıq üzü gördüyü qeyd olunsa da, əslində bu satirik jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. Aşağıdakı iki misranı öz fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını, doğrunu yazacağını, müşahidə olunan nöqsanları kəskin tənqid etməyi oxucalara vəd edirdi. Bu misralarda jurnalın həqiqətəndən yazacağından, tənqid olunacaq adamların jurnal səhifələrində öz surətlərini güzgüdə gördükləri kimi görəcəyindən xəbər verirdi. Jurnalın bütün nömrələrində epiqraf olaraq aşağıdakı iki misra şeir verilirdi:
Demə rüsvay edəcək aləmə "Mirat" məni,
Olduğun surət ilə göstərəcək xəlqə səni. |
Əslində isə jurnalın müəllifləri həyat həqiqətlərinə sadiq qalmırdılar. Bəha Səid kimi mürtəce fikirli yazıçılar bu jurnaldan istifadə edib, Azərbaycan xalqına, Azərbaycan yazıçılarına böhtanlar yağdırırdılar.
"Mirat"ın heç də bütün materialları belə deyildi. Jurnalda "Molla Nəsrəddin"in tənqid üsullarından da istifadə edilirdi. Bu üsullar kinayə, müqayisə, dolayı yolla tənqid, sözü tərs mənada demək, mötərizə içində bəzi tutarlı faktları vermək və s. idi. Jurnalın birinci nömrəsinin baş məqaləsinə nəzər salsaq bunları aydın görərik. "Mirat"çılar jurnalın ilk sayında qarşılarına elə bir ciddi səd qoymadıqlarını açıqlayaraq yazırdılar:
Təzəlikcə mövqeyi-intişarə qoyulan hər bir qəzetə və məcmuənin birinci nömrəsində idarə tərəfindən bir baş məqalə yazmaq lazım gəlir. Amma biz xilaf qanun olaraq məcmuəmizdə baş məqalə yazmadıq. |
Sonrakı cümlələri oxuduqca jurnalın məqsədi aydın olur. Jurnal ona görə baş məqalə yazmaq istəmir ki, baş məqalə yazsa gərək məsləyini göstərə, məsləyini də göstərəndə redaktorla oxucular münaqişə yaratmağa başlayırlar. Jurnal oxucusunu inandırmağa çalışır ki, onun heç bir məsləki yoxdur. Elə bu sözlərdən jurnalın məsləki müəyyən dərəcədə aydınlaşır.
Jurnalın səhifələrində əsas felyetonlar "Qəhqəhə" başlığı altında verilirdi. Birinci nömrədəki felyetonda xalqın maariflənməsi qayğısına qalmayanlar tənqid olunurdu. İkinci saydakı felyetonda isə Şərq ölkələrinin müstəmləkə zülmü altında yaşaması satirik yolla oxuculara çatdırılırdı.
Satirik şeirlər "Ədəbiyyat" başlığı altında verilirdi və bu şeirlərdən "Molla Nəsrəddin"çilərin üslubları açıq-aydın sezilirdi. Bu şeirlərin bir qismi bədii cəhətdən zəif olsa da, dövrün bir sıra nöqsanlarını oxuculara çatdırırdı. Daimi şöbələrdən biri "Badkubə" idi. Burada yerli xronika satirik üslubda, "Molla Nəsrəddin"ə oxşar tərzdə verilirdi.
Jurnalın karikaturalarında həm beynəlxalq hadisələr, həm də yerli əhvalatlar əks etdirilirdi.Birinci nömrənin üz qabığında verilən "Dünya səhnəsində" adlı karikaturada beynəlxalq aləmdəki vəziyyət əks olunur: şir quzunu parçalayır, canavar toyuğu yeyir, əfi ilan ağaca sarılıb dovşanı boğur, şəklin sol tərəfindən bir hörümçəyin tor tutduğu göstərilir. Jurnal sanki bu karikatura vasitəsilə demək istəyir ki, dünyadakı qüvvətli dövlətlər zəif dövlətləri didib parçalamağa başlamışlar. Beləliklə, müharibə toru yaranmışdır. Bu tor genişlənə bilər.
Jurnalın 5-ci nömrəsində verilən karikaturada ingilisin Misir heykəlinin üzərinə mindiyi göstərilmişdir. Yerli mövzuda çəkilmiş karikaturadan birində məşədi ilə ziyalının surəti əks etdirilirilmişdir.
Jurnalın cəmi 5 nömrəsi çıxmışdır. 17 iyul 1910-cu il tarixli 5-ci nömrədəki məlumatda deyilir ki, jurnalın nəşrində "tətil olunduğuna görə sonrakı davamı qeyri-mümkündür".[2]