Şeypur — Bakıda Azərbaycan dilində nəşr olunan həftəlik satirik jurnal[1].
Şeypur | |
---|---|
شئیپور | |
Baş redaktor | Məmmədəli Sidqi Səfərov |
Növ | satirik jurnal |
Təsisçi | Məmmədəli Sidqi Səfərov |
Təsis tarixi | 5 oktyabr 1918 |
Nəşrini dayandırıb | 18 yanvar 1919 |
Qərargah | Bakı |
Dil | ərəb qrafikalı Azərbaycan dili |
İlk sayı 1918-ci il oktyabrın 5-də, sonuncu sayı isə 1919-cu il yanvarın 18-də çıxmışdır. "Şeypur" jurnalının cəmi 14 sayı çıxıb: onlardan 11-i 1918-ci ilə, 3-ü isə 1919-cu ilə aiddir. Jurnalın ilk sayı 5 oktyabr 1918-ci ildə, son sayı isə 18 yanvar 1919-cu ildə işıq üzü görüb[2].
Jurnalın redaktoru məşhur maarifçi Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqi[3], naşiri Səməd Mənsur idi.
Həftədə bir dəfə "Turan" mətbəəsində nəşr olunan "Şeypur" jurnalının səhifələrində Məmmədəli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əmin Abid və digər tanınmış qələm sahiblərinin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu. Ümumiyyətlə, nəşri boyunca "Şeypur” jurnalı öz ətrafına dövrün bır sıra maarifçi ziyalılarını, ictimai xadimlərini cəlb edərək, cəmiyyətdə baş verən ictimai prosesləri, xalqın məişətini, yaşayış tərzini, əyrilikləri, onların səbəb və nəticələrini ədəbi-bədii və publisist materiallar vasitəsilə işıqlandırıb. Konkret olaraq mövcud mənəvi kataklizmlərə qarşı özünəməxsus şəkildə mübarizə aparıb. Təəssüflər olsun ki, müstəqillik illərinə qədər belə bir əzəmətli jurnal diqqət mərkəzindən kənarda qalıb. Düzdür, ayrı-ayrı ədəbiyyatşünas alimlərimizin yazdığı məqalələrdə, apardıqları monoqrafik tədqiqatlarda bəhs etdiyimiz jurnal haqqında bəzi qısa qeydlər öz əksini tapıb. Lakin həmin məlumatlar "Şeypur"un səsini, əks-sədasını bizə tam şəkildə çatdıra bilməyib[4].
Satirik jumalistikanın qaydalarına uyğun olaraq "Şeypur"da publisistik və bədii materiallar üstüörtülü imzalarla dərc edilmişdir. Jurnalda Səməd Mənsurun satirik şerləri, əsasən, "Pampuşəli" imzası ilə dərc olunmuşdur. Baş mühərrir Məmmədəli Sidqi isə daha çox "Şeypur" imzası ilə çıxış etmişdir. Jurnalda "Dağlı", "Dağlızadə" (C.Cabbarlı), "Qozqurab bəy" (Əmin Abid), habelə " Yaf-tuməli", "Çalma", "Qoçu Mauzerzadə". "Mömin çinovnik", "Lağlağı", "Müsahib", "Hamınalsuvar" və s. gizli imzalar da işlənmişdir[5].
Jurnal Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik ideallarını təbliğ edir, bu yoldakı əngəlləri, bolşevik-daşnak fitnəkarlıqlarını, Bakı neftini ələ keçirməyə can atan əcnəbi dövlətlər arasındakı çəkişmələri ifşa edirdi. "Molla Nəsrəddin" jurnalının ənənələrini davam etdirən "Şeypur"da müxtəlif satirik-yumoristik üsullardan istifadə olunurdu. "Şeypur"un lüğəti", "Bakı xəbərləri", "Poçt qutusu", "Teleqraf xəbərləri" və s. başlıqlar altında verilən materiallar, hər nömrədə dərc edilən şerlər sıyasi kəskinliyi, tənqid hədəflərinin aydınlığı və populyarlığı ilə seçilirdi[5].
Jurnal haqqında geniş tədqiqat aparmış filologiya elmləri doktoru Hüseyn Həşimli yazırdı ki, "Şeypur"a uzun illər birtərəfli, laqeyd münasibət bilavasitə onun mövzu-ideya mündəricatı, izlədiyi qayə ilə bağlı idi[4]:
İctimai-siyasi hadisə və proseslərə aydın mövqedən münasibət bildirən jurnal Vətən və xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssaslıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmirdi. Xüsusən Azərbaycanın yenidən işğalına yönələn rus bolşevizminin əsl mahiyyəti, onlara və digər havadarlarına arxalanan ermənilərin fitnəkar əməlləri, əsassız torpaq iddiaları, 1918-ci ilin martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar "Şeypur”un səhifələrində tutarlı faktlar və əhatəli təhlillər vasitəsilə gah ciddi, gah da satirik tərzdə öz ifadəsini tapırdı. |
Jurnalın aparıcı yazarlarından biri Məmmədəli Sidqi olub. O, 1910-11-ci illərdə "Molla Nəsrəddin” jurnalında redaktor köməkçisi kimi çalışıb. Bu jurnalla yanaşı, "Tazə həyat”, "İqbal”, "Yeni iqbal”, "Bəsirət”, "Tuti”, "Zənbur”, "Azərbaycan” və digər mətbuat orqanlarında müxtəlif mövzularda çoxsaylı məqalələr və felyetonlar dərc etdirib. Lakin onun bədii-publisistik irsi, o cümlədən "Şeypur” jurnalındakı fəaliyyəti indiyədək araşdırılmayıb. Məmmədəli Sidqinin "Şeypur”un ilk sayındakı "Altı ay” adlı məqaləsi jurnalın əsas məramnaməsi, proqram sənədi də sayıla bilər. Burada həftəlik jurnalın əsas hədəfləri, başlıca qayəsi öz ifadəsini tapıb. M.Sidqinin jurnalın müxtəlif saylarında verilmiş "Əsgərlik”, "Qrammofon”, "Tiflis duması”, "Barışırlar”, "Nə istəyirlər?”, "Nə var, nə yox?”, "Bu gün”, "Siyasət” və digər məqalə və felyetonları onun yetkin qələmindən, aydın milli mövqeyindən soraq verir. "Şeypur”un səhifələrində müxtəlif gizli imzalar qoyulub. Jurnaldakı məşhur "Şeypur” imzasının şair-publisist, jurnalın naşiri Səməd Mənsura mənsubluğu barədə iddia edilsə də, Hüseyn Həşimlinin fikrincə, bu, doğru deyil. Məşhur salnaməçi Qulam Məmmədli "İmzalar” kitabında "Şeypur” imzasını Məmmədəli Sidqiyə aid edib. Tədqiqatçının yazdığına görə, bu daha əsaslıdır. Jurnalın ilk sayındakı "Altı ay” məqaləsində Məmmədəli Sidqi əsas diqqəti 1918-ci ilin qanlı mart qırğınına yönəldərək azərbaycanlılara xitabən yazırdı: "Altı aydır ki, gülməmisən. Mart hadisatından, bolşeviklərin təbirincə, vətəndaş müharibəsindən sonra suya batmış toyuq kimi suyu süzülə-süzülə bir tərəfdə qalmışdın. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə küçə dibi ilə yeriyib, öz ana dilində danışmağa ehtiyat edirdin...”. Göründüyü kimi, M.Sidqi mart hadisələrini vətəndaş müharibəsi sayan bolşeviklərin də iç üzünü qısa ştrixlə açır. Həmin sayda "Yaftım” imzalı "Zəbani-hal” adlı şeirdə isə bolşeviklərin, Şaumyan kimi maskalı daşnakların Bakıdakı qanlı cinayətləri pislənilir. Jurnalın naşiri Səməd Mənsurun ilk sayda "Pompuşalı” imzasıyla verilmiş "Qaçmaq günüdür” şeirində Azərbaycan və türk silahlı qüvvələrinin Bakını azad etmək üçün birgə hərbi əməliyyatları alqışlanır. Torpaqlarımızdan çəkilməyə məcbur qalan ingilis və erməni bölüklərinə ironiya ilə xitab olunur. Bu sayda "Şeypur”un lüğəti” başlıqlı satirik şərhlərdə də ermənilərin iç üzü açılır. "Şeypur”un 3-cü sayındakı "Teleqraf xəbərləri”ndə milli qüvvələrin Bakını yadellilərdən azad etməsi xəbərindən əndişələnən ermənilərin məkrli siması satirik tərzdə ifşa edilir:
... Andranik Bakının alınması xəbərini eşitcək canını bədənindən çıxarıb, tezliklə özünü Bakıya yetirmək üçün propusk alıb havaya qalxdı. Andranikin keçəcəyi yollara xəbər verildi ki, hər yerdə onu müşayiət etsinlər... Dünən Andranikin ruhu qara paltarda Şuşa şəhəri üzərindən Bakıya tərəf keçdi. İrəvan-Andranikin ruhunun Bakıya tərəf getməsi xəbəri alınan kimi ermənilər tərəfindən Hamazaspa təbrik teleqrafları göndərildi. Andranikin ruhu Bakıdan qayıdana qədər onun cəmdəyini saxlamaq lazım gəldiyindən İrəvandan Zəngəzura bir dəstə nümayəndə göndərildi ki, Andranikin cəmdəyini İrəvana gətirsinlər |
"Şeypur”un 4-cü sayında Məmmədəli Sidqinin dərc etdirdiyi "Tiflis duması” adlı məqalədə "sosialist dərisi örtmüş daşnakların” 1918-ci ilin martında törətdikləri qanlı qırğınları pərdələməsi, uydurmalar yayması, bolşeviklərin erməniləri dəstəkləməsi, azərbaycanlılara münasibətdə ayrı-seçkilik etməsi, azərbaycanlıların əks-inqilabçı adıyla qırdırılması diqqət mərkəzinə çəkilir. Müəllif istehza və qəzəblə yazır: "Qafqaz islam əhalisi hamısı "kontrevolyusioner”, yəni əks-inqilabçı olduqlarına görə onların qətli vacibdir. Lakin kirvələr əsl həqiqi sosialist, yəni cibgir olduqlarından onlar lazımlı adamlardırlar. Özləri də azdırlar. ... Onlara əl gəzdirib azaltmaq yaxşı deyildir”. M.Sidqi əsl vətəndaş yanğısı ilə belə bir haqlı sual verirdi: "Amma bircə burası var ki, bilmirəm, bu "rəhmli ağalar” bir neçə ildə bütün Qafqaziyada müsəlman qanı çay kimi axanda harada idilər?”
Jurnalın 5-ci sayındakı "Rəsmi-güşad” adlı yazıda azərbaycanlılarda düşmənə qarşı birliyin, səfərbərlik ruhunun güclü olmasının vacibliyi önə çəkilib. Eyni zamanda mart hadisələrindən danışılarkən erməni namərdliyinin iç üzü konkret şəkildə açılıb. Onların "müsəlmanları qırması, evləri çapıb talaması, bazarları yandırması” nəzərə çatdırılıb. Bu saydakı "Taziyanə” adlı şeir parçasında da "Bakı yandı, millət qırıldı” harayı eşidilir. 6-cı sayda "Şeypur” imzalı müəllifin "Nə istəyirlər?” adlı məqaləsində də erməni xislətinin böhtankeş mahiyyəti önə çəkilir. Bu saydakı "Bir diplomat ilə müsahibə”də erməni quldurların günahsız azərbaycanlıları qətlə yetirməsi nəzərə çatdırılır: "Erməni cümhuriyyətinin müsəlləh qüvvəsi Andranik başda olmaqla xırda uşaq-muşaqları qırmaqla rəşadətini göstərir” .
7-ci sayda "Mərqub” imzasıyla verilmiş "Təqsirkar gücsüzdür” adlı məqalədə 1918-ci ilin mart hadisələrində daşnakların təkcə Bakıda 13 min azərbaycanlını əsir götürməsi, onların ev-eşiyini talan etməsi barədə danışılır: "Bu on üç min nəfərin evi, məlum olduğu kimi, Caparidze və Məşədi bəyin söylədiyinə görə talan edilib. Aparılan aparılıb, yerdə qalan stəkan, nimçə kimi şeylər sındırılıb”. Məqalədə o da vurğulanıb ki, ermənilərin törətdiyi vəhşilik və talanın miqyası daha böyük olmuş, bolşeviklər isə "camaatı həyəcana gətirməmək üçün birə üç dəfə az demişlər”. 8-ci saydakı "Bu gün” məqaləsində isə Andranikin "Qarabağda müsəlmanları qırmağa başlaması”, Ermənistan hökumətinin ona dəstək verməsi, ermənilərin əsassız iddiaları nəzərə çatdırılır: "Həyasız adamdan hər nə desən, baş verər. Bu həyasızlardan biri də Ermənistan hökumətinin baş komandanı Andranik kirvədir ki, yenə Qarabağda baş qaldırıb müsəlmanları qırmağa başlayıb. Ermənistan hökuməti də gözlərini yumub, əli ilə işarə eləyir. Ermənistan hökumətinin nə tövr siyasət yeritdiyini və nə fikirdə olduğunu təfsir etmək artıqdır. Bu hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz. Burda ancaq bir Ermənistan ola bilər. Qafqazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe kimi bir şey olsun”. Məqalə müəllifi onu da vurğulayır ki, Tiflisdə çıxan "Qruziya” qəzeti Upuçnin adlı rus yazıçısının "Keçmiş xülyalar” adlı məqaləsini öz səhifələrində dərc etməklə ermənilərə cavab vermək istəyib. "Azərbaycan” qəzeti də həmin məqalənin tərcüməsini dərc edib. Bu məqalədə Upuçnin aşkar şəkildə yazır ki, Qafqazda Ermənistan adlı bir şey olmayıb. Ruslar Qafqazı tutanda burada bir Gürcüstan olub, bir də Azərbaycan xanlıqları... Həmin saydakı "Teleqraf xəbərləri”ndə, eləcə də "Özciyəzim” imzasıyla verilmiş "Azərbaycan” adlı məqalədə Andranikin və Biçeraxovun Zəngəzur və Cəbrayıl qəzalarında soydaşlarımıza qarşı qırğınlar təşkil etməsi, Ermənistanın Kaçaznuni hökumətinin buna dəstək verməsi faktları önə çəkilib. Bu sayda "Kənarçı Pompuşalı”nın "Ziyalılarımız” felyetonunda bolşevik-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan danışılıb. Həmçinin, tarixi saxtalaşdıran, hətta Nuh peyğəmbərin, Adəm ilə Həvvanın erməni olduğunu iddia edən ermənilərin cəfəng uydurmaları satirik tənqid hədəfinə çevrilib.
Jurnalın 9-cu və 10-cu sayında "Teleqraf xəbərləri”ndə də Andranikin vəhşilikləri faktlarla ifşa olunub. Yuxarıda vurğuladığımız kimi, H.Həşimlinin "Şeypur” jurnalının tədqiqi sahəsində atdığı ən böyük addım onun tam şəkildə yenidən nəşrinə nail olmasıdır.Burada verilən məlumatlar da H.Həşimlinin tədqiqatlarına istinadən hazırlanmışdır.
"Şeypur" jurnalı haqqında filologiya elmləri doktoru, əməkdar elm xadimi Hüseyn Həşimli "Elm və təhsil" nəşriyyatında çap olunmuş üç yeni kitabı onun həmin sahədəki səmərəli tədqiqatlarının davamı və uğurlu bəhrəsi kimi maraq doğurur. Kitablardan biri "Məmmədəli Sidqi və "Şeypur" jurnalı" adlanır. Ötən əsrin birinci yarısında Azərbaycanda maarif, ədəbiyyat, mətbuat, teatr və sair sahələrdə ciddi, mühüm xidmətlər göstərmiş Məmmədəli Sidqinin çoxşaxəli fəaliyyəti, təəssüf ki, indiyədək öyrənilməmiş, yalnız tək-tək müəlliflər onun haqqında qısa fikirlər söyləmişlər. Hüseyn Həşimli görkəmli həmyerlimiz haqqında uzun müddət araşdırma aparmış, onun həyat və yaradıcılığı barədə bitkin təsəvvür yaradan kitab yazmışdır. Kitabın “Məmmədəli Sidqinin ömür yolu və fəaliyyətinin əsas yönləri” adlı ilk fəslində tədqiqatçı ötən əsrin ilk onilliklərinə aid çoxsaylı dövri mətbuat və arxiv materialları əsasında bu istedadlı ziyalının həyat və yaradıcılığının başlıca mərhələ və istiqamətlərini incələmiş, onun Naxçıvan, Bakı və Aşqabaddakı pedaqoji fəaliyyəti, ötən əsrin ilk onilliklərində “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”, “İqbal”, “Sovqat”, “Bəsirət”, “Tazə xəbər”, “Sədayi-həqq”, “Sədayi-vətən”, “Həqiqət”, “Babayi-Əmir”, “Azərbaycan”, “Zənbur” kimi digər qəzet və jurnallarda “Zadə”, “Rizə”, “Əfi”, “Bekar”, “Qəmiş”, “Bir naxoş”, “Kabla Kövsər”, “Kərtənkələ”, “Kəzbi”, “Lavaş” və digər imzalarla dərc etdirdiyi çoxsaylı bədii və publisistik yazıların əsas məğzinə, ideya-bədii məziyyətlərinə nəzər salmış, onların bir qismini ilk dəfə təhlilə cəlb etmişdir[6].
M.Sidqinin bədii yaradıcılığı, teatr sahəsində fəaliyyəti də çoxsaylı qaynaqlar əsasında işıqlandırılmışdır. Kitabın ikinci və üçüncü fəsilləri isə Məmmədəli Sidqinin redaktorluğu ilə Bakıda 1918-1919-cu illərdə çıxmış “Şeypur” jurnalına həsr olunmuşdur. O illərdə Azərbaycanın yenidən işğalına çalışan bolşeviklərin, torpaqlarımıza basqınlar edib qanlar tökən ermənilərin mənfur simasını ifşa edən bu jurnal sovet dövründə “əksinqilabi ruhlu” mətbuat orqanı sayılaraq diqqətdən kənarda qalmış, son vaxtlarda isə onun haqqında yalnız bəzi qısa mülahizələr söylənilmişdir. H.Həşimli ilk dəfə əhatəli araşdırma aparmış, jurnal barədə bir sıra məsələləri dəqiqləşdirmişdir. Xüsusən jurnaldakı “Şeypur” imzasının şair-publisist Səməd Mənsura deyil, Məmmədəli Sidqiyə mənsubluğu sübuta yetirilmişdir. Üçüncü fəsildə M.Sidqinin “Şeypur”da çıxmış məqalə və felyetonları ilk dəfə özünün elmi tədqiqini tapmışdır. Həmin əsərlər Vətən və xalq taleyi üçün aktual məsələləri əks etdirməsi, dərin milli mündəricəsi, xüsusən bolşevik-daşnak qüvvələrin iç üzünü açması, ümumən, ideya-bədii dolğunluğu ilə böyük əhəmiyyətə malikdir. Kitabın “Əlavələr” bölməsində Məmmədəli Sidqinin “Şeypur” jurnalında çıxmış əsərlərindən seçmələrin transliterasiya edilərək oxuculara çatdırılması elmi təhlillərdən alınan təəssüratı layiqincə tamamlayır və Məmmədəli Sidqinin dərin milli ruhlu bir ziyalı olduğunu aşkar şəkildə nümayiş etdirir. Onun “Əsgərlik”, “Altı ay”, “Nə istəyirlər?”, “Siyasət”, “Bu gün”, “Qrammofon”, “Barışırlar”, “Gürcü-erməni vuruşması” kimi məqalə və felyetonları bu baxımdan xüsusilə diqqəti çəkir.
Qeyd olunduğu kimi, indiyədək araşdırılmayan “Şeypur” jurnalı Məmmədəli Sidqinin redaktorluğu ilə çıxmışdır. Mətbuat tariximizdə mühüm mövqe tutan bu jurnal o dövrün sosial-siyasi, ədəbi-mədəni reallıqlarını əhatəli şəkildə əks etdirir. Bunu nəzərə alan ədəbiyyatşünas Hüseyn Həşimli jurnalın bütün saylarını transliterasiya edərək latın əlifbası ilə çapa hazırlamış, “Elm və təhsil” nəşriyyatında çap etdirmişdir. "Şeypur” jurnalı (1918-1919-cu illər)" adlanan bu irihəcmli kitabda jurnalın on dörd sayının hamısındakı materiallar ardıcıllıqla oxuculara təqdim olunmuşdur. “Milli mətbuat tariximizin dəyərli səhifəsi” adlı geniş ön sözdə “Şeypur” jurnalı, onun əsas müəllifləri, izlədiyi qayə, tutduğu mövqe və sair barədə ətraflı məlumat verilmişdır. Öyrənirik ki, bu jurnalın səhifələrində onun redaktoru Məmmədəli Sidqi ilə yanaşı, Səməd Mənsur, Cəfər Cabbarlı, Salman Mümtaz, Əliabbas Müznib, Əmin Abid, Məmmədəli Nasir və digər tanınmış ədiblərin aktual mövzularda bədii və publisistik əsərləri nəşr olunmuşdur. Kitabla yaxından tanışlıq deməyə əsas verir ki, uzun illər boyu diqqətdən kənarda qalmış “Şeypur” jurnalı milli mətbuatımızın tarixində önəmli yer tutmuş, xalqın milli özünüdərkində, satirik poeziya və publisistikanın inkişafında diqqətəlayiq rol oynamışdır[6].
2017-ci ildə professor Hüseyn Həşimli çoxillik tədqiqatlarının nəticəsi olaraq "Şeypur" jurnalı və ədəbi-tarixi həqiqətlər" monoqrafiyasını nəşr etdirmişdir.Həmin kitabda jurnalın nəşri tarixi, əsas müəllifləri, buradakı gizli imzaların sahibləri, jurnaldakı poeziya və publisistika materialları barədə geniş, hərtərəfli araşdırma aparılmışdır.