"Məktəb" (jurnal) — Elmi-pedaqoji, ədəbi-bədii, demokratik istiqamətli jurnal.
"Məktəb" | |
---|---|
Baş redaktor | Qafur Rəşad Mirzəzadə |
Növ | pedaqoji jurnal |
Təsisçi | Qafur Rəşad Mirzəzadə |
Təsis tarixi | 29 noyabr 1911 |
Qərargah | Bakı |
Dil | Azərbaycan dili |
"Məktəb" jurnalı Bakıda Azərbaycan dilində nəşr olunurdu. Jurnalın ilk nömrəsi 1911-ci il noyabrın 29-da, sonuncusu 1920-ci il martın 21-də çıxmışdır. Cəmi 95 nömrə işıq üzü görmüşdür. Məktəb şagirdlərinə məxsus olan bu jurnal iki həftədə bir dəfə nəşr olunan "əxlaqi, ədəbi, fənni, müsəvvir məcmuə" idi.
"Məktəb" pedaqoji biliyin və dünyagörüşünün genişlənməsində, elmə, maarifə həvəsin artmasında, uşaqlarda müsbət əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində müəyyən rol oynamışdır. Jurnalın "İdarədən" başlığı ilə verilən məqalədəki bu sözləri jurnalın əsas məqsədini ifadə edirdi:[1]
Bizim "Məktəb"i nəşr etməkdə məqsədimiz məktəb şagirdlərinin irəliləmələrinə acizanə bir xidmətdir. "Məktəb"i oxuyacaq şagirdlərin biliyi geniş bir dairə alarsa, o vaxt biz də məqsədimizə yetişmiş olarıq. |
Birinci nömrədə maraqlı hekayələr, şeirlər, publisist yazılar, atalar sözü, məsəllər, lətifələr, və s. verilmişdir. Jurnalın 1-ci nömrəsində N. Nərimanovun "Əziz balalar!" başlığı ilə uşaqlara müraciəti verilmişdir. N. Nərimanov uşaqları oxumağa, elmə yiyələnməyə, vətənin ləyaqətli, namuslu övladları olmağa çağırırdı. "Məktəb"də S. S. Axundov, Ü. Hacıbəyov, A. Şaiq, A. Səhhət, C. Cabbarlı və b.nın yazıları ilə bərabər, rus klassiklərindən tərcümələr də verilmişdir. Abbas Səhhətin rus şairi Nikitindən tərcüməsi buna misaldır.
Əli Ələvi "Çalışalım" şeirində məktəb şagirdlərinə "çalışmaq yaşına girdiklərini" xatırladır, onları tənbəllikdən uzaq olmağa çağırır, işgüzarlığa səsləyirdi. H. Zərdabinin "Heyvanların rəngi" məqaləsində mühitin, şəraitin heyvanların yaşayışına təsiri elmi dillə şərh olunurdu. "Bir qozun düşməsi" nağılında "hər eşidilən şeyə dərhal inanmamaq" tövsiyə edilir.
Abdulla Tofiq Gəncəlinin tərbiyə mövzusunda yazdığı məqaləsində diribaş, açıqgözlü, sağlam vücudlu, geniş ürəkli, rəhmdil, ağayana sifətli gənclər tərbiyə etmək lüzumu göstərilirdi. Hüseyn Şıxızadənin "Qonaqlıqda yaxşıdır, evdə daha yaxşıdır" nağıl təmsilində uşaqlara vətənpərvərlik, öz doğma yurdunu sevmək hisləri aşılanırdı. Ə. Müznibin "Mollanın papağı" şeiri də birinci nömrədə dərc olunmuşdur. Bunlardan əlavə, "Böyüklər sözü" başlığı altında atalar sözü və məsəllər birinci nömrənin məzmunu daha da rəngarəng etmişdir.[1]
"Məktəb"in müxtəlif yaradıcılıq üsulu, müxtəlif janrlarda yazan müəlliflər heyəti var idi. Jurnalda mühüm tarixi hadisələrə xüsusi nömrələr həsr edilirdi. 1911-ci ildə çıxan 2-ci nömrə M.F.Axundovun anadan olmasının 100 illiyinə (O zaman elə zənn edirdilər ki, M. F. Axundov 1811-ci ildə anadan olmuşdur), 1912-ci ildə çıxan 7-ci nömrə A. S. Puşkinin vəfatının 75-ci illiyinə həsr olunmuşdu.
N. Nərimanov kiçik yaşlı uşaqların sağlamlığı və səhiyyəsi haqqında məqalələr dərc etdirirdi. S. S. Axundov özünün məşhur "Qorxulu nağıllar"ını bu jurnalda çap etdirmişdi. O, "Müəllim Süleyman" imzası ilə kiçik elmi xəbərlər, məlumatlar da yazırdı. "Fatma xalanın nağılları" başlığı ilə uşaqlarda düzlük, səmimilik, doğruluq, böyüklərə hörmət, zəhmətə həvəs və s. hislər tərbiyə edən hekayələr verilirdi.
Ü. Hacıbəyovun "Filankəs" imzası ilə yazdığı kiçik satirik parçalar, A. Şaiqin, R. Əfəndiyevin, Ə. Hüseynzadənin, Ağaəli Qasımovun, Şəfiqə xanım Əfəndizadənin və b.nın hekayə, şeir və oçerkləri də jurnalda işıq üzü görürdü. Ş. Əfəndizadə "Məktəb"də mühərrirliyi dövrünü xatırlayaraq yazırdı:
"Məktəb" məcmuəsi uşaqlarımızın həyatında həqiqətən də bir məktəb oldu. Burada nələr dərc edilmirdi... Məcmuə məktəblərimizdə oxuyan qızların çox xoşuna gəlirdi. Mən burada dərc edilmiş maraqlı yazıları onlara oxuyurdum. Özüm də məcmuəyə bir sıra tərbiyə mövzusunda hekayələr yazırdım. "İki qızın söhbəti", "Şəkər alması", "Analar qucağı", "Vəhşilər çörəkçisi", "Hüsnxətt" və s. yazılarım "Məktəb"də çap olunmuşdur. |
O zamanın qabaqcıl, açıqfikirli müəllimləri "Məktəb" jurnalı ilə sıx əlaqə saxlayır, ədəbi-bədii yazılarını burada dərc etdirirdilər. Kənd müəllimləri də jurnalın işinə cəlb olunmuşdu. Həmin müəllimlərdən biri — Qarabağdakı Malıbəyli kəndinin məktəb müdiri Məmməd Qarayev idi. Xırda həcmli bədii yazıları ilə jurnalın məzmunu zənginləşdirirdi. O, alleqorik hekayələrin tərbiyəvi təsirini nəzərə alaraq daha çox bu janra müraciət edirdi.
M. Qarayevin jurnalda "Qaraquş və İlan", "Qurbağa və siçan", "Sərçə və İlan" və s. hekayələri verilmişdir. Bu hekayələrdə dostluq, sədaqət hissləri tərbiyə olunur, oxuculara dostla düşməni ayırd etməyi bacarmaq, düşmənin yağlı dilinə aldanmamaq, birləşməkdə düşmənə qələbə çalmaq və s. əxlaqi fikirlər aşılanırdı.[1]
"Məktəb"i redaktə edənlər o zamanın görkəmli pedaqoqları və publisistləri idi. Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadə jurnalın naşiri və baş redaktoru idi. Qafur Rəşad Mirzəzadə "Məktəb" jurnalını 1916-cı ilə qədər Əbdülrəhman Əfəndizadə ilə birlikdə redaktə etmişdir. 1916-cı ilin mayında Ə. Əfəndizadənin vəfatı, dünya müharibəsinin törətdiyi çətinliklər, 1917-ci ilin fevral hadisələri jurnalın nəşrini müvəqqəti dayandırdı. 1917-ci ildə jurnalın cəmi 1 nömrəsi çıxmışdır. 1920-ci ilin fevralında Q. R. Mirzəzadə "Məktəb"in nəşrini yenidən bərpa etdi. ölkədə baş verən gərgin siyasi proseslərin nəticəsində jurnal müntəzəm nəşr oluna bilmədi və bağlandı.[1]