Qafqaz (jurnal)

Qafqaz (türk. Kafkasya, alm. Der Kaukasus‎) — Qafqaz siyasi mühacirlərinin 1951-ci ilin avqustundan 1952-ci ilin dekabrınadək Münhendə türk, ingilis və rus dillərində nəşr etdirdikləri jurnal.

Qafqaz
Növ İctimai jurnal
Təsis tarixi avqust 1951-cı il
Qərargah Münhen
Dil Türk, ingilis, rus

Vahid konfederatif Qafqaz dövləti yaratmaq ideyasını təbliğ edirdi. Əli xan Qantəmirin redaktorluğu ilə çıxan jurnal 1-ci sayındakı "Dava və qayəmiz" adlı baş məqaləsində yazırdı:

" Müztərib Vətənimizin qurtuluşu ümidi ilə yaşayan biz qafqazlılar üçün yalnız müstəqil və birləşik Qafqaz fikrinə sədaqətimizi yenidən bəyan etməklə qalmayıb, bu həddə hansı yollarla çatmaq istədiyimizi, hansı millətlərarası qüvvələrə istinad etməyi düşündüyümüzü, Qafqazın öz istiqlalım istirdad etməsi və xüsusilə onu mühafizə edə bilməsi üçün özünə hansı dostları və müttəfiqləri tapa biləcəyini də ortaya qoymaq zamanı gəlmişdir. "

Jurnalda Qafqaz birliyi ideyasına, ərazidə yaşayan xalqların tarixi birliyinə, həmçinin çar Rusiyasının, sovet rejiminin Qafqazdakı siyasətinə dair elmi-publisistik materiallar dərc edilirdi. Əli xan Qantəmirin "Qafqaz" (1951, avqust, № l), Əhməd Nəbi Maqomanın "Qafqazın istiqlal mücadiləsi" (1951, avqust, № 1), Mirzə Bala Məmmədzadənin "Azərbaycanda ruslaşdırma siyasəti" (1952, iyun-iyul, № 11–12) və digər çoxsaylı məqalələrdə Qafqazın tarixi coğrafiyası, burada yaşayan xalqların adət-ənənəsi və yadellilərə qarşı birgə mübarizəsindən bəhs olunurdu.

"Qafqasyanın ən çox müraciət etdiyi mövzu sovet rejimi və ideologiyasının, bolşevizmin xalqlara gətirdiyi bəlaların tənqidi idi: Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycanda Aprel inqilabı" (1952, N9İ0), R. Trahonun "Şimali Qafqazda kollektivləşdirmə" (1952, Nell-12), M. H. Türkəqulun "Qızıl Rus imperiyası qan üzərində qurulmuşdur" (1952, N°14) məqalələri və s. Məhəmməd Əmin Rəsulzadənin "Qafqaz Konfederasiyası hərəkatı" (1951, N°2–3) və "Qafqaz məsələsi" (1952, Ne6–14) məqalələri Qafqaz birliyi ideyasımn proqramı adlandırıla bilər.

Mirzə Bala Məmmədzadənin "Milli istiqlal davamızın bugünkü səhifəsi" adlı yazısında (1952, avqust № 13) bir tərəfdən, rusların nəyin bahasına olursa-olsun, "vahid və bölünməz Rusiya" qurmaq niyyətləri ifşa edilirsə, digər tərəfdən, "milli istiqlal davamızı ruslarla bir bazarlıq mövzusu halına" gətirən qeyri-rus, o cümlədən Azərbaycan mühacirətinin yanlış mövqeləri tənqid olunur.

"Hər şeydən öncə — milli istiqlal" adlı başqa bir məqaləsində (1952, oktyabr, № 15) M. B. Məmmədzadə Amerika Komitəsinin sədri admiral Kerki "Sovetlərdəki millətlərin istiqlal haqqını şübhə altına aldığına" görə qınayaraq yazırdı: "Bizim üçün, hər şeydən öncə, milli istiqlalımız bəhs mövzusu olduğu halda və müqəddəs haqqımızın qeyd və şərtsiz tanınmasını tələb etdiyimiz halda, Amerika Komitəsinin siyasətinə tərcüman olan admiral Kerk bunun tam əksini id-dia edir, hətta daha irəli gedərək, "bir çox millətin qaynayıb-qarışıb tək bir millət" ola biləcəyini mümkün görür". Məqalədə daha sonra deyilirdi: "Hər şeydən öncə, istiqlal haqqının tanınmasını tələb edən millətlər yenidən böyük bir Rusiyanın təşəkkülünü ümumi barış, ümumi güvən, dünya mədəniyyəti və hürriyyət prinsipləri üçün böyük bir təhlükə hesab edirlər". "Qafqasya"nın tutduğu yolun doğru olduğunu tarix 40 il sonra təsdiq etdi: Sovetlər birliyi çökdü və imperiyanın xarabalıqları üzərində müstəqil milli dövlətlər yarandı.

"Qafqasya" 1953-cü ilin yanvarından həmin ilin mayınadək "Birləşik Qafqasya" adı ilə nəşr olunmuşdur. Proqram, məram, mövzu, problem və yazarlar baxımından "Birləşik Qafqasya" öz sələfindən fərqlənmirdi.

Qafqaz konfederasiyası ideyasına yarandığı vaxtdan tərəfdar olmayan erməni mühacirətinin təmsilçiləri, əvvəlki nəşrlər kimi, "Birləşik Qafqasya"nın da fəaliyyətində iştirak etmirdilər. Əsasən, Azərbaycan, GürcüstanŞimali Qafqaz nümayəndələrinin tribunasına çevrilən "Birləşik Qafqasya" Qafqaz konfederasiyası uğrunda ardıcıl mübarizə aparırdı. Jurnal, eyni zamanda, milli istiqlal mübarizəsi önünə kötük kimi atılan "vahid və bölünməz Rusiya" prinsipinin tərəfdarlarına sərt cavablar verməyi də unutmurdu.

Azərbaycan mühacirətinin liderlərindən biri, görkəmli ideoloq M. B. Məmmədzadə belələrinin tezislərini tutarlı tarixi faktlarla alt-üst edərək yazırdı: "Tarixən qılınc, qan və atəş gücü ilə, vəhşət və barbarlıqla təşəkkül etmiş Rusiya varsa, o millətlər zindanında… milli mövcudiyyətlərini qoruya biləcək qədər mədəni və insani qüdrət göstərmiş olan millətlər də vardır…".

Mürəkkəb və dəyişən tarixi şərait, ictimai-siyasi mühit mühacir istiqlalçıların mübarizə üsulu və taktikasında müəyyən dəyişikliklər etsə də, onlan əsas prinsip, amal və proqramlarından döndərə bilməmişdi. Azərbaycan istiqlalçılarının "Birləşik Qafqasya"da dərc edilmiş bu qəbildən olan yazıları göstərir ki, sovet rejiminin "şiddət və təzyiq politikasına baxmayaraq, ruslar Azərbaycanı yalnız maddətən istila etməyə müvəffəq olmuş, Vətən mənən fəth edilməmişdir" (M. H. Türkəqul, "Azərbaycan türklərinin istiqlal günü", 1953, may, № 5).

"Birləşik Qafqasya" Azərbaycan istiqlalçılarının həyatında və mətbuat tarixində parlaq iz qoymuş, "rədd olsun bölünməz və bütöv Rusiya, yaşasın Qafqaz Konfederasiyası, yaşasın millətlərin istiqlal haqqı!" — deyərək, SSRİ-dəki məhkum millətlərin istiqlalının bolşevizmə qarşı mübarizə proqramının tərkib hissəsinə çevrilməsində böyük rol oynamışdır.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 97-98. ISBN 9952-417-44-4.
  • Tahirli A., Azərbaycan mühacirəti, B., 2001; yenə onun, Azərbaycan mühacirət mətbuatı, II hissə, B., 2003.