Araz Cümhuriyyət

Araz Türk Cümhuriyyəti — 1918-ci ilin noyabr ayında Azərbaycan Xalq CümhuriyyətiOsmanlı İmperiyasının dəstəyi ilə mərkəzi İğdır olmaq şərtilə yaradılmış tanınmayan dövlət.

Tarixi dövlət
Araz Türk Cümhuriyyəti
Bayraq
Bayraq
 
 
 

Paytaxt İğdır
Ən böyük şəhər Naxçıvan, İğdır, Ordubad
Dilləri Azərbaycan dili
Rəsmi dilləri Azərbaycan dili[1][2]
Dövlət dini İslam
Əhalisi 1 milyon nəfər
İdarəetmə forması Parlamentli respublika
Nazirlər Şurasının sədri
 • Noyabr 1918– Yaz 1919 Əmir bəy Nərimanbəyov
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1826–1828-ci illərdə Rusiya imperiyası ilə Qacarlar arasında gedən müharibə Türkmənçay müqaviləsi ilə başa çatdı. İrəvanNaxçıvan xanlıqları Rusiya tərəfindən işğal edilir. 1828-ci ilin martın 21-də Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində Qacar dövləti və Osmanlıdan köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı.[3] Bu müqavilənin 15-ci bəndi əsas gətirilərək Qacarlar dövlətindən 10652 nəfər erməni köçürülür.[4] 1830-cu ilin siyahıyaalınmasına əsasən bölgədə 13369 erməni vardı, halbuki bölgənin müsəlman əhalisi 17.138 nəfər təşkil edirdi. 1840-cı ildə Erməni vilayəti ləğv edilir. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir.

1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, OrdubadYeni Bayazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır.[5]

1918-ci ildə İrəvan quberniyası Azərbaycanın bir hissəsi olsa da, Andranik Ozanyan 1918-ci il 4 iyun Batum müqaviləsini tanımır və bölgənin istilasına çalışır. Zəngəzurun işğalı burda yaşayan Azərbaycanlıların qırğını ilə nəticələnir. İyulda daşnaklar Naxçıvanın Yaycı kəndini talan edirlər.[6]

Cümhuriyyətin qurulmasının iki başlıca səbəbi var idi:

  1. Erməni-daşnakların bölgəyə dair əsassız ərazi iddialarını gerçəkləşdirmələrinə, burada öz hakimiyyətlərini yaratmalarına, yerli türk-müsəlman əhalisinin soyqırımına imkan verməmək.
  2. Qafqazda gedən proseslər və baş verən hadisələrlə əlaqədar Azərbaycandan müvəqqəti olaraq ayrı düşən Naxçıvan mahalının tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə qatılmasına nail olmaq. 1918-ci il noyabrında yerli əhali Qafqazda altıncı olan Araz Cümhuriyyətinin müvəqqəti müstəqilliyini elan etdi. Bu Cümhuriyyət bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə bütün əhalisinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi.[7]

3 noyabr 1918-ci il tarixində Əmir bəy rəhbərliyində Nazirlər Şurası təşkil olundu.[8]

Cənub-Qərbi Qafqaz

[redaktə | mənbəni redaktə et]

Qars Bələdiyyə Başçısı olan Fəxrəddin bəy mütəsərrif Hilmi bəylə razılaşaraq 5 noyabr 1918-ci ildə Əli Rza Ataman, Qarslı Sari Xəlil oğlu Muhlis, Orenburqlu Tevhüddin Mamil (Mamlıoğlu) və Emin ağa Acalov kimi şəxslərlə bir araya gələrək özünün başçılığında Qars İslam Şurasını çağırmışdır.[9] Bu şuranım təməlini usə 1917-ci ildə qurulmuş Qars Gizli İslam Komitəsi təşkil etmişdir. Şura elə həmin gün iki vacib qərar almışdır. Birincisi, Vudro Vilsonun 14 maddəsinə ədasən bölgədəki türk-islam ünsürlərinin bir siyasi iradə birliyi altında toplamaq üçün çalışmalar aparmaq, ikincisi isə Qars və ətraf bölgələrdə yaşayan təmsilçilərin Qars Konqresinə dəvət etmək.[10]

14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olundu.[11] Konqresdə həmçinin Batumdan Ordubada qədər bütün türk bölgələrindən nümayəndələrin iştirakıyla daha geniş konqresin keçirilməsi üçün dəvət telqrafları və telefonları edildi.[11]

30 noyabr — 2 dekabr 1918-ci illərdə keçirilən İkinci Qars Konqresinə ilk gün 60 xalq təmsilçisi qatıldı. Növbəti günlərdə bu say 70-ə çatdı. Səsverməylə yekdilliliklə İbrahim bəy Cahangirzadə konqresin sədri seçildi.[12] Burada alınan qərarla mərkəzi Qars olmaqla Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçılığına İbrahim bəy, başçı müavinliyinə isə Emin ağa Acalov seçildi.[12] Daha öncə qurulan Axıska Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti və Batum Milli Şurası bu hökumətə qoşulmuşdur.[12] Konqresdə Türk bayrağının istifadəsinə, idari işlərdə Osmanlı qanunlarının keçərli qəbul olunmasına və ordu qurulmasına qərar verilmişdir. Həmçinin Oltu, Ardahan, Kağızman və Naxçıvanda 5 nəfərlik milli şuraların qurulması da qərarlaşdırıldı.[12]

İkinci Qars Konqresinin ardınca, 3 yanvar 1919-cu il tarixində Ənvər paşanın dayısı Xəlil (Qut) Paşa, Kaymakam Xalid bəy, Hamşioğlu Rasim və Əbülhindili Cəfər bəyin təşkilatçılığı ilə Birinci Ardahan Konqresi toplandı. Konqres Axısqadan Ardahana geri çəkilən Xalid bəyin rəhbərliyində, Doktor Haqqı Cənab, Doktor Abidin, Ağacıqoğlu Doktor Fuad, Filibeli Hilmi, Baytar Kaymakam Arif və Ardahan əşrafından Əbülhindili Köseoğlunun daxil olduğu səkkiz nəfərlik heyət tərəfindən həyata keçrilmişdir. Xəlid bəyin açılış çıxışını etdiyi konqresdə Mondros mütarəkəsinin tanınmadığı, əldəki silahların təslim olunmayacağı, Üç Sancaq və qonşu şuralarla birgə vətənin qurtuluşu üçün mübarizə aparacağı qərara alınmışdır. Həmçinin, komqresdə Milli Şura Hökumətinə daxil bölgələrdən gələcək nümayəndələrlə ikinci konqresin təşkili qəratlaşdırılmışdır. 5 yanvar tarixində konqres sona çatmışdır.[13]

7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldırdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olur bölgəsindən Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza Ataman, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır.[14] Konqresə rəhbərlik üçün IX Ordu komandanı Yaqub Şevki Paşaya müraciət olunsa da, o gözlərindəki problem üçün İstanbula getməli olduğunu bildirmişdir. Konqres Hamşioğlu Rasim bəyin evində keçirilmişdir.[14] Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.[15]

Mütasarrıf Hilmi (Uran) bəy 9 yanvar 1918-ci ildə Qarsı məcburi şəkildə tərk etmiş, Milli Şura tərəfindən Şura rəisi İbrahim bəy Cahangirzadə Qars valisi təyin olunmuşdur.[16] 11 yanvar tarixindən İbrahim bəy xəstələndiyi üçün onun yerinə müvəqqəti olaraq bu vəzifəni Fəxrəddin bəy Piroğlu icra etmişdir.[16]

13 yanvar tarixində General Beach və hərbi vali Temperlay Qarsa gələrək erməni Karqanovun hərbi vali təyin etdiklərini açıqlasa da, Milli Şura valini qəbul etməmiş, ingilislərə ermənilərin Qarsı tərk edərkən qətliam törətdikləri ilə bağlı nota təqdim etmişdir.[17] İngilis general hökumət üzvlərini razı sala bilməmiş və Gümrüyə geri qayıtmışdır.[18]

17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Üçüncü və ya Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində bugünkü Qars Valiliyi İqamətgahında topanmışdır.[18] Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir.[18] Konqresdə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti elan olunmuş və rəhbəri İbrahim bəy Cahangirzadə seçilmişdir.[19] 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir.[20]

25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır[21] Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur.

Bunlara baxmayaraq paralale olaraq Araz Türk Cümhuriyyəti öz fəaliyyətini göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələr

[redaktə | mənbəni redaktə et]

Araz Türk Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış və ona qatılmaq üçün yollar aramışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən də müvafıq işlər görülmüşdü. "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsisi haqqında qanun"da Azərbaycan Parlamentinə Naxçıvan, Şərur və Ordubaddan üç nəfər üzvün seçilməsi nəzərdə tutulmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 7 dekabr 1918-ci il tarixli təntənəli iclasında Araz Türk Cümhuriyyətinin rəsmi nümayəndəsi Paşa Əliyev də iştirak etmişdi. O, diplomatik nümayəndələrin lojasında polkovnik Kokerel, Bakıdakı Qacar hökumətinin general-konsulu M. Səüdəl-Vəzara, maliyyə agenti Vəkil-əl-Mülk, Dağlı hökumətinin nümayəndəsi Tapa Çermoyev, Dağlılar Respublikasının diplomatik nümayəndəsi Əlixan Qantəmir və Gürcüstan Demokratik Respublikasının diplomatik nümayəndəsi İ. N. Karsivadze ilə yanaşı oturmuşdu.

Araz-Türk Cümhuriyyətinin əhalisi Azərbaycan Parlamentinin açılışı haqqında xəbəri böyük ruh yüksəkliyi ilə qarşıladı. O günlərdə özlərinin səlahiyyətli müvəkkili A. Hacıyevin imzası ilə Ordubad rayonunun əhalisi Azərbaycan Parlamentinə təbrik teleqramı göndərmiş, qarşıdakı çətin işdə ona müvəfəqiyyət arzulamış, onun "Qafqaz müsəlmanlarının arzularını doğruldacağına, öz fəaliyyəti ilə bizim də müstəqil yaşamağa layiq və öz taleyimizi həll etmək və hüquqlarımızı müdafiə etmək iqtidarında olduğumuzu bütün dünyaya sübut edəcəyinə" əmin olduqlarını bildirirdilər.[22] Diqqətəlayiqdir ki, ordubadlılar bu Parlamenti "öz parlamenti" adlandırır və məlumat verirdilər ki, "onun yaradıcı işinə hər cür yardım etməyə hazırdırlar".[22]

Ordubad Milli Komitəsinin sədri Mir Hidayət bəy Seyidovun Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə göndərdiyi 1918-ci il 22 dekabr tarixli bəyanatından bəlli olur ki, bölgədə siyasi birliyin — Araz Respublikasının yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmişlər və onların təklifi ilə bu prosesə ordubadlılar da qoşulmuşlar. Mir Hidayət Seyidov bu mühüm təşəbbüsü dəstəkləmələrini aşağıdakılarla əsaslandırmışdı:

  • TiflisəGəncəyə yolların bağlanması;
  • Türklərin Ordubaddan getmələri ilə əlaqədar olaraq şəhərə yardım — ərzaq gətirilməsinin dayandırılması;
  • Bir sıra əngəllərin təşkilatı (Milli Komitəni) zəiflətməsi və kimə tabe olmağın, kimdən göstəriş almağın bilinməməsi;
  • Naxçıvan və Şərur müsəlmanlarının da bu cür vəziyyətə düçar olmaları və müsəlman — Araz dövlətini yaratmaq qərarına gəlinməsi;
  • Araz hökumətinin də Gəncə Hökuməti (Azərbaycan Xalq Cümhuriyyəti) ilə yaxınlaşmaq istəməsi.

Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər naziri Məmməd Yusif Cəfərovun hökumətin Baş naziri Nəsib bəy Yusifbəyliyə ünvanladığı 1919-cu il 17 iyun tarixli məktubundan isə aydın olur ki, Osmanlı qoşunları Azərbaycandan getdikdən sonra Naxçıvan bölgəsinin Ermənistan tərəfindən işğal olunmaq təhlükəsi mahalın yerli əhalisinin Araz Cümhuriyyətini yaratmaqla, özünün müvəqqəti (yəni Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşənədək) müstəqilliyini elan etməsiylə nəticələnmişdir.

Osmanlı dövlətinin Araz Türk Cümhuriyyəti hökuməti yanındakı daimi hərbi müşaviri Xəlil bəy, Kəlbalı xan, Cəfərqulu xan, Abbasqulu xan və başqaları da Cümhuriyyətin fəaliyyətinə yaxından yardım göstərənlərin sırasında idilər.[23]

Araz Türk Cümhuriyyəti Bakıda fəaliyyət göstərən bir sıra ictimai siyasi qurumlarla da sıx əlaqələrə malik olmuşdur. Onun nümayəndəsi P. Bayrambəyov İrəvan quberniyası ictimai xadimlərinin 1919-cu il yanvarın 2-də keçirilən müşavirəsində iştirak və çıxış etmişdir. P. Bayrambəyov öz çıxışında keçmiş İrəvan mahalı müsəlmanlarının faciəli durumu və Araz Cümhuriyyətinin yaranması tarixi barədə ətraflı məlumat vermişdi. Həmin müşavirənin qərarında Ermənistan Respublikasında türk-müsəlman əhaliyə qarşı yeridilən soyqırımı siyasətinə son qoyulması üçün tədbirlər görülməsi, bu məqsədlə də bölgəyə qarışıq tərkibli komissiya göndərilməsi, Bakıdakı ingilis general-qubernatoru Tomsonla müzakirələr aparılması, müvafıq qurumlara memorandumlar verilməsi və s. nəzərdə tutulurdu.

Keçmiş İrəvan quberniyası müsəlmanlarının yenicə yaradılan "Həmyerlilər" cəmiyyətinin toplantısında (1919-cu il, 6 yanvar) isə Mirabbas Mirbağırovun xüsusi səlahiyyətlərlə bölgəyə ezam olunması və P. Bayrambəyovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski ilə görüşünün keçirilməsi razılaşdırıldı. Qaçqınlara ayrılan bir milyon manat vəsaitdən 900000 manat Naxçıvana aparılmaq üçün P. Bayrambəyova verilmişdi.[23]

Araz Türk Cümhuriyyətinin geniş səlahiyyətlərə malik olan və Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə ezam edilən xüsusi nümayəndə heyəti 1919-cu il martın 8-də Naxçıvandan Bakıya gəlmişdi. Tərkibinə şair və dramaturq Hüseyn Cavidin də daxil olduğu həmin nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi ilə müəyyən məsləhətləşmələr aparmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu ilə aid dövlət büdcəsində yalnız Ələt-Culfa dəmiryolunun tikintisinə 100.026.000 çervon vəsait ayırmışdı.[23]

İrəvan Quberniyası Müsəlmanları "Həmyerlilər" Cəmiyyətinin 1919-cu ilin yanvar-fevralında bölgəyə göndərdiyi Mirabbas Mirbağırovun öz səfəri barədəki məruzəsindən məlum olur ki, birincisi, ermənilərin Qəmərliyə hücumu zamanı Araz Türk Cümhuriyyəti dağılmışdı, ikincisi, Kəlbalı xan 400 nəfərədək olan Naxçıvan dəstəsini toplayıb Şərur əhalisinin köməyinə getmiş, erməniləri darmadağın etdikdən sonra bölgədə Cəfərqulu xan, Kəlbalı xan və Kərim xan İrəvanskidən ibarət diktatura hökuməti yaranmışdı[24]. Araz Türk Cümhuriyyətinin yaradılması və qısamüddətli fəaliyyəti böyük tarixi əhəmiyyətə malik idi. Bu Cümhuriyyət Şimali Azərbaycan üçün çox ağır və gərgin bir dövrdə Naxçıvan bölgəsi və çevrəsinin türk-müsəlman əhalisinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında mühüm rol oynadı. Ən başlıcası isə, bu ərazilərin erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyü təmin edildi.[23]

Araz Türk Cumhuriyyətinin ərazisi 8696 km² təşkil edirdi. Cumhuriyyətin mərkəzi bəzi mənbələrə görə Iğdır şəhəri , bəzi mənbələrə görə isə Qəmərli qəsəbədi olmuşdur, lakin hər iki yerdə nəzarətin itirilməsi səbəbi ilə mərkəz Naxçıvan şəhərinə kömürülmüşdür.

Cümhuriyyətin ərazisində Naxçıvan, ŞərurDərələyəzOrdubad mahallarını, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. bölgələr[7] daxil idi.[25]

Nazirlər Şurası

[redaktə | mənbəni redaktə et]
Vəzifə Ad və soyad Başlama müddəti Bitmə müddəti
Nazirlər Şurasının sədri[a] Əmir bəy Nərimanbəyov [b] 3 noyabr 1918
Hərbi nazir İbrahim bəy Cahangirzadə
İnzibati nazir[c] Bağır bəy Rzayev
Maliyyə naziri Qənbərəli bəy Bənəniyarski [a]
Ədliyyə naziri Məmməd Bəyzadə[a]
Xarici işlər naziri Həsənağa Şəfizadə[a]

Nazirlər Şurasına həmçinin Mirzə Hüseyn Mirzə Həsənzadə və Müfti Xoca Ekit Əfəndi daxil idilər. Aşirət rəisi və fəxri üzv olaraq isə general Əli Əşrəf bəy[a] hökumətə seçilmişdi.[23]

Parlament yaradılsa da fəaliyyət göstərə bilməmişdir. Əkbər ağa Şeyxülislamov, Teymur bəy MakinskiMəhəmməd Məhərrəmov məlum olan üzvlərdəndir.[26]

Araz Türk Cümhuriyyətinin hərbi naziri İbrahim bəy Cahangirzadənin rəhbərliyi ilə qısa müddətdə silahlı qüvvələr yaradılmışdı. Bu hərbi hissələr — könüllü xalq dəstələri 20 tabordan (batalyondan) ibarət idi. Həmin taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, digərləri isə Ordubad, Vedibasar, Qəmərli və s. ərazilərdə yerləşdirilmişdi. Tabor komandirlərindən Kəblə Muxtar (Nehrəm), Kəblə Kərim (Cəhri), İbrahimxəlil Axundov (Ordubad), Həsən Şahverdioğlu (Şərur-Dərələyəz) və b. Araz Türk Cümhuriyyəti ərazilərinin erməni quldur dəstələrinin silahlı basqınlarından müdafiəsində xüsusilə fərqlənmişdilər. Araz Türk Cümhuriyyətinin hərbi hissələrinin yaradılmasında və onların fəaliyyətinin təşkilində Osmanlı dövlətinin 9-cu ordusunun komandanı Yaqub Şevqi paşa və 9-cu diviziya komandiri polkovnik Rüştü bəyin böyük əməyi olmuşdu.[23]

  1. 1 2 3 4 5 Mirzə Bağır Əliyev xatirələrində müstəqillik aktında bu postun hərbi diktator adlandırdıldığını qeyd edib. Həmçinin hərbi diktator Əmir bəy Nərimanbəyov (Zamanbəyzadə), hərbi nazir İbrahim bəy Cahangirzadə (Qarslı), inzibati nazir Bağır bəy Rzayev, maliyyə naziri Qəmbər Əli bəy Bənəniyari, ədliyyə naziri Məhəmməd bəy Məhəmmədbəyov, xarici işlər naziri Həsən bəy Səfiyev, kürdlərin başçısı Əli Əşrəf bəy olaraq qeyd olunub.
  2. Mənbələrdə soyadı Vəzirov, Nərimanbəyov, Zamanbəyov və Ələkbərov kimi müxtəlif formalarda işlənib.
  3. Hərbi nazir İbrahim bəy xatirələrində Bağır bəyin maliyyə naziri olduğunu qeyd edib.
  • Fəxrəddin Ərdoğan. Türk ellərində xatiratlarım. Ankara. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi. 1998. ISBN 975-17-2029-X.
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 134-136. ISBN 9952-417-14-2.
  • İsmayıl Hacıyev. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. Naxçıvan: Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi. 2010. 384.
  • Richard G. Hovannisian. The Republic of Armenia, Volume I: 1918-1919. London: University of California Press. 1971. 547. ISBN 0-520-01805-2.
  • İsmayıl Musayev. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər) (2-ci nəşr). Bakı: Bakı universitetinin nəşriyyatı. 1998. 385.
  1. "Dil". axc.preslib.az. 2019-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  2. "Фарид Алекберли. История государственного языка в Азербайджане". "Elm". History & Heritage Website. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  3. Полное собрание законов Российской империи (ПСЗРИ). Собр. второе, т. III, 1828, СПб., 1830, с. 272–273
  4. Vaqif Arzumanlı, Nazim Mustafa. Tarixin qara səhifələri. Bakı, 1998, səh. 25–32
  5. Vaqif Arzumanlı, Nazim Mustafa, Tarixin qara səhifələri. Bakı, 1998, səh. 18–24
  6. Naxçıvan qədimdən bu günümüzə qədər. (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu). Bakı, 2014, s.190
  7. 1 2 Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 1, iş 215, v. 9 – 9 arx.
  8. Azərbaycan Respublikası MDƏYTA, f. 894, siy. 10, iş 178, v. 7.
  9. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 53
  10. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 55156
  11. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 56
  12. 1 2 3 4 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 57
  13. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 58
  14. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 59
  15. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 59-60
  16. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 63
  17. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 63-64
  18. 1 2 3 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 64
  19. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 64-65
  20. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 65
  21. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  22. 1 2 "Azərbaycan" qəzeti, 10 dekabr 1918.
  23. 1 2 3 4 5 6 AXCE, I cild,, 2004. səh. 134-136
  24. İsmayıl Hacıyev. Araz- Türk Respublikası. Naxçıvan:"Əcəmi" NPB, 2019,136s
  25. Onk, Nizamettin (1996). Kafkasya'dan Anadolu'ya Iğdır Tarihi. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı. s. 22.
  26. Г. Мадатов. Победа Советской власти в Нахичевани и образеование Нахичеванской АССР . Баку, 1968, c. 55

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]