is. 1. Duyğu sinirlərinin qıcıqlanması nəticəsində bədənin hər hansı bir yerində hiss edilən əziyyət, əzab; sancı, sızı; acı. Diş ağrısı. Baş ağrısı.
– Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək üz-gözünü turşutdu. M.Hüseyn.
Məsum kişinin … başına bərk bir ağrı sıçradı, qaşları düyüldü… Mir Cəlal.
2. məc. Kədər, qəm, qüssə, dərd, ələm, iztirab hissi.
Səni balam kimi bağrıma basdım; Sənin hər ağrına mən qulaq asdım. S.Vurğun.
3. məc. İnciklik, narazılıq.
◊ Ağrı çəkmək – hamilə qadınlarda: doğmağa yaxın bərk sancı və əziyyət çəkmək.
Torpağa ona görə “ana torpaq” deyirlər ki, o da ana kimi hamilə olur, ağrı çəkir, doğur, o da ana məhəbbətlidir, ana səxavətlidir, övladcanlıdır. İ.Məlikzadə.
// Məc. mənada.
Gecə boylu bir qadındır… ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri. S.Vurğun.
Xərabəlik anası ağrı çəkib, şər doğur; Xeyir oyanmır hələ, bu da bir inqilabdır. Şəhriyar.
Ağrı tutmaq –
1) ağrı başlamaq;
2) hamilə qadınlarda və ya heyvanlarda: doğmağa yaxın bərk ağrı və sancı başlamaq.
Ağrım ürəyinə – qarğış və nifrin bildirən ifadə.
[Bədircahan:] Ağrım xanın ürəyinə, xan gələndə dünya qopmayacaqdır ki… N.Vəzirov.
Ağrın mənə gəlsin – bax
ağrın(ı) alım (ağrın ürəyimə).
Ağrın(ı) alım (ağrın ürəyimə) – birinə mehribançılıqla xitab, müraciət və ya oxşayıb əzizləmə zamanı işlənən ifadədir.
Ağrın alım, mənim bağrım çatdadı; Arzum bu dağdaşı qatıb qatdadı… Şəhriyar.
[Qızyetər:] Sizciyəz sağ olun, ay ağrın alım; Bircə Xanlarımdır dövlətim, malım. S.Vurğun.