"Azərbaycan" (azərb. آذربایجان) — Təbrizdə Azərbaycan və fars dillərində nəşr edilmiş satirik jurnal.[1]
Azərbaycan | |
---|---|
azərb. آذربایجان | |
| |
Baş redaktor | Əliqulu Səfərov |
Növ | satirik jurnal |
Təsisçi | Mirzə Ağa Billuri |
Təsis tarixi | 6 dekabr 1906 |
Ölkə | |
Qərargah | Təbriz, Qacar İranı |
Dil | türk və fars dilləri |
Səhifə | 8 |
Qiymət | 4 şahi |
Vikianbarda əlaqəli mediafayllar |
"Azərbaycan" jurnalının birinci nömrəsi 1906-cı il dekabrın 6-da çıxmışdır. Jurnal "Molla Nəsrəddin" ənənələrini davam etdirən məcmuələrdən biri olub. M. S. Ordubadi yazır:
Səttar xan "Azərbaycan" jurnalının birinci nömrəsini gördükdə: "Bu gün Azərbaycan xalqının milli bayramıdır" demiş və ağlamışdı". |
Həqiqətən də jurnalın nəşri və fəaliyyəti bilavasitə Səttar xanın adı ilə bağlıdır. Həmin jurnal 1907-ci ilin sentyabrınadək davam etmiş və İran Azərbaycanının "Molla Nəsrəddin"i adını qazanmışdı.[1]
Jurnal öz üslubu və demokratik görüşləri ilə "Molla Nəsrəddin"ə bənzəyirdi. Hətta birinci nömrədə "Azərbaycan" jurnalı Molla Nəsrəddinin şəkli ilə İran Azərbaycanını təmsil edən Hacı Babanın bir yerdə şəklini vermişdi:
Molla Nəsrəddin gülümsər nəzərlərini İran Azərbaycanı "molla"sına dikərək şirin-şirin danışır, İran Azərbaycanı "molla"sı isə ona diqqətlə qulaq asır. |
"Azərbaycan" jurnalında tez-tez "Molla Nəsrəddin"dən karikaturalar və materiallarına uyğun yazı və şəkillər verilirdi. Jurnalda "Molla Nəsrəddinə cavab" adlı satirik şeir dərc olunmuşdu. Şeir Sabir satirasının təsiri ilə yazılmışdır:
dindara dolaşma…
Bu hiyləgərə, sahiri qəddara sataşma,
məkkara dolaşma…Jurnalın nəsrlə yazılmış felyetonlarında da, xəbər, teleqram və s. yazılarında da "Molla Nəsrəddin" müəlliflərinin qüvvətli təsiri olub.
Jurnalın 3-cü nömrəsində verilən şəkildə tiryəkxana təsvir olunur. 5–6 nəfər tiryəkçinin qarşısında manqal, dəm çaydanları vardır. Onlar tiryəkin təsirindən xumarlanmışlar. Bu karikatura İran Azərbaycanında çoxlarının həyatını fəaliyyətindən qoyan, süstləşdirən tiryək əleyhinə kəskin hücumdur. Həmin karikaturadakı demokratik fikirlərə jurnalın nəsr və nəzmlə yazılmış felyetonlarında da rast gəlmək olur. Məsələn,"Hərrac və yəğma" adlı felyetonda İrandakı acınacaqlı vəziyyət təsvir olunur və bu vəziyyətin nə vaxt düzələcəyi soruşulur. Həmin felyeton "Molla Nəsrəddin" jurnalında gedən "Sual və cavab" felyetonunun təsiri ilə yazılmışdır.[1]
İran Azərbaycanında kəndlilərin mülkədarlar tərəfindən istismar olunduğu jurnalın birinci nömrəsində verilmiş bir karikaturada aydın əks etdirilmişdir. "Ərbab və rəncbər" adlanan bu karikaturada boynuyoğun və şişman bir mülkədar təsvir olunur. Onun qarşısında cırcındır içərisində kəndli öz ailəsi ilə dayanmışdır. Balaca uşaq əlini ağzına apararaq ac olduğunu bildirir, mülkədarla kəndlinin arasında buğda təpəcikləri vardır. Böyüyün üstünə "ərbabın payı", kiçiyinin üstünə "rəncbərin payı" yazılmışdır. Kəndli əli ilə taxıla işarə edib az olduğunu bildirir. Mülkədar isə qəzəbli baxışlarla az qala kəndlini parçalamağa hazırlaşır. Karikatura kəndlilərin acınacaqlı vəziyyətini aydın göstərirdi.
Sabirin "Ölkənizə şüməndəfer yol tapa bildi, gəldimi?" misrasına cavab olaraq İran Azərbaycanı şairi eyni vəzn və üslubla cavab verirdi ki, "bizlərə bu şəməndəfil, doğrusu, işə gəlmədi, səndə ki, yoxdur hövsələ, dinmə, danışma səbir elə".[1]
Jurnalın redaktoru Əliqulu Səfərov Təbrizin qabaqcıl ziyalılarından idi. Məhəmmədəli Tərbiyət "Daneşməndane Azərbaycan" kitabında Ə. Səfərovun şəxsiyyəti və fəaliyyəti haqqında danışaraq göstərir ki, o, "Şəbnamə," "Ehtiyac" və "İqbal" qəzetlərinin redaktoru və naşiri olmuşdur. Ə. Səfərovun Mirzə Cəlillə şəxsi dostluğu var idi.
Jurnalın Ə. Səfərovdan başqa əsas mühərrirləri Xazim və Sərraf idi. Təbrizin ardınca "Molla Nəsrəddin" cəbhəsinə Bakı ziyalıları qoşuldu.[1][1]
Səttarxanın rəhbərliyi ilə inqilabi hərəkat genişləndikcə "Azərbaycan" jurnalının səhifələrində məzmunca daha dolğun və geniş yazılar dərc olunurdu. Məsələn, ikinci nömrənin baş məqaləsində Rusiyada baş vermiş inqilabi hərakatdan və rus-yapon müharibəsindən bəhs olunur. Jurnal oxucularının nəzərinə çatdırdı ki, İran mütləqiyyətindən daha qüvvətli olan rus çarizmini zəhmetkeş kütlə sarsıda bilmişdir. İran mütləqiyyətini də sarsıtmaq olar.
"Azərbaycan" jurnalının belə fəaliyyəti yerli mürtəcelərin və İran hakimlərinin diqqətini cəlb etdi. Onlar jurnalın bağlanması üçün əllərindən gələni etdilər. İnqilab 1907-ci ilin avqust-sentyabr aylarında böyük təhlükə qarşısında qalarkən jurnal da ağır vəziyyətə düşdü. 1907-ci ilin sentyabrında 21-ci nömrədən sonra bağlandı. Ömrünün çox az olmasına baxmayaraq "Azərbaycan" jurnalı İran Azərbaycanı ədəbiyyatı və mətbuatı tarixini öyrənmək üçün böyük əhəmiyyətə malikdir.[1]