Göytürk xaqanlığı (q.türk 𐱅𐰇𐰼𐰰, translit. Türük) və ya Türk xaqanlığı (q.türk 𐰜𐰇𐰛:𐱅𐰇𐰼𐰰, translit. Kök Türük; çin. ənən. 突厥汗国, pinyin: Tūjué hánguó) — 552–744-cü illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında Türük,[9][10] Kök Türük[9][10] və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük,[11] Tonyukuk yazılarında isə Türk[12][13] şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tukyu (çin. 突厥) şəklində bəhs olunur.
Xaqanlıq | |||
Göytürk xaqanlığı | |||
---|---|---|---|
Türk xanlïqï / | |||
|
|||
|
|||
|
|||
Paytaxt | Suyab | ||
Rəsmi dilləri | Qədim türk dili[1][2][3] | ||
Dövlət dini | Tanrıçılıq[4][5][6] | ||
Ərazisi | 13,000,000 km² [7] | ||
İdarəetmə forması | Qurultay[8] | ||
Vikianbarda əlaqəli mediafayllar |
Türk xaqanlığının banisləri Bumın və İstəmi qardaşları olmuşdur. Şimali Krım və Qafqaz da daxil olmaqla Çin ərazilərindən Bizans imperiyasınadək torpaqlar Türk xaqanlığına daxil idi. Xaqanlığın mərkəzi Orxon çayı (Monqolustan) hövzəsində yerləşirdi. VIII əsrin əvvəllərində Türk xaqanlığı bir-biri ilə savaşmağa başlayan Qərbi Türk xaqanlığına və Şərqi Türk xaqanlığına parçalandı. Qərbi Türk xaqanlığı qüdrətli dövlətə çevrildi. Sasanilər və Bizans imperiyaları onunla hesablaşmağa və ittifaqa girməyə çalışırdılar. Qərbi Türk xaqanlığı İstəminin oğlu Datou xaqanın hakimiyyəti illərində özünün ən yüksək çiçəklənmə dövrünə çatdı. O, Qara dənizin şimal sahili çöllərində uğurlu müharibələr aparır, Sasanilərə qarşı müharibədə Bizans imperiyasına kömək edirdi. Şərqi Türküstana yürüşə çıxan Datou onu tutub öz ərazilərinə birləşdirdi. 634-cü ildə Qərbi Türk xaqanlığında inzibati islahat keçirildi və o, on "ox"a (hissəyə) bölündü. Hərbi yürüşlərdən əldə edilən çoxlu qənimət, tabe olunmuş tayfalardan alınan xərac, xaqanlığın ərazisindəki karvan yollarından götürülən gömrük gəliri onu kifayət qədər zəngin dövlətə çevirdi. Arxeoloqlar türk əyanlarının qəbirlərindən qızıl və gümüş silah və bəzək əşyaları, çox sayda çeşidli at yüyənləri 389 aşkar etmişlər. Döyüşçülərin şərəfinə kvadrat formalı, daşla əhatəli xırda anma "məbəd"ləri inşa edilirdi. Dairənin içərisində ölmüş döyüşçünü təsvir edən heykəl, runa yazılı stelalar və onun öldürdüyü düşmənləri bildirən otuz-qırx dənə qaya parçası qoyarmışlar. 639-cu ildə Qərbi Türk xaqanlığı Dulu və Nuşibi adı ilə iki yerə parçalandı. Zəifləmiş Qərbi Türk xaqanlığının Asiyadakı torpaqları tezliklə ərəblər tərəfindən zəbt olundu. Qərbi Türk xaqanlığının yerini Xəzər xaqanlığı tutdu. Şərqi Türk xaqanlığı 745-ci ildə uyğurlar tərəfindən darmadağın edildi.
Türk sözünə ilk dəfə Göytürklər dönəminə aid Orxon abidələrində rast gəlinmişdir. Göytürk xaqanlığı həmçinin adında Türk sözü işlənən ilk dövlətdir.[14][15] Dövlətin qurucusu və ilk öndəri Bumın xaqandır. Bumın xaqanın qardaşı İstəmi yabqu ölkənin qərb qolunu idarə edirdi. Göytürk xaqanlığı Çin, Sasani və Bizans ilə hərbi, siyasi və iqtisadi əlaqələr qurmuşdu.
Göytürk xaqanlığı tarixdə ilk dəfə adında türk sözünü işlədən dövlət olduğu üçün mühüm önəmə sahibdir. Adının mənası ilə bağlı müxtəlif mübahisələr vardır. Göytürk xaqanlığı haqqında yazılı mənbələrdə barəsində Türk xaqanlığı olaraq bəhs edilir. Göytürk sözünün isə Orxon abidələrindəki Ökük Türük sözündən törədiyi və tələffüzünün sadələşdirilməsi üçün Göytürk şəklində qəbul olunduğu iddia olunur. Göytürk sözündəki ilk hissəciyinin gök və ya ökük olaraq qəbul edilməsi ilə müvafiq olaraq səmavi və ya dini məna daşıdığı ehtimal olunur. Türk sözünün mənası ilə bağlı da bir sıra variantlar vardır. Türk sözünə yaxın ifadələrə Qədim Roma və Çin mənbələrində rast gəlinir. I əsrdə Pomponi Mela və Böyük Plini Azovun şərqində yaşayan insanlardan Turcae/Tyrcae olaraq bəhs edir.[16][17][18][19][20][21][22] Çin mənbələrində T’ieh-lê, T’u-cüeh, Ting-ling şəklində istifadə olunan ifadələrin də Türk sözünü bildirdiyi düşünülür.[23] Orxon abidələrində isə türk () və ya türük () olaraq xatırlanır. X əsrə aid uyğur yazılarında türk sözü "güc", "qüvvə" mənasında işlənilir. A. Vemberiyə görə türk sözü törəmək sözü ilə eynimənalı olub törəyən, çoxalan mənasına gəlir. Ziya Göyalpa görə türk sözü törəli sözü ilə eynimənalı olub qanun sahibi mənasına gəlir. Mahmud Kaşğari isə türk adının türklərə Tanrı tərəfindən verildiyini qeyd edərək, sözün "gənclik", "qüvvə", "qüdrət" və ya "yetkinlik" mənalarında işləndiyini bildirir.
Türk tarixi XIV əsrə qədər | |||||||
---|---|---|---|---|---|---|---|
Göytürk xaqanlığı 552–744 | |||||||
Qərbi Göytürk | |||||||
Şərqi Göytürk | |||||||
Avar xaqanlığı 564–804 | |||||||
Xəzər xaqanlığı 618–1048 | |||||||
Böyük Bolqar xanlığı 632–668 | |||||||
Dunay Bolqariyası | |||||||
İdil Bolqariyası | |||||||
Türkeş xaqanlığı 699–766 | |||||||
Uyğur xaqanlığı 744–840 | |||||||
Qaraxanlılar dövləti 840–1212 | |||||||
Qərbi Qaraxanlılar | |||||||
Şərqi Qaraxanlılar | |||||||
Peçeneq xaqanlığı 860–1091 |
Kimək xaqanlığı 743–1035 | ||||||
Dəşt-i Qıpçaq 1067–1239 |
Oğuz dövləti 750–1055 | ||||||
Şato sülalələri 923–979 | |||||||
Sonrakı Tan | |||||||
Sonrakı Tszin | |||||||
Sonrakı Xan (Şimali Xan) | |||||||
Qəznəvilər dövləti 963–1186 | |||||||
Böyük Səlcuq İmperiyası 1037–1194 | |||||||
Xarəzmşahlar dövləti 1077–1231 | |||||||
Rum sultanlığı 1092–1307 | |||||||
Dehli sultanlığı 1206–1526 | |||||||
Müəzzilər sülaləsi | |||||||
Xələclər sülaləsi | |||||||
Tuğluqoğulları sülaləsi | |||||||
Məmlük dövləti 1250–1517 | |||||||
Bəhri sülaləsi | |||||||
Digər türk sülalələri
Anadoluda | |||||||
Bumın xaqan Aşina soyuna mənsubdu.[q 1] Aşina soyu Bumının idarəsi altında ticarət məqsədilə Çinə doğru irəlilədi. Bu dövrdə bölgədə önəmli hərbi-siyasi güc olan Topa dövləti zəifləmiş, bir-biri ilə mübarizə aparan Şərqi Topa və Qərbi Topaya bölünmüşdü. Qərbi Topa dövləti düşmən münasibətdə olduğu Şərqi Topa və Jujanların təzyiqləri səbəbi ilə Aşina soyu ilə yaxınlaşmağa çalışırdı. Bumın 546-cı ildə ticarət əlaqələrini gücləndirmək məqsədilə Qərbi Topaya elçi göndərdi. Bumın xaqan 546-cı ildə teles tayfasının jujanlara qarşı üsyanından istifadə etməyi qərara aldı. O, jujan xanı Anaxuanın yanına elçi göndərib şahzadə qızını ona ərə verməsini istədi. O, əvvəlcədən bilirdi ki, jujan xanı öz vassalına[24][25] qız verməyəcək və onu cəzalandırmaq fikrinə düşəcəkdir. Belə də olmuş və Anaxuan elçiyə "Siz mənim filiz əridənimsiz, belə bir şeyə necə cürət edirsiz?" şəklində cavab vermişdi.[26][27][28][29][30] Bundan sonra Bumın Qərbi Topa dövlətinin hökmdarından qızını istədi. Çətin vəziyyətdə olan Qərbi Topa dövlətinin hökmdarı Bumının bu təklifini qəbul etdi.[26][27][28] 552-ci ildə Bumın Qərbi Topa ilə qüvvələrini birləşdirdikdən sonra Jujanların üzərinə hücum edərək onları məğlub etmişdi.[31][32][33][34] Bu hadisədən sonra o, öz dövlətini elan edir və bu tarix Göytürk xaqanlığının qurulma tarixi olaraq qəbul olunur.[35][36] Bumın xaqan 552-ci ildə öldü. Ondan sonra dövlətin şərq qoluna oğlu Qara İssıq xaqan, qərb qoluna isə İstəmi yabqu başçılıq etmişdir.[37][38] İstəmi yabqu de-fakto hakimiyyətə malik olsa da özünü xaqan elan etmədi.
Qara İssıq xaqanın[40] hakimiyyəti qısamüddətli oldu. Bu qısa müddət ərzində Jujan dövləti dağıldıqdan sonra onun torpaqları, Göytürk xaqanlığına tabe oldu. Jujanların bir qismi Topa dövlətinin çöllərinə, bir qismi isə qərbə irəliləyərək bölgədəki dövlətlərə sığındılar. Göytürklər və Topa dövləti arasında olan razılaşmaya görə oraya sığınan jujanlar geri qaytarıldı və onlar 555-ci ildə öldürüldülər.[41] Bundan sonra Göytürklərin hücum istiqaməti indiki Tibet və Monqolustanın ətrafına yönəldi. Buna baxmayaraq Qara İssıq xaqan daha çox irəliləyə bilmədi və öldü.
Muğan xaqanın[42] hakimiyyəti uzun müddət davam etdi. Onun hakimiyyəti illəri Göytürk xaqanlığının yüksəlişi dövrüdür. Muğan xaqanın dövründə Göytürklər Qərbi Topa ilə ittifaqa davam edərək torpaqlarını genişləndirdi. Qərbi Topa dövləti 557-ci ildə dağıldıqdan sonra onun torpaqları da Göytürk xaqanlığının tərkibinə qatıldı.[43]
Muğan xaqan güclənməyə çalışan jujanların üzərinə hücum etdi. Məğlub olan jujanlar Çinə sığındı, amma Göytürklər və Çin arasında olan əlaqələr səbəbindən jujanlar geri qaytarıldı. Göytürklər jujanlardan geriyə qalanları da öldürərək dövləti onların qalıntılarından xilas etdi.[44]
Muğan xaqan jujanlardan sonra Şərqi Kitayları da məğlub edərək ərazilərini genişləndirdi və kitaylar Koreyaya köç etməyə məcbur oldular. Daha sonra şimalda yaşayan qırğızlar və digər dağınıq halda yaşayan boyları da tabe etdikdən sonra bozqırlarda hakimiyyətini möhkəmləndirir.[45]
Muğan xaqan dövlətin şərq hissəsini idarə edirdi. Şərqdəki yüksəlmə ilə eyni zamanda İstəmi yabqunun idarəsi altında olan qərb də sürətlə yüksəlib ərazilərini genişləndirdi. İstəmi yabqu Altay dağlarının qərbini, İsıkgöl və Tanrı dağlarına (indiki Tyan-Şan) qədər olan ərazini özünə tabe etmişdi. İstəmi yabqunun qərbdə ərazilərini genişləndirməsi səbəbi ilə Sasanilər və Bizansla əlaqələr yaranmışdı.[46] İpək yoluna nəzarət etmək üçün Göytürklər Sasanilərlə yaxşı münasibətlər qurmuşdu. İstəmi yabqu Sasanilərlə birləşərək digər bir türk dövləti olan Ağ Hunları məğlub etdi. Ağ Hun dövlətinin torpaqları Göytürklər və Sasanilər arasında bölüşdürüldü.[47]
Sasanilərlə olan yaxşı münasibətlər İpək yolu uğrunda mübarizə səbəbindən pisləşməyə başladı. İstəmi yabqu Sasanilərə qarşı Bizans ilə əlaqələr qurmağa başladı. Bizans İpək yolu ticarətinin Sasanilərin vasitəçiliyi ilə aparılmasından məmnun olmadığına görə İstəmi yabqu ilə ittifaq qurdu.[48] Bu ittifaqdan sonra 19 il davam edəcək Bizans-Sasani müharibələri başladı. Bu müharibələr Sasanilərə ağır zərbə vurdu və daha sonralar ərəblərin ölkəni işğal etməsini asanlaşdırdı.
Muğan xaqanın dövründə Çində ara müharibələri şiddətlənmişdi. Ara müharibələri səbəbindən zəifləyən Çin Göytürklərin dəstəyini qazanmaq və onların qarətçi hücumlarını dayandırmaq məqsədilə Muğan xaqana hədiyyələrlə elçi göndərmişdi. Bundan sonra Muğan xaqan tez-tez Çinə elçilər göndərdi. Hər dəfə Çindən qayıdan elçilərin hədiyyələrlə dönməsi bu işin getdikcə ənənəyə çevrilməsinə səbəb oldu.[49]
Muğan xaqan 572-ci ildə öldü və yerinə qardaşı Taspar xaqan keçdi.[50]
Taspar xaqan[51][52] qardaşı Muğan xaqan kimi Çinlə yaxşı əlaqələr qurmağa və Çindəki daxili qarışıqlıqdan istifadə etməyə çalışdı. Çindən gələn hədiyyələrdən sonra iki dövlət arasında ticarət əlaqələri inkişaf etməyə başladı. Ticarət əlaqələrinin dərinləşməsi, rahat həyat tərzinə uyğunlaşma türk topluluqları arasında Çin mədəniyyətinin yayılmasına səbəb oldu. Hətta çinli missionerlərin fəaliyyəti nəticəsində Taspar xaqan Buddizmi qəbul etmişdi.[53][54] Taspar xaqan ikiyə bölünmüş Çinin hissələri ilə (qərbdə Tsi; şərqdə Çou) balanslı siyasət qurmağa çalışsa da buna nail olmamışdır. 577-ci ildə Çou ilə Tsi arasında müharibə başladı. Nəticədə Çou Tsini məğlub edərək torpaqlarını özünə tabe etdi. Bundan sonra Göytürk xaqanlığı ilə Çou arasında münasibətlər pozuldu. Taspar xaqan ordusu ilə Çinə doğru irəliləyərək Pekin və ətrafını qarət etdi.
Taspar xaqan da dövlətin şərq bölgəsini idarə edirdi. Qərbi idarə edən İstəmi yabqu əslində Taspar xaqana tabe olsa da müstəqil hərəkət edirdi. İstəmi yabqu 576-cı ildə öldükdən sonra yerinə oğlu Tardu keçdi. Bundan sonra Taspar xaqanın hakimiyyəti zəifləməyə başladı. Taspar xaqan Çinlə yaxşı münasibətlər qurmağı bacarmadı və Göytürk xaqanlığı zəifləməyə başladı. Taspar xaqan ona tabe olan dövlətin şərq qolunu da iki hissəyə ayıraraq ona tabe olmaq şərti ilə qardaşı Kolonun oğlu İşbaranı şərqə, kiçik qardaşı Jotanı isə qərbə hakim təyin etdi.
Taspar xaqanla Çin arasındakı anlaşmazlıqlar hər iki dövlətin daxili işlərinə ciddi təsir göstərdi. Çində Suy sülaləsi fürsətdən istifadə edərək hakimiyyəti ələ keçirdi. Bundan sonra Çində birlik yarandı.
581-ci ildə Taspar xaqan öldü.[54] Onun ölümündən sonra kimin xaqan olması uğrunda Göytürk vətəndaş müharibəsi başladı. Taspar xaqan ölümündən əvvəl hakimiyyəti Muğan xaqanın oğlu Apaya vəsiyyət etsə də, qurultay Apanın hüququ olmadığına görə Taspar xaqanın oğlu Amrakı[40] yeni xaqan seçdi. Buna baxmayaraq elə həmin il Amrak xaqan İşbara xaqanın lehinə hakimiyyətdən əl çəkdi.
İşbara xaqan hakimiyyətə keçdiyi dövrdə Göytürk xaqanlığında ara müharibələri şiddətlənmiş və dövlət zəifləmişdi. Dövlətin qərb qolunu idarə edən Tardu artıq şərqin hakimiyyətini qəbul etməyərək müstəqil siyasət yeritməyə çalışırdı. Çindəki Suy sülaləsi Göytürk xaqanlığının şərq və qərb qolu arasındakı anlaşmazlıqlardan istifadə edərək Tarduya elçilər göndərdi. Çin türk tacirlərini ölkəsindən çıxardı. Bu hadisə Göytürk xaqanlığının şərq qolunun vəziyyətini daha da pisləşdirdi. Qıtlıq və yoxsulluq baş qaldırdı. Bu səbəbdən şərqdə yaşayan boyların bir qismi qərbə köçdü.
Suy sülaləsinin də dəstəyi nəticəsində Tardu İşbara xaqanın hakimiyyətini tanımadığını elan etdi. Bu hadisədən sonra Göytürk xaqanlığı faktiki olaraq Şərqi Göytürk və Qərbi Göytürk xaqanlıqlarına parçalandı. İşbara xaqanın hakimiyyətində dövlətin yanlız şərq əraziləri qaldı.
Birinci Göytürk xaqanlığının ikiyə parçalanmasından sonra meydana gələn Şərqi Göytürk xaqanlığı türk tarixində önəmli bir yerə sahibdir. Mədəni və sosial cəhətdən Hunların dövrünə görə daha sürətlə inkişaf edən türk topluluqları tutduqları geniş ərazilərə yayılaraq sonradan qurulacaq türk dövlətləri üçün zəmin yaratmışlar. Şərqi Göytürk xaqanlığının süqutundan sonra meydana gələn türk dövlətləri türklərin varlığı və mədəniyyətini Avropaya qədər yaymışdır. Birinci Göytürk xaqanlığı ikiyə parçalanmasına və Çinin təzyiqlərinə baxmayaraq Şərqi Göytürk xaqanlığı varlığını davam etdirməyə çalışmışdır.
585-ci ildə artan üsyanlar və xarici təzyiqlər nəticəsində İşbara xaqan Çin hakimiyyətini qəbul etmiş və Çindən kömək istəmişdir. Şərqi Göytürk xaqanlığını hakimiyyəti altına alan Çinin əsl məqsədi Çin üçün təhlükə olan türklər də daxil olmaqla bütün Mərkəzi Asiya xalqlarını çinliləşdirmək idi. Bu səbəbdən Çin Şərqi Göytürkləri çincə danışmağa, çinlilər kimi geyinməyə və çin adətlərini qəbul etməyə məcbur etmişdir. Bu səbəbdən İşbara xaqan bu mövzu haqqında 585-ci ildə Çin imperatoruna məktub yazmışdır. İşbara xaqan Çin imperatoruna yazdığı məktubda belə demişdir: "Sizə tabe olacaq, xərac verəcək, qiymətli atlar hədiyyə edəcəyəm. Lakin dilimizi dəyişdirə bilmərəm. Uzun saçlarımızı kəsdirə bilmərəm. Xalqıma Çin geyimləri geydirə bilmərəm. Adətlərinizi, qanunlarınızı qəbul edə bilmərəm. Çünki bu mövzuda bütün millətim, həssaslıqla döyünən tək bir ürəkdir."
Tarduya qarşı mübarizə edə bilməyəcəyini görən İşbara xaqan imperator Yanq Cianın vassalı olmağı qəbul etdi. Taxtı qardaşı Bağa xaqana verərək çəkildi.[55] Elə həmin il də öldü.
Bağa xaqan[40] cəmi iki il hakimiyyətdə qala bildi. İşbara xaqanın dövründə olan problemlərin davamı olaraq vəziyyət daha da pisləşdi. Bu səbəbdən türk boyları üsyana başladı. Bağa xaqanın yeganə güc mənbəyi olan türk topluluqları ardıcıl baş verən köçlərlə daha da zəiflədi. Bağa xaqandan sonra Tulan xaqan hakimiyyətə keçdi.
Tulan xaqanın hakimiyyəti illərində problemlər daha da şiddətləndi. Hakimiyyətdə olduğu müddət ərzində ölkəni bu problemlərdən xilas edə bilmədi. Tulan xaqan Qərbi Göytürk xaqanı Tardu ilə ittifaq quraraq Çinə yürüş etdi. Çin onları məğlub etdi[56] və Tulan xaqan öldürüldü. Onun yerinə qardaşı Yami keçdi. Yami xaqan Çindən asılılığı qəbul etdi. Tulan xaqanın ölməsi ilə Göytürk xaqanlığının parçalanması tam şəkildə rəsmiləşdi.
Yami xaqan[57][58][59] Göytürk xaqanlığı rəsmən parçalanandan sonra hakimiyyətə keçən ilk xaqandır. Onun hakimiyyəti illərində Çinin Şərqi və Qərbi Göytürk xaqanlıqlarına olan təzyiqi getdikcə artdı. Çin Göytürklərin şahzadələri arasında olan narazılıqları gücləndirərək nüfuzunu artırmağa çalışırdı. Yami xaqanın həyat yoldaşı Suy sülaləsindən olan şahzadə An idi.[60]
Qərbi Göytürk xaqanı Tardu əvvəlcə Çinlə yaxşı münasibətdə idi. Tardu xaqan Şərqi Göytürk xaqanlığını da özünə tabe etməyə çalışdıqdan sonra Çinlə bu münasibətlər pozuldu. Çin Yami xaqandan Tardu xaqana qarşı istifadə etməyə çalışdı. Yami xaqan Çindən asılılığı qəbul etmiş, hətta İşbara xaqanın qəbul etmədiyi mədəni cəhətdən çinliləşməyə göz yummuşdu. Yami xaqanın hakimiyyəti illərində Şərqi Göytürk xaqanlığı zəiflədi. 609-cu ildə Yami xaqan öldükdən sonra yerinə oğlu Şibi hakimiyyətə keçdi.[60]
Şibi xaqan[61] Şərqi Göytürk xaqanlığının süqutunu dayandırmağı bacardı. Atası kimi o da çinli şahzadə ilə evli idi, amma o, Çinin beşinci kolonna fəaliyyətinə icazə vermədi. Hakimiyyətinin ilk illərində ara müharibələrinə diqqətini artıraraq onların qarşısını aldı. Qısa müddətdə qərbdə Tibetdən şərqdə Amura qədər olan bölgəni özünə tabe etdi.
Şibi xaqan Çinlə yaxşı münasibətlər qurmağa çalışmadı. Bölgədəki varlığını davam etdirə bilmək üçün Çinə qarşı çıxaraq mübarizə aparmaq siyasətini yeritdi. Qərbi Göytürk xaqanlığının xaqanı olan Taman Çinlə yaxınlaşaraq oraya köçmüşdü. Şibi xaqan Tamanın Çinlə yaxın münasibətlər qurmasından məmnun olmadı. Şibi xaqan məsələyə qarışaraq Tamanı Çinin əlindən aldı və öldürdü.
Çin Şərqi Göytürk xaqanlığının güclənməsindən məmnun deyildi. Çin daha əvvəllər Göytürk şahzadələri arasında münaqişə yaradaraq xaqanlığı zəiflətməyə nail olmuşdu. Bu dəfə də Şibi xaqanın qardaşı olan Çiki Şada xaqanlıq təklif olundu. Buna baxmayaraq Çiki Şad bu təklifi qəbul etmədi və onunla evlənməsi üçün göndərilən çinli şahzadəni geri qaytardı. Bu uğursuzluqdan sonra Çin Şibi xaqanın sərkərdələrində birini öldürdü. Çin sərkərdənin cəsədini Göytürklərə göndərdi və onun Çinlə əlaqə qurmağa çalışdığını, amma Göytürklərlə olan dostluq əlaqələri səbəbindən öldürüldüyünü bildirdi. Bu yolla Şibi xaqanın sərkərdələrinə qarşı olan etimadını sarsmağa çalışan Çin yenə də uğur qazanmadı. Şibi xaqan Çinə göndərilən xəracı dayandırdı və müharibə hazırlıqlarına başladı.
Şibi xaqan Çin imperatorunun ölkəsinin şimal bölgəsinə gedəcəyi xəbərini aldıqdan sonra onu ələ keçirmək üçün hərəkətə keçdi. Bu dövrdə Çində vətəndaş müharibəsi şiddətlənmişdi. 616-cı ilə qədər davam edən müharibə bir nəticə vermədi. 617-ci ildə Çin imperiyası dağıldı. Şibi xaqan Çinə yürüş edərkən xəstələnərək öldü. Bu vəziyyətdən Li Yuan istifadə etdi və Tan sülaləsinin əsasını qoydu.[62][63]
Şibi xaqanın 619-cu ildə ölməsindən sonra yerinə qardaşı Çula keçdi.
Çula xaqan hakimiyyəti illərində qardaşı Şibi xaqanın siyasətini davam etdirdi. Çula xaqanın hakimiyyəti illərində Çində vətəndaş müharibəsi davam edirdi. O, Suy sülaləsindən olan iddiaçıları Li Yuana qarşı müdafiə edirdi. Bu siyasəti yeritməklə Çində olan qarışıqlığı daha da artırmağa çalışırdı. Çula xaqan da çinli şahzadə ilə evli idi. Onun hakimiyyəti uzun müddət davam etmədi. Çula xaqan 621-ci ildə xəstələnərək öldü.[64] Ondan sonra qardaşı İllig hakimiyyətə keçdi.
İllig xaqan[65] da Şibi xaqan və Çula xaqanın Çinə qarşı olan sərt siyasətini davam etdirdi. Hər nə qədər hücum siyasəti aparsa da onun dövründə Şərqi Göytürklər ən zəif dövrünə qədəm qoydu. Çinə qarşı təşkil etdiyi nizamsız müharibələrdə uğur qazana bilmədi və hakimiyyəti getdikcə zəiflədi. Göytürklərə tabe olan xalqlar bu zəifləmədən istifadə etməyə çalışaraq üsyan qaldırdılar. Seyanto xanı İncu xanın başçılıq etdiyi üsyan onu Tan sülaləsi qarşısında köməksiz qoydu. Çinə etdiyi uğursuz yürüşdə məğlub olduqdan sonra əsir düşdü və 4 ildən sonra öldü. 630-cu ildə İllig xaqanın ölümü, həm də Şərqi Göytürk xaqanlığının süqutuna səbəb oldu.[66]
İllig xaqanın ölümündən sonra Şərqi Göytürk xaqanlığı süqut etmişdi və Şərqi Göytürklər Çindən asılı hala düşərək bölgəyə səpələnmişdi.[66] Göytürk şahzadələrinə Çində vəzifələr verilərək onları assimilyasiya etməyə çalışırdılar. Aşina Cieşeşuay Şərqi Göytürk xaqanı olmuş Şibi xaqanın oğlu idi və Çində yüksək hərbi vəzifəyə gətirilmişdi. Aşina Cieşeşuay 639-cu ildə Çin imperatorunu əsir götürmək planı hazırladı. Qardaşı Tölis xaqanın oğlu Aşina Holoku və 40 nəfərlik qrupla bu planı yerinə yetirməyə çalışdı. Planın həyata keçiriləcəyi gün fırtına olduğundan imperator saraydan çıxmadı. Aşina Cieşeşuay və ətrafındakılar Çin imperatorunun sarayına hücum etdilər. Uzun müddət döyüşsələr də uğur qazana bilmirlər və sarayın atlarını oğurlayaraq Vey çayını keçdilər.[67][68] Onların çoxu Çin ordusu tərəfindən öldürüldü.
Üsyanda nəzərdə tutulan nəticə əldə olunmasa da, üsyan Çin imperatorunu qorxutduğu üçün xaqanlığı bərpa etmək qərarına gəldi. Bu dövrdə hakimiyyətə keçirilən xaqanlar Çin dövlətinə tabe idi və Jimi sistemi xaqanları kimi tanınır. Jimi sistemi xaqanlarına ardıcıl olaraq Kilibi xaqan, Çebi xaqan, Aşina Nişufu və Aşina Funian daxildi. İlteriş xaqan İkinci Göytürk xaqanlığını qurana qədər onlar, Şərqi Göytürklər Çindən asılı qaldılar.
Tardu xaqan müstəqilliyini elan etdikdən sonra özünə tabe olan əraziləri genişləndirərək hakimiyyətini gücləndirdi. Qərbi Göytürk xaqanlığının sərhədləri Qərbi Tibetdən Krıma qədər genişlənmişdi. Tardu xaqan Bizansla müharibələrdə zəifləyən Sasanilərlə mübarizəsi nəticəsində hətta bu dövlətin daxili işlərinə qarışa bilirdi. Tardu xaqan hakimiyyətini möhkəmləndirdikdən sonra əsas məqsədi Şərqi Göytürk xaqanlığını da özünə tabe etmək və Çini təzyiq altında saxlamaqdı. Tardu xaqan məqsədini həyata keçirmək üçün Çinə qarşı yürüşə başladı, lakin məğlub oldu. Bu məğlubiyyətdən sonra Tardu xaqan zəiflədi. Tardu xaqanın ölümündən sonra hakimiyyətə oğlu Taman xaqan keçmişdi.
Taman xaqan Tardu xaqandan sonra hakimiyyətə keçmişdi. Taman xaqan Tardu xaqanın əksinə olaraq Çinlə yaxşı münasibətlər qurmağa çalışmışdı. Taman xaqan hakimiyyətə kiçik yaşlarında keçmişdi və onun kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. Daha sonra 610-cu ildə Taman xaqana qarşı üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy yeni xaqan elan olundu. Taman xaqan Çinə qaçdı. Bu vəziyyətdən narahat olan Şərqi Göytürk xaqanlığının hökmdarı Şibi xaqan Taman xaqanı Çindən aldı və öldürdü. Taman xaqanın hakimiyyəti illəri Qərbi Göytürk xaqanlığının zəifləyərək dağılmağa başladığı dövrün başlanğıcı hesab olunur.
Şekuy xaqan[69] Taman xaqandan sonra hakimiyyətə keçdi, amma onun dövrü ciddi bir hadisə ilə yadda qalmadı. Qısa müddətli hakimiyyətində Taman xaqanın dövründə artan Çin təsirindən qurtula bilməsə də, Çinlə münasibətlərdən uzaq qalmağa çalışmışdı. Hakimiyyəti illərində Şibi xaqanla müharibələr apardı. Şekuy xaqan 618-ci ildə öldü.
Tonq Yabqu xaqan Tardu xaqanın kiçik nəvəsi idi. Tonq Yabqu xaqanın hakimiyyəti illərində Qərbi Göytürk xaqanlığı Çində baş verən daxili münaqişələr nəticəsində müstəqil siyasət yürütməyə başlamışdı. Tonq Yabqu xaqanın dövrü Qərbi Göytürk xaqanlığının ən güclü dövrü hesab olunur.[70][71] O, ordudakı nizamsızlıqları aradan qaldıraraq tölöslərin qaldırdığı üsyanları yatırdı. Onun hakimiyyəti illərində Tan sülaləsi ilə də yaxşı münasibətlər qurulmuşdu. Tonq Yabqu xaqan Tan sülaləsindən olan şahzadə ilə evlənmişdi. O, Sasanilərə qarşı Bizansla müttəfiq olmuşdu. Müttəfiq qüvvələrinin hücumları nəticəsində Sasanilər üzərində mühüm qələbələr əldə olunmuşdu. 628-ci ildə[72] Tonq Yabqu xaqanın ölümündən sonra Qərbi Göytürk xaqanlığı zəifləyərək süqut mərhələsinə qədəm qoydu.
Xəzər xaqanlığının yaranmasında Tonq Yabqu xaqanın rolu olmuşdur. Onun hakimiyyəti illərində Qafqazın şadı, yabqusu və tudunu olan Böri Şad Tonq Yabqu xaqan öldükdən sonra müstəqil siyasət yeritməyə başladı[73] və Xəzər xaqanlığının əsasını qoydu.
Si Yabqu xaqan[69] Tonq Yabqu xaqanın oğlu idi.[74] O, hakimiyyətə Nuşibilərin dəstəyi ilə gəlmişdi. Onun hakimiyyəti illərində Qərbi Göytürk xaqanlığı zəiflədi və ölkədə Çinin təsiri yenidən artdı. Si Yabqu xaqan Tonq Yabqu xaqanın dövründə olan birliyi yenidən təmin edə bilmədi. Bu səbəbdən Nuşibi qolunun istəklərini qarşılaya bilmədi və onlar tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. Si Yabqu xaqan qanqlıların yanına qaçdı və Bəlx şəhərində öldü.[75]
Si Yabqu xaqanın ölümü və Şərqi Göytürk xaqanlığının süqutundan sonra Qərbi Göytürk xaqanlığı Çinin hədəfinə çevrildi. Si Yabqu xaqandan sonra hakimiyyətə Nişa Tulu xaqan keçsə də, o, bir ildən sonra xəstələnərək öldü.[69] Nişa Tulu xaqandan sonra hakimiyyətə qardaşı[74] İşbara Teriş xaqan[69] gəldi. Onun hakimiyyəti illərində Çinin təsiri daha da artdı və tayfalar üsyan qaldırdı. Bu qarışıqlığı fürsət bilən Çin ordusu xaqanı öldürdü. İşbara Teriş xaqanın ölümündən sonra şərqdə Nuşibilərin dəstəklədiyi Xallıq İşbara Yabqu xaqan, qərbdə isə Tuluların dəstəklədiyi Şərqi Göytürk xaqanlığından olan İllig xaqanın oğlu Yükük şad hakimiyyətə gəldi. Bir neçə il sonra Xəzər xaqanı İrbis Şekuy xaqan da özünü Qərbi Göytürk xaqanı elan etdi. Xallıq İşbara Yabqu xaqan və Yükük şad arasında gedən mübarizədən sonra 638-ci ildə İli çayı sülhü imzalandı. Bu sülhə görə İli çayının şimalı Yükük şad və onu dəstəkləyən Tulu tayfalarına, cənubu isə Xallıq İşbara Yabqu xaqan və onu dəstəkləyən Nuşibi tayfalarına verildi. Buna baxmayaraq bu sülh uzun müddət davam etmədi. 642-ci ildə Tulu tayfaları Yükük şadı dəstəkləməkdən əl çəkdi və bunu fürsət bilən Nuşibilər Yükük şadı məğlub etdilər. Yükük şad Kunduz şəhərinə qaçdı və orada da öldü.[76] Bəzi tarixçilər tərəfindən ilk Xəzər xaqanı olduğu iddia olunan[77] İrbis Şekuy xaqan da hakimiyyətə iddialı idi, amma 650-ci ildə Xallıq İşbara Yabqu xaqan tərəfindən öldürüldü. Xallıq İşbara Yabqu xaqan isə hakimiyyətini 657-ci ilə qədər davam etdirə bildi. O, hakimiyyəti illərində Çinə qarşı mübarizə aparmağa çalışdı. Türkeş və qarluqları ətrafında birləşdirməyə nail olsa da, Çinlə mübarizədə uğur qazana bilmədi. Xallıq İşbara Yabqu xaqan əsir alınaraq Çanqana gətirildi və beləliklə Qərbi Göytürk xaqanlığı süqut etdi.[78]
Şərqi və Qərbi Göytürk xaqanlıqlarının süqutundan sonra Göytürklər Çin əsarətinə düşdülər. Bu əsarət 680-ci ilə qədər davam etdi. Çin əsarəti illərində müxtəlif türk topluluqları öz varlıqlarını qoruyaraq davam etdirdilər. 680-ci ildə Qutluq İlteriş xaqan Çin əsarətindən xilas olaraq İkinci Göytürk xaqanlığının əsasını qoydu. İkinci Göytürk xaqanlığı başqa adla Qutluq xaqanlığı olaraq tanınır.
680-ci ildə Aşina soyundan olan Qutluq[79][80] Çinə üsyan edərək İkinci Göytürk xaqanlığının əsasını qoydu. Qısa müddət ərzində Ötükeni xaqanlığın mərkəzi edərək ölkəni nizama saldı.[81][82][83] Daha sonra ordusunu gücləndirdi, yeni siyasət və strategiyalarını müəyyənləşdirdi. Bu səbəbdən də dövləti toplayan, nizamlayan mənasını verən İlteriş adını götürdü. Onun hakimiyyəti illərində uzun müddət əsarət altında qalan türk topluluqları yenidən bir bayraq altında birləşdi. İlteriş xaqanın ordularının təzyiqi nəticəsində Çinə ağır zərbələr vuruldu. Çinə olan bir yürüşündə 23 şəhəri ələ keçirib okeana qədər irəlilədiyi Çin mənbələrində qeyd olunmuşdur. İlteriş xaqanın ölümündən sonra qardaşı Qapağan xaqan hakimiyyətə keçdi.
Qapağan xaqan da qardaşı İlteriş xaqanın siyasətinə yaxın bir siyasət yeritdi. Qapağan xaqan İlteriş xaqanın Çinə olan təzyiqini daha da artıraraq dəfələrlə Çin üzərinə hücuma keçdi. Yürüşlərində uğurlu olan Qapağan xaqan dövlətin gücünü artıraraq təsir dairəsini genişləndirdi. İlteriş xaqan dövründən başlayan türkləri yenidən bir bayraq altında toplamaq siyasəti Qapağan xaqanın dövründə tam şəkildə nəticə verdi. Onun hakimiyyəti illərində qırğızlar, türkeşlər, basmıllar da tabe edildi. Daha sonra qarluqlar və oğuzların da tabe edilməsi ilə bu iş yekunlaşdırıldı.
Qapağan xaqanın hakimiyyəti illərində hərbi uğurlarla yanaşı aparılan aqrar islahatlar nəticəsində türk topluluqlarının rifah səviyyəsi yüksəldi. Onun dövründə həyata keçirilən toxum islahatı və Çinin istifadə etdiyi metodların istifadə olunması nəticəsində bu sahədə ciddi irəliləyiş əldə olundu.
Qapağan xaqanın hakimiyyətdə olduğu 25 il ərzində türk topluluqları həm iqtisadi, həm də mədəni cəhətdən inkişaf etdi. 716-cı ildə onun ölümündən sonra yerinə İnel xaqan keçsə də, o, Kül Tegin tərəfindən ələ keçirilərək öldürüldü.
Bilgə xaqanın əsl adı Bögü idi. Taxta çıxdıqdan sonra Bilgə adını qəbul etdi. İlteriş və Qapağan xaqanın dövründə yatırılan üsyanlar Bilgə xaqanın hakimiyyətinin ilk illərində yenidən baş qaldırdı. O, bu üsyanları yatırdı və dövlətin nizamının pozulmasının qarşısını aldı. Bu üsyanlar dövründə tabe olmaqdan yayınan qarluqlar və uyğurlar yenidən tabe edildi. Bu üsyanlarda Göytürk xaqanlığının artan təzyiqini zəiflətmək istəyən Çinin təsiri vardı. Bu səbəbdən Çini cəzalandırmaq üçün Tonyukukun rəhbərliyindəki Göytürk ordusu Çinə hücuma keçdi. Baş verən döyüşdə Yüan Çenin rəhbərliyindəki 300000 nəfərdən ibarət olan Çin ordusunun məğlub edilməsi Çinə ağır zərbə vurdu. 722-ci ildən sonra onların müqavimətinin qırılmasının ardından Çinlə sülh münasibətləri quruldu.
Bilgə xaqanın hakimiyyəti illərində türk topluluqları mədəni cəhətdən daha da irəlilədilər. Bilgə xaqan oturaqlaşmağa, Buddizm və Taoizmə olan marağından Tonyukukun məsləhətləri nəticəsində daşındı.
731-ci ildə Bilgə xaqanın qardaşı Kül Tegin öldü. Onun ölümündən sonra Çinlə olan münasibətlər yenidən pozuldu. 733-cü ildə baş verən döyüşdə Çin orduları məğlub edildi. 734-cü ildə Bilgə xaqan Buyruq Çor tərəfindən zəhərləndirildi.[84] Ölməzdən əvvəl onu və ailəsini cəzalandırdı.
Bilgə xaqanın ölümündən sonra dövlətdə qarışıqlıq və üsyanlar baş qaldırdı. Bilgə xaqanın ölümündən Göytürk xaqanlığının dağılmasına qədər olan 11 il ərzində Yollıq xaqan, Bilgə Qutluq xan,[40] Ozmış Teqin xan[85] və Bilgə Qutluq Tenqri xaqan hakimiyyətdə olmuşdu.[40] Onların hakimiyyəti illərində xaqanlıqda Çin təsiri və vətəndaş müharibəsi yenidən artmış, Göytürklərə tabe olan basmıllar, qarluqlar və uyğurlar tabelikdən çıxmışdı. Sonuncu Göytürk xaqanı olan Ozmış Teqin xaqan basmıllarla mübarizədə məğlub oldu və həbs olunaraq öldürüldü. Başı Çinə göndərildi. Basmılların rəhbəri "İl etmiş xaqan" adı ilə hökmdar elan olundu. Beləliklə 742-ci ildə Göytürk xaqanlığına Basmıl xaqanlığı son qoydu. Lakin Basmıl dövlətinin də ömrü uzun sürmədi və başqa bir türk dövləti olan Uyğur xaqanlığı tərəfindən son qoyuldu.[86]
Göytürk xaqanlığında mühüm qərarlar qəbul olunarkən, xaqan seçilərkən, insan və heyvanlar sayılarkən Qurultay toplanırdı. Göytürk xaqanlığının başında Xaqan titulu daşıyan hökmdar dayanırdı. Xaqan müharibələr aparmalı, dövlət işlərini qaydaya salmalı, törələrə əməl olunmasına nəzarət etməli və əhalinin ehtiyaclarını qarşılamalı idi. Göytürk xaqanlığının sərhədləri genişləndikcə ölkə şərq və qərb olaraq idarə olunurdu. Bir qayda olaraq Birinci Göytürk xaqanlığı parçalanana qədər qərb şərqdən asılı idi. Xaqanın həyat yoldaşı Xatun titulu daşıyırdı. Xaqandan sonra gələn şəxs Yabqu titulu daşıyırdı. Xaqanlığın qurulduğu ilk illərdə bir yabqu vardı. Sonralar dövlətin sərhədləri genişləndikcə yabquların sayı artdı. İlk hökmdar olan Bumın xaqanın dövründə onun doğma qardaşı olan İstəmi yabqu titulu daşıyırdı. Göytürk şahzadələri Tigin (Tegin) və ya Şad titulu daşıyırdı. Onlar bölgələrə hakim təyin olunur, ordu birliklərini idarə edirdilər. Şahzadələrin həyat yoldaşları Konçuy titulu daşıyırdı. Boy hökmdarları Xan titulu daşıyırdı. Bunlardan başqa Tarxan, Çur, Apa və Tudun kimi yüksək vəzifələr də vardı.
Göytürk xaqanlığında dövlət İl adlanırdı. Bilgə xaqan və Kül Tegin abidələrində dövlətin bir hissəsi mənasında Yir-Sub anlayışından istifadə olunur. Göytürklərə görə xalq və torpaq dövləti əmələ gətirən iki önəmli ünsürdü. Göytürk xaqanlığında siyasi iqtidar Qut anlayışı ilə ifadə olunurdu. Qutun sahibi dövlətin də sahibi olurdu. Hakimiyyətin ilahi mənşəli olduğu qəbul olunurdu. Kül Tegin abidəsində bu öz əksini tapmışdı.[q 2] Göytürk xaqanlığında xalq budun adlanırdı.
Göytürkcə və Azərbaycan dilində olan bəzi sayların müqayisəsi: (solda Azərbaycan dili, sağda Göytürkcə)
|
Göytürklər köçəri həyat tərzi keçirirdilər. Aparılan tədqiqatlar və araşdırmalar nəticəsində Göytürklərə aid olan yazılı abidələr və qalıntılar tapılmışdır. Göytürklərin dillərinə uyğun yazı sistemi vardı. 38 hərfdən ibarət olan Göytürk əlifbasında sətirlər sağdan sola oxunurdu. Bəzi hallarda soldan sağa oxunan hallara da rast gəlinir. Bu əlifba ilə yazılmış Orxon-Yenisey abidələri türk dilinin VII əsrdə inkişaf etmiş mədəni dil olduğunu göstərir. Göytürklərdən geriyə qalan ən önəmli abidələrə Orxon-Yenisey abidələri aiddir. Bu abidələr qədim türk dilini öyrənmək baxımından önəmlidir. Orxon abidələrinə Ongin, Kül Tegin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Temir və Suci abidələri daxildir. Yenisey abidələri isə Orxon abidələrinə nisbətən daha sadə dillə yazılmışdır və tədqiqatçıların fikrincə Orxon abidələrindən daha qədim hesab olunur.
Göytürk xaqanlığı adında türk sözü işlənən ilk dövlət olduğundan türk tarixində mühüm önəmə sahibdir. Göytürk xaqanlığı Böyük Hun İmperiyası parçalanandan sonra bozqırda yaşayan türk topluluqlarını yenidən bir bayraq altında birləşdirmişdir. Onlardan geriyə qalan yazılı abidələr türklərin yazı mədəniyyətinə sahib olmasını göstərmək baxımından ən dəyərli sübutlar hesab olunur. Xəzər xaqanlığı və Şatoların öz əsaslarını Göytürklərdən götürdüyü qəbul olunmuşdur.
Göytürklər dövründən bugünə Yaradılış və Ergenekon dastanları gəlib çıxmışdır. Həmçinin Göytürk tarixinə aid olan Aşina Cieşeşuay üsyanı və İkinci Göytürk xaqanlığının qurulması çağdaş dövr bədii ədəbiyyatına da təsir göstərmişdir. Belə ki, Hüseyn Nihal Atsız tərəfindən yazılmış olan "Bozqurdların ölümü"[87] və "Bozqurdlar dirilir"[88] əsərləri bu hadisələr əsasında yazılmışdır.