Azarbayjan, Joz'e la-yanfakk-e Iran

"Azərbaycan – cozv-e layenfək İran" (fars. آذربایجان، جزء لاینفک ایران‎; tərcüməsi: azərb. Azərbaycan, İranın ayrılmaz hissəsi‎) — Qacar dövlətindəki Demokrat Partiyasının yerli komitəsi tərəfindən Bakıda nəşr olunan ikidilli qəzet. 1918-ci il fevralın 10-da "Müsavat" partiyasının "Açıq söz" qəzetində səsləndirdiyi və pantürkistlərin İranın ərazi bütövlüyünə və suverenliyinə zərbə vurmaq cəhdi kimi gördükləri fikrə cavab olaraq nəşr olunmağa başlayıb. Bakı və ona yaxın ərazilərdə yaşayan İran azərbaycanlılarından toplanmış Demokrat Partiyasının Bakı Komitəsi 1914-cü ildə Məhəmməd Xan Tərbiyət tərəfindən yaradılmışdır.[1] Qəzetin redaktoru Mirzə Əliqulu idi.[2]

Azərbaycan – cozv-e layenfək İran
fars. آذربایجان، جزء لاینفک ایران
Sahibi Demokrat Partiyası (Qacar)
Təsisçi Məhəmməd Xan Tərbiyət
Redaktor Mirzə Əliqulu
Yaranma tarixi 10 fevral 1918
Dil fars dili, Azərbaycan dili
Nəşrini dayandırıb may 1918
Baş ofis
Şəhər Bakı

Nəşrlərin adında böyük hərflərlə "Azərbaycan" yazılır, "cozv-e layenfək İran" isə kiçildilərək "Azərbaycan" sözündəki "nun" hərfinin içərisinə yerləşdirilirdi. Yerli siyasi fəal Salamulla Cavid daha sonra qəzetin nəşri barədə qərarın yerli səviyyədə demokratlar tərəfindən qəbul edildiyini və "Açıq söz"ün başlatdığı irredentist təbliğata birbaşa cavab olduğunu etiraf edib.[3]

Qəzet öz məqsədlərinin İranda siyasi islahatlar və dəyişikliklərin tərəfdarı olmaqla yanaşı "ölkənin şanlı keçmişini və tarixi davamlılığını nümayiş etdirmək" və "İranlıların milli şüurunu azaltmaq cəhdlərinə mane olmaq" olduğunu bildirib. Jurnallar Azərbaycanın fəzilətlərini təbliğ edərkən və onun "İran tarixində əsas mövqeyini" vurğulayarkən tez-tez "Azərbaycanın bütün İranı idarə etdiyi dövrə" işarə edirdilər. Qəzet Azərbaycan vilayətinin strateji cəbhədə yerləşdiyini əsas gətirərək, düşmən "təxribatçılarla" mübarizə apararaq İranın "milli qürurunu" və "ərazi bütövlüyünü" müdafiə etməyin azərbaycanlıların üzərinə düşən vəzifə olduğunu bildirirdi. Qəzet həmin "təxribatçıların" adını çəkməməsinə baxmayaraq, "onların niyyətinin həmişə İranın ərazi bütövlüyünə və siyasi suverenliyinə xələl gətirmək olduğunu" qeyd edirdi. Bundan əlavə, o, azərbaycanlıları İran Məşrutə inqilabının əsas liderləri kimi qələmə verməklə onları İranın əsas himayədarları kimi tanıtmağa çalışırdı.[4]

Qəzet bolşeviklər Bakını qısa müddətə işğal etdikdən və Bakı Kommunasını yaratdıqdan sonra da fəaliyyətini davam etdirirdi. Buna baxmayaraq, 1918-ci ilin mayında "Müsavat" partiyası öz səlahiyyətlərini bərpa edib Azərbaycan Xalq Cümhuriyyətini quranda qəzet bağlanmağa məcbur oldu. Yeni "Azərbaycan" qəzeti daha sonra 1918-ci ilin sentyabrında Azərbaycan hökumət tərəfindən təsis edilib.[5]

  1. Atabəki, 2006. səh. 129, 206
  2. Atabəki, 2006. səh. 206
  3. Atabəki, 2006. səh. 129
  4. Atabəki, 2006. səh. 129-130
  5. Atabəki, 2006. səh. 130-131
  • Atabəki, Turəc. Iran and the First World War: Battleground of the Great Powers [İran və Birinci Dünya müharibəsi: Böyük Dövlətlərin döyüş meydanı] (ingilis). I.B.Tauris. 2006. ISBN 978-1-86064-964-6.
  • Rəisniya, Rəhim. آذربایجان جز لاینفک ایران [Azərbaycan – cozv-e layenfək İran] (fars). Tehran: Şirazə. 1391 [2012].
  • Rüstəmova-Tohidi, Solmaz. Cümhuriyyətin "Azərbaycan" adlandırılması və onun tarixi əhəmiyyəti (2-ci nəşr). Bakı: Təhsil. 2021.