Chemical Problems (jurnal)


"Kimya Problemləri" (Chemical Problems) jurnalı — 2003-cü ildən Azərbaycanda dərc olunur.

Kimya Problemləri

Jurnalın təsisçiləri: AMEA-nın akad. M. F. Nağıyev adına Kataliz və Qeiri-üzvi Kimya İnstitutu. R. Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutu (Gürcüstan), Akif Şıxan oğlu Əliyev və "Turan" kiçik müəssisəsidir.

Jurnalda kimya elminin müxtəlif sahələrinə aid tədqiqatların nəticələri dərc olunur: neft kimyası və neft emalı, elektrokimya, polimer kimyası, kimyəvi kinetika və kataliz, kristallokimya, nanokimya, üzvi və qeyri-üzvi kimya, alternativ enerji mənbələrınin tədqiqi, ekoloji kimya, materialşünaslıq və s. Alman firması "Kubonund Zaqner"(Kubon&Sagner) xaricdə jurnalın yayımı ilə məşğul olmuşdur.

Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (19.09.2002-ci il tarixli 105 saylı reqistrasiya), Ali Attestasiya Komissiyası rəyasət heyətinin 09.07.2004-cü il tarixli (protokol № 13 – Р) qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir.

Jurnal dövrü nəşrlərin Beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib və 2221–8688 (print) və 2522–1655 (online) ISSN indeksini alıb və bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdilib: CAS, İndexCopernicus, e. Library.ru, CYBERLENİNKA, VİNİTİ, ResearchBib, ULRICHSWEB, SİS, TheJournalİmpactFactor, İİJİF, ScienceLibraryİndex, İAEA|İNİS, WCOSJ, AcademicKeys, EBSCO, CrossRef. Jurnalın "chemprob.org" saytı fəaliyyət göstərir. Jurnal Azərbaycanda nəşr olunan elmi jurnallar arasında Beynəlxalq jurnallara olan tələblərə cavab verən və Web of Science Core Collection bazasına (Chemical Problems adı ilə) daxil olan 4 jurnaldan biridir (AMEA üzrə).

Jurnalının redaksiya şurasına kimyanın müxtəlif sahələrində çalışan qabaqcıl Azərbaycan alimləri daxildir: V. M. Fərzəliyev — baş redaktor, A. M. Əliyev — baş redaktorun müavini, D. B. Tağıyev, M. Ə. Məmmədyarov, T. M. Nağıyev, A. M. Məhərrəmov, Ə. Ə. Məcidov, V. M. Abbasov, M. B. Babanlı, Yu. N. Litvişkov, A. Ə. Qəribov, Y. Ə. Yusibov, A. Ş. Əliyev, H. D. İbrahimov. E. H. İsmayılov.

Redaksiya şurasına öz sahələrində tanınmış xarici alimlər də daxildir: Beynəlxalq Hidrogen Energetikası Assosiasiyasının prezidenti, prof. N. Vəziroğlu (ABŞ), Stambul Texniki Universitetinin professoru, elektrokataliz sahəsində mütəxəssis F. Kadırqan (Türkiyə), "Kurçatov İnstitutu" Rusiya Elmi Mərkəzinin direktor müavini, professor V. N. Fateyev (Rusiya), R. Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutunun professorları T. A. Marsaqişvili və G. Tatishvili, professor R. K. Kvaratcxelia (USA), d-r F. A. Raşvan (Misir), professorlar G. Ya. Kolbasov və S. A. Solovyov (Ukrayna), professor M. P. Yunusov (Özbəkistan), professor E. Slavçeva (Bolqarıstan).

İldə jurnalın 4 sayı nəşr edilir. Azərbaycan, rus və ingilis dillərində 17 il ərzində 2000 yaxın məqalə nəşr olunub.

Azərbaycan kimyaçı alimlərinin müxtəlif istiqamətlərdə apardığı tədqiqatların nəticələri dərc olunan "Kimya Problemləri"(Chemical Problems) jurnalının xarıcdə yayılması, daha çox oxucu kütləsi qazanması jurnalın ən vacib və əsas məqsədi olub. Bu istiqamətdə davamlı işlər aparılıb və jurnal müxtəlif biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdilib. Rəqəmsal axtarış sistemi üçün jurnal Crossref-də qeydiyyatdan keçərək DOİ alıb: 10.32737/2221–8688.

Dünyada elmi ictimayyət tərəfindən qəbul olunan iki nüfuzlu impakt faktoru hesablayan elmimetrik baza var — Web of Science və Scopus.

2017-ci ilin oktyabr ayından 2019-cu ilin sentyabr ayına qədər Kimya Problemləri jurnalı Web of Science bazasına daxil edilib (ESCI) və artıq jurnalda çap olunmuş 213 elmi məqalə Web of Science saytıda yerləşdirilib və bu müddətdə onlara 56 istinad verilmişdir.

Kimya problemləri jurnalında məqalələr üç dildə çap olunur – azərbaycan, rus və ingilis. Son iki ildə Kimya Problemləri (Chemical Problems) jurnalında ingilis dilində dərc olunan məqalələrin sayı artaraq 40%-ə çatıb. Bu il üçün isə bu rəqəmi 75%-ə çatdırılması nəzərdə tutulub. Jurnalda Rusiya, Gürcüstan, Türkiyə, İran, Misir, Macarıstan, Bolqarıstan, Almaniya, Tayvan alimlərinin məqalələri və eləcə də Azərbaycan və onların xarici həmkarları ilə birgə tədqiqatlarının nəticələri də dərc olunub.