Azərbaycan pioneri (qəzet)

"Azərbaycan pioneri" qəzeti — Azərbaycan LKGİ MK və V. İ. Lenin adına pioner təşkilatı Respublika təşkilatı şurasının orqanı olan qəzet. Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti.

Azərbaycan pioneri
Loqonun şəkli
Təsisçi Azərbaycan LKGİ MK və V.İ.Lenin adına pioner təşkilatı Respublika təşkilatı şurasının orqanı
Yaranma tarixi 1 avqust 1938 (85 il əvvəl) (1938-08-01)
Dil Azərbaycanca
Nəşrini dayandırıb 1990
Qiymət 1 qəpik
Şəhər Bakı
Ölkə Azərbaycan SSR

Tarixi[redaktə | mənbəni redaktə et]

Keçmiş SSRİ dönəmində Azərbaycanda ən məşhur uşaq qəzetlərindən biri olan "Azərbaycan pioneri" 1938-ci il avqust ayının 1-də işıq üzü görüb. Qəzetin ilk redaktoru M. Əliyev olub. Ondan sonra isə müxtəlif illərdə çox qısa bir zaman kəsiyində Q. Həsənov və İ. Novruzov bu vəzifəni icra ediblər.[1]

"Azərbaycan pioneri" özünün əsl intibah dövrünü 1946-cı ilin mayından yaşamağa başlayıb. Həmin vaxt qəzetə uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunub və o, 20 ilə yaxın bir müddətdə bu vəzifədə çalışıb. Eynulla Ağayevdən sonra qəzetə rəhbərliyi uşaq psixologiyasına yaxşı bələd olan, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov öz üzərinə götürüb. Məlumatlara əsasən, Əmrah Əmrahov tam 22 il "Azərbaycan pioneri" qəzetinə rəhbərlik edib. Qəzet dörd yüz min, bəzi illərdə isə yarım milyona yaxın tirajla çap olunub. Müxtəlif illərdə "Azərbaycan pioneri" qəzetində görkəmli şairlərimiz Hikmət Ziya, Tofiq Mütəllibov, Vaqif Nəsib, yazıçı-fantast Emin Mahmudov, yazıçı-publisist Əli Səmədov və Əmir Mustafayev kimi ziyalılar çalışıblar. Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə, Cəmil Əlibəyov, Nəriman Süleymanov, Məmməd Araz, Nəriman Həsənzadə, Aqşin Babayev, Eldar Baxış, Tofiq Mahmud, Fikrət Qoca, İlyas Tapdıq kimi tanınmış şair və yazıçılar, qəzetin ən çox oxunan və sevilən müəllifləri olublar.

Qəzet fəaliyyət göstərdiyi illər ərzində uşaqlar və yeniyetmələr arasında hərbi vətənpərvərlik və idman sahəsində bir çox böyük tədbirlərin təşkilatçısı olub.

1990-cı il 20 yanvar hadisələrindən sonra redaksiya heyətinin qərarı ilə qəzetə "Savalan" adı verilib və həmin vaxtdan bu adla nəşr olunur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan mətbuat tarixi" kitabı
  2. "Azərbaycan mətbuatının inkişaf tarixi" (az.). anl.az. 8 iyul 2010. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-17.