Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Məktəbəqədər və ibtidai təhsil jurnalı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşridir. Məcmuə 1970-ci ildə "Azərbaycan məktəbi" jurnalına əlavə olaraq "İbtidai məktəb və məktəbəqədər tərbiyə" adı ilə çap olunmağa başlayıb. Jurnal 2000-ci ildən etibarən "Azərbaycan məktəbi" jurnalının əlavəsi kimi deyil, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri kimi fəaliyyətini davam etdirir. 2009-cu ildən jurnalın adı dəyişdirilərək "Məktəbəqədər və ibtidai təhsil" adlandırılıb. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir.
Məktəbəqədər və ibtidai təhsil | |
---|---|
Növ | jurnal |
Tiraj | 800 |
Təsisçi | Azərbaycan Respublikası Təhsil Nazirliyi |
İlk buraxılışı | 1970 |
Ölkə | Azərbaycan Respublikası |
Dil | Azərbaycan, rus, ingilis və türk |
journal.edu.az |
Elmi-pedaqoji prosesin effektivliyini yüksəltmək məqsədilə yeni məcmuələrin yaranmasına hər zaman ciddi ehtiyac olmuşdur. 1970-ci ilə qədər məktəbəqədər və ibtidai təhsil haqqında, bu sahədəki problemlərlə bağlı yazılar ancaq müvafiq kitab, qəzet və ədəbi-bədii jurnallarda çap olunduğundan, ayrıca elmi-metodik jurnalın nəşrinə ehtiyac var idi. Buna görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə 1970-ci ilin fevral ayında "Azərbaycan məktəbi" jurnalına əlavə olaraq "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalı çap olunmağa başladı. Həcmi 6 çap vərəqi olan və ildə 6 dəfə dərc edilən bu məcmuənin ilk baş redaktoru pedaqogika elmləri doktoru, professor Yəhya Kərimov oldu. Jurnal ildə 25–28 min tirajla çap olunurdu. Jurnalın səhifələrində görkəmli maarifpərvərlər, elm və incəsənət xadimləri Nəsirəddin Tusi, Mahmud Kaşğari, Həsən bəy Zərdabi, Tağı Şahbazi Simurq, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Hüseyn Cavid, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mir Cəlal, Mehdi Mehdizadə və başqaları haqqında verilmiş yazılar müəllim və tərbiyəçiləri təhsilimizin, məktəbimizin, elmimizin, incəsənətimizin görkəmli şəxsiyyətləri ilə tanış edir. 2000-ci ildə "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının 30 illik yubileyindən sonra o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri kimi fəaliyyətini davam etdirdi və 2009-cu ildə jurnalın adı dəyişdirilərək "Məktəbəqədər və ibtidai təhsil" adlandırıldı.
Fəaliyyət istiqamətləri
"Məktəbəqədər və ibtidai təhsil" jurnalı məktəbəqədər və ibtidai təhsil sahəsində elmi-nəzəri məqalələrin, müasir dövrün tələblərinə uyğun milli və xarici təcrübəni praktik və nəzəri baxımdan əks etdirən araşdırma materiallarının nəşrini həyata keçirir. Jurnalda təlimin məzmununu, tərbiyəçi və müəllimlərin, psixoloq və defektoloqların pedaqoji təcrübəsini ümumiləşdirən yazılara yer verilir. Müasir təlim texnologiyalarının, pedaqoji innovasiyaların təbliği, ailə-məktəb, müəllim-şagird, tərbiyəçi-uşaq münasibətlərinin pedaqoji-psixoloji aspektlərini əks etdirən yazıların dərci jurnalda daim diqqət mərkəzində saxlanılır. Məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc olunur. Müəlliflərin şəxsi maraqlarını əks etdirən, elmi-metodiki nəticəsi olmayan məqalələr qəbul edilmir.
Kəklik Məmmədova, İlhamə Əsədova, Məhəbbət Əliyeva, Aytən Həsənova, Nərgiz Muradova, Leyla Məmmədzadə, Arzu Nuruzadə.
"Məktəbəqədər və ibtidai təhsil" jurnalının səhifələrində respublikamızın görkəmli elm xadimləri, metodist alimlər, tanınmış müəllim-pedaqoqlar vaxtaşırı cıxış edərək, fikir mübadiləsi aparmışlar. Jurnalda professorlar Mərdan Muradxanov, Ağamməd Abdullayev, Hüseyn Əhmədov, Əziz Əfəndizadə, Nurəddin Kazımov, Əliheydər Həşimov, Bəşir Əhmədov, Əbdül Əlizadə, Əkbər Bayramov, Əjdər Ağayev, Yusif Talıbov, Şəmistan Mikayılov, Ə. Qədirov, Muxtar Həmzəyev, Vidadi Xəlilov, xarici ölkə alimlərindən akademiklər Şalva Amonaşvili, D. V. Elkonin, professorlar Aleksandr Zaporojets, Anna Aleksandrovna Lyublinskaya, A. M. Pışkalo, N. Vetluqina, M. Zvereva, A. Şavçenko, Leonid Abramoviç Venqer, B. Erdniyev, Leonid Vladimiroviç Zankov və başqalarının məqalələri vaxtaşırı olaraq dərc edilib.
• Akademik Hüseyn Əhmədov:
"İlk nömrəsinin çapdan çıxmasının 40 ili tamam olan "Məktəbəqədər və ibtidai təhsil" jurnalının redaksiya heyətini və bütün oxucularını təbrik etməkdən məmnunam. Keçən 40 il ərzində bu jurnal neçə-neçə nəsillərin stolüstü mətbu orqanı olmuş, yüzlərlə, minlərlə deyil, milyonlarla uşağın təlim-tərbiyəsinə düzgün istiqamət verən bir mənbəyə çevrilmişdir".
• Prof. Əbdül Əlizadə:
"Məktəbəqədər və ibtidai təhsil" jurnalı həmişə özünün praktik effektləri ilə seçilir. Əsrin istər məktəbəqədər, istərsə də ibtidai təhsil təcrübəsinin uğurları ilə tərbiyəçi və müəllimlərin böyük bir nəsli məhz bu nüfuzlu jurnalın səhifələrində tanış olmuşlar".
• Prof. Yəhya Kərimov:
"Müəllimə, məktəbə köməyin vacibliyini hiss edən "Azərbaycan məktəbi" jurnalı sonralar müxtəlif fənlər üzrə metodik məcmüələr dünyaya gətirmişdir. Belə məcmuələrdən biri də "İbtidai məktəb və məktəbəqədər tərbiyə" məcmuəsidir. Bu məcmuə tam 25 il "Azərbaycan məktəbi" çeşməsindən su içmiş, onun mətbəxindən elmi-pedaqoji qida almış, pərvazlanmış, müstəqil fəaliyyətə başlamışdır". ("Azərbaycan məktəbi" jurnalının 70 illiyi münasibətilə)
• Prof. Şəmistan Mikayılov:
"1970-ci ildə "İbtidai məktəb və məktəbəqədər tərbiyə" metodik məcmuəsinin nəşrinə başlandı. Yeni proqram və dərsliklərin tətbiqinə keçildiyi ilk dərs ilində yüksək tirajlı belə bir məcmuənin nəşrinə başlanması pedaqoji aləmdə böyük hadisə idi. Sinif müəllimləri nəzəri və praktik materialları, onları düşündürən suallara cavabları bu məcmuə vasitəsilə ala bilirdilər". ("Azərbaycan müəllimi", 1987, prof. Y. Kərimovun 70 illiyinə)
• Prof. Əliheydər Həşimov:
"Cəmi 3 əməkdaşın qüvvəsi ilə nəşr olunan bu jurnalın hər bir nömrəsi ibtidai sinif müəllimləri, məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəçiləri və maarif işçiləri tərəfindən böyük məəbbətlə qarşılanmışdır. Jurnalda təlim və tərbiyənin, pedaqogika və psixologiyanın bütün sahələrinə, nəzəri problemlərə və qabaqcıl təcrübəyə dair məzmunlu, maraqlı materiallar, məsləhətlər dərc olunmuşdur. İbtidai təlim sahəsindəki bütün yeniliklər, eksperimental axtarışlar, islahatlar bu jurnalın köməyi ilə yerinə yetirilmişdi".. ("Pedaqogika tarixi", 1995, "Təbib")
• Prof. Misir Mərdanov:
"Məktəbəqədər və ibtidai təhsil" jurnalı, əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş məktəb islahatının təbliği və tətbiqi sahəsində böyük işlər görmüşdür. Təhsil standartlarının müəllimlərə çatdırılması, ibtidai siniflərdə fənn kürikulumlarının tətbiqi, onun nəzəri məsələlərinin tədqiqi, qabaqcıl müəllimlərin praktik fəaliyyətini əks etdirən dərs nümunələrinin verilməsi, bacarıqlı təhsil işçilərinin yaradıcı fəaliyyətinin oxuculara çatdırılması sahəsində jurnalın xidməti təqdirə layiqdir".
• Prof. Əjdər Ağayev:
"Məktəbəqədər və ibtidai təhsil" jurnalı nəşrə başladığı 1970-ci ildən bu günə qədər öz faydalı fəaliyyəti ilə şərəfli yol keçmişdir. Jurnalın bundan sonra da ibtidai sinif müəllimlərinin və tərbiyəçilərin pedaqoji-metodik köməkçisi funksiyasını əzmlə daşıyacağına əminəm".
• Prof. Abdulla Mehrabov:
"Məktəbəqədər və ibtidai təhsil" jurnalı respublikada nəşr olunan jurnallar arasında, xüsusən pedaqoji mətbuatda özünəməxsus yer tutmaqla mötəbər mövqeyə malikdir".
• Məhəmməd Baharlı:
"Pedaqoji mətbuat tariximizdə özünəməxsus yeri olan jurnallardan biri də "Məktəbəqədər və ibtidai təhsil"dir. Bu jurnal uzun illər "İbtidai məktəb və məktəbəqədər tərbiyə" adı ilə işıq üzü görmüş, müəllimlərin, tərbiyəçilərin, təhsil təşkilatçılarının stolüstü vəsaiti olmuşdur. Getdikcə tirajı 28 mini keçən bu jurnal nüfuzlu mətbuat orqanına çevrilirdi".