Azər Dadaşov
Azər Dadaşov (1 dekabr 1946, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018).
== Həyatı ==
Dadaşov Azər İsmayıl oğlu (01.12.1946, Bakı) – bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti (2018), Əməkdar incəsənət xadimi (2005), Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru (2009), "Humay" milli mükafatı laureatı (2001), bir çox respublika və ümumittifaq (keçmiş SSRİ) müsabiqələrinin qalibidir. Roma Papası II İoann Pavelin xüsusi medalı ilə təltif edilmişdir (2002). MDB dövlətləri Parlamentlərarası Assambleyası Şurasının "Mədəniyyət və incəsənətin inkişafındakı xidmətlərinə görə" Fəxri Nişanı ilə təltif edilmişdir (2013).
1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini dahi bəstəkar, akademik Qara Qarayevin sinfi üzrə bitirmişdir. 1973-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının, hadelə Azərbaycan Peşəkar Rejissorlar Gildiyasının üzvüdür (2003).
Yaradıcılığ diapazonu çox genişdir: 14 simfoniya, 20 kantata və oda, "Kiçik Mukun sərgüzəştləri" uşaq operası, "Şərq freskası" balet miniatürü, piano ücün 3 Konsert, fleyta, viola üçün Konsertlər, kamera, nəfəs alətləri, xalq çalğı alətləri orkestrləri üçün süitalar, çoxlu sayda kamera-instrumental və xor əsərləri, 20-dən artıq kinofilmlərə musiqi, mahnılar. Həmçinin Milli Paraolimpiya Himnin müəllifidir.
A. Dadaşovun əsərləri 1968-ci ildən başlayaraq Azərbaycan Bəstəkarlar İttifaqının Qurultay və Plenumlarında səslənmiş, Respublikanın görkəmli dirijorları – Niyazi, Rauf Abdullayev, Nazim Rzayev, Ramiz Məlikaslanov, Yalçin Adıgözəlov, Teymur Göyçayev, Fəxrəddin Kərimov və b., xarici dirijorlar – D. Kitaenko (Rusiya), R. Matsov (Estoniya), R. Şilakadze (Gürcüstan), V. Runçak (Ukrayna) və b. tərəfindən təfsir edilmişdir.