Hacı Kərim Sanıyev (tam adı: Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev; 1878, Qazax – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim.[1][2][3][4]
Hacı Kərim Sanılı | |
---|---|
– iyun 1918 | |
Sonrakı | Məmməd Kovxa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 1937 |
Partiya |
|
Fəaliyyəti | şair |
Hacı Kərim Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsəmən (indiki Çaylı) kəndində anadan olmuşdur.[1][3] Bəy nəslindən olan atası Kərbəlayi Hüseynin Kiçik Qafqazın ətəklərində, Pir dağının güneyində, habelə Kürün sağ sahilində, Ceyrançöldə qoyun-quzu yataqları olub.[2] Digər bir mənbədə isə çoban ailəsində anadan olduğu qeyd olunmuşdur. Atası Kərbəlayı Hüseyn varlı mülkədarların mal-qarasının otarar, ailəsini böyük ehtiyac içərisində dolandırarmış.[4]
Hacı Kərim Sanılı ibtidai təhsilini 1886–1893-cü illərdə kənd mollaxanasında almışdır. O, kiçik yaşlarından iti hafizəsi, dərrakəsi, hazırcavablığı ilə seçilmişdir. Ona görə də dayısı Əbdülrəhman ağa 13 −14 yaşlı Hacı Kərimi oxutmaq arzusunda olduğunu bildirərək onu özünə şagird götürmək istəyən aşığa verməmişdir. O, 1893–1898-ci illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, orada Firidun bəy Köçərli ilə tanış olmuşdur.[1][3][4] Hacı Kərim Sanılı bəy nəslindən olduğuna görə seminariyaya çox çətinliklə, dayısının köməyi ilə qəbul olmuşdu. Sonralar özü bu haqqda yazmışdır:[2]
Seminariya! Gəncliyimin ən gözəl çağlarını səndə keçirdim və mən buna heyfsilənmirəm. Sən bizim xalqımızın gözünə işıq oldun, onu mədrəsələrdən işıqlı otaqlara çıxartdın, həsir üstə durmaqdan dizlərinin qapaqları döyənək olan uşaqlara yazığın gəldi, hazırlıq kursları açdın. Mən Səndə Derjavini, Karamzini, Çernışevskini, Puşkini, Tolstoyu, Lermontovu, Krılovu, Turgenevi oxudum. Onlardan öyrəndim, L.Tolstoyun məktəb və dərsliyinə marağım artdı. Nə olaydı, ömür aman verəydi, öyrəndiklərimi xalqıma çatdıraydım... |
Tiflisdə vaxtı ilə Qori seminariyasını bitirənlərin şəxsi işləri saxlanan muzeydə Hacı Kərim Sanılıya məxsus qovluq vardır. Həmin qovluqda Sanılıya məxsus bir sıra sənədlərlə yanaşı, xasiyyətnamələr və seminariyanı müvəffəqiyyətlə bitirməsi haqqında şəhadətnamə də saxlanılır.[4]
Hacı Kərim Sanılı Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirdikdən sonra doğma kəndi Çaylıda məktəb açıb rus dilindən dərs demək istəyir. Buna görə kəndin koxası Məşədi Məhəmmədə müraciət edərək ondan bina istəyir. Lakin koxa ona məktəb binası vermir. Məcburiyyət qarşısnıda qalan Sanılı Gəncə quberniyasının Zəngəzur qəzasına təyinat yerinə gedib müəllim işləyir. O, təyinat yerinə Zəngəzur qəzasının Xaçmaz kəndinə gedərək müəllimlik peşəsi ilə məşğul olur.[1] Qızların təhsilə cəlb edilməsi Hacı Kərim Sanılının ən böyük arzularından biri olmuşdur. O, bu məqsədlə işlədiyi Xaçmaz kəndində və ona yaxın ərazilərdə savadsızlığı tam aradan qaldırmaq məqsədilə qızlar məktəbi açmaq istəmiş, lakin yerli ruhanilərin müqavimətinə rast gəlmişdir. Buna görə müəllimi öldürmək istəmiş, gecə ikən üç nəfər evinə hücum etmişdir.[2][3][4]
Arzusunu həyata keçirə bilməyən pedaqoq məcbur olub səhərisi gün həmin kənddən ayrılmışdır. O, 1902–1904-cü illərdə Gəncə şəhər rus-müsəlman məktəbində müəllim iləyir. Daha sonra 1904-cü ildə Çaylıya qayıdır. Olduqca ağır maddi ehtiyac içində yaşayan şair nəhayət 1905-ci ildə Poylu kənd məktəbinə müəllim təyin edilir. Bir ildən sonra Dağ Kəsəmən 4 illik məktəbində müdir vəzifəsini icra edir. Orada işləyərkən Çayli kəndindən 17 nəfəri məktəbə qəbul edir.[1][2][3][4]
Sanılı Dağ Kəsəmən məktəbində müdir olduğu zaman Qayıbov Hacı Kərim Sanılı haqqında Qafqaz canişinliyinə inqilabi işlə məşğul olması haqqında məlumat verir. Beləliklə, onun evində axtarış aparılır. Lakin dövlət əleyhinə heç bir sənəd tapılmır. Məktəb də əsaslı surətdə yoxlanılır. Ancaq buna baxmayaraq onu həbs edirlər. Altı ay Tiflisdə həbsdə qalan Sanılı əldə sübut olmadığından azad olunur və iş yerinə qayıdır.[4]
Hacı Kərim Sanılı savadlı nəslin formalaşması üçün çox işlər görmüşdür. Belə ki, 1905-ci ildə Qazax qəzasının ayrı-ayrı kəndlərində yeddi məktəb binasının tikilməsi haqqında tərtib olunmuş layihəni çara təsdiq etdirən, həmin binaların tikintisinə lazımi qədər maliyyə vəsaiti buraxılmasına qol çəkdirən, icazə alan məhz Hacı Kərim Sanılı olmuşdur. Layihəyə əsasən, həmin binalardan birinin Çaylı kəndində tikilməsi nəzərdə tutulmuşdu. Lakin yerli adamlardan heç kim qıyıb öz torpağını vermir. Bunu eşidən əmisi oğlu Məhəmməd Hacı Kərimə deyir ki, sənin xətrinə mən öz torpağımdan 1,5 hektar yer ayırıram, gəl, məktəbi tikdir. Həmin tikili 1924-cü ildən 1989-cu ilədək Çaylı 1 saylı orta məktəbi kimi fəaliyyət göstərib.[2]
Sanılı 1913-cü ildə pedaqoji sahədəki xidmətlərinə görə III dərəcəli müqəddəs Stanislov ordeni ilə təltif olunur. O, üç manat verib ordeni almır. Pedaqoq cəmiyyət içərisində hörmət və nüfuzuna görə özünə pul ilə orden almağı layiq görmür. Ancaq çar manifestindən sonra ordeni ala bilir.[2][3]
Hacı Kərimin ictimai-siyasi hadisələrdəki fəallığı bəzi dairələrdə qısqanclıqla qarşılanır. Onu ictimai-siyasi hadisələrdən kənarlaşdırmaq üçün 1910-cu ilin iyun ayında Qafqaz Təhsil Dairəsi direktorunun göndərişi ilə Sankt-Peterburq Müəllimlər İnstitutunun nəzdində açılmış əl-əməyi kursuna ezam olunur. Orada oxuduğu illərdə Hacı Kərim rus inqilabçıları Belinski və Çernışevski ilə yaxından tanış olur. Bu tanışlıq və Peterburq həyatı Sanılının sonralar ictimai-siyasi cəhətdən formalaşmasında, vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynayır. Kursu başa vurduqdan sonra Qazaxa qayıdan Sanılı nə qədər cəhd göstərsə də onu müəllim işləməyə qoymurlar. Çətinliklə də olsa, 1915-ci ildə Qazax seminariyasında müvəqqəti olaraq, qrafika incəsənəti müəlliminin köməkçisi təyin olunur.[2][4]
1917-ci ildə çarizmin devrilməsi ilə əlaqədar yaranan əlverişli məqamdan uzaqgörənliklə istifadə edən Firidun bəy Köçərli Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Gəncəyə köçürmək qərarına gəlir. Lakin Gəncənin yol uzaqlığından ehtiyat edən Firidun bəy məsələni təcili həll etmək üçün 1918-ci ildə Qazax qəza qubernatoru Hacı Kərim Sanılıya müraciət edir və Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxda yerləşdirilməsi üçün bina istəyir.[2]
Hacı Kərim Qazaxın məşhur xeyriyyəçilərindən olan Məşədi İbrahimin köməkliyi ilə bina təsis edir. Heç bir təhsili və savadı olmayan, ancaq elmə, maarifə önəm verən Məşədi İbrahim bir iranlı tacirin Qazaxın mərkəzində satışa qoyduğu 17 otaqdan ibarət yaraşıqlı mülkü 150 qızıl pula alıb Firidun bəy Köçərliyə bağışlayır.[2] Bu haqda akademik Bəkir Nəbiyev qeyd etmişdir:
1918-ci ildə Zaqafqaziyada vəziyyətin ağırlığı nəticəsində Qori seminariyası artıq əvvəlki rəsmiyyətini itirir, günlərlə dərs keçilmir, ona görə Köçərli uzun illərdən bəri uğrunda çalışdığı məqsədinə nail olmaq üçün ciddi əməli işə keçir. 1918-ci ilin sentyabr ayında seminariyanın Azərbaycan bölməsinin tədris ləvazımatı və avadanlığı Qazaxa köçürülür. 1918-ci ildə vəziyyətlə əlaqədar Qazaxla Gəncə arasında əlaqə kəsildiyi üçün F.Köçərlinin Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin materiallarını gətirdiyi qatar Ağstafa stansiyasında dayanır. F.Köçərli Sanılıya müraciət etməli olur. Firudun bəyin təklifini məmnuniyyətlə qəbul edib dərhal on iki araba təşkil etdirib seminariyanın ləvazımatını Qazaxa gətirdib Məşədi İbrahimin binasında yerləşdirir və ona ciddi nəzarət etməklə maddi yardım da edir. Seminariyanın yerləşməsindən bir neçə gün sonra onu geri qaytarmaq üçün canişinlikdən üç nəfər nümayəndə gəlir. Bir saatdan artıq söhbətdən sonra razılıq əldə edilərək onlar hörmətlə yola salınır. Beləliklə, 1918-ci ildə F.Köçərlinin xahişi ilə H.K.Sanılı Qori müəllimlər seminariyasının Azərbaycan bölməsini Qazaxda yerləşdirdi. |
Hacı Kərim Sanılı təkcə müəllimliklə məşğul olmamışdır. Onun həm də pedaqogika tarixində böyük xidmətlərindən biri də yüksək keyfiyyətli dərsliklər yazmaq olmuşdur. O, 1920-ci illərdə latın qrafikalı yeni əlifbanın yaradılmasında fəal iştirak etmiş, "Əlifba", "Böyüklər üçün əlifba" (1924), Ə. Seyidovla birgə "Türk əlifbası" (1927), "Üçüncü il" (1927), (təkrar nəşrləri 1929, 1930), "Türk əlifbası" (1930) və s. dərsliklərini tərtib etmişdir.[2][3][4]
Rus, fransız və fars dillərini mükəmməl bilən Hacı Kərim Sanılı Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra da müəllimlik kimi fəaliyyətini davam etdirmişdir. Belə ki, 1922-ci ildə N. Nərimanovun təklifi ilə Bakıya köçüb 1922-ci ilin mayından 1924-cü ilin sonuna kimi Yeni Türk Əlifba Komitəsində Fərhad Ağazadə, Bəkir Çobanzadə, Xudadat Məlikaslanov, Mirzə Cabbar Məhəmmədzadə, Hüseyn İsrafilbəyov, Mirzə Hüseyn Camalzadə, Vəli Xuluflu, İdris Həsənli (Həsənov), Mənsur Qurbanzadə ilə birgə çalışıb, savadsızlığı ləğvetmə kurslarında dərs demişdir.[2][4]
Hacı Kərim Sanılı həmçinin sovet dövründə bir sıra məsul vəzifələrdə çalışmışdır. O, 1933–1935-ci illərdə Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda, 1933–1936-cı illərdə Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində müəllim, 1936–1937-ci illərdə isə paytaxtın 25 saylı orta məktəbində rus dili müəllimi, , "Yeni kənd" jurnalının məsul katibi, Azərbaycan Kooperativ məktəbləri birliyində dərs hissə müdiri, Bakıda Kənd Təsərrüfatı İnstitutunda, Azərbaycan Sənaye İnstitutunda, Politexnik İnstitutunda, Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi və Bakı xalq maarifi şöbəsində inspektor işləmişdir.[1][4]
Hacı Kərim Sanılı maarifçiliklə yanaşı, ictimai-siyasi işlərdə də fəallıq göstərmişdir. O, 1905-ci ildə siyasi fəaliyyətə başlamış və həmin ildə "Difai" təşkilatına üzv olmuşdur.[1] Dağ Kəsəmən məktəbində işlədiyi vaxtlarda Sanılı ictimai-siyasi fəaliyyətini daha da gücləndirərək kəndlilərin hüququnu müdafiəyə etmiş, yeniliyə və tərəqqiyə çağıran müxtəlif çıxışlarda iştirak etmişdir. Bütün bunlar yerli xəfiyyə idarəsinin gözündən yayınmamış və Sanılı 1906-cı ildə həbs edilmişdir. Bu, dövrün ziyalılarının kəskin etirazına səbəb olmuş, onlar Sanılını müdafiəyə qalxmışlar. Bu barədə Firidun bəy Köçərli "İrşad" qəzetində "El üçün ağlayan gözdən olar" məqaləsi ilə çıxış edərək yazmışdır:[2][4]
Paxıl və həsəd və iftira səbəbilə nahaq və bicərm məhbus olanlar həm Qazax mahalında cənab Ağabəy Qiyasbəyov və müəllim H.K.Sanıyevdir... Bunları güdaza verən ancaq içimizdən törəyən xaricməslək mürtədlər olubdur ki, divanbəyinin və uyezd naçalnikinin ətrafında quyruqlarını bulayıb dəyanət və rəzalətləri üzündən millət xadimlərini bad-fənaya verməyi özlərinə böyük hünər və qərəz bilirlər. |
("İrşad" qəzeti, 10 aprel, 1906).
Həbsdən azad olunduqdan sonra da Sanılı inqilabi fəaliyyətini dayandırmamış, "Müdafiə" təşkilatına üzv olub, həmin partiyanın təşkilatçılarından birinə çevrilmişdir. O, partiyanın müraciətnaməsinin çap olunmasında, kütlələr arasında yayılması üçün çalışmışdır. Bundan qorxuya düşən hakim dairələr dəfələrlə onu Qazaxdan uzaqlaşdırmağa çalışmışdır. Ölkəsini müstəmləkəçilik buxovundan qurtarmaq, millətini savadlı və elmli etmək üçün mübarizə aparan Sanılı ona olunan bu təklifi qəbul etməmişdir.[4] Hacı Kərim Sanılı 1907-ci il fevralın 9-da yerli əhali tərəfindən seçilən nümayəndə kimi Bakıya gəlmiş, "Xeyriyyə cəmiyyəti"ndə olmuş və yoxsullara, imkansızlara maddi yardım göstərilməsi üçün əlindən gələni əsirgəməmişdir.[4]
1917-ci ildə çarizmin devrilməsi ilə əlaqədar ictimai-siyasi hadisələrin təsiri Qazaxda da hiss olunurdu. Sanılı 1917-ci ildə Tiflis hümmətçilərinə qoşularaq Tiflis menşevik "Hümmət" təşkilatının fəal üzvlərindən biri olmuşdur.[1] O, kəndliləri mübarizəyə çağırır, kütlələrin nümayişində iştirak edir, yığıncaq və mitinqlərdə nitqlər söyləyirdi. 1918-ci ildə Qazaxdakı kəndli üsyanları tədricən ciddi, mütəşəkkil inqilabi hərəkata çevrilir. Bu zaman Qazax qəzasının idarə edilməsi Hacı Kərim Sanılıya tapşırılmış və o, 1918-ci ildə Qazax qəzasının general-qubernatoru olmuşdur.[1][4]
1918-ci ilin noyabrında Tiflis menşevik hümmətçiləri öz nümayəndələrinin Bakıya Müsavat partiyasının parlamentinə yola salırlar. Həmin nümayəndələr içərisində S. Ağamalıoğlu, Ə. Qarayev, Ə. Pepinov kimi peşəkar inqilabçılarla yanaşı, Sanılı da var idi. Hacı Kərim 1918-ci ilin noyabrında Tiflis "Hümmət" partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir.[4] O, sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur.[1][2] Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Sanılı iki il Qazax qəzasının xalq hakimi vəzifəsində çalışmışdır. O, həmçinin Qazax seminariyasına maliyyə vəsaiti ayrılmasından ötrü parlamentin iclaslarında məsələ qaldırmış və buna nail olmuşdur.[4]
Hacı Kərim Sanılının ilk evliliyi Qazax qazisinin qızı Xuraman xanımla olmuşdur. Onların İslam adlı ilk övladları 1910-cu ildə dünyaya gəlmişdir. Bundan başqa Zəkiyyə, Bəhram və Lətif adlı övladları da olmuşdur. İslam (15 yaşında) və Zəkiyyə o dövrdə geniş yayılmış Xalyareya xəstəliyindən gənc yaşlarında vəfat edirlər. Xuraman xanım da həmin xəstəlik səbəbindən dünyasını dəyişir. Hacı Kərim Sanılı daha sonra Mahi Mənzar xanımla evlənmişdir.[3]
Hacı Kərim Sanılı ədəbi yaradıcılığa 40 yaşında başlamışdır. Onun imzasına mətbuat səhifələrində yalnız 1918-ci ildən sonra təsadüf olunur. O, son dərəcə mürəkkəb, ağır və ziddiyyətli yaradıcılıq yolu keçmişdir. Ədib əsərlərini sadə, anlaşıqlı xalq dilində yazmışdır.[4]
Hacı Kərim Sanılı aşıq məclislərində xalq ruhunda böyümüşdür. Bu da onun yaradıcılığına təsirsiz ötüşməmişdir. Şairin şeir və poemalarında, həmçinin pyesində şifahi xalq ədəbiyyatı ənənələri mühüm yer tutur. Dövrün inqilabi dəyişmələrinə böyük inam bəsləyən Sanılı xalqın həyat və mübarizəsindən maraqlı mövzular alaraq, onları öz əsərlərində günün tələblərinə uyğun bir şəkildə işıqlandırmağa çalışmışdır. Ədibin müxtəlif mövzularda yazılmış bir çox məqalələri və "Qara bəy" adlı kiçik pyesi var. Şair bu əsərlə səhnə əsəri sahəsində də qələmini sınamışdır.[4]
Əhməd Cavadın "Azərbaycan" şeirinin Hacı Kərim Sanılıya aid olduğu da iddia edilir.
XX əsrdə Azərbaycan ədəbiyyatında ilk tarixi poema janrının əsasını Hacı Kərim Sanılı qoymuşdur. O, "Aran köçü", "Namus davası", "Zülmün sonu", "Novruz və Gülara", "Turut qaçaqları" poemasının müəllifidir.[1] Şairin ilk poeması olan "Aran köçü" 1924-cü ildə çap olunmuşdur. Bu əsərin mövzusu kəndlilərin aran-yaylaq məişəti ilə bağlı həyatından götürülmüşdür. "Aran köçü" o zamanki Azərbaycan poeziyasında öz forma və yazılış tərzinə görə yeni idi. Azərbaycan xalqının uzun əsrlərin sınağından çıxmış milli adət və ənənələri "Aran köçü" poemasında əks olunmuşdur.[4]
1927-ci ildə yazdığı "Namus davası" poemasında XIX əsrin ortalarından başlayaraq, feodal mülkiyyəti və imtiyazlığının getdikcə qüvvətlənib nüfuzlu xanlıqlar formasında təsis olunduğu konkret bir dövrdən danışılır. Sanılının "Zülmün sonu" (1927) poemasında istismar dünyasının haqsızlıqları, acı rəzalətləri böyük bir nifrətlə əks olunmuşdur. Şairin "Zülmün sonu" poeması dövri mətbuat səhifələrində — "Şərq qadını", "Maarif və mədəniyyət", "Yeni kənd", "Kəndli qəzetəsi", "Yeni yol", "Kommunist" və s. jurnal və qəzetlərdə çap olunmuşdur.[4]
Həmçinin 1927-ci ildə qələmə aldığı "Oktyabr alovları" adlı almanaxda nəşr olunan "Novruz və Gülara" poemasında hər iki gəncin fərəhsiz uşaqlıq illəri, sonrakı həyatları müfəssəl təsvir olunmuşdu. Şairin son poeması olan, "Turut qaçaqları" (1935) istər ideya, istərsə də sənətkarlıq baxımından onun poetik yaradıcılığının təkamülü sayılır. Bu poemanın bu qədər qüvvətli olması onunla izah olunur ki, Sanılı Şəki qəzasında müəllimlik etdiyi zamanlar qaçaqların həyatını, psixologiyasını dərindən öyrənmişdi.[4]
Hacı Kərim Sanılı "Muğan", "Təzə mahnı", "Azərbaycan xalqına", "Əkinçilər", "Rəssam Əzim Əzimzadə", "Elm ocaqları" və s. kimi şeirlərin müəllifidir. Şairin şeirlərində ərəb, fars və digər dillərdən keçmə sözlərə rast gəlinmir. Dil məsələsinə çox ciddi yanaşan ədib 1934-cü ildə Azərbaycan yazıçılarının I qurultayında bu mövzu ilə əlaqədar çıxış edərkən öz dilini bəyənməyib, özgə dildə danışanlara bu cür müraciət etmişdir:[2][4]
Bu yollara əlvan çiçək saçılar.
Özgə şivə, özgə sözdən qaçılar
Daha bir də biz uymarıq hər yada.Şairin fikrini başa düşməyənlər 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının I qurultayında Hüseyn Cavidlə, Əhməd Cavadla bərabər Hacı Kərim Sanılını da topa-tüfəngə tuturlar. Sanılının yalnız dövri mətbuat səhifələrində — "Şərq qadını", "Maarif və mədəniyyət", "Yeni kənd", "Kəndli qəzetəsi", "Yeni yol", "Kommunist" və s. jurnal və qəzetlərdə çap olunmuşdur.[4]
Hacı Kərim Sanılının ilk kitabı olan "Canavarlar hökuməti" 1918-ci ildə nəşr edilmişdir.[1] Azərbaycan Xalq Cümhuriyyəti zamanında — 1919-cu ildə Bakıda "Novruz" mətbəəsi tərəfindən "Yeni şərqilər" kitabı çap edilmişdir. Bundan sonra 1927-ci ildə üç kitabı — "Kəndimiz və Aran köçü", "Namus davası", "Zülmün sonu" və 1935 və 1964-cü ildə "Turud qaçaqları", 1993-cü ildə isə "Seçilmiş əsərləri" şeir kitabları nəşr edilmişdir.[2][4]
Habelə Sanılının M. F. Axundzadə adına Respublika Milli Kitabxanasının arxivində "Yeni şərqilər" adlı kitabının surəti saxlanılır. Həmin kitab 1919-cu ildə AXC parlamentinin üzvü olduğu dövrdə çap olunumşdur.[3] O, kitabçanı Azərbaycan aşiqlərinə ithaf etmişdir. Hacı Kərim Sanılı özünü "Yeni Şərqilər"in yazanı və çap edəni olaraq "Azərbaycan parlamentinin üzvü Hacı Kərim Sanılı" olaraq təqdim etmişdir. Yazarların bəzən "Mahnılar" adıyla təqdim etdikləri bu topluda müəllifin 14 şeiri toplanıb. İkinci şeir Buradakı bütün şeirlərin hamısı xalq yaradıcılığı üslubundadır. Kitabça "Elektrik Novruz" mətbəəsində çap olunmuşdur.[2][3]
Maarifpərvər şair, metodist, pedaqoq Hacı Kərim Sanılı Əli Məhzunla birgə uşaqlar üçün "Meymun və ilan" mənzuməsini yazmışdır. Doqquz səhifədən ibarət olan bu kitabça 1929-cu ildə Bakı şəhərində Azərnəşrdə nəşr olunmuşdur. Kitabçaya səkkiz uşaq əsəri daxildir. Onlardan dördü Hacı Kərim Sanılının qələminin məhsuludur.[3]
Həyatın müxtəlif sahələrinə müraciət edən Sanılının poeziyasında qadın azadlığı mövzusu da aparıcı yerlərdən birini tutur. Bu mövzuda yazdığı şeirlərin çoxunu 1927–1928-ci illərdə "Şərq qadını" jurnalında dərc etdirmişdir. "Xoş gəlir", "Evdar qadınlara", "Qadınlar günü", "Kənd qızı", "Çadra əsirləri", "Zərbəçi qızlar" və s. bu kimi şeirlərin hər birində şair qadına cəmiyyətin bərabərhüquqlu vətəndaşı kimi baxmışdır. Prof. Bəkir Çobanzadə onun yaradıcılığını yüksək qimətləndirərək yazmışdır: ("Azərbaycan ədəbiyyatının yeni dövrü", Bakı, 1930, s.48).[4]
Sanılının əsərləri indiyə kimi bəhs etdiyimiz yeni aşıq ədəbiyyatının zirvəsidir. |
Hacı Kərim Sanılını 1937-ci il iyunun 3-də Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Muşfiq və Vəli Xulufludan bir gün qabaq həbs edirlər.[1][2][3][4] Ədib öz yaşadığı evdə həbs edilir. O, həmin illərdə Bakı şəhəri, Füzuli küçəsində yaşayırdı. Ədibə "qolçomaq burjua yazıçısı", "xalq düşməni" damğası vurulur. NKVD-nin 1-ci şöbəsinin təhlükəsizlik leytenantı Klimentiç 12493 №-li istintaq işinin materiallarına əsaslanaraq heç bir partiyanın üzvü olmayan Hacı Kərim Sanılının əks-inqilabi-millətçi təşkilatında fəaliyyət göstərdiyini "müəyyənləşdirir" və vətənə xəyanət maddələri ilə həbs edir.[2]
İstintaq işinə əsasən, 4-cü şöbənin rəisi, təhlükəsizlik üzrə kapitan Kinmanla razılaşdırılan və qəbul edilən qərar Xalq Daxili İşlər Komissarı Sumbatov tərəfindən təsdiq olunur. Onu sovet işğalına qarşı mübarizə aparan "Əzrayıl firqəsi"-nə üzv olmaqda və mühacirətdə mübarizə aparan Məhəmməd Əmin Rəsulzadə ilə əlaqə saxlamaqda ittiham edirlər.[5] Hacı Kərim Sanılı haqqında qaldırılan cinayət işinin qərarında qeyd olunumuşdur:[2]
Qolçomaq ailəsindən olan Hacı Kərim Sanılı Azərbaycanın sovetləşməsi zamanı "Əzrail" firqəsi adlı təşkilat yaratmışdır. Hazırda Ticarət və Kooperasiya İnstitutunun müəllimi olan şair, yazıçı Azərbaycan təhlükəsizlik işçilərinin nəzər-diqqətini cəlb etmişdir. |
İstintaq-sorğu protokollarından məlum olur ki, istər çarizm dövründə, istər Cümhuriyyət zamanında, istərsə də Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Hacı Kərim Sanılı xalqının azadlığı, vətəninin müstəqilliyi, millətinin savadlanması uğrunda mübarizələrdə fəal iştirakını təsdiq etmişdir. Hacı Kərim Sanılıya zindanda çox əzab verilirdi. O, NKVD zirzəmisində gündə bir neçə dəfə döyülüb təhqir olunurdu.[2] Ədib həbs olunarkən Azərbaycan Yazıçıları İttifaqı bu məsələyə münasibətini bildirir. Həmin fikirləri 9 iyun 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap etmişdir:
Sovet Yazıçılar İttifaqında Sovet ədəbiyyatını və onun əsasını dağıtmağa çalışan Y.V.Çəmənzəminli, H.K.Sanılı, H.Cavid, M.Müşfiq, A.Musaxanlı, S.Hüseyn kimi düşmənlərə yer yoxdur. |
İki aya yaxın NKVD zirzəmilərində əzab və işgəncələrə məruz qalan Hacı Kərim Sanılı məhkəməsiz ölüm kamerasında əzab və işgəncələrə tab gətirməyərək (guya ürək çatışmazlığından) dünyasını dəyişir.[2] Digər bir mənbə də isə güllələnmə cəzasına məruz qaldığı göstərilir.[3] Repressiyaya məruza qalan digər şəxsiyyətlər kimi Hacı Kərim Sanılının da qəbri məlum deyildir.[3]
Şairin övladlarından iki oğlu Lətif və Bəhram qalmışdır. Hər ikisi Azərbaycan Neft Kimya İnstitutunda təhsillərini yenicə tamamlamışdılar ki, Hacı Kərim Sanılı həbs edildi. Şairin övladları Bəhram və Lətif Azərbaycanı tərk etdilər və bir daha vətənə qayıtmadılar. Oğlanları təqib ediləcəklərindən çəkinərək Moskva şəhərinə köçdülər. Orada işlədilər. 1941-ci ilin müharibəsində hər ikisi hərbi xidmətə getdi. Kiçik oğlu Lətif müharibədən qayıtmadı.[3]
Böyük oğlu Bəhram isə cəbhədən qayıdıb yenə də Moskvada yaşadı. Bəhram Sanıyev Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. O, Moskvada ailə qurdu. Kamal adlı oğlu, Əzizə adlı qızı dünyaya gəldi. Sanıyev Kamal fizika elmləri doktorudur. Əzizə isə ali təhsillidir. Hər ikisi ailəlidir və Moskavada yaşayırlar. Hacı Kərim Sanılının həyat yoldaşı Mahi Mənzər xanım isə bəraətdən sonra həyat yoldaşının şəxsi arxivini Azərbaycan Respublikasının Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim etmişdir.[3]