Nemətullah Kişvəri (XV əsr, Salmas, Qərbi Azərbaycan ostanı – XVI əsr, Təbriz) — Azərbaycan şairi. XV əsrin ortalarında Cənubi Azərbaycanın Dilməqan (indiki Səlmas) şəhərində anadan olmuş, 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır.[1] Onun adı Nemətullah, təxəllüsü isə Kişvəridir.[2]
Kişvəri | |
---|---|
Doğum tarixi | XV əsr |
Doğum yeri | |
Vəfat tarixi | XVI əsr |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Kişvəri Vikimənbədə |
O, Təbriz ədəbi mühitində formalaşmışdı. Saray şeir ənənələrinə əməl etmək məcburiyyəti qarşısında qalmış istedadlı şair məddahlığa alışa bilməmiş, Ağqoyunlu sarayını tərk edərək 6 divan yaratmış özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvaiyə pənah aparmışdır.[1][3] Kişvəri Azərbaycan (türk) və fars dillərində "Divan" yaratmış, əsasən lirik qəzəllər müəllifi kimi tanınmışdır.
Kişvərinin həyat və yaradıcılığı haqqında məlumatlar natamam və pərakəndə haldadır. Təəssüf ki, orta əsr mənbələrində şairin anadan olduğu il və yer barədə məlumata rast gəlinmir. Lakin şairin hansı illərdə yaradıcılıqla məşğul olduğunu təxmin etmək mümkündür.[4] Sam Mirzə "Töhfəyi-Sami" təzkirəsində sənətkardan danışarkən aşağıdakı məlumatla kifayətlənir:
"Mövlana Kişvəri Qəzvin çaybasarı ətrafındandır. Nəstəliq xətti ilə yazılmış çoxlu şeirləri var. Seçilmiş şeirlərinin yaxşılarından birinin mətləbi belədir:
Yeni baharın üzünə payız xəzan bəlası gəlir,
Qəm tozu cavan sərv ağacının üzərinə tökülür."
Təzkirəsini farsca yazıb həmin dildə şeirlər tərtib edən Sam Mirzə Kişvərinin də farsca beytini misal verib. Təzkirəçinin Kişvərini Mövlana adlandırma səbəbi isə şairin ziyalılığına yüksək qiymət verməsidir. Sam Mirzə həmçinin Kişvərinin Qəzvində anadan olduğunu bildirir.[5]Həmid Araslı "Azərbaycan ədəbiyyatı tarixi " adlı kitabda Kişvərinin Qəzvində anadan olub Təbrizdə yaşadığını qeyd edir. Cavad Heyət də "Azərbaycan ədəbiyyatı tarixinə bir baxış" əsərində Araslının fikri ilə razılaşır.[6]
Lakin Məhəmmədəli Tərbiyət "Danışməndani-Azərbaycan" adlı əsərində onu qəzvinli yox, dilməqanlı kimi təqdim edir. Ədəbiyyat tarixçiləri ikinci fikri daha çox qəbul edirlər. Çünki Azərbaycan türkcəsində divan yaradan bir şairin Azərbaycan şəhərində doğulması daha inandırıcı görünür. Dilməqan Cənubi Azərbaycanda Urmiya gölü yaxınlığında şəhərdir. Sonralar Səlmas adlandırılmışdır. Günümüzdəki adı isə Şahpurdur.[7]
Təzkirələrdə verilən səthi məlumatları nəzərə almasaq, Azərbaycan ədəbiyyatşünaslığında şair haqqında ilk və ardıcıl tədqiqat akademik Həmid Araslı tərəfindən aparılmışdır. Həmid Araslı 1943-cü ildə çap etdirdiyi "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" kitabında Kişvəri barədə qısa məlumat verir.[8] 1946-cı ildə onun yaradıcılığından daha geniş bəhs edir. Həmin il Azərbaycan EA Respublika Əlyazmaları Fonduna Kişvərinin şeirlər divanından ibarət qədim əlyazma daxil olur. Həmid Araslı bu əlyazma əsasında yeni elmi məqalə yayımlayır və bu məqaləni "Füzuli sələflərindən — Kişvəri" adlandırır. Araslı Kişvərinin həyat və yaradıcılığı ilə bağlı bir çox faktı müəyyənləşdirir. Onun özbək şairi Nəvai ilə olan əlaqəsini, Sultan Yaqub dövründə yaşadığını, Həbibi ilə dostluğunu, poeziyasının məzmununu, sənətkarlıq xüsusiyyətlərini və s elmi şəkildə şərh edir. 1960-cı ildə Araslının bu məqaləsi "Azərbaycan ədəbiyyatı tarixi"nin I cildinə daxil olmuşdur. [4] Kişvərinin bizə çatan divanındakı lirik örnəklərdə onun avtobioqrafiyasına dair nüanslar mövcuddur. Həmid Araslı şairin "Mədəd hay!" rədifli müxəmməsində öz halından şikayət edən şairin Sultan Yaqub zamanında yaşadığını və saraya can atdığını yazır:[9][10]
Qələndər Kişvəridir bir süxəndan,
Süxənquyadır üştə kuyi-çeydan,
Onun hər beytidir bir dürri-qəltan,
Qulaq asmaz ona Yaqub Sultan.
Məni bu qayğı öldürdü mədəd hay!
Professor Cahangir Qəhrəmanova görə bu müxəmməs əsasında şairin saraya can atdığını söyləmək çətindir. Alim bildirir ki, bu zaman şair onsuzda sarayda yaşayırdı. Ancaq görünür ki, Sultan Yaqub ona kifayət qədər diqqət göstərmirmiş.[10] Şair həmin əsərdə hökmdara şeirlər yazıb ömrünə dua etdiyini, lakin bu səylərinin batil olduğunu bildirir. Professor Yaqub Babayev də alimin bu fikirlərinə qoşulur və bildirir ki, Kişvəri Sultan Yaqubun dövründə müəyyən yaş həddinə çatmış, qələmi yetkinləşmiş bir şair idi. Alim həmçinin bu fakta əsasən şairin XV əsrin ortalarında təxminən 1430–1440-cı illərdə anadan olduğu fikrini irəli sürür.[11]
Bəzi qeydlərindən də anlaşılır ki, onun saraya yaxınlaşmasına və ya Sultan Yaqubun diqqətini cəlb etməsinə mane olan şəxslər varimiş:[10][9]
İməs mən aşiqi-biyar tale,
Bolubmən bir quru didarə qane.
Ana dəxi olurlar xəlq mane,
Zəhti bəxti-bədü varunə tale.
Məni bu qayğu öldürdü mədəd hay!
Daha sonra şair Sultan Yaqubun diqqətini çəkməyə nail olur. Lakin bu vəziyyət çox uzun çəkmir. Sultan Yaqubun ölümü, Ağqoyunlu şahzadələri arasındakı ardı-arası kəsilməz çəkişmələr, nəhayət Səfəvilərin hakimiyyətə gəlməsi Kişvərinin saraydan uzaqlaşmasına gətirib çıxarır.[10]" Bir dəxi" müxəmməsindəki:
Vəh ki, dönsəydi mana ruzi-cavani dəxi,
Yüz verəydi Xızrə abi-zindıgani bir dəxi
Yarlıq qılsaydı feyzi-asimani bir dəxi
Kim, görəydim şol məhi-namehribani bir dəxi,
Kövkəbi-bəxtim çıxaydı nagəhani bir dəxi.
misralarında bəxt ulduzunun söndüyündən gileylənən şairin qoca yaşlarında olduğu görünür. Çünki o, ruzi-cavani yəni cavan günlərinin qayıtmasını arzulayır.[11]Bu müxəmməsin Sultan Yaqubun ölümündən sonra, 1490–1502-ci illər arasında yazıldığı təxmin edilir. Müxəmməsin son bəndində:
Taleyi-bərgəştə bir dəxi qılaydı sərvəri,
Kim cila tapsaydı ol aineyi-İskəndəri,
Şolə məksəydi çiraği-tudeyi-Bayəndəri,
Vəh nə ləzzət tapğay ol saət qələndər Kişvəri,
Kim görünə rayəti-Yəqub xani bir dəxi
— Ağqoyunlu dövlətinin süqutundan danışılır və sülələnin yenidən hakimiyyətə gəlməsi arzulanır. Lakin şairin əsərlərində Səfəvi hökmdarlarının xatırladılması göstərir ki, şeir keçid dövründə yazımış, Kişvəri bundan sonra yaşamamışdır.[12]
Kişvərinin Həbibi ilə olan münasibətlərindən ilk dəfə akademik Həmid Araslı bəhs etmişdir. Həbibinin də yaradıcılığının bir hissəsi Sultan Yaqubun sarayında keçmişdir. Ehtimal edilir ki, şairlər burada tanış olmuş və bir-birilə sənət və şeir haqqında söhbətlər etmişdirlər. Daha sonra Həbibi Səfəvi sarayında, 1514-cü ildən sonra isə Türkiyədə Sultan Səlimin sarayında böyük nüfuz qazanmışdır. Bu səbəbdən şairlərin arasında soyuqluq girmiş və Kişvəri də bu soyuqluqdan şikayətlənmişdir:[13][14]
Nə mən nalanə həmdəmdir Həbibi,
Nə mən bimarə müşfiiq bir təbibi,
Nə mən məhcurə vəslidən nəsibi
Həbibi, va Həbibi, va Həbibi!
Həbibiyə müraciətlə yazılmış bu parçada, görünür "Bir dəxi "müxəmməsi ilə eyni zamanda hətta bir qədər sonra qələmə alınmışdır.
Qələminin qüdrətindən söz açan şair öz şeirlərini özbək şairi Nəvainin şeirləri ilə müqayisə edir və özünü heç də ondan əskik hesab etmir. Yalnız təəssüflənir ki, tale onu Sultan Bayqara kimi bir himayəçi ilə rastlaşdırmamışdır: [15][16]
Kişvəri şeiri Nəvai şeirindən əksük iməs,
Bəxtinə düşsəydi bir Sultan Hüseyn Bayqara.
Kişvəri Dilməqanda doğulsa da, sonralar Təbrizdə yaşamışdır. Onun tez-tez qəriblikdən söz açması, doğulduğu yerdən kənarda yaşadığını göstərir:
Təbrizdə çox sərvqəd, lalərüx, əmma
Mən sevdigün ol səbxxət, al qəbadur.
Beytindən məlum olur ki, bu zaman şair Təbrizdə yaşayırmış. Lakin sənətkar Təbriz hökmdarından narazılığını dilə gətirir və Səmərqəndə meyil edir. Şair buradakı türklərin yanına getmək istədiyini də bildirir:[15]
Xosrovi-təbrizdən çün bolmadı kamım rəva,
Eyb imas gər meyli-türkani-Səmərqənd eyləyim.
Əflatun Cəfərli və İbrahim Hilali onun qoca yaşlarında Təbrizin məscidlərinin küncündə xətə həyat sürdüyünü yazırlar. Roza Eyvazova isə bu məlumata etiraz edir. Əliyar Səfərli də bu fikrə qoşularaq bildirir ki, Kişvəri Sultan Yaqubun dövründə Təbrizə gəlmiş, Xosrovi Təbrizin yanında yaşamışdır.[17] Alim onun hamı tərəfindən tərk edilən, unudulan şair kimi Təbrizdə qəriblik hiss etdiyini bildirir. [18]
Kişvərinin qocalığı 1501–1524-cü illər arasında hakimiyyətdə olmuş Səfəvilər dövlətinin banisi Şah İsmayılın dövrünə təsadüf edir. Şah İsmayıl dövrünün şair və sənətkarlarına himayədarlığı ilə tanınırdı. Kişvəri Şah İsmayıl Xətai üçün divanında 1 qəzəl və 1 rübai yazmışdır: [19]
Ta ki boldum Şah İsmayıl Xanın bəndəsi
Kişvəri tək qalmadı pərva-yı sultanlıq mana
Kişvəri Azərbaycan ədəbiyyatının şərq qoluna məxsus şair olduğundan Türkiyədə nəşr olunan əsərlərdə onun haqqında çox qısa məlumat verilib. Kişvəri irsinin öyrənilməsi yönündə ilk təşəbbüs İsmayıl Hikmətə məxsusdur. O "Azərbaycan ədəbiyyatı tarixi "adlı kitabına sənətkara dair yığcam və dəyərli oçerk daxil etmişdir. Tədqiqatçı onu da qeyd edir ki, Osmanlı təzkirələrində Kişvəriyə aid məlumatların olmaması onun Osmanlı torpaqlarına keçmədiyini göstərir. Şairin divanı o dövrdə elm aləminə məlum olmadığı üçün, İ. Hikmət sənətkarın yaradıcılığı barədə bir neçə poetik nümunə əsasında məlumat verir. Alim Kişvəri şeirlərini söz və ifadə seçimlərinə, cümlə quruluşuna, vəzn ahənginə görə Füzuli şeirlərinə bənzədir.[20]
Daha sonra "Türk dünyası əl kitabı" adlı əsərdə Əhməd Cəfəroğlu Azərbaycan ədəbiyyatı bölməsində kişvəri haqqında aşağıdakı cümlələrə yer verir:
"Əslən Təbrizli olub, haqqındakı yeganə qaynaq, Şah İsmayılın "Dəhnamə" əsərinin sonundakı qeyddir."[6]
Türk dünyası əl kitabının sonrakı nəşrlərində "Azərbaycan türkləri ədəbiyyatı" başlıqlı məqalə Əhməd Cəfəroğlu və Yavuz Akpınarın adları ilə "XIX əsrə qədər olan hissə Yavuz Akpınar tərəfindən nəzərdən keçirilmiş və bəzi əlavələr edilmişdir. " qeydi ilə yenidən nəşr olunur. Bu araşdırmada Kişvəri haqqında verilən məlumatlar belədir:[21]
"Dövrün əhəmiyyətli şairlərindən biri də Güney Azərbaycanın Səlmas şəhərində doğulmuş, türkcə və farsca divan sahibi olmuş, 1490-cı ilə qədər Ağqoyunlu Sultan Yaqubun himayəsində yaşamış Nemətullah Kişvəridir. Şeirlərində Çağatay türkcəsi və Nəvai təsiri açıq aşkar olan Kişvərinin üç divanından ikisinin Özbəkistanda olması onun İran və Orta Asiya şairləri arasında sevildiyini və oxunduğunu göstərir. Divanı Cahangir Qəhrəmanov tərəfindən "Kişvəri. Əsərləri"(Bakı, 1984) adı ilə nəşr edilmişdir." Həmin məqalədə Kişvərinin Azərbaycan poeziyasının yetkinləşməsində, Füzuli təməlinin qoyulmasında mühüm rol oynadığı da qeyd olunur.[21]
"Türk Dili və Ədəbiyyatı Ensiklopediyası"nda Kişvəri haqqında verilən məlumatlar onun XV əsrin sonu XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairlərindən biri olduğunu göstərir. Onun Qəzvində doğulduğu, Təbrizdə yaşadığı, divanının isə Bakıda "Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondu"nda olduğu bildirilir.[21]
Kişvəri XV–XVI əsrlərdə Azərbaycan poeziyasının formalaşma dövründə Azərbaycan türkcəsində şeirlər yazaraq ədəbi dilin inkişafına böyük töhfələr vermişdir. O, şeirlərini son dərəcə axıcı, sadə üslubda yazıb. Kişvərinin lirik şeirlərində xalq ədəbiyyatının təsiri özünü göstərir. Şair iki dildə- Azərbaycan və fars dillərində divan yaratmışdır. Divanının bizə 5 nüsxəsi gəlib çatmışdır. Buraya qəzəl, qəsidə, müxəmməs, təxmis, müstəzad, mürəbbe, rübai və s. kimi əruz janrlarında yazılmış şeirlər daxildir.
Kişvəri divanının lüğət tərkibinə nəzər salındıqda onun Azərbaycan türkcəsində sözlərlə zəngin olduğunu söyləmək mümkündür. Divan dilinin səciyyəvi cəhətlərinə aşağıdakıları nümunə göstərmək olar:
Şairin yeddi beytlik "Görgəc" rədifli qəzəlinin bütün beytləri ayrı-ayrılıqda şərq məcaz növlərindən olan irsalül-məsəl və məzhəbül-kəlam üzərində qurulmuşdur.[25] İrsalül-məsəl söz sənətində işlənən atalar sözü, hikmətli deyimlərdir. Məzhəbül-kəlamda isə poeziyada əvvəlcə deyilən fikir onun ardınca elə bənzətmə, atalar sözü, məsəllərlə müqayisə yolu ilə təsdiq edilir, beləliklə irəli sürülən fikrin inkarı mümkün olmur. Hər bir beytin ilk misrasında bəyan olunan mətləbdə bənzəyən, bənzədilən və bənzətmə əlaməti olduğu kimi 2-ci misradakı hikmətli deyimdə də buna müqabil təşbehat obyekti və əlamətləri vardır. Klassik poeziyada bu xüsusiyyətlər sənətkarı yaradıcı bir fərd kimi başqalarından fərqləndirir. Yaqub Babayev bu sənətkarlıq nümunəsini Kişvəri üslubu adlandırır. [25]
Məhəbbət və gözəlliyin tərənnümü.
Kişvəri şeirində əsas yeri məhəbbət və gözəlliyin tərənnümü ilə əlaqəli əsərlər tutur. Onun eşq fəlsəfəsində 3 başlıca motiv — məhəbbət və gözəlliyə baxışda ümumbəşəri ölçülər, orta əsrlər islam şərqinə məxsus meyarlar və individual baxışlar sistemi sintez edilmişdir.[26]
Kişvəri poeziyasında insan gözəlliyinin tərənnümünə xüsusi yer verilmişdir. Şair insan gözəlliyini günəşdən artıq tutur. O "Təşrihül-Bədən" adlı şeirində insanı qeyri-adi varlıq kimi tərənnüm edir.[27]Bədii suallar şəklində qurulan vahid formalı bu şeir şairin humanizminin sübutudur.
Yarəb, ol balamidur, ya şaxi-ərərdür, nədür?!
Gülbini-firdov, ya rəşki-sənubərdir nədür?!
Yarəb ol giysumudur, ya qarə yilan, hiç, hiç,
Sünbüli-səhrəayi-Çin, ya cədi ənbərdür nədür?!
Dolu ayın parəsi, ya bürci-xavərdür nədür?!
Yarəb, ol əndamdır, ya bərgi nəsrin, ya səmən,
Qaqumi-tər, ya həvasildin yetən pərdür nədür?!
Şairin şeirlərinin əsas obyekti insandır. Əliyar Səfərliyə görə insanın bu qədər heyranlıqla təsviri, hakim feodal ideologiyasına zidd idi. Alim yazır ki, bu şeirlərdə tərənnüm edilən insan real olmaqla bərabər, həm də humanist ziyalıların idealının, düşüncələrinin təcəssümü idi. Şairin "Göyçəkdir" rədifli qəzəli də bu səpkidə yazılan şeirlərindəndir.[28]
Şairin məhəbbət lirikasında insan iki obrazla təmsil olunur — Aşiq və Məşuq. Aşiq orta əsr poeziyasına xas müsbət, ali keyfiyyətlərə malik olduğu kimi məşuq da bir sıra həyati və fövqəlinsani əlmalətlərin daşıyıcısıdır. Yaqub Babayev şairin eşqin tərənnümünə dair şeirlərinin özünəməxsus cəhətlərini belə açıqlayır:[29]
Kişvərinin şeirində diqqət çəkən cəhətlərdən biri də onda şair-aşiqin simasında qələmə alınan yeni tipli insan surətidir. Bu yeni insan əsrin əsas nümayəndələrindən ciddi şəkildə seçilir. Şair "Özgədir" rədifli qəzəlində aşiqlər və özgələr porblemini aydın şəkildə təhlil edir. Şairin "Fəraq" rədifli qəzəlində məhəbbət mövzusunda yazımış şeirlər silsiləsinə daxildir. Kişvərinin eşq barədə düşüncələri müəyyən məqamda təriqət ideyaları ilə qovuşur. Lakin bu davamlı və sistemli xarakter daşımır. O aşiq-məşuq münasibətlərinin tərifinə daha çox dünyəvi baxış modelindən çıxış edir. "Açdı yüzidən bürqə ol şol ey mana qarşu" misrası ilə başlayan qəzəli bu fikri aydın təcəssüm etdirən nümunələrdəndir.[29]
Həyat və dünyəvi əyləncə ruhunun təcəssümü ilə bağlı.
Kişvəri şeirlərində həm də güclü həyat eşqi duyulur. Şair dünyaya bir dəfə gələn insanı, onun gözəlliklərindən zövq almağa çağırır. Kişvəri şeirlərində kədər motivi sezilsə də Füzuli poeziyasında rastlanan dünya kədəri yox deyiləcək qədər azdır. Kişvərinin şeirlərində bədii-fəlsəfi ümumiləşdirmələrlə yanaşı həyatilik, gerçəkliyə bağlılıq var.[30] Şairin "Yüzüm bir naristan hicrindən saraldı heyva tək", "Ey məni aşüftə qılğan ənbərəfşan kakilün", "Kami dil tərkin qılıb, nakamlıqdur istəgim", "Bu cahanda bir güli-bağı-cahandır sevdigim", "Aşiği kim, girdi hicründən fəna torpağinə" və s misralarla başlayan qəzəlləri sırf dünyəvi əyləncə ruhunun təcəssümüdür.[31]
İctimai hadisələrə münasibət
Kişvəri poeziyasında kədər dövrdən və dövrün ədalətsizliklərindən qaynaqlanır.[32]
Ey könül, dünya evində istəmə abadlığ
Kim, anun bünyadıdır əslində bibünyadlığ
Bu qəzəlin sonrakı beytlərində şair ilk beytdə dünyanın bibünyadlığı barədə söylədiyi mülahizəni müəyyən həyat hadisələri və proseslərini obrazlı şəkildə xatırlamaqla təşbehlər, suallar yolu ilə sadalamaqla davam etdirir. [33] Şairin "Məni bu qayğu öldürdü, mədəd hay" rədifli müxəmməsindəki şikayət fərdi uğursuzluqlarının əksidir. "Keçər" rədifli müxəmməsdə isə aşiqlik dərdi ictimai dərdlə birgə üzə çıxır. Şairin "Bir dəxi," "Xansı birini söyləyim, ah, ancə dərdim var" mənim rədifli müxəmməsləri də bu qəbilədən olan şeirlərindəndir. İkinci şeirdə şair maddi sıxıntılarının ağırlığından, yoxsulluqdan şikayətlənir.
Şairin poeziyasında qəriblik kədəri də özünü göstərir. Dilməqanda və ya Qəzvində doğulan şair Təbrizdə yalnız yaşadığı üçün özünü qərib sayır. O ətrafında təsəlli alacaq şəxslər tapmadığından şikayətlənir. "Olmasun" rədifli qəzəli qəribliklə bağlı duyğularını təcəssüm etdirdiyi bu qəbilədən olan şeirlərindəndir.[34]
Kişvəri "Divan"ının bizə 5 nüsxəsi gəlib çatmışdır. Bunlar aşağıdakılardır