Əlif Hacıyev (24 iyun 1953, Xocalı, DQMV – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.
Əlif Hacıyev | |
---|---|
Əlif Lətif oğlu Hacıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xocalı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Xocalı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 1990–1992 |
Rütbəsi | Mayor |
Vəzifəsi | Xocalı Hava Limanı Xətt Daxili İşlər Bölməsinin Rəisi |
Döyüşlər | |
Təltifləri |
Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur.[1] O, ailənin üçüncü övladı idi.[2] Uşaqlıqdan çörək qazanardı və balıq tutardı.[2]
1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir.[1] 1971-ci ildə ordu sıralarına çağırılmışdır.[1] Hərbi xidməti Minsk şəhərində keçmişdir.[1] 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir.[1] 1974–1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir.[1] 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis məktəbinə daxil olmuşdur.[1] 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.[1]
DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır.[1] Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər.[1] Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirdilər.[2] Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilmişdir.[2] 1987-ci ildə onun işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. O, 1989-cu ilin fevral ayının 20-də əfv olunaraq azadlığa çıxdı.[1][2]
1981-ci ildə Əlif Hacıyev Qalina xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[2] Zərinə və İradə adlı qızları yadigar qalıb.[2][3]
Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir.[4] O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir.[4] Eyni zamanda Xocalı hava limanının komendantı olur.[4] Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.[2][4]
Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər hava limanını zor gücü ilə ələ keçirməyə çalışırlar.[4] Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir.[4] Ermənilər hava limanını mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər.[4] O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi.[4] Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir.[4] O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, "filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin".[4] Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var.[4] Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.[4]
1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər.[5] Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi.[5] O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib.[2] Ona demişdi ki,
Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan.[2] |
Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi.[5] Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi.[5] Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi.[5] Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü.[5] Avtomatın darağını dəyişərkən erməni gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.[5]
Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalmışdı.[2] Onun Nazim adında işçisi, Hacıyev vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü.[2] Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki: "Əgər bilsələr bu Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər". Ona görə də, Hacıyevin cəsədini maşında o biri meyidlərin altında gizlədib gətirmişdi.[2]
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.[5]
Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.[6] Haqqında "Əlif. Xocalı" adlı sənədli film çəkilib[7].
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[8]