Gültəkin Məlik qızı Əsgərova (20 noyabr 1960, Bakı – 20 iyun 1992, Aranzəmin, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Gültəkin Əsgərova | |
---|---|
Gültəkin Məlik qızı Əsgərova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Aranzəmin yüksəkliyi, Ağdam rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | azərbaycanlı |
Uşağı | Əminə Axundova |
Atası | Məlik Əsgərov |
Anası | Rəfiqə Əsgərova[1] |
Təhsili | |
Fəaliyyəti | Həkim |
Mükafatları |
Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində saat 15:00-da anadan olub.[2][3] O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.[3] Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.[3] Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi.[3]
Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.[2]
O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib.[3][4] O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib.[4]
Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub.[2] Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.[2]
1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur.[2] Anasına göndərdiyi məktubda yazılmışdı:
Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı…[4]
|
Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir.[3]
O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı.[2] O, Bakıdakı hərc-mərclikdən cana yığılmışdı.[2] Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır.[2] Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır.[2] Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin.[2] Lakin atəş səslərinin gücləndiyini eşidir.[2] Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır.[2] Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.[2][3]
Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətirmişdilər.[2] Onun tabutunun üstündə də xarıbülbül var idi.[2] 1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.[2]
Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş və büstü qoyulmuşdur.[3] Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.[3] Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur.[3] Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası onu adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur.[3] Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.[3]
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunmuşdur.[5]
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]