Allahverdi Teymur oğlu Bağırov (22 aprel 1946, Ağdam – 12 iyun 1992, Aranzəmin, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi.
Allahverdi Bağırov | |
---|---|
Allahverdi Teymur oğlu Bağırov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 aprel 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 1992 (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mina |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşaqları |
Elşən Bağırov Aynur Bağırova Zümrüd Bağırova |
Atası | Teymur Bağırov |
Anası | Zümrüd Bağırova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 1988–1992 |
Döyüşlər | |
Təltifləri |
1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.[1][2]
Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub.[3] Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb, onun adını Allahverdi qoymuşdular.[3] Bu ad həm də onun babasının (anası tərəfdən) adıdır.[3]
O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və davakar idi.[4] Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi.[4] Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb.[4] Onda həmçinin gənc yaşlarından təşkilatçılıq istedadı vardı.[4]
Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub.[4] Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.[4] O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qorumuşdur[5]. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda "Ağdam" — "Cəbrayıl" oynunda, "Ağdam" klubunun kapitanı olmuşdur.[6] 1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.[3] Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu demişdir:
İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizim həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də O, futbolçulara gözəl bir örnək idi.[7] |
1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranları arasında keçirilən oyunda iştirak etmişdir.[8] 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qolunu Allahverdi Bağırov vurub.[8]
Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib.[3][4] Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir.[6] Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.[9]
1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur.[3] Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.[4]
1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı.[3] Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi.[3] 760 nəfərlik olan batalyon "Vətən oğulları" adlanırdı.[4] Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir.[10] Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı və batalyona rəhbərlik etmişdir.[3][11]
1991-ci ilin avqust ayında Allahverdi Bağırov Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldilər.[12] Cəfərin açdığı atəş nəticəsində Bağırov ayağından yaralandı.[12]
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu.[3] Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur.[3] Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.[13] 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:
Allahverdi Bağırov yeganə komandir idi ki, qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik.[14] |
1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq.[15] O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır.[15] Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı.[16]
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur.[3] Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv etmiş və 10 düşmən əsgərini əsir götürmüşdür.[3]
Onun, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.[4] Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid olmuşdu.[4] Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.[17][18][19] Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi.[4] O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.[20]
Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyev:
Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar.[21] |
Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.[22][23] Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılmışdı.[3] Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi.[3] Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir etmişdir.[3]
2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:
Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərəna – döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi...[24] |
1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü.[3][25][26] Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə şəhid olmuşdur.[3][27] Tankist Sevil Abbasovanın sözlərinə görə onu "ancaq sənədlərindən tanıya bildik."[28]
Bağırov şəhid olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı.[3] Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir.[3] Bakıdakı Şəhidlər Xiyabanında Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir neçə gün sonra şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilmişdir.[3]
2014-cü ildə futbolçu Elşad Xudadatovun verdiyi müsahibədən:
Allahverdi Bağırov döyüşdə şəhid olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi...[29] |
Ailəli idi, Elşən adlı oğlu[30], Aynur və Zümrüd adlı qızları var.[3]
1992-ci ildə komandir Mətləb Mustafayev onun adına Artilleriya divizionu yaratmışdı.[31] Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub.[3] 12 iyun 2010-cu il tarixində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında onun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.[10]
31 may 2012-ci ildə Niderlandın Qroningen şəhərinin "Noorderlicht" rəsm qalereyasında holland fotoqraf Dirk Yan Visserin "Offsayd. Sürgündə olan futbol" adlı fotoşəkillərinin sərgisi və eyniadlı kitabın təqdimatı Allahverdi Bağırovun həyatından bəhs edir.[32][33][34]
25 fevral 2014-cü ildə Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılmışdır.[35][36] Abidənin açılış tədbirində Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri, İcra Hakimiyyətinin məsul işçiləri, deputat Madər Musayev, Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyev, fəal gənclər, hərbçilər, məktəblilər, ictimaiyyətin digər nümayəndələri iştirak edib.[37][38] Həmin ilin iyun ayında Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrında Allahverdi Bağırova həsr edilmiş "Qartal qamətli qəhrəman" sənədli filmlərinin təqdimat mərasimi keçirilmişdir.[39]
"Qarabağ" futbol klubunun Ağdamda tikiləcək yeni stadionun qarşısında heykəli qoyulacaq.[40][41]
Vahid Qazinin "Ruhlar şəhəri" kitabında İmarət stadionunda keçirilən oyunların təsvirində, Allahverdi Bağırovdan da bəhs olunur.[42] 1 sentyabr 2014-cü ildə Makedoniya Respublikasında keçirilən Beynəlxalq "Struqa şeir axşamları" festivalında şair Akif Əhmədgil Allahverdi Bağırova həsr etdiyi "Ölümün qardaşlığı" şeiri oxumuşdur:
Sonbeşik qardaşını qınamışdı bir zaman,
Sinəsini göynədir yaratdığı söz dağı.
O indi anlayır ki, həyatın əzabından
Müqəddəsdir, əzəldir ölümün qardaşlığı.
"Ölümün qardaşlığı", Akif Əhmədgil[43]
Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[47][48] Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırov "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur.[3]