İlham Müzəffər oğlu Əliyev (5 may 1961, Gədəbəy – 19 avqust 1990, Qazax) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.[1]
İlham Əliyev | |
---|---|
İlham Müzəffər oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1961 |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 1990 (29 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Rütbəsi | Leytenant |
Vəzifəsi | Cinayət Axtarış Bölməsinin Əməliyyat Müvəkkili |
Təltifləri |
|
5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olub. Orta məktəbi 1978-ci ildə bitirdikdən sonra 1980-ci ildə hərbi xidmətə çağırılıb. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Gədəbəy rayonunda Kommunal Təsərrüfatı İdarəsində, sonra isə İsmayıllı rayonunda mexanikləşdirilmiş dəstədə çalışmışdır. 1983-cü ildə onu DİN-nin təyinatı ilə İsmayıllı rayon DİŞ-nə qəbul edirlər. Bir müddətdən sonra işini Gədəbəy rayon DİŞ-nin mühafizə bölməsinə dəyişirlər. İ. Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildə Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhər DİŞ-də sahə müfəttişi, sonra isə cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışır. O, rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmış, "Mükəmməl polis" döş nişanına layiq görülmüşdür.[2]
Ailəli idi. Bir övladı var.
Qazax rayonunun Aşağı Əskipara kəndi od-alov içində yanırdı. Ermənistanla həmsərhəd olan bu kənd fasiləsiz olaraq erməni yaraqlıları tərəfindən atəşə tutulurdu. İlham 11 nəfərlik dəstə ilə məktəbin binasını özünə mövqe seçir, quldurların kəndə soxulmasına mane olur. Düşmən ağır itki verməsinə baxmayaraq geri çəkilmək istəmir, kəndi mühasirəyə almağa çalışırdı. Artıq məktəb də təhlükə altında idi. İlham yoldaşlarını xilas etmək üçün düşməni özünə cəlb etdi. Vəziyyət anbaan çətinləşirdi. O, qarın nahiyəsindən ağır yaralandı. Onu Qazax rayon xəstəxanasına çatdırsalar da, artıq gec idi.[3] 19 avqust 1990-cı il leytenant İlham Əliyev Qazax rayonunun Əskipara kəndində şəhid olub.[4] Gədəbəy rayonunda dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə leytenant İlham Müzəffər oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[5]