Ordubad fəhləsi (qəzet)

El həyatı — Ordubad rayonunda nəşr olunan qəzet.

El həyatı
Format A3
Baş redaktor Fərqanə Hüseynli
Dil Azərbaycan dili
Ünvan Ordubad
Tiraj 500

Keçmiş SSRİ-də mahallar ləğv edildikdən sonra ittifaq dövlətinin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da 1930-cu ildə Ordubad rayonu təşkil olundu. Aqarak qəsəbəsi və bir sıra kəndlər Ordubadın tərkibindən çıxarılaraq Ermənistanın Mehri rayonuna hədiyyə edilməklə Ordubad rayonu formalaşdırıldı. Rayon formalaşdırıldıqdan sonra 1932-ci ilin iyul ayının 24-də bugünkü "El həyatı" qəzetinin sələfi olan "Ordubad fəhləsi" nəşr olundu. Qəzet o dövrlərdə A4 fomatda 2 səhifədən ibarət çıxırdı. Qəzetin ilk redaktoru Abbas Qasımov, məsul katibi isə İsmayıl İsmayılzadə olub.

1935-ci ildən Hüseyn İbrahimov "Ordubad fəhləsi"ndə redaktor, Hüseyn Ağrılı (Talıbov) isə məsul katib işləmişlər. Hüseyn İbrahimov 1936-cı ilin yanvar ayında Ordubad rayon Partiya Komitəsinə katib seçildikdən sonra Nağı Babayev qəzetin redaktoru vəzifəsinə təyin olunmuşdur. 5 il "Ordubad fəhləsi" adı ilə çıxan rayon qəzeti 1937-ci ilin sonundan "Ordubad işçisi" adı ilə nəşr olunub.

1941-ci ildən "Ordubad işçisi" qəzetinə Səhralı Rüstəmov redaktor, Hüseynqulu Əzimov isə məsul katib təyin olunur. Həmin dövrdə qəzetin fəal qələm sahiblərindən Məmməd Axundovu, Əkbər Məftunu, Qərib Rəfiyevi, Mürsəl Rzayevi, Əli Qənbərini, Fərman Qaffarovu, Yaqub Məmmədovu və Xanım Mehdiyevanı göstərmək olar.

1931-ci ildən 1963-cü ilədək rayon qəzetinin 1742 nömrəsi işıq üzü görmüşdür.

1963-cü ilədək nəşr olunan "Ordubad işçisi" Ordubad rayonunun 1963-cü ildə ləğv olunduğu üçün Culfa rayonuna birləşdirilənədək nəşr olunmuşdur. 1965-ci ildə Ordubad yenidən müstəqil rayon olur. Bununla da 1966-cı il yanvar ayının 1-dən rayon qəzeti nəşr olunmağa başlayır. Həmin dövrdən 1991-ci il yanvar ayının 1-dək rayon qəzeti "Yeni Ordubad" adı ilə nəşr olunub. 1966-cı ildən 1991-ci ilədək qəzetə Malik Məmmədov redaktorluq etmişdir. Müxtəlif dövrlərdə qəzetdə Cəmşid Tağızadə və Rafiq Babayev məsul katib işləmişlər.

Bundan sonra rayon qəzetinin 25 illik (1966–1991) tarixi isə 1966-cı il yanvar ayının 1-dən işıq üzü görən "Yeni Ordubad"la bağlıdır. 1991-ci il sentyabr ayının ortalarınadək həmin adla nəşr olunmuşdur.

Qəzetdə Məmməd Sadiqov, Cəmşid Tağızadə, Əşrəf Rəcəbov, Məhəmmədəli Babayev, Həsənqulu Həsənov, Hüseynqulu Əzimov, Lətifə Əhmədzadə, Rafiq Babayev, Adilə Məmmədova, Vidadi Yusifov və başqaları öz iti qələmləri, sadə dildə yazdıqları oxunaqlı yazıları ilə oxucuların dərin rəğbətini qazanmışdılar. Qəzetlə əməkdaşlıq edən ştatdankənar müxbirlərdən Qadir Rəfiyev, Yaqub Məmmədov, Sərməst Rzayev, Sabir Məmmədov, Nəriman Bağırov, Əziz Baxşıyev, Rəcəb Həsənov, Abbas Tağıyev, Cabir İsmayılov və başqaları qələmə aldıqları hər bir yazıda dərin məsuliyyət hissi keçirmişlər.

1966-cı il yanvar ayından həftədə bir dəfə çıxan qəzet fevral ayından başlayaraq həftədə iki dəfə işıq üzü görüb. Sonralar isə 1968-ci ilin yanvar ayının 1-dək qəzet həftədə iki və ya üç dəfə çıxıb. 1968-ci ildən 1991-ci ilin yanvar ayının 1-dək olan dövrdə isə "Yeni Ordubad" qəzeti çərşənbə, cümə və bazar günləri olmaqla həftədə üç dəfə nəşr olunub.

Qəzetin 1-ci sayında Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin "Şərq qapısı" qəzetinin redaktoru Rəşid Qazıbəyovun, Ordubad Rayon Partiya Komitəsinin və rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin təbrikləri, redaksiyanın oxuculara müraciəti, yeni illə bağlı məqalə və reportajlar dərc edilib.

Qəzetin 1972-ci il 7 may tarixli 54-cü (2500) nömrəsi qəzetin 2500-cü – yubiley nömrəsinə həsr olunub. Elə ilk səhifədə "Rayonumuzun əmək salnaməsi" adlı yazıda bu sətirlər qeyd olunub: "3 adlı ("Ordubad fəhləsi", "Ordubad işçisi", "Yeni Ordubad") bu qəzetin 2500-cü nömrəsini qeyd etdiyimiz bir zamanda onun qarşısında daha mühüm və məsul vəzifələr durduğunu daha yaxı başa düşürük. "Yeni Ordubad" özünün qırx illik bayramını qeyd etmək ərəfəsindədir". ("Yeni Ordubad", 7 may 1972, № 54 (2500)).

Qəzetin həmin mömrəsində Azərbaycan KP Ordubad rayon Komitəsinin ""Yeni Ordubad" qəzeti redaksiyasına" təbrikində yazılıb: ""Yeni Ordubad" qəzetinin 2500-cü nömrəsinin çapdan çıxması münasibətilə sizi – qəzetin bütün əməkdaşlarını ürəkdən təbrik edirik. Qəzet rayonumuzun iqtisadiyyatının möhkəmləndirilməsində, şəhər və kəndlərimizin abadlaşdırılıb tərəqqi etməsində partiya və sovet təşkilatlarının ən yaxın köməkçisinə çevrilmişdir. "Yeni Ordubad" qəzetinin 1932-ci ildən bu günə kimi fəaliyyəti, bütün 2500 nömrəsi məhz partiya təşkilatının fəaliyyəti ilə bağlı olmuşdur".

Qəzetin 1972-ci il 7 may tarixli 54-cü (2500) nömrəsində ""Yeni Ordubad" özünün qırx illik bayramını qeyd etmək ərəfəsindədir" sözləri qeyd edilsə də, təəssüf ki, qəzetin heç bir sayında 40 illik yubileylə bağlı ən kiçik bir yazı belə yoxdur.

Qəzetin 9, 11, 13, 17 yanvar 1976-cı il (№ 4-5-6-8) saylarında ""Yeni Ordubad" qəzetinin nəşri tarixi"nə aid maraqlı məqamları özündə əks etdirən yazılar da dərc olunub. Qəzetin 9 yanvar 1976-cı il (№ 4) sayında dərc olunmuş ""Yeni Ordubad" qəzetinin nəşri tarixindən" adlı yazıda oxuyuruq: "Təqdirəlayiq haldır ki, 1975-ci ildə Azərbaycan Dövlət Univeristeti jurnalistika fakültəsinin tələbələrinə verilən diplom işləri siyahısına ""Yeni Ordubad" qəzetinin nəşri tarixi və fəaliyyətinin ilk illəri (1932–1945-ci illər)" mövzusu da daxil edilmişdir. Həmin mövzuda diplom işini jurnalistika fakültəsinin qiyabi şöbəsinin tələbəsi, İliç rayonunda çıxan "İşıqlı yol" qəzetinin əməkdaşı Elman Məmmədov müdafiə etmişdir". Onu da qeyd edək ki, Elman Məmmədov (Telmanoğlu) "İşıqlı yol" qəzetinin xələfi olan indiki "Şərurun səsi" qəzetinin redktorudur. Qəzetin 4 sayında dərc olunmuş ""Yeni Ordubad" qəzetinin nəşri tarixi" adlı yazılar Elman Məmmədovun diplom işinin bəzi hissələridir.

1988-ci ildən başlayaraq bir çox yerlərdə olduğu kimi Ordubad rayonunda da redaksiyada çalışan jurnalistlərin əksəriyyəti daha kommunist partiyasının orqanında çalışmaq istəmirdilər. Buna görə də 1991-ci ilin yanvar ayının 1-də rayon Xalq Deputatları Məclisi və Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin təsis etdiyi "El həyatı" rayon qəzeti nəşrə başlayanda "Yeni Ordubad" qəzetinin əksər əməkdaşları başda Malik Məmmədov olmaqla həmin qəzetdə işə girdilər. "Yeni Ordubad" qəzeti isə bundan sonra rayon partiya komitəsinin orqanı kimi 9 ay da fəaliyyət göstərdi və az sonra öz fəaliyyətini tamamilə dayandırdı.

1966-cı ildən bu günədək rayon qəzetində müxtəlif illərdə Məmməd Sadiqov, Həsən Əliyev, Cəmşid Tağızadə, Yaqub Məmmədov, Əşrəf Rəcəbov, Həsənqulu Həsənov, Abbas Seyid, Fəxrəddin Bağırov, Vidadi Yusifov, Rafiq Babayev, Vaqif Qənbərov, Nizami Məmmədov, Qədir Səmədov, Məhəmmədəli Babayev, Hüseynqulu Əzimov, Şamil Bağırov, Tofiq Cəlilov, Fərqanə Hüsenli əməkdaş kimi fəaliyyət göstərmişlər.

1991–1994-cü illərdə qəzetə Malik Məmmədov, Cəmşid Tağızadə və Məzahir İsgəndərov redaktorluq etmişlər. 1994-cü ilin iyun ayından 2009-cu ilin dekabr ayının 19-dək Vaqif Qənbərov qəzetin redaktoru olmuşdur.

2010-cu ildən A3 formatda, həftədə bir dəfə olmaqla rəngli şəkildə, 500 nüsxə tirajla nəşr olunaraq qəzetə Fərqanə Hüseynli həmin ilin fevral ayının 1-dən redaktorluq edir. Qəzetin məsul katibi Abbas Seyiddir.

  • Ordubad fəhləsi // Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 205. ISBN 5-8066-1468-9.
  • Ordubad işçisi // Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 206. ISBN 5-8066-1468-9.