Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Kaspi (Каспий) – Azərbaycanda nəşr olunan ən qədim qəzetlərdən biridir. Rusiya İmperiyası dövründə — 1881–1918-ci illərdə və Azərbaycan Xalq Cümhuriyyəti zamanı – 1919-cu ildə nəşr edilib. 1990-cı illərin sonunda qəzetin fəaliyyəti yenidən bərpa olunub. Hazırda rus və Azərbaycan dillərində nəşr olunur.
"Kaspi" | |
---|---|
Redaktor |
|
Yazıçılar |
|
Yaranma tarixi | 1881 |
Dil | rus dili |
Nəşrini dayandırıb | 1919 |
Baş ofis | |
Ünvan | Bakı |
Ölkə | |
Tiraj | 2.400 |
"Kaspi" qəzeti 1881-ci ilin yanvarında Bakıda təsis edilib. 1881-ci ildən 1919-cu ilə qədər qəzetin 10.065 nömrəsi nəşr olunub. İlk 28 nömrə 1881-ci ilin iyuluna qədər həftədə 2 dəfə, sonrakı nömrələr həftədə 3 dəfə olmaqla çap edilib. 1884-cü ilin yanvarından qəzet gündəlik nəşr olunmağa başlayıb. Qəzetin ilk tirajı 420 nüsxə idi. 1887-ci ildə tiraj 1000, 1897-ci ildə isə, qəzetin tirajı 2400 nüsxə olub. 1918-ci ildə ermənilərin Bakıda törətdiyi soyqırımı zamanı "Kaspi" qəzetinin keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində yerləşən mətbəəsi (hazırda həmin yerdə Sabir bağı yerləşir) yandırılıb və qəzetin nəşrində fasilə yaranıb. "Kaspi" 1919-cu ildə fəaliyyətini dayandırıb.[1][2]
Qəzetin ilk redaktoru Viktor Vasilyeviç Kuzmin olmuşdur. O, 1881-ci ildən 1887-ci ilədək qəzeti redaktə etmişdir. 1887-ci ilin yanvarında Kuzmin xəstələndiyi üçün müvəqqəti redaktorluq ehtiyatda olan podpolkovnik Evlampi İvanoviç Starsevə tapşırılır. O, may ayınadək redaktorluq edir, polis departamenti Starsev haqqında pis xasiyyətnamə verdiyi üçün onun redaktorluğunu təsdiq etmək mümkün olmur. Sonra bir müddət qəzetə yerli gimnaziyanın müəllimi V. P. Liçkus — Xomotov (1887–1888), bir müddət "Qafqaz" qəzetinin əməkdaşı Pyotr Trofimoviç Qordiyevski (1888–1889) redaktorluq edir. 1889-cu ildə qəzetin 82-ci nömrəsindən sonra onun redaktoru vəzifəsində Nikolay Aleksandroviç Sokalinskini olur. Əvvəllər hərbi qulluqda olmuş Sokolinski Qafqaza 1878-ci ildə gəlmişdi. 1882-ci ildən jurnalistlik fəaliyyətinə başlamış, "Kavkazskoye obozreniye", "Novoye obozreniye" və "Kaspi" qəzetlərində işləmişdi. O, "Kaspi" qəzeti səhifələrində "Cümə müsahibələri" başlığı altında felyetonlar yazırdı. Sokalinski "Kaspi" qəzetinə 8 il redaktorluq etmişdir (1889–1897). Onun fəaliyyəti dövründə qəzetə müvəqqəti olaraq S. K. Mixaylov (1890), M. A. Şahtaxtinski (1891 — iyun-avqust), M. A. Uspenski (1892), K. M. Karyagin (1894–1897, müxtəlif illərdə) redaktorluq etmişlər.
"Kaspi" nəşrə başlayandan 1897-ci ilə qədər onun redaktorları milliyyətcə ruslar olmuşlar. 1897-ci ildə Sokolinskinin ölümündən sonra "Kaspi" qəzeti redaksiyasında bəzi dəyişikliklər baş verdi. Qəzetin bu dövründən başlayan tarixini "müsəlman Kaspi"si adlandırırlar. Qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski (indiki Kommunist) küçəsindəki binaya köçürür. Redaktorluq vəzifəsi Əlimərdan bəy Topçubaşova tapşırılır. O, qəzeti 24 iyun 1898-ci ildən 1907-ci ilin oktyabrınadək redaktə edib. Ondan sonra qısa bir müddətdə qəzetin redaktorluğuna Əli bəy Hüseynzadə təyin olunub. 1907-ci ilin axırlarından 1919-cu ilədək qəzetin başında A. Veynberq dayanıb. Bu müddətdə qəzet təkcə Qafqazda deyil, Rusiyanın bir sıra şəhərlərində, xarici ölkələrdə də yayılırdı.[1][2]
Qəzetin ilk redaktoru Viktor Vasilyeviç Kuzminin mətbuat işləri üzrə baş idarəyə 1880-ci ilin 12 oktyabrında göndərdiyi məktubda "Kaspi"nin proqramı belə təsvir olunur:
Redaksiya bu proqram haqqında ilk məlumatı qəzetin 1881-ci ildə çıxan 1-ci nömrəsində "Oxuculara" sərlövhəli baş məqalədə vermiş və burada məsləkini də şərh etmişdir.[2]
1897-ci ildən mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. Qəzetdə Həsən bəy Zərbadi başda olmaqla, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov kimi Azərbaycanın maarifpərvər ziyalıları çalışıb. 1907-ci ilə kimi "Kaspi"nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb. H. Zərdabinin "Bizim kənd məktəblərimiz", "Bədii sənaye məktəbxanaları", "Amerikada əqli inkişafla əl əməyini birləşdirən yeni məktəb sistemi" adlı məqalələrində elmin, təhsilin həyatla əlaqəsi məsələsi irəli sürülürdü. "Kaspi" o vaxtkı Azərbaycan maarifçilərinin əsas tribunalarından biri olub.
Onlar qəzetin səhifələrində təhsil, elm, ictimai-siyasi mahiyyət daşıyan mövzulara toxunublar. Qadın hüquqları, Azərbaycan dilinin saflığı uğrunda mübarizə problemləri qaldırılıb. 1902-ci ildə C. Məmmədquluzadə qəzetdə "Dəlmə bağları" adlı ilk məqaləsini dərc etdirib. Qəzet siyasi, iqtisadi mövzuları, tarix və ədəbiyyat məsələlərini işıqlandırıb. Qəzet Azərbaycanda ilk dəmir yolu xəttinin çəkilməsindən xəbər verib.
"Kaspi" qəzeti Bakı burjuaziyasının təşəbbüsü ilə, onun mənafeyini müdafiə etmək üçün yaradılmışdı. Kapitalistlərin, bütün istismarçı siniflərin nöqteyi-nəzərincə mətbuat ancaq onların hakimiyyətini möhkəmləndirməyə xidmət etməlidir. "Kaspi" də belə bir arzunun nəticəsi olaraq meydana çıxmışdı. Qəzet ilk nömrəsindən başlayaraq, süqutu dövrünədək müxtəlif dövrlərdə burjuaziyanın mənafeyini özünəməxsus formalarda və üslubda müdafiə etmişdir.[2]
"Kaspi" təkcə Qafqazda deyil, Rusiyanın müxtəlif bölgələrində, xarici ölkələrdə də oxuyurdular. Çapının ilk ilində qəzet olduqca özünə az oxucu toplamışdı. Qəzetin 10 illiyi münasibətilə verilən bir məqalədə deyilir:[2]
Kütlə yeni mətbuat orqanını şübhə ilə, bir çoxu isə sərt qarşıladı. Bütün ziyalıların içərisində məqalələrini yeni orqanda çap etdirmək qərarına gələn, özü də çox gizli surətdə, bir-iki nəfər adam güc-bəla ilə tapıldı. |
Nəşrinin ilk on ilində "Kaspi" əyalət qəzeti səviyyəsindən yuxarı qalxmamışdı. Neft sənayesindən, sənayenin digər sahələrindən, Zaqafqaziya dəmir yolundan, ticarətdən, kənd təsərrüfatından, mədəniyyət və məişətdən bəhs edən yazılarda geniş ictimai məsələlər qoyulmurdu. Mövcud qayda-qanunlar tənqid edilmirdi. Məzmunca zəif ədəbi-bədii əsərlər çap olunurdu. Zəhmətkeş xalqın həyati mənafeyi qəzet səhifələrində öz əksini tapmırdı. Sonrakı onillikdə qəzetin mövzu dairəsinin xeyli genişlənir. Qəzet öz ətrafına daimi yazan milliyyətcə və əqidəcə müxtəlif olan publisistləri toplayır, həyat hadisələrinə real münasibət bəsləyən bir sıra jurnalistlər qəzet səhifələrinə həqiqətləri çıxarmalı olurdular.[2]
"Teleqramlar", "Xarici xəbərlər", "Mətbuat xülasəsi" rubrikaları altında gedən yazılarda Rusiyanın və xarici ölkələrin həyatından maraqlı əhvalatlar nəşr olunurdu. Qəzetə beynəlxalq fəhlə həyatı mövzusu gəlmişdi. İtaliyada fəhlə və kəndlilərin həyəcanları, İrlandiyada silahlı üsyana hazırlıq, Almaniyada fəhlə tətilləri və s. haqqında olan xəbərlər dərc olunurdu. Lakin qəzetin müəlliflərinin əksəriyyəti çarizm siyasətini müdafiə mövqeyindən çıxış edir, yerli kapitalistlərə xoş gələn sözlər yazır, onların əqidələrinə ictimai don geydirməyə çalışırdılar.[2]
Qərənfil Quliyeva "Kaspi" — Qafqazın və Orta Asiya müsəlmanlarının yeganə rusdilli qəzeti" məqaləsində yazır ki, 1917-ci ildən "Kaspi" daha çox rus və dünya mədəniyyətini, ədəbiyyatını təbliğ edən bir mətbuat orqanına çevrilir:[1]
Bu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də belə olur. Bunun üçün qəzetin cəmi bir ay - 1919-cu ildə çap olunan 1-29 yanvar tarixli bütün saylarını gözdən keçirmək yetərlidir. Bu bir ay ərzində mütəmadi çap olunan imzalara diqqət yetirək: Spiridonov, Ferdinand, Anri, Qlaxenqauz, A.M.Fiş, L.Kremeer və A.Veynberq və s. Bu imzalarla verilən yazıların böyük əksəriyyəti rus və dünya mədəniyyətini, ədəbiyyatını, ictimai həyatını təbliğ edirdi. Bu bir ay ərzində qəzetdə bir-iki dəfə "P.Qara-Mirzə" imzası ilə kiçik həcmli yazılar da çap olunub. Həmin bu saylarda çox rast gəldiyimiz "Səyfəciklər" və "Kiçik felyeton" sərlövhəli silsilə şəklində, "İqla" imzası ilə çap olunan yazılardır. |
Azərbaycan mətbuat tarixinin araşdırıcısı, professor Şirməmməd Hüseynov "Əlimərdan bəy Topşubaşi və "Kaspi" qəzeti" məqaləsində yazır ki, "Bakinski listok" (1871–1872), "Bakinskiye izvestiya" (1876–1887) qəzetlərindən sonra Bakıda rus dilində 3-cü mətbuat orqanı sayılan "Kaspi" Azərbaycanın iki əsrin qovşağı və XX əsrin ilk onilliyində ən uzun ömürlü günədlik qəzeti idi. Məhəmməd Tağı Şahtaxtlı "Kaspi" qəzetinin 1891-ci il 93-cü sayında ("Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?") yazırdı:[1]
Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı. |
1918-ci ilin mart-aprel hadisələri zamanı Rusiya müsəlmanlarının tribunasına çevrilmiş "Kaspi" qəzeti və mətbu orqanın yerləşdiyi bina da ciddi ziyan görüb, qəzetin indiki Sabir heykəlinin yanında yerləşən mətbəəsi yandırılıb. "Kaspi" qəzeti ilə bərabər bu mətbəədə nəşr olunan "Açıq söz" və digər qəzetlərin fəaliyyəti bir müddət dayanıb. Bolşevik-daşnak birləşmələrinin "Kaspi" qəzetini, onun yerləşdiyi mətbəəni hədəf almasının ciddi əsasları var idi: ilk səbəbi müsəlmanlar arasında informasiya qıtlığını yaratmaq, onları baş verənlərdən xəbərdar etməmək. Qəzetdə müsəlmanları maarifləndirən, onların hüquqlarını müdafiə edən yazılara geniş yer verilirdi. Bu kimi səbəblərdən "Kaspi" qəzeti milli maraqlardan çıxış edən rusdilli mətbuat orqanlarından birinə çevrildi. Ona görə də 1918-ci ildə ermənilər Mart qırğınları zamanı "Kaspi" qəzetini, onun mətbəəsini yerləşdiyi ünvanı hədəfə aldılar, binanı yandırdılar. "Kaspi" qəzeti fəaliyyətini 1918-ci ildə yenidən bərpa etdi və 1919-cu ilə qədər nəşr olundu. Bu faktlar sübut edir ki, "Kaspi" qəzeti Azərbaycan tarixini öyrənmək üçün əsas mənbələrdən biridir. Çünki XX əsrin əvvəllərindən Azərbaycan neft sənayesinin inkişafı, ilk dəmir yolunun çəkilişi, 1905-ci erməni-müsəlman qarşıdurması, 1918-ci il Mart qırğınları ilk bağlı faktlar "Kaspi"nin səhifələrində əksini tapıb.[1]
"Kaspi" qəzeti 1999-cu ildə Sona Vəliyeva tərəfindən bərpa olunmuşdur.[3]
2020-ci ilə qədər "Kaspi" 3 dildə: (Azərbaycan, rus, ingilis) nəşr olunub və qəzetin 3 əlavəsi çıxıb.
2011-ci ildə qəzetin 130 illik yubileyi keçirilmiş və bu münasibətlə mətbuat araşdırmaçılarının tədqiqat məqalələrinin yer aldığı "Üç əsrin qəzeti" kitabı işıq üzü görmüşdür.[4]
2021-də qəzetin 140 yaşı tamam olub[5] və bu ildən etibarən Global Media Group qəzetin təsisçisi olub.[6] Hazırda "Kaspi" qəzeti tam rəngli və müasir dizaynda həftədə bir dəfə olmaqla ayrı-ayrılıqda Azərbaycan və rus dillərində yeni tərtibatda çap edilir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |