Aqil Quliyev (tam adı: Aqil Sahib oğlu Quliyev; 19 sentyabr 1963, Urud, Sisian rayonu – 25 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Aqil Quliyev | |
---|---|
Aqil Sahib oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 sentyabr 1963 |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 1992 (28 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | 1 qız |
Atası | Sahib Quliyev |
Anası | İfrat Quliyeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1988-ci ildən |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | |
Təltifləri |
Aqil Sahib oğlu Quliyev 1963-cü ilin sentyabrın 19-da Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olub.[1] 1980-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olub.[1] Üçüncü kursdan hərbi xidmətə çağırılıb.[1] Hərbi xidmətini başa vurduqdan sonra 1985-ci ildə Xarkov Ali Milis məktəbinə daxil olub. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1988-ci ildə Milli Ordu qərargahına gələrək hərbi xidmətə yazılıb.[1] O, həmin il Qarabağ müharibəsi başlanmasını Xarkovda eşitdikdən sonra, körpə qızını götürüb Bakıya qayıtdı.[1]
O, 1988-ci ildə leytenant idi və Azərbaycan Silahlı Qüvvələrinin qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etdi.[1] Qərargah rəisi Arif Salahov onun xahişini nəzərə alıb, 45 nəfər döyüşçü ilə Aqil Quliyevlə cəbhə bölgəsinə getməsini təmin etdi.[1] Onun qardaşı Nəsimi Aqilin Qarabağa gedəcəyi günü bilirdi.[1] O da Aqildən xəbərsiz könüllü olaraq cəbhəyə gedən rotaya yazılır.[1] Aqil onun bu cəsurluğunu görüb çox sevindi və onun bu fədakarlığını alqışladı.[1] Bir neçə gündən sonra rota Zabrat Hava Limanından vertolyotla Ağdama yola düşdü.[1]
Ağdamda qərara alındı ki, 11 nəfər Umudluya göndərilsin.[1] Qalanlar isə daha ağır vəziyyətdə olan Xocalıya yollandı.[1] O, qardaşı Nəsimi ilə Xocalı müdafiəçilərinin sırasında idi.[1] Onların ərzaqla təminatını xocalılılar öz boyunlarına götürdülər.[1]
1991-ci ilin sonunda Xocalı cəbhə bölgəsinin ən qorxulu nöqtəsi idi.[1] O, 21 nəfər döyüşçü ilə Xocalı hava limanının rəisi Əlif Hacıyevin müdafiə batalyonu ilə çiyin-çiyinə Xocalının müdafiəsində dayanmışdı.[1] Lakin onların təchizatı və iqtisadi təminatı yox dərəcəsində idi.[2] Ona görə də Xocalı camaatına müraciət edildi.[1] Ətrafla əlaqə kəsildiyindən Aqil Quliyevin ərzaqla təminatını xocalılılar öz boyunlarına götürdülər.[1]
Vəziyyət get-gedə çətinləşirdi.[1] Ermənilərin hücum qorxusu isə gündən-günə artırdı.[1] Aqil Quliyev tez "Xocalı" taburunun komandiri Tofiq Hüseynovla görüşüb döyüş mövqeyini möhkəmlətməyə çalışdı.[1] O hücum edib MDB-nin qoşun hissələrindən 3 BRDM, ərzaq dolu 2 UAZ maşın, 13 hərbçini girov götürdü.[1] Əsgərləri tərk silah edib Ağdama göndərdilər.[1] Bundan sonra MDB-nin qoşun hissəsi Xocalı milis şöbəsinə basqın etdi.[1] Bir neçə nəfəri öldürüb rəis müavinini girov apardılar.[1] O, dərhal hücum edib düşmənin BRDM-ni heyəti ilə birlikdə ələ keçirdi, milis şöbəsindəki dığaları da girov götürüb qərargaha göndərdi.[1]
1992-ci il yanvarın 23-də Aqil Quliyev Hikmət Nəzərli ilə birlikdə Bakıya gəlib Xocalını xilas etmək üçün respublika rəhbərliyi ilə görüşmək istəyirdi.[1] Bəzi rəhbərlər nəinki onlarla görüşmədilər, hətta onlara mane olurdular.[1] Aqil Quliyev cəbhədə baş verən uğursuzluqların səbəblərindən danışaraq respublika prezidenti Ayaz Mütəllibovun göstərdiyi laqeyd və biganə münasibətə öz hiddətini bildirmişdi:
Əgər tezliklə əncam çəkilməsə, baş verə biləcək fəlakətin miqyasını sözlə ifadə etmək çətin olacaq[3] |
Şahin Musayevlə görüşən Quliyev 80 ədəd mərmi əldə edə bildi.[1] O, Baba Nəzərlinin köməkliyi ilə DİN-dən 4 maşın silah-sursat əldə edir.[1] Həmin sursatı Xocalıya Ağdamdan Xocalıya uçan sərnişin vertolyotu çatdırmalı idi.[1] Xainlər tərəfindən ermənilərə çatdırılan məlumat həmin vertolyotun düşmənlər tərəfindən vurulması ilə nəticələndi.[1]
1992-ci il fevralın əvvəllərində Aqil Quliyevin rəhbərliyi ilə 366-cı motoatıcı alayın altı BMP-si heyət üzvləri ilə birlikdə girov götürülür.[1] Heyətin sırasında bir rus polkovniki də olur.[1] Təcili girovların geri qaytarılması üçün rəhbərlikdən zəng edilir.[1] Hədələrin və zənglərin ciddi şəkil alacağını düşünərək Quliyev rus polkovniki ilə dialoqa girir.[1] 1 "BMP", 1 "Kristall" raket qurğusu, çoxlu hərbi sursat və 1 maşın ərzaq alır.[1] Bundan sonra girovların geri qaytarılması haqqında yuxarıya məlumat çatdırır.[1] Girovlar geri qaytarıldıqdan sonra ermənilər rus ordusu ilə birlikdə Xocalını mühasirəyə alırlar. Fevralın 18-də Aqil Quliyev qız-gəlinləri Xocalıdan çıxarmaq üçün 11 nəfər döyüşçüsünü götürüb, mühasirəni yarmaq üçün erməni postuna yaxınlaşır.[1] Postda erməni quldurlarına göz açmağa imkan verməyib 21 nəfərini öldürürlər.[1]
Otağa girəndə döyüşçü yoldaşı İlqar Musayevə güllə dəyir.[1] Aqil Quliyev onu təhlükəsiz yerə aparmaq istəyir, lakin avtomatdan açılan atəş onun qıçlarına dəydi.[1] İlqar həyatla vidalaşır, özünü yetirən Cabbar isə düşməni qətlə yetirir.[1] Bu döyüşdə Cabbar və Hafiz də yaralandılar.[1] Yaralı döyüşçülər əməliyyatı başa çatdırmadan geri döndülər.[1] Yaralı döyüşçülər çox əzab-əziyyətlə onu öz postlarına çatdıra bildilər.[1] Aqil Quliyevin təcili cərrahiyyə əməliyyatına ehtiyac vardı.[1] Lakin həmin zaman, nə həkim çağırmaq, nə də Aqil Quliyevi hospitala çatdırmaq mümkün deyildi.[1]
1992-ci il fevralın 25-də, döyüş yoldaşları Quliyevi xərəyə qoyub Xocalı soyqırımından xilas etmək üçün çalışırdılar.[1] Bütün Xocalı sakinləri şəhərin uzunmüddətli müdafiəsində onun misilsiz xidmətlərini yaxşı bilirdilər.[1] Növbə ilə onu Kətik kəndinin yanına qədər gətirib çıxardılar.[1] Lakin dağın döyüşündə erməni əsgərlərinin pusqusuna düşdülər.[1] Aqil Quliyevi aparanlardan hamısı həlak oldu, bir güllə də Aqilə dəydi.[1] Aqil Quliyevin meyitini beş gün sonra martın 2-də hadisə yerindən götürmək mümkün oldu.[1]
1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi, bir qızı yadigar qalıb.[1]
Bakının Səbail rayonunda onun şərəfinə küçə adlandırılıb.[1] Aqil Quliyevin Bakıda Nəsimi rayonunda yaşadığı binanın önündə xatirə lövhəsi vurulub.[4]
Şəmsi Vəfadar "Aqil dünyası" poemasını ona həsr etmişdir.[5] Şair Aqil Quliyevin yaralı ayaqlarının təsvirində təkcə bir bədən üzvünün şikəst halı deyil, həm də yaralanmış Xocalının, başı bəlalar çəkən Vətənin və onun vətənpərvər oğlunun ağrılarına qeyd edib:
Düşdü ayağımdan
Yollarım mənim.
Ana, yollarımı
Göndərin mənə.
Vətənin boynuna
Sarılmaq üçün,
Ana, qollarımı
Göndərin mənə.
"Aqil dünyası", Şəmsi Vəfadar[6]
Aqil Quliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı İsa Qəmbərin 7 iyun 1992-ci il tarixli 883 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[8] 1999-cu ildə prezident Heydər Əliyev Milli qəhrəmanın layiq görüldüyü yüksək mükafatı onun atası Sahib Quliyevə təqdim etmişdi.[5]