Şah Abbas Məscidi

Şah Abbas məscidi və ya Gəncə Cümə məscidiGəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir.

Şah Abbas məscidi
Məscidin bağa açılan giriş portalı və minarələri
Xəritə
40°40′39″ şm. e. 46°21′32″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Şah İsmayıl Xətai prospekti
Memar Şeyx Bəhaəddin
Sifarişçi I Şah Abbas
Tikilmə tarixi 1601—1606
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
İstinad nöm.184
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Məscid binasının planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gəncə Cümə məscidi ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini davam etdirir.[1] Binanın memarlığında, xüsusilə günbəz və portalların həll edilməsində Azərbaycan və qonşu ölkələrin zəngin memarlıq ənənələri uğurla istifadə olunmuşdur.[1] Bununla yanaşı binanın memarlığında forma və detalların sadə təkrarlanmasına da yol verilməmiş, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik, ifadəlik və aydınlıq əks etdirilmişdir.[1]

Məscid XIX əsrin sonlarında

Gəncə şəhərinin Qədim Gəncə ərazisindən köçürülməsindən sonra, yeni şəhərin abadlaşdırılmasına xüsusi diqqət yetirilmişdi. Yerüstü tikililər, meydanlar və bağlarla yanaşı həmin dövrdə bir neçə kilometrə çatan kanalizasiya sistemi də yaradılmışdır ki, həmin sistemin də bir hissəsi bu vaxta kimi istifadə edilir.[2] Kərpicdən inşa edilmiş geniş kanalizasiya yolları cənubdan qərbə və şimaldan şərqə uzanmaqla məscidin yanından və meydanın altından keçərək Gəncəçaya qədər uzanır.[2] Şəhərin su təminatı isə inşa edilmiş kəhriz sistemi ilə həyata keçirilirdi.[2]

Şəhər mərkəzinin özəyini təşkil edən məscid kompleksinə monumental məscid binası, onun şimalında müstəqil dayanan və iki tərəfdən qoşa minarələrlə əhatələnən giriş portalı, və məscid ətrafında yerləşən Gəncə mədrəsəsi daxil idi.[3] Kompleksin əsas binası inşası 1606-cı ilə aid edilən məscid binasıdır. C. Aleksandroviç yazır: "…məscid qapısı üzərindəki kitabədə onun inşa tarixi "Kilidi-Şamaxi"[qeyd. 1] ifadəsi ilə bildirilmişdir ki, bu da əbcəd hesabı ilə hicri 1015-ci il, yəni bizim eranın 1606-cı ili deməkdir."[4]

Digər məlumata görə isə, məscidin inşası bir qədər sonrakı dövrə aid edilir. Gəncə Tarix-Diyarşünaslıq Muzeyində saxlanan kitabədə məscidin inşası 1620-ci ilə aid edilsə də, M.Əliyev birinci tarixin daha inandırıcı olduğunu bildirir.[2] Kompleks bütün şərq ölkələrində məşhur olan alim və memar Şeyx Bəhaəddin tərəfindən inşa edilmişdir.[5][6] Şeyx Bəhaəddin həm də Şah Abbas məscidi yaxınlığında yerləşən Şah Abbas karvansarasıÇökək hamamın memarı hesab edilir.[5][7]

1885-ci ilin Qafqaz təqvimində Gəncə Cümə məscidi kompleksinin şəhəri ələ keçirən Qarabağ xanının ordusu tərəfindən yağmalanması və dağıdılması haqqında məlumat verilir: "Hicri təqvimi ilə 1209-cu ildə Qarabağ xanı tərəfindən dağıdılmış bu məscidin bərpasına başlanıldı. Bu caami, 4000 rubldan çox gəlir gətirən mədrəsə və vəqf mülklərinə malikdir."[5]

Məscid qismən düz ərazidə inşa edilmiş, onun qarşısında isə böyük Bazar meydanı salınmışdı.[qeyd. 2] 3,5 hektara yaxın ərazini əhatə edən meydan çoxsaylı ticarət sıraları və qədim çinar ağacları ilə əhatə olunmuşdu.[8] Məscidin cənub tərəfində 1870-ci illərə kimi yaxşı saxlanmış zəngin bağ olmuşdur. Bir zamanlar bağı bəzəmiş ağacların bəzisi dövrümüzə çatmışdır. Gözəl mənzərəli ağacların böyük görünüşü məscid binasının sərt memarlığını yumşaltmağa xidmət edir. Məscid kompleksini meydandan ayıran bağ da demək olar ki, yaxşı qorunmuş vəziyyətdə dövrümüzə çatmışdır.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Məscid binasının profil kəsimi

Məscid binası planda kvadrat formaya malik 25.30x25x28 metr ölçülü mərkəzi modelli zal və ona birləşən yan nişlərindən ibarətdir.[9] Tikilinin bütün kompozisiyası 204 m² sahəyə və 13 metr hündürlüyə malik mərkəzi zala tabe edilib.[9]

Hər tərəfində dərin nişlər yerləşən kvadrat zal forması XVII əsr Azərbaycan memarlığında tez-tez rast gəlinən hal olmaqla, münasib olaraq girişlər və bütün ətraf tikililər yerləşdirilən binanın əsas oxlarını dəqiq müəyyənləşdirir.[2]

Binanın əsas giriş şimal divarında, mehrab isə cənub divarında yerləşir.[10] Mehrab zalın cənub nişinin dərinliyində yerləşdirilmişdir. Zalın qərb və şərq divarlarında isə daha iki qapı yerləşir. Plana əsasən bu girişlər əsas hesab edilir. Lakin, kiçik bişlərdən keçən əlavə qapılar da vardır. Onlar portalla vurğulanmış əsas girişlərin hər iki tərəfində yerləşdirilmişdir.[10]

Altı xarici niş 12m2 sahəyə malik olmaqla təriqət üzvləri üçün nəzərdə tutulmuşdu. Ziyarətçilər həmin nişlərə həm həyətdən birbaşa, həm də mərkəzi zala açılan qapıdan girə bilirdilər. Bundan başqa binanın dörd küncündə də kiçik otaqlar yerləşdirilmişdir. Həmin otaqların hər biri 12 m² sahəyə malikdir. 4.4 metr hündürlüyə malik olan həmin otaqlar məscid binasında elə yerləşdirilmişdir ki, bina planda kvadrat forma almışdır. Ziyarətçilər həmin otağa həyətdən girə bilirlər. Buna baxmayaraq həmin otaqlar divar dərinliklərində açılmış qapılar vasitəsiylə bir-birləri, o cümlədən mərkəzi zalla əlaqələndirilmişlər. Öz növbəsində xarici nişlər də aralıq divarda yerləşdirilmiş girişlər vasitəsiylə portallarla əlaqələndirilmişlər. Qapıların hər birinin üstündə həm də pəncərə yerləri vardır.[10]

Məscid binasının əsas fasadı

Binanın çoxsaylı girişlərə malik olması, zalın bütün hissələri arasında fasiləsiz əlaqəni təmin edir. Bnunla yanaşı girişlərin demək olar ki, divar qədər hündürlüyə malik olması da xüsusi diqqət çəkir. Girişlərin hündür olması binanın pilonlar-sütunlar üzərində inşa edilməsi təəssüratını yaradır. Bu baxımdan Gəncə Cümə məscidinin binası Azərbaycanın həmin dövrdə inşa edilmiş başqa məscidlərindən fərqlənir.[9]

Binanın planlaşdırılmasında əsas kimi simmetriya götürülmüş və əhəmiyyətindən asılı olmayaraq, bütün otaqlar ona tabe edilmişdir. Məscid planının özəyində zal durur və ətraf otaqlar onun strukturuna tabe edilir. Ətraf zalların özünəməxsus yerləşməsi nəzərə alınaraq, onların əlaqələndirilməsi üçün maraqlı üsul tətbiq edilmişdir. Divar qalınlığında açılmış qapı yerləri dərinliklərində kiçik əyilmələrə malikdir ki, bu da onlara qeyri-adi forma verir. İlk baxışdan qəribə görünən bu girişlərin binanın planına baxıldığı zaman zalda simmetrik olaraq yerləşdirildiyini, xarici nişlərdə isə simmetriya oxu kimi istifadə edildiyini görmək olar.[11]

Gəncə cümə məscidi 20x20x4.5 sm ölçüyə malik kərpiclər və gəc məhlulundan tikilmişdir. Bəzi yerlərdə divarların qalınlığının 3 metrə qədər çatması diqqət cəlb edir. Bu cür qalınlığa yalnız mərkəzi zalın divarlarında rast gəlinir. Portallar, nişlər və künc otaqları isə 1–1.3 metr qalınlığa malikdir.[12] Bütün otaqlar kərpicdən hörülmüş tağvari örtüyə malikdir. Bu baxımdan mərkəzi zalın günbəzli örtüyü istisna təşkil edir. Qapı və pəncərələrin tağvari çərçivələri də kərpicdən hörülmüşdür. Binanın bütün divar və tağları səliqə ilə suvanmışdır.[12]

Məscidin portalsız cənub fasadı və Cavad xan türbəsi

Cümə məscidinin ümumilikdə sadə və aydın olan memarlıq kompozisiyası rahat qəbul edilir. Tikilidə böyük niş və kiçik girişlərin kontrastı, həmçinin işıq və kölgə effektləri əks etdirilmişdir. Təməldə düzbucaqlı olan prizma 8 metr hündürlükdə çoxbucaqlıya, daha sonra səkkizbucaqlıya keçərək oxvari profilli və düz kərpic səthli olan günbəzlə tamamlanır. Nəticədə bir həndəsi formadan digərinə tədricən keçən kompozisiya günbəzlə tamamlanır.[13]

Əksər portal-günbəz tikililəri kimi Gəncə Cümə məscidinin də bütün fasadları lakonik formalarda həll edilmişdir. Onların əsasında mərkəzi oxların vurğulanması ilə əldə edilən simmetriya durur. Fasadların memarlığında (cənub fasadı istisna olmaqla) əsas önəm portallara verilmiş, onlar divar səthinin mərkəzində yerləşdirilmişdir. Fasadların qeyri-adi dərəcədə sadə formaları – əsas girişlərin həddən artıq böyük giriş portalları və portalların dərinliyində yerləşdirilmiş kiçik giriş yerlərinin formalaşdırığı kontrast yüksək təssürat yaradır. Nişlərin oxvari tağları (6 m hündürlüyə və 5.6–5.60 metr enə malikdir) demək olar ki, portalların bütün sərhini tutur.[13]

Məscidə aparan əsas portallar yaxşı vurğulanmışdır. Onlar iri ölçülərsə sadə və sərt formalarla həll olunmuşdur. Açıq olan böyük və dərin nişlər binanın dərinliyinə aparır, fasadların hündür və düz divarları isə kontrast nəticəsində dini tikilinin ifadəliyini vurğulayır. Portalların yanlarında düzbucaqlı çərçivə içərisində inşa edilmiş kiçik nişlər yerləşir. Fasadların maili səthində yan otaqların pəncərə və qapı yerləri açılmışdır.[13]

Qərb və şərq fasadları, şimal fasadı kimi həll edilsələr də, onlara simmetrik yerləşdirilmiş iki kar niş də əlavə olunmuşdur. Cənub fasadında portal yoxdur. Divarın iki tərəfində isə şəbəkəli pəncərələr yerləşdirilmişdir.[14]

Məscidin şəbəkə pəncərələrinin daxildən və xaricdən görünüşü

Mərkəzi zal üçyaruslu formada həll edilmişdir. Üçüncü yarusda onun kvadrat əsası tromplar vasitəsiylə səkkizguşəliyə keçir. Səkkizquşəli hissənin üstündə isə böyük gümbəzin təməli olan dairə formalı hissəyə keçir. Yuxarıda həndəsi formaların tədricən dəyişməsi 14 metr diametri olan böyük gümbəzin dəstəklənməsinə hazırlıq rolunu yerinə yetirir.[15]

Kiçik otaqların interyerləri kifayət qədər sadə görünüşə malikdir. Onlarda heç bir dekorativ element istifadə edilməmişdir. Otaqların tağvari tavanı və divarları səliqə ilə gəclə üzlənmişdir.[15]

Mərkəzi zalın interyerinin həll edilməsinə isə xüsusi diqqət yetirilmişdir. Zalın dörd divarının səthində 6.5 metr hündürlüyə malik nişlər yerəşdirilib. Nişlər sadə həll edilmiş oxvari tağtavanla tamamlanmışdır. Həmin hündürlükdə yerləşən və trompları dəstəkləyən tağlar nişlərin tağlarına birləşir. Nişlər də üç yaruslu formada həll edilmiş, birinci yarusda qapılar, digər iki yarusda isə hərəsində bir ədəd olmaqla iki pəncərə yerləşdirilmişdir. Bu baxımdan cənub nişi istisna təşkil edir. Cənub divarında pəncərələr simmetrik olaraq mehrabın yanlarında yerləşdirilmişdir. Qapı və pəncərə yerlərinin vertikal yerləşməsi məscidin digər otaqlarında da təkrarlanır.[11]

Cənub divarında iki, digər divarlarda isə yalnız ikinci yaruslardakı pəncərələrdə gəclə işlənmiş dekorativ pəncərə çərçivələri saxlanılmışdır. Çərçivələr nəbati naxışlarla bəzədilmişdir. Əsas təsvirin ümumi kompozisiyası da nəbati naxışla əhatə edilmişdir. Pəncərələr şəbəkə texnikası əsasında rəngarəng şüşələrlə işlənmişdir. Şəbəkə pəncərələr binaya sonradan əlavə edilmişdir. Onlardan birinin ümumi naxış dizaynına hazırlanma tarixi əlavə olunmuşdur. Həmin tarix hicri 1214 (miladi 1799–1800) kimi qeyd edilmişdir.[11] Kiçik taxta və şüşə hissələrindən yığılmış bu cür böyük şəbəkə pəncərələr XVIII əsr Azərbaycan sarayları üçün xarakterikdir. Şəki xan sarayı, Şəkixanovların evi, Şuşa xan sarayında divar səthinin böyük bir hissəsini əhatə edən bu cür şəbəkə pəncərələrin gözəl nümunələri dövrümüzə çatmışdır.[16] Kiçik otaqların da pəncərələri şəbəkə texnikası ilə işlənmiş, lakin burda həndəsi naxışlar istifadə edilmişdir.[16]

Mehrabın ilkin forma və xarakteri məlum deyildir.[16] M. Əliyev ehtimal edir ki, XVIII əsrə mehrab zalın ümumi stilinə uyğun dizayn edilmişdi. Dövrümüzə isə mehrab, yenidən dizayn edilmiş vəziyyətdə çatmışdır. Mehrab üç yaruslu stalaktitlə bəzədilmiş və kiçik güzgülərlə üzlənmişdir. Mehrabın tağı gəc kəmərlə əhatələnmiş və yaşıl boya ilə rənglənmişdir. Quruluş formasına görə stalaktitlət Azərbaycanın həmin dövr abidələrindəki müvafiq detalla eyniyyət təşkil etsə də, inşa keyfiyyətinə görə bir çox abidələrdən geri qalır.[16] Mehrabın divarında, stalaktitin altında tarixli kitabə yerləşir. Burada hicri tarixi ilə 1271-ci (miladi 1854–1855) qeyd edilmişdir ki, bu da ehtimal ki, mehrabın yenidən dizayn edilmə tarixini göstərir.[17] Mərkəzi zalda günbəz altında və cənub nişinin tağında yerləşən rozetlər də təxminən bu dövrə aiddir.[16] Rozetlər, mərkəzi on iki guşəli qabırğa tipli fiqur və onun ətrafında on iki dairə içində beş guşəli ulduzlardan təşkil edilmişdir. Dairələr daha az relyefli naxışlarla əhatə olunmuşdur. Rozetlər də mehrab kimi güzgü ilə üzlənmişdir.[16]

Rəngli şüşələrlə işlənmiş şəbəkə pəncərələr, plafonlar və güxgü ilə üzlənmiş stalaktitlər Azərbaycan memarlığında XVIII əsrdən etibarən yayılmağa başlamışdır.[16] Bunda rəngli şüşə və güzgülərin geniş istifadə edildiyi saray memarlığının açıq təsirini izləmmək mümkündür.[17]

Məscidin böyük gümbəzi içəridən səliqə ilə üzlənmiş və yaşıl lent istisna olmaqla (ehtimal ki, sonradan təmir zamanı əlavə edilmişdir) ona keçid heç bir dekorativ elementlə vurğulanmamışdır.[12]

Cənub divarı istisna olmaqla digər üç divardakı nişlərin dərinliklərində döşəmədən 4.2 metr hündürlükdə tağlı lojalar yerləşir. Lojaların tağları nişlərin tağları ilə birləşdirilmişdir. Lojaların hamısında keçid divar dərinliyində yerləşdirilmiş qapılardan həyata keçirilir. Şərq lojası girişdə xüsusi nərdivana malikdir. Girişin şərq divarında yerləşdirilmiş bu nərdivan şimal nişin sol tərəfindən mərkəzi zala aparır. Г-formalı plana və on dörd pilləkana malik olan bu nərdivan da tağ-tavanla örtülmüşdür. Nərdivan eyni zamanda binanın damına da çıxışı təmin edir. Şimal və qərb lojaları arasındakı əlaqə də bu şəkildə təmin edilmişdir. Bu lojalara aparan nərdivanlar şimal və şərq divarlarının qalınlıqlarında inşa edilmişdir. Hər iki nərdivana keçid eyni qapıdan həyata keçirilir. Qapı şimal-şərq küncündə yerləşir.[12]

Lojaların kiçik sahəyə məxsus olması (1.8–2.7 m²) onların qadınlar üçün nəzərdə tutulmasını ehtimal etməyə imkan vermir.[12] M. Əliyevin fikrincə həftənin müəyyən günlərində məscid yalnız qadınlara xidmət etmişdir. Tədqiqatçının fikrincə həmin lojalar ibadətə gələn yüksək və ali rütbəlii şəxslər üçün nəzərdə tutulmuşdur. Zal tərəfdən lojalar orta hündürlüklü baryerlərlə əhatələnmişdir.[12]

Giriş portalı və minarələr

[redaktə | mənbəni redaktə et]
Giriş portalı və minarələrin məscid həyəti tərəfdən görünüşü

Azadlıq meydanına aparan giriş qapısı böyük oxvari portal və onun iki yanında simmetrik yerləşdirilmiş iki kiçik niş şəklində həll edilmişdir. Portal səliqə ilə suvanmışdır. Çatmatağ da dövrümüzə suvanmış şəkildə çatmışdır.[14] 1929-cu ilə kimi tağın yuxarı hissəsini bəzəyən altı sıra stalaktit isə dövrümüzə çatmamışdır. M. Əliyev stalaktitvlərin qalın suvaq qatı altında qaldığını ehtimal edir. Forma və inşa keyfiyyətinə görə portal stalaktitləri mərkəzi zalın mehrab stalaktitlərini xeyli geridə qoyurdu.[14] Gəncə Cümə məscidinin stalaktitləri souncu dəfə 1929-cu ildə məscidin memarlıq-texniki vəziyyətinin öyrənilməsi aktında qeyd edilir. Sənəddə deyilir ki, "məscidin memarlıq baxımından əhəmiyyətli stalaktitli niş yerləşən qapısında bu cür təmir aparıla bilməz…"[2] Qapının həyətə açılan portalı bişmiş kərpicdən, kompleksin ümumi stilinə uyğun olmayan tərzdə inşa edilmişdir.[2]

Məscid həyətinə girişi təmin edən portalın iki tərəfində hündür minarələr yerləşir. Hündür dairəvi qüllə formasında inşa edilmiş minarələrin mərkəzindən keçən vintvari nərdivan onun yuxarı hissəsinə aparır. Sağ tərəfdəki minarənin nərdivanı yerdən başlayır və 64 pilləkəndən ibarətdir. Həmin minarənin girişi nişin yan divarında yerləşir. İkinci minarənin girişi isə giriş tağının altında inşa edilmiş otaqdan həyata keçirilir.[15]

Ölçü, forma və kompozisiya baxımından eyni olan minarələr giriş portalının sisteminə orqanik şəkildə daxil edilmişdir. Hündür minarələr girişin ümumi kompozisiyasını tamamlayan mühüm element rolunu oynayırlar. Mozaik kərpic hörgüsü və gözəl stalaktitli nişin üstünü örtən qalın suvaq təbəqəsi girişin ümumi memalıq kompozisiyasının vahid effektliyini azaldır.[2]

Məscid binası kimi minarələr də relyef detallarından məhrumdur. Minarələrin düz səthi kərpic hörgüsü ilə yaradılmış həndəsi naxışlarla örtülmüşdür. Qabırğa üzərində düzülmüş kvadratlardan formalaşan bu naxış horizontal şəkildə minarə silindri ətrafında fırlanır və hər sırada beş kvadrat yerləşir. Şahmat lövhəsi şəklində düzülmüş bu kvadratlar vertikaldan spiral kimi görünür.[18] Əlbəttə ki, yalnız şahmatvari hörgü görünüş baxımından effektiv olmaz və struktur baxımından möhkəmliyi təmin etməzdi. Buna görə də kvadratlar perimetr boyunca beş qat kərpic hörgüsü ilə əhatələnmişdir. İşıq-kölgə effekti nəticəsində vertikal hörülmüş kərpiclər horizontal hörülmüş kərpiclərdən daha işıqlı görünür.[18]

Minarələr inkişaf etmiş karnizin böyük tacı ilə tamamlanırlar. Karniz profilinin otuz qatlı sınığı kərpicin künc hissəsinin qabağa çıxarılması ilə yaradılmış hər iki üç sıradan bir təkrarlanır. Bu cür hörgü, minarənin pilləvari hötdü sıralarındakı monotonluğu aradan qaldıraraq canlanma gətirir.[18]

Minarələrin inşa tarixi dəqiqləşdirilməmişdir.[18] Şərq tərəfdəki minarənin səthinə firli kərpicdən hicri təqvimi ilə 1271-ci il (miladi 1854–1855) hörülmüşdür.[15] M. Əliyev qeyd edir ki, "minarələr memarlıq forması və xaakteri baxımından bir-birini təkrarlasalar da, onlar arasında çoxlu sayda fərqlər də varıdır."[18]

Qərb minarəsinin naxışlarıbörpusun bütün hündürlüyü boyunca karnizə kimi dörd sıradan ibarətdir ki, bu da şərq minarəsinin anoloji naxışlarından iki dəfə azdır. Əgər qərb minarəsinin naxışları eyni zamanda həm horizontal, həm də vertikal bölünməni vurğulayırsa, şərq minarəsində bu prinsip açıq şəkildə pozulmuşdur. Şərq minarəsində çərçivə yaradan hörgüyə diqqət yetirilməməsi üzə çıxır, bəzi yerlərdə hörgü sırası pozulmuşdur ki, bu da ümumi təsviri pozur. Qərb minarəsini karnizi iki sıra kərpicdən hörülmüş kəmərlə iki hissəyə ayrılmışdır, şərq minarəsinin karnizində isə bu hal müşahidə olumur.[18]

M. Əliyev qeyd edir ki, şərq minarəsi dağılmalara məruz qaldıqdan sonra bərpa edilmişdir. Daha qədim görkəmini saxlamış qərb minarəsi dövrümüzə bir qədər qərbə əyilmiş halda çatmışdır ki, bu da giriş portalının yuxrı hissəsinin bir qədər deformasiyaya uğraması ilə əlaqədardır. Həyət portalının yenidən qurulması da ehtimal ki, qərb minarəsinin bərpası zamanı həyata keçirilmişdir. Buna əsaslanan M. Əliyev minarələrin inşasının daha qədim dövrə aid edilməli, 1855-ci ilin isə bərp tarixi kimi qəbulunu düzgün hesab edir.[18]

Məscidin axundları

[redaktə | mənbəni redaktə et]
  1. Məşədi İsmayıl Rzayev — tarzən Rzabala Rzayevin atası.
  2. Həsən Mollazadə Gəncəvi (1905–1918)
  3. Şeyxülislam Axund Məhəmməd Pişnamazzadə (1892–1919)
  4. Hacı Seyid Rza (1919–1920)
  5. Seyid Həsən Seyidzadə (1920–1929)
  6. Mir Abbas ağa (1929–1956)[19]
  7. Hacı İsgəndər Məmmədov (2000–2022)
  8. Röya Balayev (2015–2017)[20]
  9. Rahil Cəfərov — Axund əvəzi
  1. Kilidi-Şamaxı ifadəsi Gəncəni Şirvan-Şamaxının açarı hesab edən I Şah Abbas tərəfindən işlədilmişdir: Ətraflı bax: İskəndər Münşi – Tarixi Aləm ara-i Abbasi, Tehran, 1896, səh. 48
  2. Bazar meydanı və ətrafındakı binalar 1920-ci illərdə sökülmüş, yerində Azadlıq meydanı salınmış və Gəncə Şəhər İcra Hakimiyyətinin binası inşa edilmişdir.
  1. 1 2 3 Алиев, 1954. səh. 673
  2. 1 2 3 4 5 6 7 8 Алиев, 1954. səh. 664
  3. Л. Бретаницкий, А. Саламзаде, 1960. səh. 39
  4. Александрович (Насыфи), Дж. Гянджа и могила Низами (Известия Азербайджанского археологического комитета, вып. 2). Баку. 1926.
  5. 1 2 3 Саламзаде, 1964. səh. 27
  6. Bakıxanov, A. Gülüstani-İrəm. Bakı. 1926. 232.
  7. Л. Бретаницкий, А. Саламзаде, 1960. səh. 40
  8. Bakıxanov, A. Gülüstani-İrəm. Bakı. 1926. 98.
  9. 1 2 3 Л. Бретаницкий, А. Саламзаде, 1960. səh. 42
  10. 1 2 3 Алиев, 1954. səh. 665
  11. 1 2 3 Алиев, 1954. səh. 666
  12. 1 2 3 4 5 6 Алиев, 1954. səh. 668
  13. 1 2 3 Алиев, 1954. səh. 669
  14. 1 2 3 Алиев, 1954. səh. 670
  15. 1 2 3 4 Л. Бретаницкий, А. Саламзаде, 1960. səh. 47
  16. 1 2 3 4 5 6 7 Алиев, 1954. səh. 667
  17. 1 2 Л. Бретаницкий, А. Саламзаде, 1960. səh. 46
  18. 1 2 3 4 5 6 7 Алиев, 1954. səh. 672
  19. "Lahıc Alimleri - Ağa Mir Abbas Mir Qədirov". 17 aprel 2018. İstifadə tarixi: 17 sentyabr 2018.
  20. "Gəncədə "Azərbaycan tolerantlıq ölkəsidir" mövzusunda tədbir keçirilib". scwra.gov.az. 08 Noyabr 2016. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2018.
  • Алиев, М. Джума-мечеть в Кировабаде (Искусство Азербайджана, Т. 4). Баку. 1954.
  • Л. С. Бретеницкий, А. Саламзаде. Кировабад. Москва. 1960.
  • Саламзаде, А. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Gəncə portalı П:  Memarlıq portalı П:  İslam portalı П:  Azərbaycan portalı П:  Tarix portalı