Hacı Zeynalabidin Şirvani

Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (16 avqust 1780, Şamaxı1838, Qırmızı dəniz) — azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair.[1] astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani-dir

Hacı Zeynalabdin Şirvani
Doğum tarixi 16 avqust 1780(1780-08-16)
Doğum yeri
Vəfat tarixi 1838
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair, filosof, səyyah, coğrafiyaşünas
Əsərlərinin dili fars dili
Vikimənbənin loqosu Hacı Zeynalabdin Şirvani Vikimənbədə

Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir.

Fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, ƏrəbistanCənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib. 0, Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol AsiyaAfrikanın bir çox digər vilayətlərindən uzanmışdır."

Şirvani öz əsərində səyahətini hissələrə bölmür. N. Kərəmovsa onun üç başlıca səyahətini fərqləndirir. Onun birinci səyahətinin marşrutu belə göstərilir: Bağdad, İraqi-Əcəm, Gilan, Şirvan, Muğan, Talış, Cənubi Azərbaycan, Xorasan, Herat, Zabul, Pəncab, Hind adaları, Dəkən, Benqal, Qucarat, Hind okeanındakı adalardan SindMultandan keçən səyyah dağ yolları ilə Kəşmirə, Müzəffərabada çatmış, sonra Kabul yolu ilə Tatarıstana, oradan Turana və Bədəxşan dağları ilə Xorasana, nəhayət, "İran yolu" ilə Farsa gəlmişdir.

Bir qədər istirahətdən sonra Şirvani ikinci səyahətə çıxır. Bu dəfə yol Şirazdan (Fars) başlayır, oradan Daraba, sonra Bəndər Abbas limanından Hörmüz yolu ilə HəzrəmövtYəmənə, sonra HəbəşistanSudana, buradan Ərəbistan yarımadasında olan Ciddəyə, oradan da Hicaz, MədinəMəkkəyə uzanır. Bundan sonra o, dəniz yolu ilə "Səidlər ölkəsinə" (əs-Səidə -Nil çayı sahillərinə) gedir, Misirdən Yaxın Şərqə "Şam-Rum"a (Anadoluya), Diyarbəkirə, QaramanAydına keçir.

Hacı Zeynalabdinin Atlantik okeanına və geriyə üçüncü səyahətin marşrutu belə idi: Bəhre-Əhzər adaları ("Yaşıl dəniz" – şərq coqrafiyaçıları Atlantik okeanını belə adlandırırdılar), Rumeli (o vaxt Osmanlı imperiyasının Avropa hissəsinə belə deyirdilər), Anadolu, Azərbaycan, Tehran, Həmədan, İsfahan, Kirman, Şiraz, Bağdad.

İndi artıq bir çoxu sıradan çıxmış beş yüzdən artıq əlyazma və mətbu qaynağın və səyahətlər zamanı etdiyi şəxsi müşahidələri nəticəsində Şirvani ona dünya şöhrəti gətirən üç kitab yazır: 1822-ci ildə "Riyazüs-səyahət" ("Səyahət bağçaları"), 1827-ci ildə "Hədaiqüs-səyahət" ("Səyahət bağları") və nəhayət, 1833-cü ildə "Bustanus-səyahət" ("Səyahət gülzarı")- Bu əsərlərdə o, bir çox ölkələrin coğrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verir.

Səyyah yer kürəsinin iqlim qurşaqlarının təsvirinə xüsusi yer ayırır. Şərqin digər alim və səyyahları kimi o da Yeri yeddi iqlim qurşağına bölür. Öz səyahətləri zamanı Şirvani çox sayda alimlər və siyasi xadimlərlə yaxından tanış olur. Onun rəyi ilə hesablaşır, onunla görüşməyə can atırlar. Şirvaninin elm və savadı haqda xəbərlər onun səyahətlərinin marşrutları çərçivəsindən xeyli kənara çıxır. Belə danışırlar ki, Hindistan vilayətlərindən birində ağlagəlməz bir qonaqpərvərliklə qarşılanmış Şirvani bunun səbəbini soruşarkən vilayətin hakimi cavab vermişdi: "Mən sizə layiq olduğunuz hörmətin yalnız yüzdə birini göstərə bilmişəm. Siz səkkiz səbəbdən hörmətə layiqsiniz: birincisi, siz insanpərvərsiniz, insanlarsa bir-birinə hörmət etməlidirlər, ikincisi, siz buraya bizim ölkəmizin qonağı olaraq gəlibsiniz, qonaqa hörmət edərlər, üçüncüsü, siz alimsiniz, alimə hörmət bir borcdur, dördüncüsü, siz müdrik və çox bilən bir adamsınız, acizlərə, kasıblara kömək edirsiniz, belə adamlarsa hər cür hörmətə-izzətə layiqdirlər… Bax, bütün bunlara görə mən sizi qəlbən sevir və sizə hörmət bəsləyirəm."'

Olduğu bir çox yerlərdə onu saraya dəvət etmişlər. Bunlardan Misir hakimi İbrahim bəyi, İran şahı Fətəli şah Qacarı, Türkiyə sultanı Mahmudu və başqalarını göstərmək olar. Olduğu saraylarda müzakirə və söhbətlərdə iştirak edən Şirvani həmişəlik burada qalmaq dəvətlərinə nəzakətlə rədd cavabı verir. Şirvani həmişə macəralar və məhrumiyyətlərlə dolu səyyah həyatını saraydakı rahat həyatdan üstün tutur. Zeynalabdin eyni zamanda şair olmuş və Təmkin təxəllüsü ilə şerlər yazmışdır. Həmin şerlər onun səyahətnamələrinə səpələnmiş və əlyazması Tehran mərkəzi kitabxanasında saxlanan "Divan"ında toplanmışdır. Bu nadir şəxsiyyətin digər əsərlərinin əlyazmaları Britaniya Muzeyində, Paris Milli Kitabxanasında, Sankt-Peterburqdaİranda saxlanır.

Xalqımızın tərbiyə edib böyütdüyü bu görkəmli alimin adı nəinki vətənimizdə, hətta onun sərhədlərindən çox-çox uzaqlarda da geniş şöhrət tapmışdır. H. Z. Şirvaninin tarixi, fəlsəfi, coğrafi, bioqrafik xarakter daşıyan əsərləri Çin, Hindistan, Koreya, İran, Türkiyə, İndoneziya, Bolqarıstan, Polşa, Fransa, İngiltərə və s. ölkələrin mütəxəssisləri və alimləri tərəfindən çox yüksək qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Şirvaninin elmi irsi və əsərlərinin sayı barədə araşdırmaçılar müxtəlif, bəzən də yanlış fikirlər söyləmişlər[2].] Abbasqulu Ağa Bakıxanov, Firudin bəy Köçərli və digər müəlliflər Şirvaninin ancaq bir əsərini qeyd ediblər. Digər tədqiqatçılar onun iki əsərinin olduğunu söyləmişlər. Rzaqulu xan Hidayət, Məsuməli şah Şirazi, "Çarlz Rio" isə Şirvaninin üç əsərinin olduğunu qeyd edirlər. Rzaqulu xan Hidayət, Məhəmməd Əli xan Tərbiyət, Məhəmməd Əli Təbrizi və digərləri Şirvaninin yuxarıda qeyd edilən 3 əsərindən əlavə şeirlərinin də olduğunu söyləmişlər. Şirvaninin əsərlərindən məlum olur ki, onun 3 böyük əsəri olmuşdur: "Səyahət bağları" "Riyaz əs-siyahət", "Səyahət bağçaları" "Hədayiq əs-siyahət" və "Səyahət bustanı" "Bustan əs-siyahət". Aparılan araşdırmalardan belə məlum olur ki, Şirvaninin qeyd edilən 3 əsərindən əlavə digər 3 əsəri də mövcud olmuşdur. Bu barədə hər şeydən öncə Cəlaləddin Ruminin həyat və yaradıcılğından bəhs edən məqalə və Misirin Xədiviyyə kitabxanasında qorunan trarktatı qeyd etmək lazımdır. Bundan əlavə Şirvaninin şeirlər divanı da mövcuddur[3]. Hacı Zeynalabdin Şirvaninin Riyaz əs-siyahət, Bustan əs-siyahət və Hədayiq əs-siyahət adlı əsərləri ona dünya şöhrəti gətirmişdir[4]. Şirvani öz əsərlərini fars dilində yazmışdır. Akademik Ə. Ə. Əlizadə və T. A. Məhərrəmovun redaktorluğu və A. A. Quliyevin ön sözü ilə 1974-cü ildə Moskvada Şərq ədəbiyyatı redkasiyasında yenidən fars dilində nəşr edilən bu əsərin II hissəsinin I cildi ilk dəfə olaraq 2024-cü ildə Azərbaycan dilinə tərcümə edilmişdir. Əsər Azərbaycan dilinə Şahin Yəhyayev tərəfindən tərcümə edilmişdir. Tərcümə edilmiş əsərin elmi redaktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminov, rəyçilər isə tarix elmləri doktoru, professor Şahin Fazil və tarix elmləri doktoru Vasif Qafarovdur[5]. Şirvaninin əsərləri bir çox Azərbaycan, İran, rus və Avropa tədqiqatçıları tərəfindən öyrənilib. Bu alimlərdən Abbasqulu ağa Bakıxanovun, Məmmədəli Tərbiyətin, Əskər Həmid Rəbbaninin, B. A. Dornun, N. V. Xanıkovun, E. Braunun, S. Stornun, E. Bloşenin və başqalarının adlarını çəkmək mümkündür. Bu sırada öz ömrünün böyük bir hissəsini Zeynalabdin Şirvaninin elmi hünərlərinin tədqiqinə həsr etmiş N. K. Kərəmovun adı xüsusilə qeyd olunmalıdır.

Zeynalabdin 1820/21-ci ildə Şiraz şəhərində evlənib. Tezliklə onun Cəlaləddin Məhəmməd adında oğlu doğulur. İki il sonra isə ikinci oğlu Hüsaməddin Əli anadan olur. Böyük oğlu az yaşayır, ikinci oğlu isə atasının yolu ilə gedərək, İraq, İranHindistana səyahətlər edib. Şirvani ömrünün son illərini ailəsi ilə Şirazda keçirib. Elə buradan da özünün son səyahətinə yollanıb. Bu, onun həyat yoldaşı ilə birlikdə çıxdığı həcc ziyarəti idi. 1838-ci ildə həmin səfəri zamanı Zeynalabdin Şirvani yolda xəstələnmiş və Ciddə şəhəri yaxınlığında dünyasını dəyişmişdir. Hacı Zeynalabdin Şirvani elə buradaca da dəfn olunub.

  1. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 117.
  2. Ağamir Quliyev. Bəzi xarici ölkə alimləri Hacı Zeynalabdin Şirvani haqqında. Şərqşünaslıq İnstitutunun elmi əsərləri II cild, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı-1960.
  3. Hacı Zeynalbadin Şirvani, Riyaz əs-siyahət, II hissə, I cild, Moskva, Şərq ədəbiyyatı şöbəsi, 1974. 337s
  4. Hacı Zeynalabdin Şirvani. Səyahət bağları "Riyaz əs-siyahət". II hissə, I cild. Elmi redaktor: Zakir Eminov, Tərcümə edən: Şahin Yəhyayev, Rəyçilər: Şahin Fazil, Vasif Qafarov, Bakı: 2024, 546 səh
  5. Hacı Zeynalabdin Şirvani. Səyahət bağları "Riyaz əs-siyahət". II hissə, I cild. Elmi redaktor: Zakir Eminov, Tərcümə edən: Şahin Yəhyayev, Rəyçilər: Şahin Fazil, Vasif Qafarov, Bakı: 2024, 546 səh