"Şərqi-rus" qəzeti (az.-əski. شرق روس) — 1903-cü ildən Tiflisdə Azərbaycan dilində həftədə üç dəfə çıxmış ictmai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet.[1] "Şərqi-rus" 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə nəşr olunan ilk azərbaycandilli qəzet idi.[2][3][4]
Şərqi-rus | |
---|---|
az.-əski. شرق روس | |
Format | gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzet |
Təsisçi | |
Nəşriyyat | Məhəmməd ağa Şahtaxtinski |
Baş redaktor | |
Redaktor | |
Yazıçılar |
|
Yaranma tarixi | 30 mart (12 aprel) 1903 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 15 (28) yanvar 1905 |
Baş ofis |
1891-ci ilin oktyabrında "Kəşkül" qəzeti bağlandıqdan 12 il müddətində Azərbaycan türkcəsində qəzet və jurnal nəşri mümkün olmadı, milli ruhlu ziyalıların təşəbbüsləri fayda vermədi. Kamal Ünsizadənin, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin, Məhəmməd ağa Şahtaxtlının Qafqaz Canişinliyinə etdiyi müraciətlərə "yox" cavabı verildi.[2]
Qafqazda ruslaşdırma siyasətini həyata keçirən missioner İlimskinin hələ 1870-ci ildə rus olmayan əhalini ruslaşdırmaq planları anadilli mətbuat orqanlarının yaradılması ideyasının həyata keçirilməsinə sədd idi. Lakin Çar Rusiyasının yerli ləhcələri ədəbi dilə çevirmək yolu ilə əhalini ruslaşdırmaq siyasəti nəticəsiz qaldı. Xalqa ana dilində mətbuat orqanı bəxş etmək üçün mübarizə aparan ziyalılardan biri Kamal Ünsizadə 1900-cü ildə "Daniş", Məhəmməd ağa Şahtaxtlı isə 1896-cı ildə "Tiflis" adlı qəzet çıxarmaq istəsələr də, təşəbbüsləri nəticəsiz qaldı.[2]
1889-cu ildə Fransaya gedən Məhəmməd ağa 1902-ci ildə Rusiyaya qayıtdıqdan sonra yenidən qəzet çıxarmaq istədi. O, öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçdü və orada mətbəə təşkil etdi. Tiflisdə fəaliyyət göstərdiyi müddətdə M.Şahtaxtlı növbəti dəfə cəhd edərək doğma Azərbaycan dilində qəzet açmaq niyyətilə Rusiya hökumətinə ərizə ilə müraciət etdi.[2]
Tapılan qovluqda onun yazdığı geniş əhatəli ərizələr vardır. Yazdığı ərizələrdə elmi, maraqlı dəlil və sübutlarla Qafqazın canişinini inandırmağa çalışmış və uzun-uzadı müraciətlərdən sonra onların müqavimətini qıra bilmişdir. Məsələn, onun general-adyutant knyaz G.S.Qolitsinə yazdığı ərizə çox əhatəlidir. Burada Məhəmməd ağanın nəşr üçün tərtib etdiyi proqram da vardır. O, burada maraqlı izahatlar verərək çar hökumətini inandırmağa çalışır ki, "Şərqi-rus" qəzeti nəşri ilə Rusiya hökumətinə xeyir verə bilər və sair. Ərizədə 50 yaşında olduğunu da qeyd edir. (Amma bu vaxtlar onun 56 yaşı vardı). Tiflisdə yaşadığı ünvanı (Olqinski küçəsi, Qoqniyevlərin evi № 16) göstərən Məhəmməd ağa ərizənin axırında qeyd edib:[4]
Arzu edirəm ki, qəzetin həcmi “Svet” (İşıq) qəzetinin həcmində olsun. |
Hətta o bu ərizədə qeyd etmişdi ki, qəzet Libermanın mətbəəsində çap ediləcək. Görünür ki, bu mətbəə çar hökumətinin inandığı yer imiş. Amma sonralar o, Tiflisə köçüb müasir avadanlıqlı mətbəə açmışdı. M. Şaxtaxtinski bu haqda belə demişdir:
Bir evin istifadəsiz qalmasındansa satılıb xeyirli işlərə sərf olunması daha münasibdir. Düşündüm ki, Şərqi-rus"u inkişaf etdirərək həm özümün, həm də millətin könlündə əbədi bir mülk ucaldaram. |
Beləliklə, Məhəmməd ağa Şahtaxtinskinin təşəbbüsü müsbət nəticələnir və çar Rusiyasının Qafqaz canişinliyi 1903-cü ilin əvvəllərində "Şərqi-rus" qəzetinin çapına razılıq verir.[2]
Məhəmməd ağa Şahtaxtinskinin "Şərqi-rus" adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da nəşr olundu. Qəzet əvvəllər həftədə üç dəfə çap olunurdu. 1904-cü il iyunun 8-dən etibarən isə gündəlik qəzetə çevrildi. "Şərqi-rus" qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutur. O, XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir. Bu qəzetin səhifələrində müxtəlif xalqların nümayəndələri iştirak etmişlər. Onu "Əqsayi şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı ziyalıların qabaqcıl fikirlərinin "vıstavkası" adlandırırdılar.[2]
"Şərqi-rus" 1903-cü il 16 aprel tarixli 7-ci sayında öz ideya istiqamətini, məramnaməsini belə bəyan etmişdi:[2]
Bizim borcumuz həqayiqnəvislikdir, yaxşılığı dediyimiz kimi yamanlığı da gizlətməyəcəyik. Biz meydana ona görə çıxdıq ki, xalqa doğru söz deyək və nəinki ona-buna vicdan füruşanə mədhiyyələr oxuyaq. |
Qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtinski idi. O, qəzetdə "Qəzetnəvis" imzası ilə öz dövrünün ən aktual məsələlərindən bəhs edən məqalələr yazmışdır.[2]
Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və s. məsələlər qaldırılmış və həmin məsələlər barəsində çoxlu yazı dərc olunmuşdur. "Şərqi – rus"un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. Lev Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində çıxmışdı.[2]
"Şərqi-rus" xalqın ağır vəziyyətini görərək yazırdı:[2]
Tüstü və baş pulu deyilən xərcdən azad olmağın əvəzində rəiyyətlərin boynuna mülkədarlarla bərabər padşahlıq torpaq vergisi (zemstvo) təhmili gəlmişdir... Bu növ xərclər rəiyyətlərin çoxuna ifrat artıq düşübdür və onlara nəhayətdə ağır yük olubdur. |
Məhəmməd ağa Şahtaxtlının rus təəbəçiliyini qəbul etməsi, bir çox ciddi məsələlərin qəzet səhifələrinə çıxarılmasının əleyhinə olması, hökumətlə kompromiss siyasəti dövrün bəzi ziyalıları tərəfindən birmənalı qarşılanmır, "Şərqi-rus" tənqid atəşinə tutulurdu. Türk dünyasının milli-mənəvi birliyini, "Dildə, fikirdə, işdə birlik" düsturunu sahibi olduğu "Tərcüman" qəzetinin ana tezisinə çevirmiş İsmayıl bəy Qaspıralı da Məhəmməd ağa Şahtaxtlının tutduğu yolu bəyənmirdi. "Tərcüman"ın "Şərqi-rus" adlı xəbərində qəzetin Cəlil Məmmədquluzadənin redaktəsinə keçəndən sonra istiqamətinin müsbət məcraya yönəldiyi, bu mətbu orqanın doğru, düz yola qədəm qoyduğu əksini tapmışdı. Qəzet getdikcə müəyyən məsələləri dolaşıq, dumanlı şəkildə oxucuya çatdırmaq yoluna qədəm qoymuşdu. Məsələn, milli bərabərlik və azadlıq, dil birliyi, söz və fikir azadlığı kimi məsələlər barəsində mücərrəd yazılar verirdi.
"Şərqi-rus"un ilk saylarında dərc olunan məqalələri Ömər Faiq Nemanzadə "camaatın məlumatını artırmağa, fikirlərini işıqlandırmağa xidmət edən" publisist nümunələr adlandırır, qəzetin çatışmayan cəhətlərini, xüsusən "barışdırıcı" missiyasını tənqid edirdi.
Bir neçə əcnəbi dil bilən M.Şahtaxtlının fəaliyyətinin bir hissəsi də əlifba islahatı ilə bağlıdır. O, əlifba layihələri üzərində mütəmadi çalışmış, bu barədə yalnız Azərbaycan dilində deyil, rus və fransız dillərində də kitablar çap etdirmiş, özünə tərəfdar toplamağa çalışmışdı. Ərəb əlifbasını islah etməkdə Mirzə Fətəli Axundovun işini davam etdirməyə çalışması M.Şahtaxtinskinin müsbət təşəbbüsü olsa da, özünün təklif etdiyi layihənin ciddi nöqsanları onu bu sahədə müvəffəqiyyətsizliyə uğratdı. "Tərcüman" qəzetinin redaktoru İ.Qasprinskinin əlifba məsələsi üstündə M.Şahtaxtinskinin kəskin tənqid etməsi də "Şərqi-rus"u xeyli nüfuzdan saldı.[2]
Qəzet bəzi hallarda liberal mövqe tuturdu. Bunu hər şeydən əvvəl dövrlə əlaqələndirmək lazımdır. "Şərqi–rus" həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim təbəqələrin təzyiqinin artdığı bir zamanda buraxılırdı. Qəzetin ümummilli məsələlərdə prinsipial deyil, liberal mövqe sərgiləməsi də çarizmin mürtəce rejimindən qorunmaq mahiyyəti daşıyırdı. Aydındır ki, belə bir şəraitdə qəzet ardıcıl demokratik mövqe tuta bilməzdi. M.Şahtaxtlı təzyiqlərdən, təhdidlərdən qəzeti qorumaq üçün manevrlər edir, onu mövqesizlikdə, prinsipsizlikdə qınayan qələm dostlarına qəzet səhifəsində cavablar verirdi. Belə yazılardan biri "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşova ünvanlanmışdı. M.Şahtaxtlı bu məqalədə deyirdi:
Allah bizi rus təbəəsi yaratmış, biz zahirən və batilən rus padşahımıza və rus dövlətinə sadiq təbəə olub islam dinimizi və türk dilimizi can və dil ilə bəsləməyi kəndimizə fərz bilib beynəlmiləl politikadan və intriqadan istər din pərdəsi altında, istərsə də açıq olsun, kəndimizi daima şiddətlə kənara tutmalıyız. |
Çar Rusiyasına qarşı bu cür münasibətə Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kəskin reaksiya verərək "bu yolun, bu əhvalın cürətsizlik, barışdırıcılıq, gözqapamaq" olduğunu söyləyir, M.Şahtaxtlıya qarşı açıq yazılarla çıxış edirdilər. Tənqiddə liberallıq "Şərqi-rus"a çox baha başa gəlirdi.
Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun "Şərqi-rus"a qarşı kəskin münasibətinə səbəb mesenant Hacı Zeynalabdin Tağıyevin "Şərqi-rus"un ilk sayında tənqidi olmuşdu. Belə ki qəzetin birinci nömrəsində qəzetin əməkdaşları böyük cəsarətlə millət atası hesab olunan Hacı Zeynalabdin Tağıyevin Tiflisdə müsəlman məktəbini hamiliyə götürüb lakin heç bir kömək göstərməməsini tənqid etmişdilər. Bunun üstündə Bakıdakı jurnalistlər, o cümlədən Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov qəzetin üzərinə hücumlar edirdilər. İlk vaxtlarda qəzet onlara qarşı kəskin münasibət bəsləyib, sərt cavablar verir, onları "Hacı Zeynalabdinin qələm qoçuları" adlandırırdı. Məqalələrinin birində qəzet yazırdı:[2]
Mərdan bəy və Əhməd bəy kimilərdə prinsip, məslək nə gəzir? Bunlar... ac qurdlardır ki, neft sayəsində dövlətlənən Bakıya yığılıb, Əlinin börkünü Vəlinin başına qoyub, ciblərini doldururlar. Məzəsi budur ki, boylə çapovulçuların hələ iddiası odur ki, mən bunları pişvayi-islam tanıyıb, bunların rəzalətini millət nəzərində fəzilət göstərəm. |
Çarizm bir tərəfdən pantürkizmi və panislamizmi pisləyir, digər tərəfdən onlarla ittifaq bağlayırdı. O dövrdə hər bir ictimai cərəyan mətbuat orqanını öz tərəfinə çəkməyə çalışırdı. "Şərqi-rus" da gah mütərəqqi-demokratik, gah mürtəce istiqamətə yuvarlanırdı. Qəzetin məsləki haqqında C.Məmmədquluzadə "Xatiratım" əsərində yazmışdır:[2]
O əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və əsrin hökumətinin istibdadı ilə mübarizə aparsın: yaxud ehtiyatla da olmuş olsa hökumət ilə oppozisiyada ola bilsin. Və təbiidir ki, bir belə azaditələb cəridəyə heç bir vəchlə icazə almaq mümkün olmazdı. Onunçün xah Məhəmməd ağanın, xah onun biztək köməkçilərinin məsləki və ideyası məhz müsəlman camaatını maarif və mədəniyyətə təklif və tərğib etməkdən başqa bir şey ola bilməzdi. Hətta dini mövhumat barəsində söz danışmaq belə mümkün deyil idi. Hətta yadımdadır ki, müsəlman arvadlarına savadın və təhsilin lüzumu barəsində Məhəmməd ağa tərəfindən qəzetdə yazılmış bir məqalədə "qadın azadlığı" kimi iki kəlmənin üstə müsəlman içində böyük danışıq törədi. O ki qaldı siyasi məsələlər, bu barədə dilim lal olsun: haman əsrin senzorunun tələbatı o qədər səxt idi ki, siyasət nədir ki, siyasətin qorxusundan "s" hərfini yazmağa cürət etməzdik. |
Azərbaycanda milli oyanış getdikcə açıq-aşkar özünü büruzə verirdi. Çar hökuməti günü-gündən mübarizləşən azərbaycanlı aydınlar və ziyalılar arasında – xüsusilə də Tiflisdə məskunlaşıb fəaliyyət göstərən ziyalılarla Bakıda fəaliyyət göstərənləri qarşı-qarşıya qoymağa, milli aydınlar və fəal azərbaycanlılar arasında nifaq salmağa çalışırdılar.
Lakin bu çəkişmələrin sonunda tərəflər bir araya gəlib ittihamlara son qoyaraq əməkdaşlıq yolu tutdular. Cəlil Məmmədquluzadə "Xatiratım" əsərində bu olaylara toxunaraq yazır:[2]
Dünyada hikmətə inanan adam olsa idim, mən deyə bilərdim ki, "Şərqi-rus" qəzetinin yox olmağında bir "hikmət" var. Məlum şeydir, cəridənin dalı kəsilməyinə ya onun maliyyəsinin zəifliyi, ya da hökumətin qərardadı, yaxud nadir vaxtlarda cəridənin sahibinin özünün fövti ola bilər. "Şərqi-rus"un bağlanmasında bu üç maneələrin heç biri üz vermədi. Qəzetin həmişəlik yatmağı bu qərar ilə əmələ gəldi. Necə ki, ərz olundu, Qafqazda müsəlmanlar içində türkcə qəzet tək bir "Şərqi-rus" idi.
Bu da məlumdur ki, Tiflisdə bina olunmuşdu və orada da çıxmaqda idi. Bakı şəhəri, o milyonlu və mədənli Bakı şəhəri öz qəhrəman yazıçıları ilə, öz Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, Məhəmməd Əmin Rəsulzadə, doktor Qarabəy Qarabəyov, şair Müznib, Hacı İbrahim Qasımov, Cəfər Bünyadzadə və qeyri bunlar kimi əhli-qələmləri ilə uzaqdan Tiflisə baxıb onun gündəlik "Şərqi-rus" qəzetinə həsəd aparırdılar. Bəs necə olsun? Belə məlum olur ki, o vaxtlar türk qəzetinə izin hasil etmək bəhərhal çox çətin bir məsələ imiş. İndi belə güman etmək olar ki, o vaxt Bakının birinci jurnalistlərindən Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadəyə ya qəzet icazəsi Peterburqdan verilmədi, yaxud bunlar Peterburqun siyasətini nəzərə alıb oradan bu icazəni istəmədilər, onunçün də bunlar belə məşqə düşdülər. Mərkəzdən ki, təzə bir türk cəridəsinə izin almaq ümidi yoxdur, səlah buradadır ki, hal-hazırdakı "Şərqi-rus" qəzetinə bir növ əl uzatmaq və şəriklikmi sifətilə, ya qeyri bir vəchlə oraya daxil olmaq və qəzeti də Bakıya köçürmək. Axirül əmr Məhəmməd ağa Bakıda Əhməd bəy Ağayevin "Şərqi-rus" qəzetinə yoldaşlı sifətilə daxil olmağını qəbul etdi. Və niyə qəbul etdi və nə mülahizə ilə qəbul etdi, bunu mən o vədə bilmədim. Ancaq Əhməd bəyin qəzetə daxil olmağına Qafqaz hökuməti izin verə bilmədi: onunçün də bu izini hasil etmək qəsdi ilə Məhəmməd ağa Peterburqa getməyə məcbur oldu və oradan icazəni da aldı. Və sənə 1905-ci ilin yanvar ayında qəzetin təzə il abunəsi hər yandan şirin gəldiyi bir vaxtda Məhəmməd ağa qəzeti yatırtdı və başladı Bakıya köçməyə hazırlaşmağa. Yanvardan fevraladək ancaq idarənin əşyasının qutulara dolmağı çəkdi və qutulara da dolub hazır olandan sonra haman yerdə qaldı ki, qaldı". |
Qəzetin işində C.Məmmədquluzadədən başqa Ömər Faiq Nemanzadə və Səməd ağa Qaibov da yaxından iştirak edirdilər. "Şərqi-rus"un Azərbaycan mətbuatı tarixində ən böyük xidmətləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Ə.Nəzmi, M.S.Ordubadi kimi dövrün böyük publisist və şairlərinin mətbu tribunasına çevrilməsi, onları ictimaiyyətə yaxından tanıtmasıdır.
Qəzetdə Sultan Məcid Qənizadənin, Firidun bəy Köçərlinin yazısı, Mirzə Ələkbər Sabirin şeiri, Ömər Faiq Nemanzadənin, Rəşid bəy Əfəndiyevin publisist məqaləsi, Mirzə Cəlilin felyetonu, Məmməd Səid Ordubadinin hekayəsi, Abbas Səhhətin əsərləri dərc olunmuşdu.
"Şərqi-rus" qəzetinin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də odur ki, Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetirmişdi. Cəlil Məmmədquluzadənin "Şərqi-rus"da əməkdaşlığının maraqlı tarixçəsi vardır. 1903-cü ildə xəstə arvadını Tiflisə aparan Cəlil Məmmədquluzadə təsadüfən Şahtaxtinski ilə görüşmüş və onu "Poçt qutusu" hekayəsi ilə tanış etmişdir. Şahtaxtinski həmin hekayəni qəzetdə çap etməklə C.Məmmədquluzadəyə də Tiflisdə qalıb "Şərqi-rus" qəzetində iştirakını təklif etmişdir. O vaxtdan etibarən Mirzə Cəlil Tiflisdə yaşamış və jurnalistlik fəaliyyətini "Şərqi-rus"da davam etdirmişdir. O, qəzetdə "Poçt qutusu"ndan başqa "Kişmiş oyunu" adlı hekayə, L.N.Tolstoydan etdiyi "Zəhmət, ölüm və naxoşluq" adlı tərcümə əsəri, "Arvad" adlı ruscadan tərcümə hekayəsini dərc etdirmiş, Naxçıvan müəllimlərindən Sidqinin vəfatına aid nekroloq yazmış, habelə çoxlu tərcümələr etmişdir. Mirzə Cəlilin rus və başqa xalqların ədəbiyyatı ilə əlaqəsi məhz "Şərqi-rus" qəzetində möhkəmlənmişdir.[2]
C.Məmmədquluzadənin "Şərqi-rus"da fəaliyyətə başlaması Mirzə Cəlilin ideya-yaradıcılıq axtarışlarını bir səmtə yönəltməkdə, daha doğrusu, onun bundan sonra ədəbiyyata və jurnalistikaya üstün yer verməsində müəyyən təkan rolu oynadı. Məmmədquluzadə və onun müasiri olan publisistlərin "Şərqi-rus"da ən çox bəyəndikləri xüsusiyyət qəzetin müstəqil, demokratik yol tutacağını vəd etməsi və imkan daxilində buna müəyyən dərəcədə əməl olunması idi. C.Məmmədquluzadə bu mətbu orqanda 1904-cü ilin yanvar ayından 1905-ci ilin elə həmin ayına qədər fəaliyyət göstərdi. O, ilk dəfə azərbaycanca publisist və ədəbi-tənqidi məqalələr yazdı, tərcümə sahəsində qələmini sınadı. 1904-cü ilin noyabr ayının 26-dan 1905-ci ilin yanvarın 15-dək qəzetin müvəqqəti redaktoru oldu. O, bu vəzifədə redaktorluq peşəsinin çətinliklərinə, həmçinin sirlərinə bələd oldu. Qəzetçilik işinin tərtibat və poliqrafik cəhətlərini, habelə senzura və rabitə orqanları ilə əlaqə yollarını öyrəndi, "Molla Nəsrəddin"in nəşrinə qədər hazırlıq keçdi.
Mirzə Cəlil gələcək dostlarını da "Şərqi-rus"da tapdı. Ömər Faiq, Firudin Köçərli, Üzeyir Hacıbəyovla təmas qurdu, dostluq etdi. "Şərqi-rus"un çapını dərhal alqışlayıb, şeir həsr edən M.Ə.Sabirlə qiyabi tanış oldu. M.Cəlilin "Şərqi-rus"a vaxtında gəldi, qəzet hələ nəşrə başlamadığı vaxtda rus və Azərbaycan dillərini bilən mütərcimə ehtiyac olduğu barədə elan vermişdi. O, qəzetdə dərc olunan mətbuat xülasəsini, teleqramları ruscadan ana dilinə tərcümə edirdi. "Şərqi-rus"da çalışması C.Məmmədquluzadənin gələcək yaradıcılığı üçün bir məktəb rolu oynadı və o, 1905-ci ilin əvvəlindən bəzi fikir ixtilaflarına görə redaksiyadan uzaqlaşdı.
Mirzə Ələkbər Sabir də "Şərqi-rus" qəzetini, onun ideya istiqamətini izləmiş və bəyənirdi. Bunun nəticəsi olaraq "Şərqi-rus"a şeir həsr etmişdi. Sabirin bu şeiri 1903-cü il iyun ayının 27-də "Ədəbiyyat" başlığı altında Ələkbər Tahirov imzası ilə işıq üzü görmüşdür.
Sonralar Hacı Zeynalabdin Tağıyev Bakıda Azərbaycan dilində "Həyat" adlı qəzetin nəşrinə icazə aldı, Əhməd bəy Ağayevlə Əli bəy Hüseynzadə redaktor vəzifəsinə sahib oldular. M.Şahtaxtinski isə çıxılmaz vəziyyətdə qaldı. Qəzetin axırıncı nömrəsi 1905-ci il yanvarın 15-də buraxılmışdır.[2][3]
Azərbaycan mətbuat tarixində mühüm yer tutan "Şərqi-rus" qəzetinin 110 illik yubileyi 2013-cü ildə təmtəraqlı şəkildə qeyd olunmuşdur.[5]