Azərbaycan dili[2][3] və ya Azərbaycan türkcəsi[4] keçmişdə Azərbaycan Respublikasında sadəcə Türk dili [5] (Güney Azərbaycanda: Türk dili[6][7]) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının[8] rəsmi dövlət dili. Türk dilləri ailəsinin Oğuz sinfinin qərb qrupuna daxildir.
Azərbaycan dili | |
---|---|
Orijinal adı | Azərbaycan dili |
Ölkə | Azərbaycan |
Regionlar | Cənubi Azərbaycan, Borçalı, Dərbənd |
Rəsmi status |
Azərbaycan Dağıstan Respublikası |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Yazı | latın əlifbası, fars əlifbası[d], kiril əlifbası, ərəb əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | азе 025 |
ISO 639-1 | az |
ISO 639-2 | aze |
ISO 639-3 | aze |
Dilin strukturlarının dünya atlası | aze |
Ethnologue | aze |
ABS ASCL | 4302 |
IETF | az |
Glottolog | azer1255 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan dilindən Azərbaycan, Güney Azərbaycan, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur.
Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır:
Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırılır. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir. Oğuz qrupundakı başqa dillər türk, türkmən, qaqauz və salar dilləridir.
Dillərin yaranması, ağacın qol-budağa ayrılmasına bənzədilə bilər. Məsələn, əski türk dili V–X əsrlərdə oğuz, qıpçaq, qarluq və başqa qollara ayrılır. Sonra bu dillər də ayrı-ayrı dillərə ayrılmağa başlayır.[10] X–XV yüzilliklərdə oğuz dili şərqi (türkmən dili) və qərbi (Azərbaycan və Anadolu şivələri) olaraq iki qola ayrılır. XVII–XX əsrlərdə isə qərbi oğuz qolu Azərbaycan dilinə və Türkiyə türkcəsinə ayrılmağa başlayır.[11] Paralel olaraq, qıpçaq qolundan qazax, qırğız, tatar, başqırd, qumuq; qarluq qolundan isə özbək və uyğur dili yaranır.
Əski türkcə
(X əsrə qədər) |
Oğuz qolu | Qarlıq qolu | Qıpçaq qolu | |||||
---|---|---|---|---|---|---|---|---|
Azərbaycan dili | Türkiyə türkcəsi | Türkmən dili | Özbək dili | Uyğur dili | Tatar dili | Qazax dili | ||
[ata] | ata | baba | kaka | ota | ata | ata | äke | |
[oğıl] | oğul | oğul | ogly | o'gil | oghul | uğlı | ul | |
[qağan] | xaqan | kağan | kagan | xoqon | xaqan | qağan | qağan | |
[yüräğ] | ürək | yürek | ýürek | yurak | yüräk | yöräk | jürek | |
[yuldız] | ulduz | yıldız | ýyldyz | yulduz | yultuz | yoldız | juldız |
Azərbaycan dili, digər türk dilləri kimi aqqlütinativ dildir yəni, flektiv Hind-Avropa və sami dillərindən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri öz mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və əlaqələr isə həmişə söz kökündən sonra gələn təkmənalı şəkilçilərin köməyi ilə ifadə edilir. Müqayisə üçün, flektiv ərəb dilində sözlər, sözün kökündəki səslərin dəyişməsi ilə düzəlir (məsələn: hökm — hakim — məhkəmə — məhkum — mühakimə, kitab — katib — kütüb). Hind-Avropa dilləri isə ön şəkilçilər, son şəkilçilər, sonluqlar, ədatlar və ya söz birləşmələrin vasitələri ilə sözdüzəldici və sözdəyişdirici formalar əmələ gətirir (məsələn: lingua — bilingual — bilingualism). Azərbaycan dilinin təkcə son şəkilçilərin köməyi ilə ifadə olunma gücü, aşağıdakı nümunə ilə göstərilə bilər:
Azərbaycan dili | Hind-Avropa dilləri | ||
---|---|---|---|
İnglis dili | Alman dili | Rus dili | |
kənd | village | Dorf | деревня |
kənddə | in the village | in dem Dorf | в деревне |
kənddəkilər | those who live in the village | die, die in dem Dorf leben | те, кто живут в деревне |
kənddəkilərdən | one of those who live in the village | eine(r) von denen, die in dem Dorf leben | одни из тех, кто живет в деревне |
Kənddəkilərdənsinizmi? | Are you one of those who are living in the village? | Sind Sie eine(r) von denen, die in dem Dorf leben? | Являетесь ли вы одними из тех, кто живет в (этой) деревне? |
Azərbaycan dili Hind-Avropa, ərəb və çin dillərindən fərqli olaraq qarışıq və mürəkkəb dil qaydaları az olan, təbii istisnaları olmayan, nizamlı və bütöv bir dildir. Bu qayda və qanunlara diqqət, genişlik və asanlıq riyaziyyat qaydalarına bənzəyir.[12]
Azərbaycan dili 1937-ci ilə qədər türki, türk dili, rus dilində yazılmış əsərlərdə isə "tatar dili", "Qafqaz tatarlarının dili" adlandırılmışdır.[13] Azərbaycan dili, dövlət sənədlərdə və yazılı ədəbiyyatda aşağıdakı formalarda qeyd olunmuşdu:
Beləliklə, dövlət dilinə həsr edilmiş bütün iclaslarda demokratik şərait yaradıldığından müxtəlif fikirlər özünü göstərdi:
Prezident Heydər Əliyevin çıxışından:[27]
Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların da hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var… Axı nə təhər Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, Tatarıstan türküyəm. … taleyimiz belə gətirib ki, məsələn, bizə tatar deyiblər, amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar deyiblər Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı — "russko-tatarskaya şkola"… Mən bununla sadəcə demək istəyirəm ki, bizim taleyimiz belə olubdur. Rusiyada bizə tatar deyiblər. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz "Azərbaycan dili", "azərbaycanlı" deyirik. İndi bəs nə edək? Bunlara cavab olmalıdır ki, bir qərar qəbul edək.
Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Həmin müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz "türk dili" adlandırılmasının əleyhinədirlər. Buna səbəb isə:
Qeyd edək ki, Şimali Azərbaycanda qəbul edilən bu qərar, Cənubi Azərbaycanda heç bir təsir tapmadı. Azərbaycan dili, Cənubi Azərbaycanda bu günə qədər əhali tərəfindən türk dili adlandırılır.[7]
Azərbaycan türkcəsi 19-cu əsrə qədər günümüzün Azərbaycan sərhədlərindən xaric, bugünkü Ermənistan ərazilərində də geniş yayılmışdı. 1948–1994-cü illər arasında bir milyondan artıq Azərbaycanlı türk və Azərbaycanlı kürd, Zəngəzur, Göyçə və Qarabağda etnik təmizləmə nədəni ilə öz yaşayış məntəqələrini tərk etməli oldu. Beləliklə 1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan "Türksüz Ermənistan" sityasəti sayəsində Azərbaycan dili Qərbi Azərbaycanda artıq işlədilmir.[29]
Azərbaycan dili həmçinin Gürcüstanda, Kvemo-Kartli bölgəsində də yerli əhali üçün danışıq dili rolunu oynayır. 2014-cü ildə keçirilmiş əhali sayımlamasına görə Gürcüstanda yaşayan əhalinin 230,000 nəfəri (6.2%-i) ana dili kimi Azərbaycan dilini göstərmişdi. Buna baxmayaraq, Gürcüstanda yaşayan Azərbaycanlılar öz dillərində təhsil almaqda çətinliklər çəkir. 1989-cu ildə Gürcüstanda Azərbaycan dilində tədris verən 189 məktəb və 7000-ə qədər müəllim var idisə, 2018-ci ildə məktəblərin sayı 80-ə, müəllimlərin sayı isə 3700-ə düşdü.
Bundan başqa, Azərbaycan dili Qafqazda Rusiyanın Dərbənd rayonu, Tabasaran rayonu, Rutul rayonu, Qızılyar rayonu, Türkiyənin isə Qars vilayəti, İğdır vilayəti, Ərdəhan vilayətində danışılır.
Azərbaycan dili həmçinin də ABŞ-də və Qərbi Avropa ölkələrində (özəlliklə Almaniya, Avstriya, Böyük Britaniya, Danimarka, Hollandiya, Norveç, Fransa) böyük sayda yaşayan azərbaycanlıların danışdığı dildir. Çoxu İrandan işləmək üçün gedənlərdir.
Bununla yanaşı Türkiyədə, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan və İkinci dünya müharibəsindən sonra gedən azərbaycanlı ailələrin sayı da yüksəkdir.
20-ci əsrin 90-cı illərindən başlayaraq Rusiyaya gedən və indi orada qalıb yaşayan azərbaycanlılar da çoxdur. 2010-cu ildə aparan sayımlamalara görə, Rusiyada 600,000 azərbaycanlı yaşayır (onlardan 130,000 tarixi yurdları, Dağıstan Respublikası ərazisində yaşayanlardır) və onlardan Azərbaycan dilini bilən əhalinin sayı 470,000 nəfər olmuşdu.[30]
Rəsmi qaynaqlara görə, Azərbaycan türkcəsi İran İslam Respublikasında yaşayan 14[31]-23[32] milyon arasında Güney Azərbaycanlı türkün ana dilidir (qeyri-rəsmi qanaqlara görə, bu say 30 milyondan çoxdur). İranda aşağıdakı ostanlarda Türk dili yerli əhali tərəfindən işlədilir:
Ostan | Mərkəzi | Türkdilli əhalinin sayı |
---|---|---|
Qərbi Azərbaycan ostanı | Urmu | 3.3 milyon |
Şərqi Azərbaycan ostanı | Tərbriz | 3.7 milyon |
Ərdəbil ostanı | Ərdəbil | 1.2 milyon |
Qəzvin ostanı | Qəzvin | 1.3 milyon |
Zəncan ostanı | Zəncan | 1.1 milyon |
Bu ostanlardan başqa, Həmədan ostanı, Qum ostanı, Mərkəzi ostanı, Gilan ostanı, Kürdüstan ostanı, Mazandaran ostanı, Tehran, Kərəc, Məşhəd, Rəzəvi Xorasan ostanları da böyük sayda türkdilli əhaliyə sahibdir. Bu arada, qaşqay dili elmi ədəbiyyatda Azərbaycan dilinin cənub ləhcəsi hesab edilir[33]. Eyni zamanda, Xorasan dili də Azərbaycan dili ilə Türkmən dili arasında bir ləğhcə sayılsa da, bir sıra təhqiqatçılar bu dili Azərbaycan dilinin ləhcəsi hesab edir.
Qeyd edək ki, İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsi ilə qeyri-fars dillərin məhdud şəkildə tədrisinə icazə verilməsinə baxmayaraq, 1926-cı ildən İran hökuməti məktəblərdə türk dilində tədrisi de-fakto olaraq yasaqlamışdı.
İrandan başqa, Yaxın Şərqdə İraq da böyük türkdilli əhaliyə sahibdir. Bu dildən vaxtilə İraqa köçmüş 200 minə yaxın insan da ana dili kimi istifadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və əksəriyyəti Kərkük vilayətində yaşayır.
Dilimizin uzun formalaşma tarixi aşağıdakı dövrlərə bölünə bilər:
Azərbaycan dilinin yaranma tarixinin türk dillərinin ümumi tarixinin tərkib hissəsinin olmağı və Azərbaycan dilinin orta əsrlərdə əski türk dilindən təşəkkül etməsi alimlər və dilçilər tərəfindən hər dövrdə qəbul olunmuşdu.[34] Əski türk dilinin tarixi-linqvistik müstəvidə tədqiqində ən güvənli istinad nöqtəsi Orxun-Yenisey abidələridir.[35] Orxun abidələrinə — Ongin (731), Tonuquq (710), Kül Təkin (732), Bilgə Qağan (734), Küli çur (720) və s. kimi abidələr daxildir. Kül Təkin şərəfinə yazılmış abidələrin söz varlığını çağdaş Azərbaycan dili ilə müqayisə edən Prof. Şükürlü, mətində bulunan 170-dən artıq sözdən 100-dən çoxunun çağdaş Azərbaycan dilində tamamilə identik və ya yeni yazma qaydalarına uyğun dəyişikliklər ilə yazıldığını (nümunə: bəğ — bəy, yoq — yox, sucuğ — sucuq, küllüğ — göllük); qalanların isə ədəbi dilmizdə sıradan çıxdığını (örnək üçün: oğuş — qəbilə, bodun — xalq/boy, öd — taxt, börü — canavar) təsdiqləyir. Fonetik baxımından, abidələrdə damaq və dodaq ahənglərinin, eləcə də samitlərinin ahənginə rast gəlinir ki, bu da Azərbaycan dilində möhkəmliyi və zənginliyi ilə seçilir. Qrammatik baxımından isə, bəzi qanunların dəyişməz qaldığını (yerlik və çıxışlıq hal şəkilçiləri; I, III şəxs fel şəkilçiləri və s.) bəzilərin isə dəyişdiyini (yiyəlik, yönlük, birgəlik hal şəkilçiləri; II və III şəxs cəm fel şəkilçiləri və s.) görürük.[36]
Bunların hamısına baxmayaraq, son 1500 ildə dilimizdə yer almış qrammatik və morfoloji dəyişikliklər nəticəsində əski türk dilində yazılmış mətnlər bugünkü Azərbaycan dili daşıyıcısı üçün artıq anlaşılmalı deyil. Yenə də, bu durumu dünya dillər ilə müqayisə etdiyimiz halda (əski ingilis dili və ingilis dili, əski alman dili və alman dili, latın dili və fransız dili və s.) dilimizdə ötən min ildə yer almış sintaktik-morfoloji dəyişikliklərin sayı nisbətən çox azdır.
Əski dövr (əski türk dili) | Çağdaş Azərbaycan dili |
---|---|
içrə aşsız taşra tonsuz yabız yablaġ bodunda üzə qaġan olurtum inim qül tiġin birlə sözləşdimiz qañımız ecimiz qazġanmış bodun atı qüsi yoq bolmazun tiyin türq bodun üçin tün udımadım qüntüz olurmadım inim qül tiġin birlə iki şad birlə ölü yiti qazġandım anca qazġanıp birki bodunuġ ot sub qılmadım |
İçi aşsız[yeməksiz, ac], dışı donsuz, yavuz, yalaq millətin üzərinə Xaqan oturdum. Kiçik qardaşım Kül Təkin ilə sözləşdik. Atamızın, əmimizin qazanmış millətin adı-sanı yox olmasın deyə Türk milləti üçün dün uyumadım, gündüz oturmadım. Kiçik qardaşım Kül Təkin ilə, iki şad ilə öləsi ya itəsi [çalışıb] qazandım, Ancaq qazanıb [oradakı] bütün boyları oda-suya qılmadım. |
Orta dövrdə ədəbi dil artıq funksional olaraq mövcud olmuşdu, yəni ilk təşəkkül mərhələsi başa çatır və Kitabi-Dədə Qorqud kimi nəhəng abidə yaranır.[34]
Kitabi-Dədə Qorqud Azərbaycan dilinin tarixi üzrə ən önəmli qaynaqlarından biridir. Leksik baxımından, kitabda 3000-ə yaxın söz işlənmiş; O sözlərdən 773-ü çağdaş Azərbaycan dili ilə eynilə yazılır (örnək üçün: ad, ağ, alqış, dilək), 213-ü fonetik dəyişmələrlə (örnək üçün: bəg — bəy, yigirmi — iyirmi, qılıc — qılınc və s.), 200-ə yaxın söz şivə və ləhcələrdə qorunmuş (örnək üçün: buñalmaq, saqar, taraqa, qurumsu), qalanları isə unudulmuş və çağdaş Azərbaycan dilində alınma sözlər ilə ifadə olunan sözlərdir (örnək üçün: alp, əvrən — qəhrəman, qıran — pandemiya, egi — xoş ya da yaxşı, əsrik — sərxoş və s.).[37] Alınma sözlərə gəldiyimizdə isə, onlardan 573-ü alınmadır (353-ü ərəb, 205-i fars dilindən). Alınma sözlər o zaman xalq arasında anlaşılmadığına görə türk mənşəli sinonimi ilə bərabər işlədilirdi (axır-son, allah-tanrı, behişt-uçmaq, cəng-savaş) və ancaq sonralar belə alınma sözlər qalib gəlmiş, mənimsənilmiş, dilin öz sözləri isə sıradan çıxmış, arxaikləşmişdi.[38] Sintaktik baxımından, Dədə Qorqudda, orta dövr Azərbaycan dilinin və çağdaş ədəbi dilimizin sintaktik quruluşu arasında varislik və kök birliyi görürük. Fonetik baxımından, əski dövrdən başlayaraq yeni dövrə qədər saitlərin dəyişilməzliyinə bu dövrdə də tanıq oluruq. Samitlərə gəldiyimizdə isə, yeni dövrdə yalnız bir samitin — sağır [ñ] səsin itirildiyini görürük. Əksinə, klassik dövrdə işlənməyə başlayan alınma [f], [h], [j] samitlərin isə orta dövrdə hələ var olmadıqlarını görürük.
Orta dövr (oğuz türk dili) | Çağdaş Azərbaycan dili |
---|---|
görürmisin ay oğul nələr oldı sarp qayalar oynanmadı yer obrıldı eldə yağı yoq ikən səniñ babañıñ üstinə yağı gəldi ol qırq namərd babañıñ yoldaşları babañı tutdılar. ağ əllərin ardına bağladılar. qıl sicim ağ boynına taqdılar. kəndilərü atlu, babañı yayaq yüritdilər. alubanı qalın kafir ellərinə yönəldilər. qanım oğul qalqubanı yerindən uru durğıl gəlgil qırq yigidiñ boyuña alğıl babañı ol qırq namərddən qurtarğıl. yüri oğul. babañ saña qıydıysa, sən babaña qıymağıl! |
Görürsənmi, ay oğul, nələr oldu? Sərt qayalar oynamadı, yer ovuldu. Eldə düşmən yox ikən sənin atanın üstünə düşmən gəldi. O qırx namərd — atanın yoldaşları — atanı tutdular. Ağ əllərini ardına bağladılar. Qalın ipi ağ boynuna taxdılar. Özləri atlı, atanı piyada yeritdilər. Alıb uzaq kafir ellərinə üz tutdular. Xanım oğul, qalxıb yerindən ayağa dur! Gəl, qırx igidini dəstənə al! Atanı o qırx namərddən qurtar. Yeri, oğul! Atan sənə qıydısa, sən atana qıyma! |
Klassik dövrdə Azərbaycan dili Cəlairlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dilinə çevrilib, bütün Ön Asiyada ədəbi dil rolunu oynamağa başlamışdı. Nizami Cəfərov, Azərbaycan türkcəsinin milliləşməsi tarixi əsərində "XI-XII əsrlərdən başlayaraq Azərbaycanda meydana çıxan möhtəşəm türk dövlətlərində rəsmi dil kimi ərəb, fars dilləri ilə yanaşı Azərbaycan dilindən də istifadə olunduğunu" göstərir.[39] Səfəvilər dövlətində Azərbaycan dili sarayda[40] və orduda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət, saray və məhkəmə dili idi.[41][42] Alman-rus alimi Vilhelm Bartold 1912-ci ildə yazırdı:[43]
Xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı.
Məhz bu dövrdə saray dili və xalq dili arasında ilk fərqlər əmələ gəlməyə başladı. Saray dili yazılı ədəbiyyatın təməlinə çevrildiyinə görə o zamanın ədəbi dili xalq dili yox, saray dili olur. Həmin dövrün saray dili öncəki dövr Azərbaycan dilindən bəzi özəllikləri ilə seçilir:
Klassik dövr (ədəbi türk dili) | Çağdaş Azərbaycan dili |
---|---|
Bir müsǝvvirdir ki, zǝrrin kilk ilǝ hǝr gün çǝkǝr Sǝfheyi-gǝrdunǝ nǝqşi-arizi-dildar sübh. Müjdə bir xurşiddən vermiş məgər badi-səhər Kim nisar eylər ona yüz min düri-şəhvar sübh. Aşiqi-sadiqdir izhari-qəm eylər hər səhər Ah ilə xəlqi yuqusundan qılır bidar sübh. |
Bir rəssamdır ki, qızıl kilk ilə hər gün çəkər, Sevgilinin üzünün şəklini fələyin göyünə, sübh. Muştuluq bir gözəldən vermiş məgər səhər küləyi Kim, bağışlayar ona yüz min padşaha layiq incini, sübh. Sadiq sevgilidir, açıqca qəm eylər hər səhər, Ah ilə xalqı yuxusundan qılır, yuxusuz sübh. |
Azərbaycan dilinin bu dövrü üç mərhələni əhatə edir:
Ruisya Çarının 02.06.1835-cı il tarixli Fərmanı ilə güney qafqazın müsəlman türklərindən (azərbaycanlılardan) ibarət tərkibyə yaraıdlmış Zaqafqaziya Atlı-Müsəlmən Alayının həmin Fərmala təsdiq edilmiş Qaydaya (Положение) əsasən rəsmi əmr və təlimat dili "Qafqaz diyarının tatar dili" elan olmuşdur. Həmin dili bilməyən şəxslərın bu hərbi birləşməyə komandir təyin edilməsi mümkünsüz idi. Bu Fərmanın icrası Azərbaycan dilinin hərbi terminalogiyasının yeni hərbi texnologiyalara və hərbi qaydalara uyğunlaşdırılmasına xidmət edib.
Bax: əsas məqalə: Zaqafqaziya atlı-müsəlmən alayı
20-ci əsrdə Azərbaycan ədəbi dilinin inkişafında üç meyil özünü göstərir:
Azərbaycan dilində bu dövrdə aşağıdakı fonetik və qrammatik dəyişikliklər yerini tapır:
Yeni dövr | Çağdaş Azərbaycan dili |
---|---|
By gunqu Azərbajcan turqcəsinin imlasь — ərəb əlifbasьndan jeni əlifbaja geçərqən, byndan iqi juz jьl əvvəl rys imlasьnьn geçirdiƣi devrində bylynyr. İmdiqi imla pozƣynlyƣynyn ən bөjuq səbəbi, turq dilinin təbii səslərini pərdələr altьnda saqlajan ərəb əlifbasь olmyşdyr. Biz by əlifbadan xьlas olmaq devrində bylynyryz, ancaq xьlas olyp, qyrtardьqdan sonra, jenə qөhnə əlifbanьn imla məsələlərinə jetirdiƣi tə'sirlərdən yzyn muddətcə qyrtara bilməjəcəƣiz. By xusysda biz hələ çoq az iş gөrmuşuz, daha doƣrysy, imla məsələsilə heç oƣraşmamьşьz; turq dilinin imlaçьlarь hələ ortalьƣa çьqmamьşlar; byny gələcəq japacaqdьr; ona görə turq imlasьnьn qət'i qanynlarьndan hələ danьşmaq olmaz. | Bu günkü Azərbaycan türkcəsinin imlası — ərəb əlifbasından yeni əlifbaya keçərkən, bundan iki yüz il əvvəl rus imlasının keçirdiyi dövrdədir. İndiki imla pozğunluğunun ən böyük səbəbi, Türk dilinin təbii səslərini pərdələr altında saxlayan ərəb əlifbası olmuşdur. Biz bu əlifbadan xilas olmaq dövründəyik, ancaq xilas olub, qurtardıqdan sonra, yenə köhnə əlifbanın imla məsələlərinə yetirdiyi təsirlərdən uzun müddət qurtula bilməyəcəyik. Bu xüsusda biz hələ çox az iş görmüşük, daha doğrusu, imla məsələsi ilə heç məşğul olmamışıq; türk dilinin imlaçıları hələ ortaya çıxmayıblar; bunu gələcək edəcək; ona görə türk imlasının qəti qanunlarından hələ danışmaq olmaz. |
Yeni dövr Azərbaycan ədəbi dilinin müasir mərhələsində mühüm hadisələrdən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu alması oldu. Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) hökumətinin diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli qərarı ilə Cümhuriyyət hökuməti o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi[22]. Hökumət qeyri millətlərdən olan Azərbaycan vətəndaşlarının dövlət dilini öyrənmələri üçün tədbirlər görür, bu məqsədlə kurslar təşkil edirdi. Bu qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrin başında duranlar dövlət dilini lazımi səviyyədə öyrənənədək, hökumət müəssisələrində rus dilinin də işlənməsinə yol verilirdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan (1920) sonra da dil siyasəti mühüm əhəmiyyət kəsb etmişdir. Şimali Azərbaycanın 1991 ilə kimi SSRİ-nin tərkibində olmasına baxmayaraq, Azərbaycan dilinin orta məktəblərdə tədrisinin əsryarımlıq, universitet və institutlarda tədrisinin isə 88 illik tarixi var. Azərbaycan dili, onun tarixi, dialektləri geniş surətdə tədqiq edilmiş, bu sahədə Azərbaycan dilində yüzlərlə əsər çap edilmişdir. Qədim yunan ədəbiyyatı və fəlsəfəsindən tutmuş bu günədək mövcud olan bədii və elmi əsərlərin Azərbaycan dilinə tərcümə edilməsi ilə yanaşı, riyaziyyat, fizika, kimya, təbabət və s.-yə aid dərsliklər də başqa dillərdən Azərbaycan dilinə çevrilmişdir. Hazırda Azərbaycan dilində orijinal dərsliklərin çapı başa çatmışdır.
Azərbaycan dili dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında (1978) təsbit olunmuşdur. Müstəqil Azərbaycan Respublikasının ümumxalq referendumunda qəbul edilmiş (1995) yeni Konstitusiyasında dövlət dilinin məhz Azərbaycan dili kimi yer alması Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan SSR 19.05.1921-ci tarixli Konstitusiyasının ilkin versiyasının 104-cü maddəsində belə yazılıb: "Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticari və hərbi gəmi bayraqları, yuxarı sol küncündə, bayraq ağacı yanında yaşıl sahədə “A.İ.Ş.C.” hərfləri və yaxud Azərbaycan İctimai Şuralar Cümhuriyyəti sözləri yazılmış qırmızı qumaşdan ibarətdir". Sənədin rus dilindəki versiyasında isə belə yazılıb: "Торговый и морской военный флаг АзССР состоит из полотнища красного (алого) цвета, в левом углу которого у древка наверху на зеленом поле помещены золотые буквы АзССР или надпись: Азербайджанская Социалистическая Советская Республика"[44]. Bu hissədə qeyd edilməlidir ki, bayrağın saxlanmış versiyasında məhz Azərbaycan dilinə uyğun olaraq “A.İ.Ş.C.” hərflərini Azərbaycan dilinin latın və ərəb qrafikalarında yazıldığını görə bilərik[45].
Azərbaycan SSR konstitusiyalarının qəbul edilməsi üçün əsas olan SSRİ-nin qurulması haqqında 1922-ci il İttifaq Müqavləsinin 14-cü maddəsində yazılıb: "İttifaqın Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komisarları Şurasının qərar və binəgüzarlıqları müttəfiq respublikalarda ümumi istifadədə olan dillərdə (rusca, ukraincə, belorusca, gürcücə, ermənicə, türkcə) çap edilir" (rus dilində: 14. Декреты и постановления Центрального Исполнительного Комитета и Совнаркома Союза печатаются на языках, общеупотребительных в союзных республиках (русский, украинский, белорусский, грузинский, армянский, тюркский[46]). SSRİ-ni 1922-ci ildə təşkil edən 6 müttəfiq respublikadan birinin Azərbaycan SSR olduğunu nəzərə aldıqda, burada "türkcə" dedikdə Azərbaycan dilinin nəzərdə tutuldğunu aydın görürik.
1922-ci il terminalogiyası ilə Zaqafqaziya İctimai Şuralar Federativ Cumhuriyyətinin (ZSFSR) 13.12.1922-ci il tarixli Konstitusiyasının 45-ci maddəsinin üçüncü cümləsində deyilir: "Bütün gerb qırmızı (al) rentlə haşiyələnib, qızılı hərflərlə soldan sağa erməni, rus, gürcü və türk dillərində yazılıb: "ZFİŞC" (rusca: Весь герб окаймляет красная (алая) лента, где вписаны золотыми буквами, слева направо, на армянском, русском, грузинском и тюркском языках «ЗСФСР»)
Sovet İttifaqnının ilk 1924-cü il Konstitusiyasının 34-cü maddəsində yazılıb: "İctimai Şura Cumhuriyyətləri İttifaqının Mərkəzi İcraiyyə Komitəsinin, onun Rəyasət Heyətinin və Xalq Komisarları Şurasının qərar və binəgüzarlıqları müttəfiq respublikalarda ümumi istifadədə olan dillərdə (rusca, ukraincə, belorusca, gürcücə, ermənicə, tatar türkcsində) çap edilir" (rusca: 34. Декреты и постановления Центрального Исполнительного Комитета, его Президиума и Совета Народных Комиссаров Союза Советских Социалистических Республик печатаются на языках, общеупотребительных в союзных республиках (русский, украинский, белорусский, грузинский, армянский, тюрко-татарский[47]). Burada da "tatar türkcəsi" dedikdə Azərbaycan dili başa düşülür. Belə ki, Rusiya İmperiyasının qanunvericiliyində Azərbaycan dili "Qafqaz diyarının tatar dili" adlandırılıb.
Azərbaycan SSR Konstitusiyasının 26.03.1927-ci il tarixli 5-ci Ümumazərbaycan qurultayında əsli rus dilində verilmiş redaksiyasının 15-ci hissəsinin ikinci abzasında həmin dövrün terminalogiyası ilə yazılmışdı ki, "Azərbaycan İctimai Şuralar Cumhuriyyətinin vətəndaşlarının qurultaylarda, məhkəmələrdə, inzibatçılıqda və sosial həyatda ana dilindən sərbəst istifadə hüququ tanınır. Milli azlıqların məktəbdə ana dilində təhsil alma hüququ təmin edilir"[48]. Burada milli azlıqların dili barədə ayrıca müddəa olduğuna görə, birinci cümlədəki "ana dilində" dedikdə məhz Azərbaycan dili başa düşülüb.
Azərbaycan SSR 14.03.1937-ci il tarixli Konstitusiyasının[49][50] əsli rəsmən Azərbaycan dilinin latın qrafikasında qəbul edilmiş redaksiyasının 41-ci maddəsinə əsasən: "Qanunlar, habelə Azərbaycan SSR Baş Soveti Prezidiumunun fərmanları və izahları, Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərar və binagüzarlıqları" Azərbaycan, rus və erməni dillərində elan edilir", 66-ci maddəsinə əsasən isə: "Naxçıvan ASSR Baş Sovetinin qəbul etdiyi qanunlar, Naxçıvan ASSR Xalq Komissarları Sovetinin qərar və binagüzarlıqları Azərbaycan və erməni dillərində elan edilir", 78-ci maddəsinin ikinci abzasına əsasən "Dağlıq Qarabağ Avtonom Oblastı Əməkçi Deputatları Sovetinin qərar və binagüzarlıqları erməni və Azərbaycan dillərində elan edilir", 177-ci maddəsinə əsasən: "Azərbaycan SSR-də və Naxçıvan ASSR-də məhkəmə iclası Azərbaycan dilində" aparılır, 151-ci maddəsinin birinci cümləsinə əsasən: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət gerbi, üzərində Azərbaycan və rus dillərində: “Azərbaycan Sovet Sosialist Respublikası” və “Bütün ölkələrin proletarları, birləşin!” sözləri yazılmış və doğmaqda olan günəş fonu üzərinə pambıq və sünbül əklilindən ibarət haşiyə ilə çəkilmiş oraq və çəkicdən və ön planda neft vışkasından ibarətdir", 152-ci maddəsinə əsasən: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət flağı, sol bucağında, flağ ağacı yanında yuxarıda qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində “AzSSR” sözləri yazılmış qırmızı qumaşdan ibarətdir". Qeyd olnan maddələrdən göründüyü kimi, "Azərbaycan dili" Konstitusiyada ən çox istinad olunan dil olub və Konstitusiyanın da əsas mətninin Azərbaycan dilində tərtib edilməsi bu dilin konstitusion statusda olmasını göstərir, baxmaraq ki, dil barədə ayrıca maddə olmayıb.
1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edilir. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-nin yeni konstitusiya layihəsini hazırlayır. Ümumxalq müzakirəsinə verir. Ümumxalq müzakirəsindən sonra 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış, növbədənkənar VII sessiyasında Heydər Əliyev "Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında" məruzə edir. Qeyd etmək lazımdır ki, bu konstitusiya SSRİ-nin yeni Konstitusiyası əsasında hazırlansa da, orada respublikanın milli, iqtisadi, siyasi və tarixi xüsusiyyətləri də öz əksini tapmışdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında öz əksini tapdı. Konstitusiyanın 73-cü maddəsində "Azərbaycanın dövlət dili Azərbaycan dilidir", deyə təsbit edildi. Heydər Əliyev 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında demişdi: "Ancaq bu maddə (73-cü maddə — İ. H) Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur… Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz konstitusiyamıza yazmalıyıq və yazacağıq".[51]
Azərbaycan dili, fərqli bölgələrə yayılması və oradakı mədəniyyətlərlə toqquşması səbəbi ilə tarix boyunca fərqli əlifbaları işlədərək qələmə alınmışdı.
Türk yazı tarixi əski Türk əlifbası (ya da Orxun əlifbası) ilə başlamışdı. Bu əlifba, ahəng qanununa uyğun, sağdan sola oxunulan bir yazı sistemi idi. Qədim Türk əlifbasında yazılmış sözlər, son min il ərzində öz orfoqrafik formasını dəyişdi[35]:
Səlcuq türkləri 10-cu əsrdən başlayaraq islamı qəbul etdikdən sonra, ərəb qrafikalı əlifbanı əsas tutmuş və bu əlifba ilə çoxlu dəyərli əsərlər yaratmışlar. Bu ənənə, Anadoluda Osmanlılar və Azərbaycanda Səfəvilər tərəfindən davam edilmişdi.
Ərəb əlifbasında türk dillərinin saitlərini əks etdirən xüsusi işarələrin olmaması, bir neçə səsin bir işarə ilə yazılması həmin əlifbanın türk dillərinin əlifbası kimi işlədilməsində zaman-zaman müəyyən çətinliklər meydana çıxarmışdır. Azərbaycan dili üçün də bu çətinliklər mövcud olmuşdur. Ərəb əlifbasının istifadəsindən irəli gələn nöqsanlardan bir neçəsi aşağıda göstərilmiş:[52]
Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən 20-ci əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifbayla Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur. 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929–1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939–1991-ci illərdə isə kiril əlifbasından istifadə olunub. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilib. Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından istifadə edirlər.
Hal-hazırda Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.[53]
Cənubi Azərbaycanda hələ də işlənən ərəb alifbası fars dilindən və Osmanlı türkcəsindən təsirlənib. Bu əlifba ərəb dilinə uyğun olsa da, Türk dil ailəsinə mənsub olan Azərbaycan dilinə səslərin çoxluğuna görə asas formada əlverişli deyil. Bu əlifbanın bərpası uğrunda müasir əsrimizdə bir neçə addım atılsada bu çalışmalar xalq içində yayılmayıbdır. Cənubi Azərbaycanda əhali fars dilində təhsil almağa məcbur olduqları üçün ərəb və fars sözlərilə orijinal tələffüz ilə tanışdırlar. Halhazırda İranda Azərbaycan dili üçün işlədilən ərəb əlifbası ilə bağlı vəziyyət çox qarışıqdır. Cənubi Azərbaycan ziyalılarının latın əlifbasının daha münasib olduğunu qəbul etmələrinə baxmayaraq bu əlifbanın tətbiqinə dövlət tərəfindən qadağa və məhdudiyyətlər qoyulub. İranda Azərbaycan dilində kitab və qəzetlər yalnız ərəb əlifbası ilə işıq üzü görür.
Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit səs vardır. Bu 40 səs Azərbaycan əlifbasında 32 hərf ilə təmsil edilir.
Sait səslər aşağıdakı amillər əsasında sinifləndirilir:
Bu sinifləndirməni aşağıdakı cədvəl vasitəsilə özətləmək olar.
dodaqlanmayan | dodaqlanan | |||
---|---|---|---|---|
açıq | qapalı | açıq | qapalı | |
qalın | a | ı | o | u |
incə | ə, e | i | ö | ü |
Azərbaycan dili saitlərlə bağlı aşağıdakı maraqlı xüsusiyyətləri ilə fərqlənir:
Samit səslər aşağıdakı amillər əsasında sinifləndirilir:
cingiltili | b | c | d | q / g | ğ | j | l | m | n | r | v | y | z | |
kar | p | ç | t | k / k' | x | ş | f | x | s | h |
Cingiltili səslərdən [l], [m], [n], [r] samitlərin kar qarşılığı, kar səslərdən isə [h] samitinin cingiltili qarşılığı yoxdur. Bunlara sonor samitlər deyirlər.
Dilimiz, samitlərlə bağlı aşağıdakı fonetik xüsusiyyətləri ilə fərqlənir:
Danışıq dili yazılış dilindən bəzi hallarda fərqlənə bilər. Örnəklər aşağıdakı cədvəldə verilir.
Yazılı dil | Danışıq dil və ya ləhcələr | Səbəbi |
---|---|---|
saat | [sa:t] | Alınma sözlərdə eynicinsli qoşa saitlər bir uzun saitə çevrilir |
radio | [radiyo] | Alınma sözlərdə ayrıcinsli qoşa saitlər ayırıcı [y] səsi ilə ayrılır |
dovşan | [do:şan] | [o] və [ö] saitlərindən sonra [v] səsi itirilir |
anlayır | [anlıyır] | [a] və [ə] ilə bitən çoxhecalı sözlərə bitişdirici [y] samiti ilə başlayan şəkilçi qoşulursa, həmin sait qapalı [ı] və ya [i] saitinə çevrilir |
istəmişdim | [isdəmişdim] | Söz ortasında iki yanaşı kar samitlərdən ikincisi cingiltili samitə çevrilir |
qalmaq | [qalmağ] | Sözün sonunda duran cingiltili samitlər kar samitlərə çevrilir |
ədəbiyyat | [ədəbiyyat] | Qoşa samitlər tək samitə çevrilir |
üstdə | [üstə] | İki kar samitlə bitən sözlərə, samitlə başlayan şəkilçi əkləndiyi halda son samit itirilir |
dəqiqə | [dəyqə] | Alınma sözlərin türkləşmiş söylənişi |
səhifə | [səyfə] | Alınma sözlərin türkləşmiş söylənişi |
şillə | [şillə] | İstisna |
gələcəyəm | [gələceyəm, gəlcəm] | Şəkilçilərin danışıq dilində qısaldılması |
gələcək | [gələcax] | Cənub ləhcələri |
Şimali Azərbaycan dilinin ləhcə və şivələri dörd qrupdan ibarətdir:
Türk dillərinin ən vacib və ən qədim xüsusiyyətlərindən biri, onların Ahəng qanununa tabe olmasıdır. Ahəng qanunu bir sözdə qalın və ya incə saitlərin və samitlərin bir-birini izləməsinə deyilir.
Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.
Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, itburnu və s.) üsullardan istifadə edilir.
Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.
Əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. İsim kim? nə? hara? suallarından birinə cavab verir. İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən digər nitq hissələrinə də aiddir.
İsimlər cümlədə başqa sözlərlə bağlananda dəyişir. Bu dəyişməyə ismin hallanması deyilir. Azərbaycan dilində ismin 6 halı var.
Hal | Sualı | Şəkilçi | Örnək | Anlamı | ||
---|---|---|---|---|---|---|
incə | qalın | dodaqlanan | ||||
Adlıq hal | kim? nə? hara? | ∅ | kənd | ağac | güzgü | ismin sözlükdəki forması |
Təsirlik hal | kimi? nəyi? harayı? | -(n)i4 | kəndi | ağacı | güzgünü | işin, hərəkətin obyektini bildirir |
Yiyəlik hal | kimin? nəyin? haranın? | -(n)in4 | kəndin | ağacın | güzgünün | yiyəlik, sahiblik, aidlik bildirir |
Yönlük hal | kimə? nəyə? haraya? | -(y)ə² | kəndə | ağaca | güzgüyə | hərəkətin yönünü və ya son nöqtəsini bildirir |
Yerlik hal | kimdə? nədə? harada? | -də² | kənddə | ağacda | güzgüdə | nəsnələrin və hərəkətin yerini bildirir |
Çıxışlıq hal | kimdən? nədən? haradan? | -dən² | kənddən | ağacdan | güzgüdən | çıxış nöqtəsini və ya başlanğıc yerini bildirir |
Qeyd: Yiyəlik və təsirlik hal şəkilçisiz də düzələ bilir. |
Müasir Azərbaycan dilində, yiyəlik hal şəkilçisi -(n)in4 ilə ikinci şəxs təkin mənsubiyyət şəkilçisi -(n)in4 bir-biri ilə omonimdir. Həmçinin, üçüncü şəxs mənsubiyyət şəkilçisini almış isim, yiyəlik və təsirlik hal şəkilçilərini almış isim ilə eyni yazılır. Bu cümlələrdə bəzən anlaşılmazlığa gətirə bilir (kitabını götür: götürəcəyin sənin kitabındırmı, yoxsa onun kitabı?). Tarixən, yiyəlik hal şəkilçisi sağır ñ (nq kimi tələffüz edilir) ilə yazılırdı -(n)iñ4, mənsubiyyət şəkilçisi -(n)in4 isə normal n ilə bu vəziyyət meydana gəlmirdi.
Ümumi qrammatik mənasına görə əşyaların miqdarını və sırasını bildirən nitq hissəsinə say deyilir. Say neçə? neçənci? nə qədər? suallarından birinə cavab verir. Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də iki cür say var:
İsim və digər nitq hissələrinin yerinə işlənən sözlərə əvəzlik deyilir. Onlar cümlədə mübtəda, xəbər, tamamlıq, təyin və zərflik rolunda çıxış edə bilərlər. Azərbaycan dilində aşağıdakı əvəzliklər var:
İnsanın və ya nəsnənin hərəkətini bildirən, nə etmək? sualına cavab verən nitq hissəsinə feil deyilir. Azərbaycan dilində feilin sadə və birləşik zamanları var. Sadə zamanlar yalnız bir sadə zaman şəkilçisi (şühudi keçmiş şəkilçisi, nəqli keçmiş şəkilçisi, indiki zaman şəkilçisi, qəti gələcək şəkilçisi, qeyri-qəti gələcək şəkilçisi) ilə düzələn zamanlara deyilir. Sadə zamanlar aşağıdakılardır:
Zaman | Dürü | Şəkilçisi | Anlamı | Örnək | |
---|---|---|---|---|---|
↓ | Keçmiş | şühudi / görülən | -dı4 | Danışanın hansısa hərəkətin keçmişdə baş verdiyinə əmin olduğunu bildirir. | gəldi |
nəqli / duyulan | -mış4 | Danışan hansısa hərəkətin keçmişdə baş verib-vermədiyini nağıl yolu ilə bəlirdir. | gəlmiş | ||
İndiki | - | -(y)ır4 | Hərəkətin söhbət gedən zaman icra olunduğunu bildirir. | gəlir | |
Gələcək | qeyri-qəti | -(a)r2 | Danışanın hansısa hərəkətin gələcəkdə icra olunacağının düşündüyünü bildirir. | gələr | |
qəti | -(y)acaq2 | Danışanın hansısa hərəkətin gələcəkdə icra olunacağına əmin olduğunu bildirir. | gələcək | ||
Qeyd: qeyri-qəti zamanın inkar şəkilçisi istisna olmaqla -ma2 deyil, -maz2dır |
Bəzən danışıq dildə üçüncü şəxs nəqli keçmiş zamanın -mış4 şəkilçisi yerinə feli bağlama şəkilçisi -ıb4 işlədilir.
Bununla yanaşı, felin birləşik zamanları var. Birləşik zamanlar iki sadə zaman şəkilçisi ilə düzələn zamanlara deyilir. Felin aşağıdakı birləşik zamanları var.
Zaman | Dürü | Şəkilçisi | Anlamı | Örnək |
---|---|---|---|---|
Keçmiş | bitmiş | -mış + dı4 | keçmişdə baş vermiş və bitən, davamlı olmayan hərəkət | gəlmişdi |
davamlı | -ır + dı4 | keçmişdə davamlı olaraq baş verən hərəkət | gəlirdi | |
İndiki | nəqli indiki zaman | -ır + mış4 | hal-hazırda baş verən hərəkətin duyulan şəkli | gəlirmiş |
Gələcək | qeyri-qəti şühudi | -ar + dı2 | keçmişdə davamlı baş verən, indi isə artıq baş verməyən hərəkət | gələrdi |
qeyri-qəti nəqli | -ar + mış2 | öncədən bilinməyən, indi isə aşkar olunan hərəkət | gələrmiş | |
qəti şühudi | -acaq + dı2 | keçmişdə planlaşdırılmış (ancaq baş verməmiş) hərəkət | gələcəkdi | |
qəti nəqli | -acaq + mış2 | gələcəkdə baş verəcək hərəkətin duyulan şəkli | gələcəkmiş |
Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.
Feillər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.
Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət cümlədə ismə aid olub onu müxtəlif cəhətdən təyin edib necə? nə cür? hansı? suallarından birinə cavab verir. Sifətin 3 müqayisə dərəcəsi var:
Sifət dərəcəsi | Morfoloji quruluşu | Sintaktik quruluşu | ||
---|---|---|---|---|
şəkilçi / samit | örnək | söz | örnək | |
Azaltma dərəcəsi | -ımtıl4, -ımtraq2 | sarımtıl, yaşımtıl | açıq- | açıq-yaşıl |
-şın4 | sarışın | -təhər | qırmızı-təhər | |
-sov2, ımsov4 | uzunsov | -yanız | qara-yanız | |
Adi dərəcə | ∅ | sarı, yaşıl, uzun, göy, şirin, qoca, təmiz | ∅ | sarı, yaşıl, qırmızı, ağ, böyük |
Çoxaltma dərəcəsi | -ca2 | körpəcə, balaca | tünd-, al- | tünd-yaşıl, al-qırmızı |
[ilk iki səs] + -m-, -p-, -r-, -s- | gömgöy, şipşirin, qosqoca, tərtəmiz | düm- | dümağ | |
qaydasız | qarmaqarışıq, çırılçıplaq | ən, lap, daha, olduqca | ən böyük |
Köməkçi nitq hissələrin özəllikləri, leksik mənaya sahib olmamaları və ayrılıqda cümlə üzvü kimi işlənə bilməmələridir. Köməkçi nitq hissələri qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır.
Qoşma sözləri, birgəlik (ilə), bənzətmə (kimi, tək, təkin), yön (sarı, doğru, qarşı), məsafə (kim, qədər, idək, -can2), zaman (öncə, sonra, qabaq, bəri), fərqləndirmə (başqa, savayı, ayrı, özgə), səbəb və amac (üçün, ötrü, görə), yiyəlik (dair, haqqında) bildirən və ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq anlam çaları yaradan köməkçi nitq hissələrinə deyilir.
Bağlayıcı sözlər, cümlələr və mətinlər arasında bağlantı yaradan köməkçi nitq hissəsinə deyilir. Cümlədəki məqsədinə görə tabesizlik bağlayıcılarına (ilə, və, ancaq, amma ya, ya da, və ya, istər — istərsə də, həm — həm də, o sırada, nə — nə də və s.) ya da tabelilik bağlayıcılarına (ki, çünki, madam ki və s.) bölünür.
Ədat, sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə deyilir. Ədatlar, anlamına görə qüvvətləndirici (lap, artıq, belə, ha, hətta, düz), dəqiqləşdirici (elə, əsl), məhdudlaşdırıcı (ancaq, təkcə, tək, bircə, yalnız, bir), sorğu (bəs, yəni), əmr (di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana2, -sanız2), dilək (kaş, gərək, təki, barı, bircə), təsdiq (hə, əvət) və danma ədatları (yox, heç, əsla) olurlar.
Modal sözlər, danışanın ifadə etdiyi düşüncəyə yanaşmanı bildirən köməkçi nitq hissəsidir. Modal sözlər, təsdiq (doğrudan, sözsüz, şübhəsiz, şəksiz, düzü, doğrusu, düzdür, doğrudur), şübhə (gərək, görünür, ehtimal ki, bəlkə, görək, görəsən, deyəsən, olmaya, olsun, demə), nəticə (nəhayət, axır, beləliklə, qısası), düşüncənin qaynağını (deyilənə görə, məncə, səncə, bizcə, mənə görə, bizə görə), təəssüf (təəssüf, heyif) və bənzətmə (sanki, elə bil, elə bil ki) bildirirlər.
Nida sözlər, danışanın duyğu və həyəcanını ifadə edən köməkçi nitq hissəsidir. Başqa sözlərlə, nidalar sevinc (paho, bəh-bəh, bıy, oho, oxqay, ay can), kədər və qorxu (oy, ox, ah, vay, vay-vay-vay, of), çağırış (hey, ey, ay, ay aman, ay haray) və nifrət (tüf, rədd ol, cəhənnəm ol, cəhənnəmə ki) bildirirlər.
İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii və elmi üslub. Ədəbi dilin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir. Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında aydın müşahidə edilir.
2004-cü ildə çap edilmiş Azərbaycan dilinin Orfoqrafiya Lüğətində təqribən 70, yeni çap edilən son orfoqrafiya lüğətində isə 105 min söz vardır.[54]
Ərdəm Qonurun etdiyi bir araşdırma[55] nəticəsində; Türkiyə Türkcəsi ilə Azərbaycan Türkcəsindəki heyvan adlarının 37% iki ləhcədə də yazılış və məna baxımından eynidir. Sözlərin 25%-ində kiçik fərqlər olsa da, bu fərqlilik sözləri anlaya bilməyəcək şəkildə deyil. 33% yazılış baxımından böyük fərqliliklər ehtiva etməkdədir.[55]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
... Azeri dialects. We may distinguish the following Azeri dialects (see Širäliev, 1941 and 1947): (1) eastern group: Derbent (Darband), Kuba, Shemakha (Šamāḵī), Baku, Salyani (Salyānī), and Lenkoran (Lankarān), (2) western group: Kazakh (not to be confounded with the Kipchak-Turkic language of the same name), the dialect of the Ayrïm (Āyrom) tribe (which, however, resembles Turkish), and the dialect spoken in the region of the Borchala river; (3) northern group: Zakataly, Nukha, and Kutkashen; (4) southern group: Yerevan (Īravān), Nakhichevan (Naḵjavān), and Ordubad (Ordūbād); (5) central group: Ganja (Kirovabad) and Shusha; (6) North Iraqi dialects; (7) Northwest Iranian dialects: Tabrīz, Reżāʾīya (Urmia), etc., extended east to about Qazvīn; (8) Southeast Caspian dialect (Galūgāh). Optionally, we may adjoin as Azeri (or “Azeroid”) dialects: (9) East Anatolian, (10) Qašqāʾī, (11) Aynallū, (12) Sonqorī, (13) dialects south of Qom, (14) Kabul Afšārī. ...