Ələsgər Ələkbərov, arxeoloq

Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas.

ƏLƏSGƏR ƏLƏKBƏROV
Ələsgər Kazım oğlu Ələkbərov
Ələsgər Ələkbərov, 1930-cu illər.
Ələsgər Ələkbərov, 1930-cu illər.
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi
Elm sahəsi arxeologiya
Elmi dərəcəsi Etnoqrafiya bolməsi üzrə ictimai elmlər namizədi
İş yerləri SSRİ EA Azərbaycan filialının Tarix, arxeologiya və etnoqrafiya institutunda Maddi mədəniyyət tarixi bölməsinin rəhbəri
Təhsili Azərbaycan Dövlət Univeristetinin tarix-filologiya fakültəsi
Tanınır Ə.K.Ələkbərov, yaxud rus. Алекперов А. К.

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marrİ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi.

1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi. Azərbaycan arxeologiyasında Küp qəbirləri mədəniyyətinin öyrənilməsi işi Ələsgər Ələkbərovun adı ilə bağlıdır; o, bu mövzuda 2-ci Beynəlxalq İran incəsənəti konqresində (Moskva, 1935) çıxış etmişdi.

Azərbaycan Dövlət Muzeyinin elmi kollektivi Şirvanşahlar sarayında (təx. XX əsrin 30-cu illəri): 1-ci sıra, sağdan: Y.Paxomov (1), 2-ci sıra, sağdan: P.Fridolin (2), A.Bukşpan (3), Q.Qubaydullun (4), İ.Meşşaninov (5), İ.Şeblıkin (7), S.Aşurbəyli (8), 3-cü sıra, sağdan: Ə.Ələkbərov (3)

O dövrlərdə Azərbaycanda bir çox muzeylərin yaradılmasında, müxtəlif sərgilərin təşkilində, bir sıra konfrans və əlamətdar günlərin keçirilməsində Ələsgər Ələkbərovun az və ya çox dərəcədə xidməti vardı. O, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Ümumittifaq türkoloji qurultayda məsul katibin köməkçisi, 1926–1928-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində mərkəzi şuranın katibi, 1927-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundakı Yafətideoloji dərnəyin üzvü, – orada paleontologiya magiya və din məsələləri mövzusunda mühazirələrlə çıxış edirdi, – 1929-cu ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi əməkdaşı, 1931-ci ildən arxeologiya şöbəsinin, 1933-cü ildən isə SSRİ EA Azərbaycan filialının Tarix, arxeologiya və etnoqrafiya institutundakı Maddi mədəniyyət tarixi bölməsinin rəhbəri olmuşdu.

Ələsgər Ələkbərov Azərbaycanda yaşayan ayrımlarınkürdlərin məişət, təsərrüfat və maddi mədəniyyət məsələlərini də tədqiq etmişdi.

Azərbaycanın ilk etnoqrafik xəritəsinin (xəritəyə 5 mindən çox yaşayış yerinin adı salınmışdır) tərtibçisi idi.

Moskvada çıxan "Sovetskaya etnoqrafiya"(ru) jurnalı redaksiya heyətinin üzvü olmuşdu.

O, azərbaycan xalq teatrına dair materiallar da toplayırdı, – yazdığı "Azərbaycanda kukla teatrı və oyunlar" məqaləsi, onu həm də folklorşünas kimi tanıdır.

1934-cü ildə Şərqin böyük şairi və mütəfəkkiri Firdovsinin 1000 illiyi münasibətilə Bakıda keçirilən geniş tədbirlərin təşkilində yaxından iştirak etmişdir. 1935-ci ildə Ə. Ələsgərzadə Azərbaycan ərazisində keçirilən bir çox etnoqrafik ekspedisiyasına həvəslə qoşulan rus rəssamı İvan Şeblıkinlə birlikdə islamqədərki inancları öyrənmək məqsədilə Qubanın Digah, Yerfi, Zizik kəndlərində etnoqrafik tədqiqatlar apararaq yerli pirlər haqqında maraqlı elmi məlumatlar toplamışdı. Azərbaycanlı etnoqrafın ölkəmizin bir sıra bölgərərində aparılan etnoqrafik ekspedisiyalar zamanı əldə etdiyi zəngin material "Azərbaycan arxeologiya və etnoqrafiyasına dair tədqiqatlar" adlı məqalələr məcmusunda əksini tapdı. Yazıların müəllifi ötən əsrin 20–30-cu illərində məişətdə qorunub saxlanılan qədim inanclar, pirlər, mövcud olan islam təriqətləridin xadimlərinin fəaliyyəti və bir çox digər məsələlər sovet ideologiyası nöqteyi-nəzərindən araşdırılmışdır.

Yeri gəlmişkən qeyd etməliyik ki, o, qadın hüquqları uğrunda mübarizəyə fəal qoşulmuşdur. Azərbaycan qadınının ailə-məişət münasibətlərində kölə vəziyyətində olduğunu, cəmiyyətdə hökm sürən mövhumat və ətalətli adətlər səbəbindən ictimai həyatdan təcrid edildiyini kəskin qınayaraq yazırdı: "Əgər yaşmaq qadının ağzını bağlayırsa, bu həmişə onu yada salır ki, qadın kişi ilə söhbət etməməlidir, sifəti və bədəni örtən çadra isə qadının kişiyə görünə bilməməsi haqqında şəriət qaydalarını daim xatırladır" 1933-cü ildə isə SSRİ EA Azərbaycan filialının Tarix, arxeologiya və etnoqrafiya institutundakı Maddi mədəniyyət tarixi bölməsinin rəhbəri vəzifəsini tutmuşdur.

1936-cı ildə isə namizədlik dissertasiyası müdafiə etmədən etnoqrafiya bölməsi üzrə ictimai elmlər namizədi elmi dərəcəsi almışdı.[1]

1937-ci ildə Ə.Ələkbərova SSRI EA-nın Azərbaycan filialının tarix, dil və ədəbiyyat institutunda "Maddi mədəniyyət bölməsi"nə başçılıq etmək həvalə olunmuşdur. Lakin artıq xəbər verdiyimiz kimi, fitri istedadlı alim yaradıcılığının ən məhsuldar çağında sevimli işindən zorla uzaqlaşdırılmışdır. Respublikamızın özündə və onun sərhədlərdən kənarda da böyük alimə qarşı iftiralar, təqiblər başlamışdı.

Lakin Ələsgər Ələkbərov Böyük terror dövründə — 1937-ci il dekabrın 30-da, "xalq düşməni" adı ilə həbs edildi və cəmi bir il sonra, 1938-ci ildə həbsxanada dünyasını dəyişdi. 1960-cı ildə, Azərbaycan SSR EA-sı Ələsgər Ələkbərovun məqalələrini kitab şəklində çap etdirdi.

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Ələsgər Ələkbərovun iştirak etdiyi elmi ekspedisiyalar zamanı hasil olunan əyani illüstrativ material mühafizə edilir. Söhbət onun Şəmkir, Qarabağ, Lənkəran, Şəki, Gəncə, Zaqatala, Şuşa, Şamaxı, o zaman "Qırmızı Kürdüstan" adlandırılan Laçin-Kəlbəcər bölgələrinə tədqiqat səfərləri zamanı çəkdiyi arxeoloji və etnoqrafik məzmunlu fotoşəkillər albomundur.

Çap olunmuş məqalələri

[redaktə | mənbəni redaktə et]
  • rus. Соч.: Поездка в Зангезур и Нахичеванский край // ИООИАз. 1927. № 4. С. 210-216;
  • rus. Материалы по археологии и этнографии Азербайджана // Там же. С. 242-244; У айрумов // Там же. № 5. С. 230-258;
  • rus. Новейшие археологические раскопки в Азербайджане // НВ. 1927. № 18. С. 218-224; К истории Азербайджана // Маариф ва маданийят. 1927. № 9. С. 35-37 (на азерб. яз.);
  • rus. По искусству Азербайджана. 1: Могильные памятники в Бузовнах // ИООИАз.;
  • rus. 1928. № 5. С. 227-229; Задачи этнографии в Азербайджане // СЭ. 1932. № 5/6. С. 187-195 (совм. с А. Вардапетовым);
  • rus. История материальной культуры за 15 лет // Труды АзФАН СССР. 1936. Т. 30. С. 133-151 (совм. с И. И. Мещаниновым);
  • rus. Крашеная керамика Нахичеванского края и Ванское царство // СА. 1937. № 4. С. 249-263;

Çap olunmuş kitabı

[redaktə | mənbəni redaktə et]
  • rus. Исследования по археологии и этнографии Азербайджана. Баку, 1960.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Mehriban Əliyeva [1] Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine Arxeoloq-etnoqraf Ələsgər Ələkbərovun fotoşəkillər albomu etnoqrafik mənbə kimi