Vəli Kamal oğlu Quliyev və ya rəsmi sənədlərə əsasən Vəli Vəli oğlu Quliyev (20 iyul 1997; Qazançı, Culfa rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Vəli Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Naxçıvan Canavarı |
Doğum tarixi | |
Doğum yeri | Qazançı, Culfa rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Dəfn yeri | Naxçıvan şəhəri, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Heydər Əliyev adına AAHM |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri |
Vəli Quliyev 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub.[1] 2003-2009-cu illərdə A. Tağıyev adına 17 nömrəli tam orta məktəbdə, 2009-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.
Vəli Quliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vəli Quliyev oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[5]
Şəhid Vəli Quliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[6]