5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir.[24]
Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.[26] Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə, döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi.[27][28][29][30] Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2019-cu ildə verdiyi açıqlamada Aprel döyüşlərinə hazırlıqla bağlı məlumatı hərbi birləşmənin kəşfiyyatı verdiyini, lakin konkret hansı günlər hücum ediləcəyi barədə məlumatın olmasını bilmədiyini bildirib.[31]
2016-cı ildə işğaldan tam və ya qismən azad olunan Azərbaycan kənd və yüksəklikləri Yaşayış məntəqəsi Yüksəklik
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan aprelin 2-də erkən saatlarda Birləşmiş ŞtatlardaNüvə Təhlükəsizliyi Sammitindən evə qayıdırdılar, bu zaman təmas xəttinin şimal-şərq, şərq və cənub-şərq sahələrində genişmiqyaslı döyüşlər baş verdi. Döyüşlər əsasən 257 km uzunluğunda olan təmas xətti üzərində yönəldilmişdir.[1]Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb.[32] Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi.[33] Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub.[34] Ermənistanın İcevan rayonununBerkaber kəndində yerləşən mövqelərdən Qazax rayonununQızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonununÇinari kəndində yerləşən mövqelərdən Tovuz rayonununAğbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub.[34] Azərbaycanın müdafiə naziri Zakir Həsənov 2019-cu ildə verdiyi açıqlamada Azərbaycan ordusunun ermənilərin qurduğu Ohanyan səddini 18 dəqiqəyə yardığını bildirib[35]. Talış kəndində olmuş "Kommersant" qəzetinin müxbirinin sözlərinə görə, Azərbaycan hərbçilərinin qrupu Talışa girsə də, orada möhkəmlənə bilmədilər.[36]
Döyüşlər başlamazdan qabaq Azərbaycan Ordusunun diversiya qrupları cəbhənin dərinliyinə sızaraq bəzi əməliyyatlar həyata keçirmişdi. Belə əməliyyatların biri Aprel döyüşlərindən iki həftə öncə baş vermişdi, bu əməliyyat zamanı Azərbaycanın diversiya qrupu arxa cəbhənin olduqca dərinliyinə sızaraq, Əsgəran bölgəsindəki HHM kompleksinin RLS-ni məhv etmişdi.[37]
Aprelin 3-də Tərtər rayonununTalış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub.[38] Lakin tərəflərin Seysulan kəndindəki vəziyyət haqqında xəbərləri ziddiyyətli olaraq qalırdı. Hər iki tərəf Seysulan kəndinin öz nəzarətində olmasını iddia edir.[39][40]
Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.[41]
Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madaqiz məntəqəsindəki hərbi bazanın qərargahını və "Yerkrapa" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib.[42][43] Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edib.[43] Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.[44]
2016-cı ildə işğaldan tam yaxud qismən azad olunan Azərbaycan kənd və yüksəklikləri Yaşayış məntəqəsi Yüksəklik
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib.[45] Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirib.[46]
Aprelin 5-də saat 12.00-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar RespublikasınınOrdubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.[47]
Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-PeterburqdaRusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriblər.[23] Görüşlər əsnasında münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edilib.[23]
Aprelin 7-də Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus "X-55" tipli pilotsuz uçuş aparatı xüsusi üsulla endirilib.[48] Aprelin 7-də Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşını atəşə tutulub. Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.[49]
Bəzi xarici KİV-lərin verdiyi məlumata görə, döyüşlərdə Azərbaycan qüvvələri İsrailin istehsal etdiyi IAI Harop "Kamikadze" PUA, ThunderB nəzarət dronları və Spike TƏİR-ləri, Rusiya istehsalı olan TOS-1A 24-barrel termobarik (uzun məsafədə alovsaçan) raket sistemləri tətbiq olunub.[50][51] Rusiyalı hərbi analitik Aleksandr Xramçixinin iddiasına görə, Ermənistanın tank itkilərinin əsas səbəbi Harop PUA-ları olub.[52] Lakin hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun məhv edilən ağır texnikalarının 80 faizinin "Spayk" raketləri vasitəsilə vurulduğunu yazıb.[53]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı ilin aprel ayının 6-sında yayımladığı məlumata əsasən aprelin 2-dən etibarən intensivləşən Azərbaycan-Ermənistan silahlı münaqişəsi kontekstində Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının davam etdirilməsinə dair məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, "2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub".[58][59]
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin 2016-cı ilin mayın 2-sində vurğuladığı məlumatda deyilir ki, "Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulmuş, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, hərbçilər və mülki əhalidən olan sakinlər isə həlak olmuşlar; Belə ki, məcburi köçkünlərdən 16 nəfər həlak olmuş, 40 nəfər yaralanmış, məcburi köçkünlərin məskunlaşdığı 228 mənzilə ziyan dəymiş, onlardan 43 ev tamamilə dağıdılmış, 185 ev qismən dağıdılmış və 235-ə yaxın mal-qara tələf olmuşdur."[60]
Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən, 2016-cı ilin aprel ayının 11-ində sıravi Qarnik Qamletoviç Avetisyan bədbəxt hadisə nəticəsində ölüb.[61][62][63] Növbəti gün, aprelin 12-sində sıravi Sevak Norayroviç Xaçatryanın[64][65][66][67], 25-ində isə sıravi Ovannes Vaçikoviç Petrosyanın[68][69][70] başında güllə yarası izi olan meyidləri tapılıb. Ermənistan KİV-lərinə əsasən, 2016-cı ilin may ayının 4-ündə rəsmi olaraq yayımlanmış qısa məlumatlarda qeyd edilir ki, mayın 3-ündə sıravi əsgərlər İqor Akopyan və 19 yaşlı Koryun Arutyunyan ölü tapılıblar, meyidlərin üzərində işgəncə və odlu silah yarası izləri aşkarlanmamışdır.[71][72]
Aprel döyüşləri vaxtı, hər iki ölkədə iqtidar və müxalifət eyni mövqeyi nümayiş etdirdi.[74] Aprelin 29-da Ermənistanda üç yüksək rütbəli hərbi və müdafiə rəsmiləri Aprel döyüşlərində uğursuzluğa görə işdən qovulmuşdur.[75]
5 aprel atəşkəsi Ermənistanda ehtiyatlı optimistliklə qarşılandı. Erməni rəsmiləri əvvəlcə erməni qüvvələrinin effektiv fəaliyyətini vurğulamışlarsa da, ictimaiyyətin xəyal qırıqlığı ordunun korrupsiyaya və könüllülüyünə yönəldildi. Hərbi əməliyyatların ilk bir neçə saatı zamanı çoxlu erməni tələfatından ötrü məsuliyyət cəbhə xəttləri boyunca köhnəlmiş avadanlıq və kommunikasiya xətlərinin olmasına yönəldildi.[1] 2020-ci ilə qədər Ermənistan tərəfi cəbhə xəttinə ABŞ-dən alınan 225 müasir videomüşahidə avadanlıqları quraşdırmaqla bu çatışmazlığı qismən aradan qaldırmağa çalışıb.[76] Bu sistem kilometrlərlə aralıdan istənilən hərəkəti qeydə alırdı və xüsusi komanda mərkəzinə ötürürdü. Habelə Ermənistan təmas xətti boyu öz müdafiə istehkamlarını möhkəmləndirmişdi, xüsusən şimal istiqamətində beton bunkerlər şəbəkəsi qurmuşdu. Həmin bunkerləri 44 günlük müharibədə 1 tonluq aviabombalar belə dağıda bilmirdi.[77]
Aprel döyüşləri zamanı 2000-dən artıq insan Qarabağı tərk edib Ermənistana köçüb. Məcburi köçkünlərin əsas hissəsini qadınlar, uşaqlar və qocalar təşkil edirdi, kişilər isə Qarabağda hərbi əməliyyatlarda iştirak etmək üçün qaldılar. 2016-cı ilin sonuna olan məlumata görə 573 nəfər (172 ailə) məcburi köçkün olaraq qalırdı, onlar əsasən döyüşlər zamanı dağıdılmış Talış kəndinin sakinləri idi.[78]
Avropa İttifaqı — Qurumun rəsmisi Federika Moqerini(it) getdikcə qarşıdurmanın ciddi xarakter almasından narahatlığını da bildirib. "Əmin olmaq istəyirik ki, münaqişə tərəfləri baş verənlərin məsuliyyətini anlayır və beynəlxalq təşkilatların narahatlığına anlayış göstərəcəklər. Biz münaqişənin danışıqlar masası arxasında və sülhlə nəticələnməsini istəyirik".[79]
BMT — Baş katib Pan Gi Mun bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırıb.[80]
ABŞ — ABŞ dövlət katibi Con Kerri və dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycanı açıq şəkildə təhdid edib. Bu təzyiqin təsiri altında Azərbaycan aprel müharibəsi zamanı əks hücumu dayandırmağa məcbur oldu.[82]
Almaniya — Xarici İşlər Naziri Frank-Valter Ştaynmayer hər iki tərəfi dərhal döyüşü dayandırmağa və atəşkəs rejiminə tam əməl etməyə çağırıb.[83]
Türkiyə — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib. Türkiyə prezidenti Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib[84]. Rəcəb Tayyib Ərdoğan başqa bir açıqlamasında isə "çox təəssüf ki, neçə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə Minsk qrupu həmsədrləri laqeyd yanaşdığı üçün bizi bu mənzərə ilə qarşı-qarşıya qaldıq" demişdir[85].
Pakistan — Pakistan prezidentinin katibi Əhməd Fərrux bildirib ki, "Pakistan həmişə Azərbaycanın yanındadır" və "Azərbaycana qardaş və dost ölkədir".[86]
Gürcüstan — Gürcüstanın Müdafiə Naziri Tinatin Xadeşeli(ka)GürcüstanınAzərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin tezliklə beynəlxalq hüquq normaları əsasında sülhlə həll olunacağına ümid etdiyini bildirib.[87]
Qazaxıstan — Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması və insan itkiləri barədə xəbərlərdən ciddi narahatlıq bildiririk. Tərəfləri təmkinli olmağa və atəşkəs müqaviləsinə əməl etməyə çağırırıq.[88]
İran — Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan(en) ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər. Danışıqlar zamanı, general-mayor H. Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib. General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib[89].
Aprel döyüşləri zamanı Azərbaycan tərəfli istifadəçiləri Facebook, Instagram və Twittersosial şəbəkələrində əsgərləri #KarabakhNow, #GüpləGetsin, #Əsgərlərimizləyik, Ermənistan tərəfli istifadəçiləri isə #KarabakhPeace heşteqlərilə dəstəkləyiblər.[96]
Azərbaycanda bəzi idmançılar Aprel döyüşləri şəhidlərini əsgər salamı və sayğı duruşu ilə yad ediblər.[97][98]
Aprel döyüşləri zamanı Azərbaycanın və dünyanın bir sıra şəhərlərində şəhidlərin xatirəsini, orduya dəstək, Azərbaycan torpaqlarının suverenliyini, Ermənistana qarşı protestlərlə, yürüşlərlə və digər tədbirlərlə qeyd ediblər.[99][100]
ABŞ — 2016-cı il 4 apreldə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində yaşayan Güney və Quzeydən olan azərbaycanlıların bir qrupu Ermənistanın ABŞ-dəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.[103] Aksiyalar ABŞ-nin Çikaqo və Nyu-York şəhərlərində də keçirilib.[104]
Avstraliya — 2016-cı il 5 apreldə Kanberra şəhərində yaşayan bir qrup azərbaycanlı və burada təhsil alan tələbələr Avstraliya parlamentinin binası qarşısında aksiya keçiriblər.[105]
Almaniya — 2016-cı il 6 apreldə Almaniyada yaşayan azərbaycanlılar, Berlində Ermənistan prezidenti Serj Sarkisyanla Almaniya kansleri Angela Merkelin baş tutacaq görüşünə etiraz ediblər.[106] Həmin ilin 17 apreldə Almaniyanın Düsseldorf şəhərində azərbaycanlı fəallar aksiya keçirib.[107]
Ukrayna — 2016-cı il 6 apreldə Kiyev şəhərində yaşayan və təhsil alan tələbə və azərbaycanlılar orduya dəstək aksiyası keçirib.[108]
İtaliya — 2016-cı il 6 apreldə Roma şəhərində İtaliya Parlamentinin önündə Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən son günlərdə təmas xəttində baş verən hadislərlə bağlı aksiya təşkil olunub.[109] Aksiyada müğənni Vaqif Nağıyev də iştirak edib.[110]
Latviya — 2016-cı il 7 apreldə Riqada azərbaycanlı tələbələr orduya dəstək məqsədilə aksiya keçiriblər.[111]
Litva — 2016-cı il 7 apreldə Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri paytaxt Vilnüsdə və Kaunas şəhərlərinin mərkəzində keçirdikləri "Qarabağ Azərbaycana məxsusdur" şüarı ilə dəstək aksiya keçirilib.[112]
Niderland — 2016-cı il 7 apreldə Ermənistan Respublikasının Niderland Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz aksiyası keçirilib.[113] Piket Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş tutub.[113] Ümumilikdə aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.[113]
Danimarka — 2016-cı il 7 apreldə Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı "Vətən" Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagendə baş tutan etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.[114]
Türkiyə — 2016-cı il 7 apreldə İstanbulunTaksim meydanında Qarabağa dəstək aksiyası keçirilib.[115] 11 apreldə Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Unversitetində təhsil alan azərbaycanlı tələbələr, "Kansa kan, səninləyik, Azərbaycan", "Vətən sənə canım fəda", "Hər şey vətən üçün" və s. şüarları ilə Azərbaycan ordusunun cəbhə xəttindəki əməliyyatlarını dəstəkləyiblər.[116]
Rusiya — 2016-cı il 8 apreldə Dağıstan Respublikasının Dərbənd şəhərində azərbaycanlılar milli orduya dəstək aksiyası keçiriblər.[117] 11 apreldə isə Sankt-Peterburq şəhərində Azərbaycan diasporu tərəfindən Azərbaycana dəstək aksiyası və avtomobil yürüşü təşkil edilib.[118]
Gürcüstan — 2016-cı il 8 apreldə Gürcüstanda yaşayan azərbaycanlılar silahlı qüvvələrə dəstək aksiyaları keçirilib. Aksiyalar Tbilisidə və Qori şəhərlərində keçirilib.[119]
İsveç — 2016-cı il 9 apreldə İsveçdə yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar ermənilərin təxribatçı hərəkətlərinə qarşı Stokholmun mərkəzində, Sergeltorg meydanında etiraz aksiyası keçiriblər.[120]
Fransa — 2016-cı il 9 apreldə Ermənistanın Parisdəki səfirliyinin önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.[121] Aksiya zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu, Daşnaksütun partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının təqribən 15 üzvü aksiya yerinə yaxınlaşaraq əllərində terrorçu təşkilatlar olan ASALA və PKK-nın bayraqlarını tutaraq təxribat törədib.[121] Təxribata baxmayaraq, aksiya nəzərdə tutulduğu qaydada davam edib və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb.[121]
Cənubi Koreya — 2016-cı il 10 apreldə Seul şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada 40-a yaxın azərbaycanlı, türk, malayziya və koreyalı tələbələr iştirak ediblər.[122]
Birləşmiş Krallıq — 2016-cı il 11 apreldə Londonda yaşayan azərbaycanlılar Ermənistanın təcavüzünə etiraz əlaməti olaraq aksiya keçiriblər.[123]Trafalqar meydanında toplaşan azərbaycanlılar buradan Böyük Britaniya baş naziri Devid Kemeronun iqamətgahının qarşısına qədər yürüyüblər.[123] Aksiya iştirakçıları arasında Pakistan və Türkiyə vətəndaşları da olub.[123]
Şotlandiya — 2016-cı il 9 apreldə Şotlandiyada yaşayan azərbaycanlılar Qlazqo şəhərində Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirib.[124]
Polşa — 2016-cı il 11 apreldə Polşada yaşayan azərbaycanlılar tərəfindən bu ölkənin paytaxtı Varşava şəhərində yerləşən Ermənistan Respublikasının səfirliyi önündə aksiya keçirilib.[125]
Belçika — 2016-cı il 11 apreldə Azərbaycan-Belçika Dostluğu Cəmiyyəti və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi, Azərbaycanın dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq Brüsseldə aksiya keçiriblər.[126]
Kanada — 2016-cı il 11 apreldə Torontonun mərkəzində Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması və Erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.[127]
İsrail — 2016-cı il 15 apreldə Netanya şəhərinin Mədəniyyət Mərkəzi qarşısında Azərbaycanın Ermənistana qarşı addımlarını dəstəkləyən nümayiş keçirilib.[128]
Çexiya — 2016-cı il 16 apreldə Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Praqanın mərkəzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiya keçirilib.[129]
2017-ci il aprelin 6-da Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərində Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zəfər yürüşü keçirilib, "Aprel şəhidlərinə xatirə" abidəsinin açılışı olub.[130]
Aprel döyüşləri zamanı bəzi Ermənistan, İran və Rusiya KİV-ləri Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayıb.[131][132] 2016-cı il aprelin 5-də Rusiyanın LifeNews telekanalının jurnalistləri Azərbaycan ərazisində akkreditasiya olunmadan işlədiyinə görə ölkədən deportasiya olunub.[133]
Aprel döyüşlərində ermənilərin 30-dək tankı məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralanıb. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri” mövzusunda keçirilən dinləmələr zamanı bildirib.