Qədim dövrün iqtisadi təlimləri — İqtisadi təlimlər tarixinin öyrənilməsi, bir qayda olaraq Qədim dünyada meydana gəlmiş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Bu da təsadüfi deyil. Çünki bəşəriyyətin tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü, ilkin olaraq Qədim dünyada meydana gəlmişdir. Minilliklər ərzində formalaşmış təbiət və cəmiyyət haqqındakı düşüncələr, baxışlar, görüşlər, fikirlər şifahi yollarla nəsildən-nəsilə keçmiş və müxtəlif səpkili əfsanələr, rəvayətlər, eposlar, poeziyalar kimi ayrı-ayrı xalqların maddi və mənəvi mədəniyyətlərinə çevrilmişdir. Belə bir tarixi inkişaf prosesi, elmi dünyagörüşlərin formalaşması, ən qabarıq şəkildə özünü Qədim Şərqdə, Qədim Asiyada, Antik dövrün ən parlaq nümunələri olan Yunanıstanda və Qədim Romada əks etdirmişdir.
İctimai əmək bölgüsünün meydana gəlməsi, istehsal vasitələrinin təsərrüfat həyatında müəyyənedici rola malik olması, qul əməyinin mənimsənilməsi prosesi ictimai inkişafın iki yolunu müəyyən etdi. Bunların biri cəmiyyətin həyatında ictimai əməyin təşkilinin üstün rola malik olması ilə, ikincisi isə, müxtəlif ailələrin istehsal vasitələrinə və qullara görə mülkiyyətlərinin inkişafı ilə əlaqədardır. Məhz bununla əlaqədar olaraq tarixdə iqtisadi inkişafın, o cümlədən "siniflərin" meydana gəlməsinin iki üsulu fərqləndirilir. Bunlardan birini Asiya istehsal üsulu, digərini isə antik istehsal üsulu kimi fərqləndirirlər. Bununla əlaqədar olaraq bəzi hallarda Qədim dünya dedikdə, Şərq və Asiya ölkələri, Antik dünya dedikdə isə Qədim Yunanıstan və Qədim Roma nəzərdə tutulur. Lakin bir ümumi cəhət vardır ki, ictimai inkişafda, təsərrüfatçılığın təşkilində, siniflərin əmələ gəlməsində, dövlətin idarə olunmasında, insanların istehsal vasitələrinə və əməyinə görə davranış və fəaliyyət qaydalarının müəyyənləşdirilməsində nəticə etibari ilə eyni iqtisadi fikirlər söylənilmişdir. Məhz bununla əlaqədar olaraq, Qədim dünya dedikdə, istər-istəməz uzaq keçmişdə mövcud olmuş olduqca dəyərli fikirləri, mövcud dövrü dolğun əks etdirən elmi mülahizələri vəhdət şəklində şərh etmək ehtiyacı əmələ gəlir. Ona görə də Antik dövrün iqtisadi fikirlərini, analoji olaraq Qədim dövrün fikirləri kimi də qəbul etmək olar.
Qədim dünyanın iqtisadi fikrində təsərrüfat fəaliyyətinin gedişatı və dərk olunması görkəmli elm xadimlərinin ya iqtisadi görüşlərində, ya da xalqın əfsanəvi - poetik və mənəvi mədəniyyətində öz əksini tapmışdır. İqtisadi fikir haqqında danışarkən, bir qayda olaraq, bütün dünya ölkələrində qəbul olunmuş ümumi bir cəhət vardır ki, o da Qədim Şərqdə mövcud olmuş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsinə xüsusi diqqətin yetirilməsidir. Qədim Şərqin tarixi inkişafının bütün mərhələlərində iqtisadi fikirlərdə əsas yeri dövlət təsərrüfatının təşkili və idarə edilməsi problemi tutmuşdur. Natural təsərrüfata əsaslanan dövlət mülkiyyəti bir tərəfdən hakim "məbəd" mülkiyyətinin formalaşmasına, digər tərəfdən əmtəə təsərrüfatının aparılması həddinin müəyyənləşdirilməsinə yönəldilmişdir. Qədim Şərqdə iqtisadi fikir hakim natural - quldarlıq təsərrüfatının müdafiə olunmasına yönəldilərək, bu mövqedən əmtəə - pul münasibətlərinə əsaslandırılırdı. Məhz bununla əlaqədar olaraq şeylərin dəyərlərinə görə mübadilə olunması ideyası meydana gəlmişdir.
Göstərmək lazımdır ki, Qədim Şərqin iqtisadi fikri haqqında danışarkən, bura birinci növbədə Qədim Misirdə meydana gəlmiş, yayılmış və inkişaf etmiş iqtisadi fikri xüsusi qeyd etmək lazımdır. Bəşəriyyətin meydana gəlməsi, inkişafı, insan cəmiyyətinin ilkin beşiyi hesab olunan Misir, bu gün də öz ehramları, məbədləri, yeraltı sarayları, qəbir evləri ilə və s. möcüzələri ilə zəngin olan bir ölkə kimi dünyanın müxtəlif səpkili elmi-tədqiqatların daima diqqət mərkəzindədir. Qədim Misirdə iqtisadi fikirlərin formalaşması, əsasən dövlətin mərkəzləşmiş idarəetmə sahəsindəki məqsədlərinin həyata keçirilməsi ilə bağlıdır.
Burada ictimai işlər, hərbi və maliyyə idarəçiliyi xüsusi yer tuturdu. Belə mərkəzləşdirilmiş idarəçilik sistemi xeyli savadlı adamların olmasını tələb edirdi. Ona görə də belə adamların hazırlanması da mərkəzləşdirilmiş formada həyata keçirilirdi. Çox hallarda bu günə gəlib çatmış yazılı mənbələrdə dövlət və təsərrüfat idarəçiliyinin həyata keçirilməsi, o dövrlərdə hakim olmuş dini ehkamların yerinə yetirilməsi "Nəsihətlər" vasitəsi ilə şərh edilirdi. Belə "Nəsihətlər" bizim eradan əvvəlki, III-II minilliyinə qədərki ilkin, Qədim, Orta, Yeni hökmdarlıq dövrləri üçün xarakterik idi. Belə "Nəsihətlər" sırasına "Heraklopol" hökmdarının oğlu Merikara "Nəsihətlər"ini, "İnsarın kəlamları", "Nefertinin peyğəmbərliyi", "Çobanın nağılları", "Axtoyanın Duaufanın oğluna, öz oğlu Piokiyə nəsihətləri" və s. aid etmək olar.[1]
Qədim Misirdə iqtisadi resursların, əsasən əmək və torpaq resurslarının ciddi uçotu aparılırdı. Nil çayı vadisi boyunca, torpaq sahələrinin kadastrı aparılmış, ən məhsuldar sol sahil boyunca olan sahələr dövlət torpaqları adlandırılmışdır. Dövlət başçısı hesab olunan Fironlar siyasi, dini hökmranlığı yerinə yetirməklə, başlıca iqtisadi funksiyaları da yerinə yetirirdilər. Məhz ona görə də onlar yer üzündə Günəş (Ra) allahının oğlu və varisi hesab olunurdular. Firon xalqın və məmurların yalnız bəndəliyi ilə kifayətlənmir, bəzən özünə mehrablar ucaldır və özünün təsviri qarşısında ətirli maddələr yandırırdı.[2]
Misirdə Firon hökmdarlığından sonra ölkənin iqtisadi həyatına ciddi müdaxilə edən kahinlər idi. Kahinlər ölkənin taleyini həll edən müdrik insanlar kimi cəmiyyətin həyatında qeyri-adi rol oynayırdılar. Məhz onların səyi nəticəsində o dünyadakı həyatın əbədiliyi əsaslandırılmışdır. Ona görə də insanlar bu dünyada qəbir evi üçün də mövqelərinə uyğun olaraq ciddi ehtiyatlar hazırlayırdılar. Ona görə də o dövrlərdəki xalq qüvvətli hökmdarlar və zəkalı kahinlərlə birlikdə, qarşılıqlı ünsiyyətdə fəaliyyət göstərirdilər, onların ümumi rifahı artmaqla, Misirin sivilizasiyanın vətəninə çevrilməsinə səbəb olurdu.
Qədim Misirin iqtisadi fikir tarixindən bəhs edərkən bir qayda olaraq, bizim eradan XIII əsr əvvəl yazılmış "İpuserin kəlamları"na xüsusi diqqət yetirilir. İpuser cəmiyyətin dəyişilməsinin ilkin keçid dövrünü göstərmişdir. Olduqca dərin və düşündürücü şəkildə baş verəcək diyişiklikləri şərh edərək göstərirdi ki, mövcud mərkəzləşdirilmiş idarə sistemi çox az adamın mənafeyinə xidmət edir. Ona görə də o hesab edir ki, Misirin taxılı hamının neməti olmalıdır. Bunun üçün müxtəlif deklarasiyalar, məhkəmə qanunları məhv edilməlidir. İluserin kəlamlarında əsas diqqət, ciddi reqlamentləşdirilmiş təsərrüfatın pozulmasına verilir.[3] Göstərilir ki, nəzarətin zəifləməsi bir tərəfdən istehsalçıların, xüsusən sənətkarların boş dayanmasına, digər tərəfdən yazanların, qeydiyyat aparanların fəaliyyətsizliyinə gətirib çıxarır. Bu da xalqın məhvinə səbəb olur. İşləməyən sənətkarları o, ölkənin düşmənləri adlandırır. O şəxslər ki, taxıl əkməyib, onlar məhsul alırlar. Bu barədə heç bir məlumat verilmir. Bu da xalqın qəzəbinə səbəb olur. Xüsusən cəmiyyətin kübar hissəsinin mərkəzləşdirilmiş hakimiyyət nümayəndələrinə qarşı çıxmasına səbəb olur. Kübarların Misirin xarici düşmənləri ilə ittifaqa girməsi mərkəzi dövlət idarəçiliyini dağıda bilmişdir. Lakin "İluserin kəlamları"nda, eləcə də "Nefertinin peyğəmbərliyi"ndə göstərilir ki, heç cür vahid Misir dövlətini dağıtmaq olmaz. Vahid Misir dövləti, ölkədə qayda-qanunun, inzibati qulluqçulların sabit gəlir əldə etmək təlimatçısı kimi göstərilirdi. "İluserin kəlamları"nda "xeyirxah paytaxtın düşmənlərinin" məhv olunması çağırışları vardı. O, ölkədə dini kahinlərin rolunun möhkəmləndirilməsinə və bərpa olunmasına, ölkənin hərbi gücünün artırılmasına diqqətin verilməsini qeyd edirdi. Ona görə də mərkəzləşdirmə ideyası "İluserin kəlamları"nda əsas yer tuturdu ki, bu da onun dövlət məmurları arasında çox məşhurlaşdırılmasına səbəb olmuşdur. Qədim Misirdə iqtisadi fikrin əmələ gəlməsi əsasən, mərkəzləşdirilmiş dövlət idarəçiliyi ilə bağlı olsa da, lakin quldarlıq quruluşunun ümumi qanunauyğunluqlarından irəli gələn bir sıra xüsusiyyətləri də əhatə edirdi. Xüsusən dövlət idarəçiliyində yüksək vəzifə tutan əyanların təsərrüfatı ilə bağlı iqtisadi məsələlər də irəli sürülmüşdür.
Bir tərəfdən qulların əyan təsərrüfatında istifadə olunması qaydaları, digər tərəfdən orada çalışan işçilərin ağaların anbarlarından pay almaq hüququ müəyyənləşdirilmişdir. Bu da ölkə ərazisində mərkəzləşmiş təsərrüfat idarəçiliyinin prinsipi olmaqla həm əyan mülkiyyətinin formalaşmasına, həm də Misir taxılının hər kəsin əsas nemətinə çevrilməsinə səbəb olurdu. Dövlət idarəçiliyində tutduğu vəzifədən asılı olaraq əmələ gələn əyan təsərrüfatı, onların rifahının əsasını təşkil etməklə, şəxsi təsərrüfata malik olmalarını aradan qaldırmadı. Beləliklə, Qədim Misirdə mülkiyyətin formalaşması əsasən əyan təsərrüfatı ilə bağlı olmuşdur. Əyan mülkiyyətinə həm sərəncamlarında olan şəxsi vasitələr, həm də qulluq vəzifəsindən asılı olaraq mənimsədiyi predmetlər daxil idi. Beləliklə, xüsusi mülkiyyət və dövlət mülkiyyəti çərçivəsində əmələ gəlməklə, onların qarşılıqlı fəaliyyət göstərməsinə səbəb olurdu. Qədim Misirdə dövlət və xüsusi mülkiyyətin formalaşmasına birmənalı baxmaq olmaz. Yəni elə hesab etmək olmaz ki, dövlət mülkiyyəti əsasında əmələ gələn xüsusi mülkiyyət inkişaf etdikcə, tədricən dövlət mülkiyyətinin azalmasına və ya dağılmasına səbəb olurdu. Düzdür, mərkəzi hakimiyyətin zəiflədiyi dövrlərdə xüsusi mülkiyyətin həddi artırdı. Lakin hər yeni mərkəzi hakimiyyətin güclənməsi, çox hallarda əyanların xüsusi mülkiyyətlərinin hesabına baş verirdi. Bu və ya digər obyekt üzərində mülkiyyət hüququnun qorunması və saxlanması qaydaları b. e. əvvəl II minilliyin ikinci yarısında meydana gəlmişdir. Əmək bölgüsünün dərinləşdiyi, xüsusən maddi nemətlər istehsal edən hökmdar sənətkarları ilə əkinçilərin arasındakı münasibətlər, onların iqtisadi fəaliyyətlərini əsaslandıran qaydalar əsasında baş verirdi. Lakin burada bir ümumi cəhət var idi ki, mülkiyyət obyektinə sahib olma, mərkəzi hakimiyyətdə tutulan vəzifədən asılı idi. Vəzifə mənimsənilməsi ilə əlaqədar meydana gələn mülkiyyətin nəsildən-nəslə keçməsi və irsi xarakter daşıması oğulun müvafiq vəzifəyə təyin olunmasından asılı idi. Ona görə də, bir qayda olaraq vəzifəyə görə mülkiyyət mənimsənilməsi nəsildən-nəslə keçsə də, lakin bu heç də bir qədər asan başa gəlmirdi.
Yaxın Şərqdə meydana gələn xırda dövlətlər, daima öz aralarında ciddi çəkişmələrə məruz qaldığından təsərrüfat quruculuğunda böyük nailiyyətlər əldə edə bilmirdilər. Qədim Misirdən fərqli olaraq, bu ölkələrdə mərkəzləşmiş dövlət idarəetmə mexanizmi möhkəm deyildi. Çünki Qədim Şumerdə şəhər-dövlətlərin (Kiş, Eredu, Laqoin, Ur və s.) meydana gəlməsi, burada əsas iqtisadi fikir, əkinçilik şəraiti, irriqasiya işlərinin aparılması, su təchizatı, kanalların təmizəlnməsi və s. bağlı meydana gəlmişdi. Xüsusilə bu istiqamətdə ictimai əməkdən istifadə olunması sayəsində, bol məhsulun əldə olunmasına və onun da hakim sinfin əlində cəmlənməsinə səbəb olurdu.
Qədim Şumerdə e. ə. III minillikdə icma icma-məbədlərə məxsus mülkiyyətin üstün rola malik olması, yaradılan bütün nemətlərin burada cəmlənməsinə səbəb olurdu. Bu da tədricən məbədlərin torpaq sahələrinin icma torpaqlarından ayrılmasına və onun sənətkarlıq mərkəzinə, irriqasiya işlərini aparan təşkilata çevirdi. Məbəd torpaqları üç hissədən ibarət olurdu. Bir hissəni qullar becərib, əldə olunan gəlir məbədlərin ehtiyaclarının ödənilməsinə yönəldilirdi. İkinci hissə xidmət payları kimi, məbədin vəzifə adamlarına xidmət edənlərə verilirdi. Üçüncü hissə, çox da böyük olmayan məbləğdə, əldə olunan məhsulun beşdə bir hissəsindən çox olmayaraq icarəyə verilirdi. Dövlət hakimiyyətinin möhkəmlənməsi, yararlı torpaq sahələrinin möhdudluğu, Qədim Şumerdə təsərrüfatçılıq hesabatlarının aparılması zəruri qaydaya çevrilmişdi. Dövlət təsərrüfatında iş qüvvəsinin və istehsal vasitələrinin dəqiq uçotunun aparılması ilə yanaşı, eyni zamanda torpaqların kadastrının, becərilən torpaqların keyfiyyətinin və yer quruluşunun uçotu aparılırdı. Həmçinin mərkəzi və yerli anbarlarda saxlanılan maddi resursların da aylıq və illik uçotu aparılırdı. Qeyd etmək lazımdır ki, Qədim Şumerdə dövlət təsərrüfatının möhkəmləməsi, onun ölkənin iqtisadi həyatına olan müdaxiləsi də güclənirdi. Belə ki, istehsalçıların fəaliyyətinə bilavasitə dövlət həm nəzarət edirdi, həm də onların davranışlarını reqlamentləşdirirdi.
Dövlətin təsərrüfatçılıq fəaliyyətindəki müdaxiləsi öz klassik formasını Qədim Babilistan çarlığının timsalında (e.ə. XIX -XYI əsr) tapmışdır. Məbəd torpaq sahələrinin qulluqda olanlara verilməsi, hökmdar adamlarına paylanması Babilistanda xüsusi mülkiyyətin möhkəmlənməsinə, icarə münasibətlərinin güclənməsinə səbəb olmuşdur. Bundan əlavə sələmçiliyin geniş yayılması, torpaq sahələrinin bir qrup adamların əlində cəm,lənməsi, əhali kütləsinin bir qisminin tam varyoxdan çıxmasına, borclu düşməsinə, hətta kölə, qul vəziyyətinə düşməsinə səbəb olurdu.
Beləliklə, cəmiyyətdə adamların biri-birindən əsaslandırılmayan aslılığı sürətlənirdi. Dövlət mövcud vəziyyətlə, xüsusi hüquqi münasibətlərin qorunması ilə bağlı, o cümlədən sələmçilərdən asılılığı zəiflətmək məqsədi ilə yeni qaydaların müəyyən olunması prinsiplərini formalaşdırırdı. İqtisadi fikir nöqteyi-nəzərincə ən maraqlı qanunları hökmdar Hammurappinin (e.ə. 1792 - 1750) verdiyi qanunları hesab etmək olar. Hökmdar Hammurappi nəinki Qədim Mesopotamiyada fəaliyyət göstərən qanunları təkmilləşdirdi, eyni zamanda cəmiyyətin sosial-iqtisadi inkişafına səbəb olan bir sıra qanunlar da qəbul etdi. Onun 282 bənddən, giriş və nəticədən ibarət olan qanunlar məcəlləsi ölkənin idarə olunmasında, təsərrüfat həyatının, insanların, davranış qaydalarının müəyyən hüquqi sistemini müəyyən etmişdir.[4]
Babilistan vətəndaşlarının iri mülkiyyətlərin qorunması, icarə, ticarətin aparılması, sələmçilik, muzdla işləməklə bağlı verilən qanunlarını iqtisadi fikir sahəsində edilən mütərəqqi irəliləyiş kimi qəbul etmək olar. Bütün qanunların əsas hissəsini "güclülərin zəifləri sıxışdırmaması" prinsipindən ibarət idi. Bundan əlavə dövlət məmurlarının, Babilistan vətəndaşlarının, ordu əsgərlərinin mülkiyyətlərinin qorunmasına üstünlük verilməklə yanaşı məbəd mülkiyyətinin də qorunmasına xüsusi diqqət yetirilirdi. Hammurappinin qanunlarında onların torpaq sahələrinin, evlərinin, bağlarının gümüşə satılması qadağan edilirdi. Sələmçiliyə qarşı yönəldilən Hammurappinin qanunlarında göstərilirdi ki, borcun ödənilməsi mümkün olmadıqda, əlavə faiz verməmək şərti ilə onun müddətinin bir ildə uzadılmasına icazə verilirdi. Digər tərəfdən borclunun icazəsi olmadan sələmçinin onun taxılının borcun əvəzinə götürülməsini qadağan edirdi. Hammurappinin qanunlarında sələmin həddi ciddi şəkildə müəyyən edilmişdi. Pul formasında sələmin həddi 20 %-dən natural formada isə 33 %-dən çox ola bilməzdi. Maraqlı cəhətlərdən biri kimi qeyd edilməlidir ki, Hammurappinin qanunlarında sələmçilərin borclularla pis rəftar etdikdə onların cəzalandırılması da göstərilirdi. Sələmçiliyin geniş yayılmasının qarşısını almaq məqsədi ilə əlaqədar qul borc verilməsi müddəti üç illə məhdudlaşdırılırdı.
Qanunda göstərilirdi ki, əgər qul sahibi borclunun arvadını, oğlunu, qızını, borc əvəzinə satırsa, onda onlar sahiblərinə qulluq etməli, tapşırıqlarını yerinə yetirməli və üç il müddət başa çatdıqdan sonra, onları azadlığa buraxmalıdırlar. Hammurappinin qanunları üç əhali kateqoriyasını, tam hüquqlu azad vətəndaşları, tam hüququ olmayan azad adamları və qulları nəzərə almaqla tərtib edilmişdir. Ümumiyyətlə, hökmdar Hammurappinin qanunları, bir tərəfdən dövlətin təsərrüfatın tənzimlənməsi ilə, digər tərəfdən isə müxtəlif əhali qrupunun iqtisadi fəaliyyətlərinin nəzarətdə saxlanılması ilə səciyyələnirdi. Qədim Babilistanda iqtisadi fikri, əsasən dövlətin təsərrüfata nəzarəti, xüsusi mülkiyyətin qorunması, sələmçiliyin həddinin müəyyən edilməsi, borc ödənişlərinin yerinə yetirilməsi, muzdlu əməkdən istifadə olunması ilə bağlı olmuşdur. Beləliklə, hökmdar Hammurappinin qanunları Yaxın Şərqdə iqtisadi və hüquqi fikrin inkişafına təsir göstərmiş, beləliklə də Qədim dövrdə Yaxın Şərq dövlətlərində təsərrüfatçılığın digər sahələrində, xüsusən heyvandarlıqla, sənətkarlıqla, ticarətlə bağlı iqtisadi fikirlərin meydana gəlməsinə səbəb olmuşdur.
Dünya mədəniyyət tarixində özünəməxsus istiqaməti ilə fərqlənən Çin elmi bir çox sahələrdə, o cümlədən iqtisadi fikir tarixində olduqca dəyərli nailiyyətlər əldə etmişdir. Xüsusən Konfutsiyanın (552-479 e.ə.) (Kun-Fut-zı) irəli sürdüyü iqtisadi ideyalar Qədim Çin dövlətinin milli ideologiyasının əsası kimi onun iki minillik tarixi dövrünü təşkil etmişdir. İri ailə icmaları daxilində formalaşmış ənənələrə sadiq qalan Konfutsiya onu böyük - kiçik, ata - oğul, böyük qardaşlar - kiçik qardaşlar prinsipi ilə bütün cəmiyyətin sosial-iqtisadi quruluşunu stabilləşdirmək istəyirdi.
Konfutsiya təkmilləşmiş adam-xeyirxah ər təlimini yaratmışdır. Bu təlimin əsasında böyüklərə hörmət, humanizm, öz borcunu dərk etmək prinsipi dururdu. Humanist adam təvazökarlığı, ədalətliliyi, dözümü, hamıya qarşı eyni olmağı ilə səciyyələnirdi. Konfutsiya göstərirdi ki, xeyirxah ər yalnız öz borcunu bildiyi halda, lakin aşağı adamlar yalnız faydalanmağı bilirlər. Ali mənəvi prinsipləri hər cür sərvətdən, yüksək mövqe tutmaqdan üstün hesab edən Konfutsiya qeyd edirdi ki, insan yüksək mövqe tuta bilmədiyinə görə deyil, tam möhkəmlənməməsinə görə təəssüflənməlidir. Konfutsiya ilk dəfə Çində irəli sürülmüş təbii hüquq nəzəriyyəsini sosial, mənəvi və hüquqi fəlsəfə istiqamətində inkişaf etdirmişdir. Təbii hüquq konsepsiyasına əsasən, allah dünyanın ilkin səbəbidir. Lakin cəmiyyət həyatında baş verən hadisələrə qarışmır. Allah töhfəsi kimi verilən təbii hüquqlar vətəndaş qanunları ilə qorunur. Əsrlər boyu "təbii hüquq" nəzəriyyəsi Çində inkişaf etmiş, hakim sinfin mənafeyinə xidmət etsə də, lakin xalqın mənəvi zənginləşməsində olduqca böyük rol oynamışdır. Çünki mənəvi zənginlik, bu gün də Çin xalqının ən böyük bəşəri dəyərləri kimi qiymətləndirilir. Konfutsiya insanın mənəvi təkmilləşməsini dövlət idarəçiliyinin əsası hesab edirdi. Onun fikrinə görə dövlət böyük bir ailədir, hökmdar isə "xalqın atasıdır". İdeal hökmdar obrazında da Konfutsiya təkmilləşmiş şəxsiyyəti görürdü və qeyd edirdi ki, dövlət xərclərində qənaətcil olmalı, insanlar üçün qayğı çəkməlidir.
Konfutsiya hökmdarları əvvəlcə xalqı varlı etməyə, sonra isə tərbiyələndirməyə çağırırdı. Bununla əlaqıdar o qeyd edirdi ki, hökmdarlar adamların azlığı ilə deyil, nemətlərin qeyri-bərabər bölünməsinə görə qayğı çəkməlidirlər. Eyni zamanda o göstərirdi ki, yoxsulluğun əsas səbəbi aşağıdakılarla yuxarılar arasında gedən çəkişmələrdir. Əlbəttə, belə bölgüdə əhalinin sosial təbəqələşməsi nəzərə alınırdı. Çünki Konfutsiya "ali icma ilə" xüsusi mənimsəməni fərqləndirirdi. Ali icmaya kollektiv mülkiyyət sahibi olan kəndliləri, xüsusi mənimsəməyə isə quldar mülkiyyətini daxil edirdi.
Qədim Çin ictimai fikrində "Quan-tsızı" kollektiv iqtisadi traktı xüsusi yer tutur. Bu iqtisadi traktı e.ə. 4-3 əsrlərdə hökmdar tipin yaranmış olduğu "Qərb qankarında elm sarayı" adlı akademiyasında meydana gəlmişdir. Müxtəlif alimlərin 500-dən yuxarı əsərlərinin məhsulu "Quan-tsızı" traktında birləşmiş 76 fəsilli ensklopedik yadigar bir əsər kimi bugünkü günə gəlib çatmışdır.8 İctimai həyatda baş verən dəyişikliklərin məhsuldar və ya qeyriməhsuldar illərlə əlaqəsi və əməyin dövlətin gücünün əsası olduğu "Quantsızı" traktında qeyd olunurdu. Bununla yanaşı əməyin ekvivalent mübadiləsinin aparılmasının meyarı olduğu göstərilirdi. Traktın müəllifləri hesab edirdilər ki, "ustalarla" "əkinçilərin" əmək məhsullarının mübadiləsi şəraitində birinin o birinə nisbətən daha çox fayda götürməsinə heç cür yol vermək olmaz. Çünki bütün xalq bir çalışmalı və hamı bərabər qazanc əldə etməlidir.
"Quan-tsızı" traktında qeyd olunur ki, xalq bilikli adamlar üçün gəlir, tacirlər üçün isə mənfəət yaradır. Bununla belə sadə xalqla bilikli adamlar təbii hüquq konsepsiyası baxımından əsaslandırılırdı. Göstərilirdi ki, əgər hamı bilikli adam olsaydı onda ölkə gəlirsiz qalardı və heç biliksiz adamlar da olmazdı. "Quan-tsızı" traktında iqtisadi fikirlər əsasən "hökmdarı dövlətli" "xalqı razı" görmək istiqamətindədir. "Quan-tsızı" müəllifləri qeyd edirdilər ki, iqtisadiyyatın stabilləşməsinin əsasını əkinçilik işinin sürətləndirilməsi və dövlətin daim taxıl ehtiyatının yaradılması təşkil edir. Taxılın qiymətinin tənzimlənməsi tövsiyə edilirdi. Lakin nə sənətkarlıq, nə də ticarət faydasız iş hesab olunurdu. Bundan əlavə traktda qeyd olunurdu ki, "dörd qrup xalqın" qulluq adamlarının, əkinçilərin, sənətkarların və tacirlərin əmək və həyatı geniş şəkildə reqlamentləşməlidir. Onlar sənətlərini dəyişməməli və nəsildən-nəslə keçməlidir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, "Quan-tsızı" traktı Qədim Çin iqtisadi fikirlərinin təşəkkülü və inkişafında misilsiz rol oynamışdır.
Qədim Hindistanda eramızdan əvvəl XXIII-XXYIII əsrlərdən başlayaraq, quldarlıq quruluşunun inkişafı, intensiv şəhərsalma, budda ehkamının üstün rola malik olması, xüsusi mülkiyyətlə, əmlakla, vergi ilə, dəyərlə, əməklə bağlı Cənubi Asiyada iqtisadi görüşlərin meydana gəlməsinə səbəb olmuşdur. Qədim Hindistanda mülkiyyət onun sahibinin bir hissəsi hesab olunurdu. Lakin bununla yanaşı ilkin buddizm təlimində mülkiyyətdən imtina etmək əsas yer tuturdu. Bədənin zahiri ünsürü kimi təsvir olunan əmlakdan imtina etmək şəxsiyyətin budda qarşısında ən ali keyfiyyəti kimi göstərilirdi. Eramızdan əvvəl I minilliyin ortalarında meydana gələn buddizm dininin və onun təsvirinə həsr olunan ədəbiyyatın braxmanizmin (induzma) meydana gəlməsi cəmiyyətin mədəni həyatının inkişafına müsbət təsir göstərirdi. Qədim Hindistanda insanların istər dini, istərsə gündəlik fəaliyyətləri, istərsə də mənəvi davranışları o dövrdə yazılmış ədəbiyyatlarla tənzimlənirdi. Xüsusi üç kitab vasitəsi ilə insanın həyatındakı fəaliyyətinin əsas məqsədi, onun dini borcu (dxarme), qazancı (artxe), sevgisi (kame) əsaslandırılırdı. Bunlara "Manunun qanunları" - dini borcları , "Artaxaşastra" - qazancı, "Kamasutra" - sevgisini təsvir edən kitablar daxil idi. Dini borcların yerinə yetirilməsini birinci dərəcəli vəzifə kimi qarşıya qoyan "Manunun qanunları" hər bir fərdə üç məqsəddən istifadə olunmasına icazə verilirdi.[5]
Sərvətin, maddi nemətlərin əldə olunması xüsusən qurban vermə ehkamı ilə əlaqədar idi. Həyat fəaliyyətində əldə olunan bütün əmlaklar birmənalı olaraq allahın yolunda (buddaya) qurban vermək üçün nəzərdə tutulurdu. Qeyd etmək lazımdır ki, Qədim Hindistanda iqtisadi fikirlərin meydana gəlməsində və formalaşmasında eramızın birinci əsrində 15 kitab əsasında tərtib edilmiş "Artaxaşastra" traktı mühüm rol oynamışdır. Maddi qazancın əldə olunmasına, ətraf ərazilərin yeni vergi verənlərə görə zəbt edilməsi, bu əsasdan da hökmdarın xəzinəsinin doldurulması prinsipi traktda əsas yer tutur. Traktın əsas tərtibatçısı hökmdar I Çandra quntanın məsləhətçisi Kanutilya hesab olunur. Dövlətin möhkəmlənməsinə, vergi yağmanın təkmilləşməsinə, gəlirlərin artırılmasına, xərclərin azalmasına, ticarətin aparılması qaydalarına traktda geniş yer verilmişdir. "Artaxaşastra" traktında hökmdara dörd elmin öyrənilməsi zəruri hesab edilir. Bunlardan biri dini təlim, ikincisi fəlsəfə, üçüncüsü idarəetmə, dördüncüsü isə iqtisadiyyat. Traktın ikinci kitabı iqtisadiyyata (vartta) həsr edilmişdir. Müxtəlif təsərrüfat fəaliyyəti ilə bağlı, xüsusən əkinçilik, heyvandarlıq, ticarət sahələri kimi öyrənilən iqtisadiyyat, əslində dövlət təsərrüfatı sferası kimi şərh edilərək xəzinənin doldurulması vasitəsi hesab olunur.
Lakin "Artxaşastra" traktı, heç də tam iqtisadi prosesləri bütövlüklə əhatə etmirdi. Bəzi hallarda oradakı iqtisadi görüşlər reallıqdan uzaq şəkildə şərh edilirdi. Bütün bunlara baxmayaraq, Qədim Hindistanın bu mədəniyyət abidəsi, təsərrüfatçılığın aparılması, ideal dövlətin idarə olunması, vergi qoyuluşunun təşkili sahəsində əmlakdan istifadə və sərəncam vermək istiqamətində dəyərli iqisadi fikirləri əks etdirə bilmişdir. Məhz buna görə də, bu trakt ümumdünya iqtisadi fikir tarixində özünəməxsus və əbədi yer almışdır.
İqtisadiyyat haqqında söhbət edərkən, bir qayda olaraq, bu sözün ilkin şərhini vermiş qədim yunanlar haqqında düşünməli oluruq. Lakin cəmiyyətin davranış qaydaları, faydalı fəaliyyətləri haqqında bəhs edən iqtisadiyyat lap Qədim dövrdən bəri mövcud olsa da, ancaq bir elmi təfəkkür tərzi kimi, uzun müddət elmin müxtəlif sahələri ilə bağlı öyrənilmişdir. Özü də bu proses Qədim Yunanıstanda özünə xüsusi məkan qazanmışdır. Heç də, təsadüfi deyildir ki, biz iqtisadiyyat haqqında danışarkən, bu məfhumun mənşəyini yunan sözü olan "təsərrüfat" və "qanun" olduğunu qeyd etməli oluruq. "İliada" və "Odisey" əsərlərində sərvətin mənbəyi, natural təsərrüfat, xüsusən, taxılın, heyvanların yığımı hər cür məhsulların ehtiyatı sayılırdı. Kənd təsərrüfatı işləri ilə məşğul olmaq azad adamların ləyaqətli işi hesab olunurdu.[6]
Yunanıstanda e.ə. YIII-YII əsrlərdə sənətkarlığın əkinçilikdən ayrılması, ticarətin genişlənməsi, eləcə də sələmçiliyin güclənməsi, bir tərəfdən adamların torpaqdan məhrum olunmasına gətirib çıxarırdı, digər tərəfdən cəmiyyətin Polisey (şəhər-dövlət) deyilən, xüsusi qrupu meydana gəldi ki, onlar da kollektiv şəkildə qullara, digər asılı adamlara və yadelli adamlara qarşı dururdular. Poliseyaya daxil olan vətəndaşlar, torpaq və qullar üzərində hakim mövqedə dayanmaq hüququnu daşıyırdılar. Belə iqtisadi görüşlərin formalaşması və Ksenofontun (e.ə. 430-354), Platonun (e.ə. 427-347), Aristotelin (e.ə. 384-322) əsərlərində daha parlaq şəkildə əks olunmuşdur. Afina Poliseyinin kübar ailəsində dünyaya gəlmiş Ksenofont qızğın siyasi dairələrdə aktiv iştirak etmiş, spartakçılardan torpaq sahəsi almış və öz fəaliyətini bədii ədəbiyyatlarla, kənd təsərrüfatı işləri ilə bağlamışdır. O, öz iqtisali görüşlərini "Ev qurumu" əsərində şərh etmişdir. Quldarlıq quruluşunun görkəmli ideoloqu kimi, o, ev təsərrüfatının aparılması qaydaları, xüsusi ev təsərrüfatı ilə əkinçiliyin aparılması üsulları, istehsalın təşkili, qulların daha məhsuldar işləməsi, maddi stimullaşmanın aparılması haqqında elmi mülahizələr irəli sürmüşdür. Ksenofont göstərirdi ki, iqtisadi inkişafın yolu natural təsərrüfatdır.
Azad vətəndaşlar, əkinçilər, sənətkarlar, tacirlər və aristokratiya arasında ciddi ziddiyyətlər meydana gəlmişdi. Məhz belə şəraitdə görkəmli filosof Platonun iqtisadi və sosial proseslərə olan münasibəti, iqtisadi fikirdə olduqca dəyərli görüşlərin əmələ gəlməsinə səbəb oldu. Onun əsas iqtisadi fikirləri "Dövlət" və "Qanunlar" əsərində şərh olunmuşdu. Platon da Ksenofont kimi yunan polisinin böhran keçirtdiyi vaxtlarda yaşamış, zəmanəsinə xas olan ictimai, iqtisadi, sosial-siyasi, mənəvi-hüquqi məsələlərini həll etməyə çalışmışdı. Yaxşı təhsil almış, gəmi səyahəti ilə müxtəlif ölkələrdə olmuş və seçilən torpaq sahibi ailəsində anadan olmuş Platon kübarlarla demokratlar arasında, dövlətlilərlə kasıblar arasında, qullarla quldarlar arasında gedən sinfi mübarizənin həll olunmasına çalışmışdı. Məhz buna görə də o, Antik dövrün ən məşhur mütəfəkkiri kimi, sonrakı elmi dünyagörüşlərin formalaşmasının mənbəyi kimi bəşər tarixində əbədiləşmişdir.
Platon hesab edirdi ki, ümumiyyətlə qeyri-bərabərlik insanların təbiətindən irəli gəlir və onu aradan qaldırmaq mümkün deyil. Ona görə də hər adam təbii qabiliyyətinə uyğun gələn payı almalıdır. O göstərirdi ki, hərə bir işlə məşğul olmalıdır. İşçi işləyənlərin işinə deyil, müəyyən bir işə uyğunlaşmalıdır. Bu çox asan məhsul istehsal etməyə səbəb olar. Platon hesab edirdi ki, dövlət üç təbəqədən ibarət olmalıdır. Hökmdar və filosoflardan, hərbiçilər və əkinçilərdən, sənətkar və tacirlərdən. Bu təbəqələrin mənəvi təbiətləri müxtəlif olduğundan onlar dövlət işlərində də müxtəlif işləri yerinə yetirəcəklər. Əmək bölgüsünə, xüsusən ixtisaslaşmaya böyük əhəmiyyət verən Platon göstərirdi ki, cəmiyyətdə müxtəlif kəmiyyətli tələbatlar fəaliyyət göstərdiyindən, hətta bir adamın tələbatının ödənilməsi üçün çoxnövlü əmək tətbiq etmək lazımdır. Beləliklə, o, belə qənaətə gəlirdi ki, əmək bölgüsü cəmiyyətdə adamların biri-biri ilə əlaqəyə girməsinə səbəb olur. Belə əlaqə şəraitində müxtəlif tələbatlarla, ayrıca bir adamın məhdud qabiliyyəti arasındakı ziddiyyəti həll edir.
Antik dövrün iqtisadi problemlərinə dair ən mütərəqqi fikirlər irəli sürən Aristotel, dünya elminin korifeylərindən hesab olunur. Aristoteldir. Məntiqi elmi yaradıcılığa əsaslanan, cəmiyyətdə baş verən sosial-siyasi, mədəni-iqtisadi dəyişikliklərin əsasında duran əsas prinsipləri Aristotel açıb göstərmişdir. Elm aləmində dahi Platonun şagirdi, Qədim dünyanın bənzərsiz sərkərdəsi Makedoniyalı İsgəndərin müəllimi kimi tanınan Aristotel, quldarlıq quruluşunun iqtisadi sistemini şərh edən ilk iqtisadçı hesab olunur. Bu da təsadüfi deyildir. Çünki o, "Siyasət", "Afina siyasəti" əsərlərində adamların faydalı fəaliyyətini və nemətlər əldə olunmasına görə onların davranış qaydalarını təhlil edə bilmişdir. Aristotelin iqtisadi görüşləri elə dövrdə foprmalaşmışdır ki, həmin şəraitdə quldarlıq cəmiyyəti dərin böhranlara, polisey dövlət qurumu tənəzzülə məruz qalmışdır. Quldarlığın ilkin olaraq, iqtisadi xarakteristikasını vermiş Aristotel göstərirdi ki, nə istehsal, nə də ki, insan həyatının özü qulsuz keçinə bilməz. Qulları danışan və çevik əmək aləti hesab edən Aristotel, onları mülkiyyət obyekti sayırdı. Bununla əlaqədar olaraq meydana gələn iki fəaliyyət növünü fərqləndirməyi tövsiyə edirdi. Biri aktiv fəaliyyət kimi istehlakdan ibarətdir ki, onlar zəruri yaşayış vasitələrinin yaradılmasını tələb edir. İkinci fəaliyyət növü isə qul əməyidir ki, o da zəruri yaşayış vasitələrinin istehsalına yönəldilir. Məhz bu baxımdan da Aristotel hesab edirdi ki, sərvət, nemət əldə etmək istəyən hər bir kəs mütləq qul əməyindən istifadə etməlidir. Qul əməyi və ona hökm vermək "təbiətin ümumi qanunu" kimi, "qarşılıqlı özünüsaxlamaq" prinsipindən irəli gəldiyini göstərən Aristotel sübut edirdi ki, hətta adamlar hüquqi baxımdan azad olsalar belə, müəyyən fiziki işlər yerinə yetirəndə onlar qula çevrilirlər.
Qədim dövrün iqtisadi fikri klassik quldarlıq quruluşunun tərəqqi etdiyi e.ə. II əsrdə, eləcə də eranızın III-V əsrlərində Qədim Romada inkişaf etmiş və başa çatmışdır. Qədim Roma iqtisadi fikri azad və bərabərhüquqlu torpaq mülkiyyətçilərinin birləşməsi əsasında əmələ gəlmiş şəhər icma əkinçiliyi və qul əməyinin mənimsənilməsi ilə əlaqədar idi. Roma polis dövlətinin quldarlıq şəraitində inkişafı və kəsb etdiyi ziddiyyətlərin aradan qaldırılması əkinçilik, torpaq mülkiyyətçiliyi, hərbiçilərin torpaq əldə etməsi hüquqları və sairə məsələlərlə bağlı aparılan islahatlarla sıx şəkildə bağlı idi. Qeyd etmək lazımdır ki, Qədim Romada xüsusi mülkiyyətçilərin hüquqlarının möhkəmləndirilməsi, azad adamlarla qullar arasındakı tərəfləri əks etdirən "XII cədvəlli qanunlar" deyilən əsasnamə öz əksini tapmışdır. Burada eyni zamanda borc sistemini tənzimləyən çox ciddi qanunlar da öz əksini tapmışdır. Həmçinin 125 ha-dan (500 yuqer) yuxarı torpaq sahəsini icarə etmək qadağan edilirdi. Roma tarixində e.ə. 134-cü ildə Qrakx qardaşlarının torpaq islahatları sahəsindəki layihələri çox mühüm rol oynamışdır. Belə ki, dövlətdən torpaq icarəyə götürülməsinin həcmi ailədəki yetkin yaşlı oğlanların sayından asılı olaraq artırılırdı. Belə ki, onların ikisinə əlavə olaraq hər birinə 250 yuqer (62,5 ha) torpaq sahəsinin icarəyə verilməsinə icazə verilirdi.
Eramızdan II-I əsr əvvəl torpaqdan istifadə etməklə bağlı Qədim Roma iqtisadiyyatında ciddi dəyişikliklər baş vermişdir.Xırda torpaq sahələri təmərküzləşməyə, iri torpaq sahibkarları meydana gəlməyə başlamışdı. Quldarlıq təsərrüfatına əsaslanan prinsiplərin formalaşması ilə yanaşı, muzdlu əməkdən istifadə olunması, təsərrüfatın şəhər tələbatına uyğun olaraq aparılması meylləri də güclənirdi. Belə şəraitdə quldarlıq təsərrüfatının səmərəli təşkili yeni iqtisadi fikirlərin meydana gəlməsinə səbəb oldu. Bu sahədə Mak Portsen Katonun (e.ə. 234-149) "Əkinçilik haqqında" traktını xüsusi qeyd etmək lazımdır. Katon göstərirdi ki, əkinçiliklə məşğul olmaq, azad vətəndaşlar üçün ən ləyaqətli iş hesab olunmalıdır. Çünki "ən sadiq adamlar və ən məşhur əsgərlər" əkinçilər arasından çıxır. Əkinçilər "xalis gəlir" yaradanlardır. Katon qeyd edirdi ki, 100 yuqerlik (25 ha. bir qədər çox) kiçik malikanələr əldə etmək lazımdır. Həmin malikanələr yaxşı torpaq sahələrində yerləşməlidir. Şəhərlərə su hövzələrinə yaxın yerlərdə əldə olunan malikanələr üzümlüklə, bostan sahəsi ilə, zeytun bağı ilə, çörək tarlası ilə əhatə olunmalıdır. Katon həmin kənd təsərrüfatı sahələrinin gəlir gətirmək şkalasını da təsvir etmişdir.
Katon mülkədarların qul əməyindən istifadə etmək qaydalarını da tövsiyə edirdi. Hər qul, işinin həcmi və növü üzrə konkret tapşırıq almalıdır. Bu tapşırıqlar mülkədarların olmadığı vaxtda necə yerinə yetirildiyini nəzarət etməyə imkan verirdi. Bundan əlavə muzdlu əməkdən istifadə etmək qaydalarını da Katon müəyyənləşdirirdi.
Qədim Roma iqtisadi fikir tarixində Mark Varron (116-27 e.ə.) kənd təsərrüfatı sahəsində irəli sürmüş ideyalarına görə xüsusi yer tutur. Onun "Kənd təsərrüfatı haqqında" əsərində əkinçiliklə yanaşı heyvandarlıq, şəxsi təsərrüfat məşğuliyyəti ilə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Varron qeyd edirdi ki, əkinçilər iki məqsədə doğru, faydalanmağa və zövq almağa can atmalıdırlar. Fayda, gəlir gətirməyi tələb edir. Zövq isə nə xoşdur, onu tələb edir. Xoş olandan vacib isə faydalanmaqdır. Varron əkinçilik işinin yaxşı mənimsənilməsi üçün göstərirdi ki, toxumu səpməzdən əvvəl, əkin sahəsinin xüsusiyyətini bilməklə yanaşı, orada hansı avadanlıqlardan istifadə olunacağını da bilmək lazımdır. Torpağın təyinatına görə istifadə olunmasına xüsusi əhəmiyyət verən Varron eyni zamanda qeyd edirdi ki, ona təbii amillər də təsir göstərir. Malikanələrin yerləşməsini təsərrüfatın daxili təşkili ilə əlaqələndirən Varron göstərirdi ki, istehsal gəlir gətirə bilmək nöqteyi-nəzərincə aparılmalıdır. Varron təsərrüfatların bazar istiqamətində aparılmasını xüsusi qeyd edirdi. Katondan fərqli olaraq, Varron, malikanələri təkcə şəhər tələbatı ilə deyil, kənd yerlərinin tələbatı ilə də əlaqələndirməyə üstünlük verirdi. Lakin buna baxmayaraq, Varron quldarlıq təsərrüfatının natural xüsusiyyətlərindən kənarlaşa bilməmişdir.
Spartak üsyanından sonra, Varron qulları "Danışan alətlər", "iş heyvanları" adlandıraraq onları daha səmərəli işləmək üçün və təsərrüfata məcburi cəlb olunmasının daha çevik metodlarından istifadə olunmasını qeyd edirdi.
Roma imperiyasında ilkin xristianlığın meydana gəlməsi (bizim eranın I-II əsr) iqtisadi fikir tarixində xüsusi bir cərəyan yaratmasa da, lakin peyğəmbər İsa Məsihin adından həddindən artıq sərvət əldə etmək, oğurluq etmək, sələm almaq Allah qarşısında günah işlətmək kimi göstərilirdi. İncilin, Yukanın, Mattanın, Markın, Lukanın Yəhyanın müqidələrində belə fikirlər öz əksini tapmışdır. "Dəvənin iynə deşiyindən keçməsi, varlı adamın Allah hüzurundan keçirilməsindən daha asandır", "...Heç bir şey ummadan borc verin". (Lukanın müqidəsi 6:35)[7]
Ümumiyyətlə, Qədim Roma iqtisadi fikrində əsas yeri xüsusi mülkiyyətin formalaşması, əkinçiliyin inkişafı əsasında torpaqlardan səmərəli istifadə olunması, gəlir əldə etmənin sürətlənməsi üçün onların ixtisaslaşdırılması və əlavə məhsulların bazar vasitəsi ilə reallaşması və s. tuturdu.